Qırmızı işıqda doğulanlar - Torbadakı pişiyi çəkmək

Qırmızı işıqda doğulanlar - Torbadakı pişiyi çəkmək
10 yanvar 2024
# 14:00

Bu gün Azərbaycan fotoqrafiyasının görkəmli nümayəndəsi Sənan Ələsgərovun doğum günüdür.

Kulis.az Sara Oğuz Nəzirovanın "Qırmızı işıqda doğulanlar" yazısını təqdim edir.

Müasir Azərbaycan foto sənətinin mahir ustası Sənan Ələsgərov "yenidənqurma" dövrünün yetişdirməsidir desək yanılmarıq. Çünki 10 yanvar 1956-cı ildə Bakıda doğulmuş Sənan Ələsgərovun uşaqlıq illəri SSRİ -də Stalinin şəxsiyyətə pərəstiş sisteminin dağıdılması illərinə təsadüf edir. 1982-i ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra ciddi yaradıcılıq dövrünə qədəm basanda isə artıq SSRİ -də Qarbaçovun yenidən qurma siyasəti geniş vüsət almışdı. Daha sonra müstəqil Azərbaycan Respublikasının bərpa olunması, yeni formasiyanın bərqərar edilməsi və s. İctimai siyasi tektonikanın yerdəyişmələri, onsuz da körpəlikdən fərdiliyə, müstəqilliyə can atan Sənan Ələsgərovun özünü ifadə etmə yollarına tam sərbəstlik gətirdi. Odur ki, Sənan Ələsgərovun yaratdıqları yalnız estetik amallara əsaslanan hər bir siyasətdən uzaq əsl sənət nümunələridir. İşıq və kölgənin təmasında canlanan materiyanın doğurduğu hissləri təlqin edən bu əsərlər peşəkar jurnalist sənətinə yiyələnmiş Sənan Ələsgərovun işıqla yazdıqlarıdı.

Uşaqlıqda təyyarəçi, maşinist, kinooperator, arxeoloq, gitaraçalan, daha nə bilim nə olmaq istəyən Sənan əsgərlik həyatından sonra bütünlüklə özünü foto sənətinə həsr etməyi qərara alır. O, bu sənətdə sanki uşaqlıq arzularını həyata keçirir. Nəyi obyektivinə alsa, onunla həmahəng düşünməyə, naturasının qəlbinə sirayət etməyə çalışır.

Sanki uşaqlıqdan qərq olduğu tənhalığının lirik düşüncələrinə cavab axtarır. Təsadüfü deyil ki, dünya foto korifeyləri arasında, o, A.K.Bressonu yox, Y.Sudekin poeziyasını özünə yaxın bilir. Onun kompozisiyalarında insanlardan çox, onların münasibəti dolayı yolla verilir.

Bu Sənanın aləmində torbada pişiyi çəkmək kimi, yəni Çeşir pişiyinin özünü yox, gülümsəməsini həkk etmək kimi bir şeydir. "Yozef Sudekə ithaf" fotosunda olduğu kimi kompozisiyaya süzülən işıqda materiyanın konturları sanki əriyir. Ecazkar naxışlarla ritm yaradır. Fotonu, sehr-sirlə doldurur. Sanki Sənan öz xəyallarına qovuşur. Tamaşaçını da bu arzularının işığına, sehrinə qərq edir.

Fotoqrafiya ilə məşğul olmaq Sənan Ələsgərovdan ötrü insanları anlamaq, öz tənhalığını məna ilə doldurmaq vasitəsinə çevrilib. Eyni zamanda insanlarla özü arasında olan məsafənin, tənhalığın ona bəxş etdiyi əlahiddə mövqeyin nə qədər qiymətli olduğunun da fərqinə varır. Bu distansiya ona gördüklərini ümumiləşdirmək, gözlənilməz nəticələr almaq üçün əvəzsiz baxış nöqtəsi bəxş edir. Fotoaparatla "ova" çıxdığı anlarda qəlbini gördüklərinə kökləmək, baş verənlərin məğzinə varmaq üçün intəhasız azadlıq imkanları verir. Daxili azadlığını həyatın hər cür təzahüründən üstün tutan S.Ələsgərov bir fəaliyyət sahəsinə qapılıb qalmağı sevmir. Odur ki, fotonun müxtəlif sahələri ilə məşğul olur. Gah foto-jurnalist, gah tədqiqatçı, gah da tətbiqi fotoqrafiyaya can atır. Peşəsini janr və növlərin dar çərçivəsinə sığışdırmaq istəmir. Hətta bu çərçivədə daha səlist, daha mahir ustalığa gəlib çıxacağını bilsə belə, onu daim başqa üfüqlər cəlb edir. Son zamanlar isə Sənan Ələsgərovu sənədli foto daha çox maraqlandırır. Onun fikrincə bundan daha çox sürrealist sənət təsəvvür etmək mümkün deyil. Odur ki, doğma Abşeron torpağının hər qarışında, əhatəsində olduğu adamların, yaşadığı məhəllənin civarında belə öz süjetlərini tapa bilir. "Yanar dağ", "Şəhidlər Xiyabanı", "Neft daşları", "Naturmortlar" və s. Silsilə kompozisiyaları öz naturalarına belə məhrəmliyin təzahürləridir. Bu gün Sənan Ələsgərov üçün foto sənəti onun daxili aləminin təlatümləri, dərs verdiyi tələbələri, Bakının küçələri, dost -doğmaları, getdiyi yerlər, emalatxanasındakı qırmızı işıqlı qaranlıq otaqdır. Və bu qaranlıq otaqda qırmızı işıqda doğulan şəkillərdi. O, deyir ki, təmasda olduğum həyatı olduğu kimi qəbul edərək məğzinə varmaqla, mən azadlığımı qazanıram- demək xoşbəxt oluram!

Təsadüfü deyil ki, çəkdiklərində həmişə kadrı bütünlüklə istifadə edir. Axı həyatın hər bir təzahürünə diqqət və riqqətlə yanaşan Sənan Ələsgərov üçün bu təbii haldır. Materialı kadrlaşdırmağın salon sənətinə gətirib çıxardığını söyləyən Sənan fotolarında ən qiymətli şeyə sənədliliyə jan atdığını deyir. Foto çəkilişindəki ani an əslində təsadüfü şeylərin, hadisələrin təsdiqi, dəqiqliyi və dərinliyidi. Məgər həyatımızın çox hissəsini təsadüfü olaylar, müəmmalar təşkil etmir? Budur "Suya gedən qızcığaz", "Çörək", "Oyun", "Bağlılıq" və s. ani anların abidəsi deyil?

- Mən hər bir foto əsərinin altında çəkildiyi ili yazmaq istəyirəm. Çünki onların harada, nə zaman baş verdiyinin əhəmiyyəti var. Və bu zamanın təravətinin, ovqatının şəkildən "oxunması" mənimçün vacibdir- deyir, Sənan Ələsgərov.

f-64 bağlı diafraqma ilə çəkməklə fotolarda aldığı dərinliyə və detalları bütövlükdə göstərməyə üstünlük verən Ələsgərov kompozisiyalarında heç nəyi sonradan çək- çevirə salmır. Obyektivə düşən hər şeyin fəlsəfi, estetik, hətta elmi -tədqiqat əhəmiyyəti kəsb edə biləjəyinə əminliyini vurğulayır. Əlbəttə, fikrini sübuta yetirmək üçün məşhur İtaliya rejissoru Mikelanjelo Antonioninin "Fotonun böyüdülməsi" filmini nümunə gətirməyi unutmur.

Hər hansı sənət cərəyanlarına üstünlük verməyə gələndə isə bütün bədii baxış nümunələrini qəbul etdiyinə, onlara maraqla yanaşdığına baxmayaraq obyektivilə təkbə-tək "etüdə" çıxanda, yalnız gördüyünə və görüntüdən doğan duyğularına sadiq qalmağa, onlara maksimum yaxın şəkillər yaratmağa çalışır.

Sənətdə unifikasiyadan və darıxdırıcı nə varsa hamısından qaçmağa çalışan fotoqraf yaradıcılığında bir çox janrlarda işləmişdir. Onun fotoları arasında portretlərə də, reportaj janrında işlənmiş silsilələrə də, dekorotiv elementlər daxil edilmiş kompozisiyalara da rast gəlmək olar. Lakin bunların hamısında vizual baxış dominantlıq təşkil edir. Ələsgərov özü ayrı- ayrı janrlarda işləməsini həyatın müxtəlifliyi, zənginliyi ilə izah edir. Müəyyən janr sahəsində çalışmaq dərinliyə və mahir ustalığa gətirsə də dünyanın rəngarəngliyini bir janr içərisində dar çərçivəyə salmağı özünə rəva bilmir. Uzun illər rəssamlarla dostluğu, iş birliyi də onun yaradıcılığına, dünyabaxışına təsirsiz keçməmişdir. Bu günə qədər Azərbaycan rəssamlarından ibarət "Labirint" qrupunun fəal üzvüdür. Qrupun iştirak etdiyi bütün beynəlxalq layihələrdə onlarla birgə çalışır. Lakin rəssamlıqla fotoqrafiya arasında həmişə qəti sədd olduğu qərarındadır.

Əgər müasir Azərbaycan mədəniyyətinin Şərqlə Qərb baxışlarının sintezindən yaranmış özünəməxsus bir fenomen olduğunu nəzərə alsaq Sənan Ələsgərovun yaradıcılığında bunun bariz nümunəsini görürük. Bu sintez Sənanın foto əsərlərində Şərq memarlığının, urbanizasiya elementlərinin kompozisiyaya gətirilməsində, yaxud dekorativ süsləmələr kimi üzdə olan detallarda deyil. Əksinə duyğunun, hadisənin daha dərin qatlarına sirayət etmiş dramatizmdədir.

İndiyədək davam etdirdiyi müəllimlik fəaliyyətində də, o, öz şagirdlərinə tövsiyə edir ki, sənətkar əksiliklərin tənasübündə həyatını elə tənzimləməlidir ki, həmişə həqiqətə yaxın olsun. Onun baxış nöqtəsindən ən optimal variant görünsün. S.Ələsgərov 2002-ci ildə Fransanın Strasburq şəhərində Mark Blox adına Universitetdə keçirilən "Müasir dünyada incəsənətin qeyri -sabitliyi" simpozimunda apardığı masterklass-ustad dərslərində də vurğulamağa çalışırdı ki, müasir incəsənətdə ən qorxulu şey unifikasiya və standartlaşdırmadır. Başqa sözlə, o, deyirdi ki, inkişaf etmiş ölkələrin həyatında "in" enerjisi həddən ziyadədir. Tarazlığı yaratmaq, həyatın şəhdi -şəkərini, məcazını daha dərin qavramaq üçün "yan" enerjisinin artırılmasına ehtiyac var.

Sənan Ələsgərovun yaradıcılığında ilk baxışdan milli heç nə yoxdur. Onun obrazları, obyevtivinin tutduğu anlar Azərbaycanda da, digər ölkədə də ola bilər. Lakin millilik sənətkarın dünyagörüşünün təməlindədir.Onun genetik yaddaşında qalan orta əsr Azərbaycan miniatürlərinin mürəkkəb məkan ölçülərinin - müstəvi və çox səthli məkan dərinliklərinin çulğalanmasından irəli gələn təkrarsızlığındadır.

Bu onun orta əsr Azərbaycan miniatür sənətindən qaynaqlanan müxtəlif məkan ölçülərindən eyni zamanda istifadə etmək bacarığında özünü göstərir. Təbiətlə insanın gah bir müstəvi səthində, gah da çox ölçülü məkan çulğalaşmasında bir araya gəlməsi Ələsgərovun natrümort, mənzərə epizodlarına da əlahiddə məna, fəlsəfi dərinlik gətirir. Bir daha Fellinin, Paracanovun vizual video görüntülərini yada salır.

Çox məhsuldar yaradıcılıq yolu keçmiş Sənan Ələsgərov dəfələrlə Fransada mükafatlara layiq görülmüşdür. Onların arasında qızıl medal, gümüş və bürünc medallar da var. Avstriya, İngiltərə, ABŞ, Rusiya və Türkiyənin mötəbər foto federasiyalarının fəxri fərmanları və medalları da onun tərcümeyi halına həkk olunmuşdur. Hər il bir neçə beynəlxalq sərgilərin iştirakçısı olmaqla bərabər ayrı -ayrı ölkələrdə öz fərdi sərgilərini də açmışdır. Onun foto əsərləri məşhur qalereyaların və şəxsi kolleksiyaların daimi eksponatlarına çevrilib.

# 827 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #