Kulis.az Ağarza Elçinoğlunun "Sabir müsəlman görəndə niyə qorxurdu?" adlı felyetonunu təqdim edir.
Uşaqlıqdan bəri Mirzə Ələkbər Sabirin, Mirzə Cəlil və s. satiriklərimizin müsəlmanları tənqid etməsinə heç cürə anlam verə bilmirdim. Düşünürdüm ki, İslama qəlbən bağlı olan bir din mənsubunu ancaq mədh etmək olar. İnsan müsəlmandan niyə qorxsun?! Fəqət, zamanla Sabirin qorxularının əsas səbəbini anladım.
1 manat üstündə qabırğaları qırılana qədər savaşan mollaları, qohumu ac olarkən dördüncü dəfə Həcc ziyarətinə gedən hacı Yadigarı, dindən öz mənfəətləri üçün istifadə edən dinsizləri, bir-birinin suyunu kəsib imam ehsanı verən qonşuları görəndə mən də qorxmağa başladım...
Elə həmin an nənəmin mənə danışdığı hekayəni xatırladım... Nə vaxt nənəmdən nağıl istəsəm, onun əvəzinə ibrətlik bir məsəl danışardı. Elə günlərin birində də müsəlmanlar haqqında söz açdı.
"Günlərin bir günü mənim kimi qoca biri vəfat edir. Mələklərdən biri ilə o dünyanı dolaşanda üç ədəd qaynayan qır qazanı görür. Həmin qazanlarda müxtəlif dinlərdən ölərək cəhənnəmə düşmüş insanlar əzab çəkirdi. Qazanlardan ikisində vəziyyət fərqli idi. Hər kəs bir yolla çıxıb qaçmağa çalışır, məxluqlar isə qaçmaq istəyənləri yenidən qazana atırdı. Üçüncü qazanda isə hamı nalə çəkir, lakin onlardan heç biri qaçmağa çalışmırdı. Qazana nəzarət də yox idi. Qoca təəccüblə mələkdən bunun səbəbini soruşub. Mələk cavabında deyib ki, həmin üçüncü qazanda əzab çəkən müsəlmanlardır. Onlardan qaçmağa çalışanı olsa da, kimsə mütləq ayağından tutub onu qazanın dibinə çəkir. Ona görə də heç kim qaçmağa çalışmır", – dedi...
Çox uzaq getməyək, elə adlarını "dinsiz dindarlar" qoyduğum qonşumuz molla rejimində illər öncə belə bir hadisə baş vermişdi. Mollalar ilk dəfə qəndi insanlar üçün haram buyurub. Sonra düşüblər əl-ayağa ki, tonlarla qənd qalıb ortada, alan yoxdur. Molla külli miqdarda pul aldıqdan sonra qəndi halal buyurub. Bir şərtlə ki, qəndi gərək çayda isladıb sonra yeyəsən. Bundan sonra cənublu soydaşlarımız bu lazımsız ənənəni bir mollanın sözü ilə günümüzə qədər davam etdirib.
Yüz illərdir dini öz yolundan başqa hər məqsədlə istifadə edən müsəlmanlardan şeytan da qorxar, Sabir qorxmasın, nə etsin?!