"Qaniçən deyilsiniz, ancaq qaniçənlərin..." - Sabir Rüstəmxanlının Xameneyiyə açıq məktubu

Seyid Əli Xameneyi, Sabir Rüstəmxanlı

Seyid Əli Xameneyi, Sabir Rüstəmxanlı

7 dekabr 2022
# 15:00

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının 2008-ci ildə İranın ali dini lideri Seyid Əli Xameneyiyə yazdığı məktubu təqdim edir.


Hörmətli cənab Xameneyi!

Ömrün elə yaşı gəlir ki, insan özündən vəzifəcə yuxarıdakıların, ona hökm edənin heç birini görmür, başının üstündə tac-taxtlar, prezident mövqeləri olsa da, nə hökmdar qəzəbinin, nə cəllad qılıncının bir mənası qalır, dünyanın bir-birindən o qədər də çox fərqlənməyən varıyla yoxunun, ağalıqla qulluğun fövqündə olan Böyük Yaradanla üz-üzə olduğunu görür, ona qovuşmağa hazırlaşır.

Bir dəfə gənc jurnalistlər məndən soruşmuşdular: “Sizcə, insan öləndə niyə ağlamır?”. Cavab vermişdim ki, “yəqin anlayır ki, Allah göz yaşlarına inanmır. Onu da görürlər ki, itirdikləri tapdıqlarının yanında heç bir şeydir”.

Bizim belə bir yaşımızdır! Bu dünyadan çox, Allah qarşısında verəcəyimiz hesabatı düşünməliyik. Ancaq o hesabatın yalnız şəxsi əməllərilə bağlı olduğunu düşünənlər yanılırlar. Hər bir insan fərd olmaqla yanaşı, həm də cəmiyyətin bir parçasıdır; özüylə yanaşı, yaşadığı dünyanı, keçib getdiyi yolu və o yolun ətraflarını da fikirləşməlidir; “mən orucumdan, namazımdan qalmamışam” deməklə aradan çıxmaq olmaz: pis deyilsən, ancaq pisliklərə dözmüsən, qaniçən deyilsən, ancaq qaniçənlər mühitinin iştirakçısı olmusan... – bunların da hesabatının aparılacağını Siz məndən yaxşı bilirsiniz.

Mən din xadimi deyiləm, ancaq Allah adamıyam. Saysız-hesabsız Allah, Quran, Peyğəmbər adından danışan, amma, əslində, cəhalət məddahları var ki, Allahlarından xəbərləri yoxdur, şeytana xidmət edirlər.

Əslim-nəslim kimi, özüm də halallığı və imanlı olmağı insanlığın əsas keyfiyyətlərindən biri hesab etmişəm, millətimə və insanlara xidmətdən başqa bir yol tanımıram. Uşaqkən yaylaqda böyüklərim mənə tikanlı məftillərin arasından “o üzdəki”, yəni “sizin” tərəfdəki müqəddəs Savalanı, onun ətəyindəki Ərdəbili göstərir və o şəhərin içindəki, iti gözlə aydın seçilən Şeyx Səfi məqbərəsindən danışardılar. Buna görə də, elə o yaşlarımda damarlarımda Xətainin qanının dolaşdığına inanmışam. Allahıma yalvarmışam ki, mənə Babəkin, Nəsiminin, gəncəli Cavad xanın, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Firudin İbrahiminin taleyini qismət eləsin, məni onların məktəbinin şagirdi kimi yetişdirsin.

Buna görə də, 1988-ci ildə Quzey Azərbaycan irticaya və işğala qarşı qalxanda, “azadlıq” və “bütövlük” sözləri milyonlarla insanı ayağa qaldıranda mən onların ön sırasında, kürsüdəydim və sevinirdim ki, xalq mənə inanır.

Ancaq bu gün bunların heç biri təsəlli ola bilməz. Həm bu dünyada, həm də o dünyada verəcəyimiz hesabatın əsası bu deyil!
Bu gün Dağlıq Qarabağın 6 və onun ətrafındakı 7 rayonun müsəlman və türk dünyasına düşmən olan terrorçu erməni qaniçənlərinin əlində olduğunu düşünəndə, çadırlarda, vaqonlarda, zirzəmilərdə yaşayan, 20 ildən bəri ev-eşiyindən qovulmuş 1 milyon qaçqınımızı, bir tikə çörək dalınca yurdundan didərgin düşüb avropalıların qapılarında nökərçilik edən bacı-qardaşlarımızı, şəhid ərlərinin yadigarlarını dolandırmaq üçün qürbət yollarına səpələnmiş qadınlarımızın cavankən külə dönmüş sifətlərini görəndə özümü də günahkar sayıram.

İranın şimalında zəlzələ olanda Ərdəbilə getmiş, indiki cümhurbaşqanınız, o vaxtkı Ərdəbil ostandarı ağaye Əhmədi Necatdan dağılmış kəndlərə baş çəkmək icazəsi alaraq, dağətəyi kəndləri gəzmişdim. Dağılan evlərin yerinə qırmızı kərpiclə iki otaqlı balaca evciklər tikilirdi. Dağılanın yanında şükürlüydü. Çünki XX yüzilin sonunda ancaq qazmalardan ibarət kəndləri necə təsəvvür etmək olar, buna yaşamaq demək mümkündürmü? Bu qədər sərvəti olan İranın kəndləri bu kökdə olmalıdırmı?
Ürəyimdə dedim: «Şükür sənə, İlahi! Sən bu zəlzələni eləmisən ki, millətə utanc yeri olan bu qazmalar dağılsın, adamlar gün işığına çıxsın». Allah dözür, dözür, insanın ürəyinin daşa döndüyünü görəndə qərarını verir...
İşğalçı və terrorçu Ermənistana Amerika, Rusiya, Fransayla yanaşı İrandan da yardım, neft, qaz, ərzaq göndərildiyini ilk dəfə eşidəndə də ürəyimdən belə bir haray qopmuşdu. Əsir düşmüş şiə-türk qardaşlarınızın bədən hissələriylə alver edən erməni dəllallarıyla əl verib anlaşan, maşın bağışlayan, himayədarlıq edən, Qarabağda qanımız çilənmiş evlərimizi ermənilərlə bərabər talayan, paylaşan, ağır günlərimizdə torba-torba pulla sərhəd rayonlarımızda çörəksiz, çarəsiz qalan ailələrdən bütün ziqiymət əşyaları su qiymətinə alıb yadelli dəllallara satan, onların mədəniyyətinin malı edən İran alverçilərinə baxanda yenə o zəlzələni xatırlayıram.

Hər şeyi, hətta millətinin namusunu, dinini də paraya qurban verən ölü ruhları, mağara şüurluları xilas edən başqa bir zəlzələ olacaq yəqin! Hər düşkünlüyün bir sonu var!

Məncə, sizlər o tayda, bizlər bu tayda bütün bunlara görə Allah qarşısında nə cavab verəcəyimizi düşünməliyik. Çünki müsəlmanın haqsızlıqlara dözməsi onun məsuliyyətini daha da artırır.

Mən Azərbaycan Respublikasının mətbuat və informasiya naziri olanda gənc dövlətimizin ilk rəsmi nümayəndələrindən biri kimi böyük Şəhriyarın yubileyi və Tehran Beynəlxalq Kitab Sərgisinə gəlişimdə Sizinlə üç dəfə görüşmüş, Bakıda azəri türkcəsində buraxdığımız dəyərli «Hünər» kitabınıza ön söz yazmışam. Aradan xeyli vaxt keçib, bunlar yadınızda qalmaz.

Şəhriyarın yubileyində iqamətgahınızda bizi qəbul edərkən «mən də türkəm, istəyirsiniz türkcə danışaq, istəyirsiniz farsca» – söyləmiş, sonra Şəhriyarın «Heydərbabaya salam»ından əzbər parçalar demişdiniz. Ana dilimizdə dediyiniz bir neçə cümlə və söylədiyiniz şeir bəndləri qonaqlarınıza böyük hədiyyəniz idi. Şükür, Tehranda, Təbrizdə, Urmiyada, Həmədanda türkcənin həsrətini çəkmirik, ancaq yüksək rəsmi dairədə dinlədiyimiz bu sözlər ölkə haqqında təsəvvürlərimizi dəyişirdi.
Kitab sərgisində də bizə demişdilər ki, Sizin vaxtınız azdır, Azərbaycan köşkünə yarım, ya bir dəqiqə vaxt ayıra bilərsiniz. Ancaq Siz bizim yanımızda 20 dəqiqəyə yaxın vaxt keçirdiniz, ayrı-ayrı kitablarla maraqlandınız. Ayrılarkən isə Sizə köşkümüzün hədiyyəsini verdim və dedim: «Sizə üç kitab bağışlayıram. Birincisi, yanlış olaraq «İran ədəbiyyatı» adlandırılan ədəbiyyatın 800 il öncə ən uca zirvəsini yaradan türk oğlu Nizami Gəncəvinin «Xəmsə»sinə çəkilmiş miniatürlər, ikincisi Sizin də «ustad» dediyiniz və 800 il sonra yenə «İran ədəbiyyatı» deyilən söz sənətinin ədəbiyyatın ikinci zirvəsini yaratmış başqa bir türk oğlu Şəhriyarın kitabı, bir də bu zirvələrin ətəyində çalışan bəndeyi-həqiriniz, yəni mənim Azərbaycanda çox oxunan bir əsəri – «Ömür kitabı».

Siz «Əcəb qonşuluqdur» – deyərək Şəhriyarın balaca kitabını öpdünüz, mənim kitabımla maraqlandınız. Dedim, Azərbaycanı tanıtmaq məqsədilə yazmışam, tariximizə, bu günümüzə, bir hissəsi də şah rejiminin Güney Azərbaycan siyasətinə həsr olunub. Siz, «kaş ərəb əlifbasıyla olaydı, biz də oxuyaydıq» – deyib ayrıldınız.

Başqa bir kitabımda bu görüşümüz haqqında səmimiyyətlə yazılmış səhifələr var.

İndiyədək yaddaşımda o cür, rəsmiyyətdən kənar, işıqlı, xeyirxah və milli kimliyinin fərqində olan bir adam kimi qalmısınız.
Mən də o böyük zirvələrin böyür-başında məzlum millətimin sarsılmaz ruhundan və ədalətsiz dünyanın bizi qarşılaşdırdığı faciələrindən yazıram. Azərbaycanın xalq şairi, Milli Məclisin deputatıyam. Bir milli vəzifəm də var ki, dövlətə, parlamentə aidiyyatı yoxdur, əziyyətdən başqa adama heç nə vermir, ancaq mən onu şərəfli bir iş kimi, vətəndaşlıq borcu kimi qəbul etmişəm - o da Dünya Azərbaycanlıları Konqresinin başçılarından biri, indi sədri olmağımdır.

Bu məktubumu da məhz Dünya Azərbaycanlıları Konqresinin yönətiçilərindən birinin - bir türk, Azərbaycan ziyalısının ürək sözləri kimi qəbul etməyinizi xahiş edirəm.

Bilirəm ki, bu məktub heç nəyi dəyişməyəcək, ancaq özünü İslam cümhuriyyəti sayan İranda aparılan və məncə, mahiyyətinə görə antitürk və antiinsani olan siyasətin bir-iki məqamına işıq salmaqla bir az yüngülləşəcəyəm. Zülmü və ya haqsızlığı görüb susmaq da o zülmü eləyənə şərik olmaqdır!

Hörmətli cənab Xamneyi!

Əgər desəm ki, hər gün televizorda gördükləri minlərlə insanın ömrünü qayçılayır, çoxlarının fikrini ifadə etmiş olaram. Hər gün eyni görüntü: Avropa genişlənməkdə, sərhədləri götürməkdə, əylənməkdə, insanların daha yaxşı yaşaması üçün imkanlar aramada, təbiətin, ekologiyanın, yer kürəsinin qayğısını çəkməkdə, texnologiyanı inkişaf etdirməkdə, özləri üçün düzlük, nizam, ədalət gəzməkdə, bütün münaqişələri masa arxasında çözmək yolunun alternativsizliyini dərk etməkdə (100-150 milyon insanı qurban verən İkinci Dünya savaşından sonra olsa da), mədəniyyət və sənət fəzilətlərinin peşində və sair. Şərq, xüsusən müsəlman dünyasında isə savaş, daxili çəkişmələr, terror, hakimiyyətdən onəlli yapışmış, balaca «yer allahları» (Allah məni bağışlasın), savadsızlıq, cəhalət, aclıq, xəstəlik, insanı həşərata çevirən despotik rejimlər, tanrının verdiyi sərvətləri xalqdan gizlədib Avropa banklarına axıdan və orada da əyyaşlıqdan, qumardan başları açılmayan nazirlər, oliqarxlar, şeyxlər, şahzadələr, evlərində cəllad, ancaq xaricdə əl quzuları olanlar, din pərdəsi altında şovinizm, məzhəb pərdəsi altında müstəmləkəçilik və sair...

Dünya mədəniyyətinin beşiyi olan Şərq - bizim yurd-yuvalarımız bu gündə, çox şeyi bizdən öyrənən Avropa isə o səviyyədə! Təxminən yüz əlli ildir İranın, Azərbaycanın, Türkiyənin, Orta Asiya və Rusiya müsəlmanlarının görkəmli filosofları, alimləri bu normal olmayan, müsəlmana utanc gətirən vəziyyəti müzakirə eləyərək çıxış yolları axtarırlar. Ancaq vəziyyət dəyişilmir, fərq davam edir.

Tehranın inkişafını, İranda gördüyüm texnoloji dəyişmələri, Türkiyə demokratiyasını, Pakistanda atom silahının mövcudluğunu, raketləri, zavod və fabriklərimizi misal gətirib mənə etiraz edən tapılacaq.
Bu sözləri mən, sizin «Səhər» TV-nin deyildiyi kimi, «İran düşməni» olaraq yox, İslam aləminin təəssübünü çəkən, öz millətini sevən, düşmənindən başqa heç kimə düşmən olmayan bir insan kimi deyirəm.
Həqiqət acıdır!

Avropa ilə müsəlman Şərqi arasında fərq o qədər böyüyüb ki, onu aradan qaldırmaq üçün yüzillər lazım gələcək. O da ayılmaq, özümüzü toplayıb köhnəlmiş vərdiş və münasibətlər sistemindən əl çəkməklə ola bilər.

100-120 il öncə yaşamış babalarımız bizdən daha cəsarətliydilər. Onlar Qərbin birdən-birə irəli çıxmasını İslam dininin bəzi xüsusiyyətləri, mövhumat və savadsızlıqla bağlayırdılar. Bəri başdan deyim ki, onların heç biri dinindən üz döndərməmişdi, hər biri İslamın daha mütərəqqi din olduğunu deyir və təbliğ edirdi, hər biri «Qurani-Kərim»i indiki dindarlardan daha yaxşı bilirdi. Ancaq məhz sakit ağılla, təəssübkeşliklə, öz xalqlarının gələcəyini düşünərək, saxtakarlıq etmədən, ürəklərindəkini dilə gətirirdilər.

Əsas dəlilləri də bu idi ki, Avropa çox çətin müharibələrdən, inkivizasiyalardan keçib sonda dinin səlahiyyətlərini müəyyənləşdirə bildi: din insanla Allah arasında bir körpü olaraq qaldı, müqəddəsliyini, ilahi cazibəni qorudu, imtiyazlarını aşmadı, cəmiyyətin başqa işlərinə - dünyəvi işlərə qarışmadı, bu günün həyat tərzini 1400-2000 il bundan öncənin prinsipləriylə qurmağa çalışmadı; gündə dəyişilən qanunların, elmdən, siyasətdən, mal-mülk məsələlərindən tutmuş, imkan bölgüsünə qədər - hər şeydə özlərini müasir dünyanın məmurlarının səviyyəsinə endirmədi.

Həzrəti-Peyğəmbər «bir əmrdə şübhə olursa, ağlınızla həll edin» deyə müsəlmanın qarşısında elmdən qanuna, dövlətçilikdən kosmosa uçuşa qədər sonsuz imkanlar açıb, ancaq dünya işlərinə az qarışıb; ərəbləri birləşdirmək marağı olmasa, qılınca da əl atmayacaqdı. Ancaq indiki «üləmalar» bəşəriyyətin 1400 ilə keçdiyi yolu yox sayıb, yenə uşaqlarımıza «yeddinci yüzilin qaydasına, həm də ərəb qaydasına uyğun geyinib-keçinin, yaşayın» - deyirlər.

Allahın insana verdiyi fikir və vicdan azadlığına bu kor müdaxiləni görməmək İslama sədaqət əlaməti deyil. Əksinə, bu da siyasətdir, ancaq din siyasəti yox! Rəyasət dəllallarının, para və maddiyyat düşkünlərinin, başqa millətləri qul etmək istəyən ərəb, fars şovinistlərinin siyasətidir... Osmanlı demirəm! Çünki İslamın bayrağı min il türkün əlində olanda nə ərəbin ərəbliyini əlindən aldı, nə farsın dilinə, mədəniyyətinə, ruhuna toxundu.

Bütün bunları 150 il öncə Xamnəli Mirzə Fətəli Axundzadədən başlayaraq, Həsən bəy Zərdabilər, Şeyx Cəmaləddin Əfqanilər, İsmayıl Qaspıralılar, Əli bəy Hüseynzadələr, Əhməd Ağaoğlular, Əlimərdan bəy Topçubaşilər, Məmməd Əmin Rəsulzadələr, Sabirlər, Cəlil Məmmədquluzadələr, Möcüzlər yazıblar. Dönə-dönə və güzəştə getmədən! Ancaq indi biz deyə bilmirik. Haqqı söyləyəni dinin və İslamın düşməni elan edirlər. Deməli, 150 ildə özünü İslam mücahidləri sayanlar irəli getməkdənsə, geri gediblər.

Dinimizin cəmiyyətlə əlaqələri, təəssüf ki, acınacaqlı haldadır. Bir-iki misal çəkim: bir məclisdə onlarla elm, sənət xadimlərinin, dünya dillərini bilən, bütün sivilizasiyalardan xəbərdar adamlardan yuxarıda oturan axund, imam, qazi, - fərqi yoxdur,- məqsədi bəlli olmadan yəhudi mifologiyasından və ya Tövratdan eşitdiyi hədisləri uc-uca calayıb danışır: Yaqub peyğəmbər, Yusif peyğəmbər, İbrahim peyğəmbər, nəhayət, Musa peyğəmbər...

Hər kəsin dəfələrlə eşitdiyi hədisləri savadsız bir şəkildə təkrarlayır. Ona qulaq asan olmadığını görəndə isə məclisə irad tutur. Məclis din xadimi olduğuna görə dözüb durur, amma bu yerdə dözmür. Kimsə: «Hörmətli qardaşımız, sən hələ fironlar dövründən, yəhudi peyğəmbərlərindən danışırsan, gəlib İslama çıxmamısan ki, qulaq asaq. Həm də nəzərə al, biz də millətik, bizim də bu gün danışılası min bir dərdimiz var» - deyir.

İkinci məclis. Xaricdə, bəlkə də, Qumda təhsil almış dilli-dilavər bir axund, başında çalma, əynində əba, İslam dininin fəzilətlərindən danışır. Yenə çoxlu tanınmış elm, sənət adamları oturub. Axund məclisə xoş gəlsin deyə «Quran»da elmdən, təbiət hadisələrinin dəqiq ifadəsindən, hətta atomdan bəhs edildiyindən danışır. Oturanlar hamısı alimdir - Quranda gizli, simvolik deyilənlərin üstündə olan elmi kəşflərlə məşğul olan adamlardır. Oturanlar başqa şeyin qayğısını çəkir: niyə belə oldu? Quran bütün kəşfləri, elm yollarını göstərdi. İslamın türk, fars, ərəb ayrıseçkiliyi qoymadığı çağlarda Yəsəvilər, Birunilər, Fərabilər, İbn Sinalar, Uluqbəylər, Nəsrəddin Tusilər çağdaş elmlərin açarını buldular, amma sonra bu açar müsəlman hakimlərin eyş-işrət, hərəmxana və tayfa maraqlarının ağuşunda məhv edildi. Amma Qərb onlara sahib çıxdı, mənimsədi və bu gün öz malı kimi bizə qaytarır.

Onlarla başqa misal çəkə bilərəm ki, İslamın cəmiyyətlə ilişgilərinin bu şəkildə mənasız, təsirsiz bir şeyə çevrildiyini təsdiq etsin.

Amma ağır günlərimizdə küçələrə axan minlərlə gəncin var səslə dedikləri təkbir hamını yerindən oynatdı. Bəli, Allah böyükdür. Biz, onsuz da, ona bağlıyıq. Ancaq onunla aramıza zavalı, ələbaxan, oğru, yalançı, natəmiz, geyim-kecimi eybəcər, dili söz tutmayan, ərəbi də, türkü də bilməyən və ya öz millətiylə pozuq fars ibarələriylə danışan din şarlatanları girəndə insanlar çaşıb qalır.

Bu, nə vaxta qədər davam edəcək, bu yol İslamı hara apara bilər?

Böyük rus yazıçısı və filosofu Lev Tolstoyun İslam haqqında düşüncələrini və İslama olan böyük bağlılığı haqqında yazılarını vaxtilə baş redaktoru olduğum «Azərbaycan» qəzetində çap eləmişdim. Sonra balaca bir kitabça halında yayılıb.

Avropada, dünyanın hər yerində başqa din xadimləri arasında İslamın dəyərini bilən, sonuncu və ən mütərəqqi din kimi onu sevən və hətta onu seçib müsəlman olan insanlar çoxdur. Amma onlar Quranın fəlsəfəsini, Allahın birliyi və Allahla insan arasında sadə, birbaşa rabitənin gözəlliyini seçib bu yola gəlirlər. Təəssüf ki, sonra bunun dalınca İslam dünyasındakı ehkamçılığı, cəhaləti, parçalanmaları, məzhəb davalarını, dinin siyasətə qulluq etdiyini; geriliyi, bir dəstənin allahsızcasına varlandığı halda əhalinin böyük hissəsinin ac və dilənçi vəziyyətində olduğunu, yoxsulluğu, haramı, ictimai və mənəvi əxlaqsızlıqları da görürlər.

Bir vaxt İslam dünyasının üstünə vəhşi, dağınıq Avropanın parabeyin rıtsarları, at üstündə və qılıncla gəlmişdilər; bu gün yerə və göyə hakimlik edən xristian dünyası demokratiyanı və insan haqlarını yaymaq, milli azlıqları müdafiə etmək və terrorla mübarizə adı altında gəlir və evlərimizin içini də görən texnologiyası var. Niyə biz bu gündəyik və bunun günahkarları kimlərdir?

Din insanın o dünyasından çox, bu dünyasına lazımdır. Qədim dinlərdən başlayaraq ta İslama qədər - dinlər tarixinin ümumi kamilləşmək, təkmilləşmək və insana yaxınlaşmaq meyli də məhz bu amillə bağlıdır. Allahımız bir ola-ola, dəyişilməz və əbədi ola-ola dinlər kamilləşirsə, deməli Allahla ünsiyyətin tarixə və zamana uyğun yeniləşmək imkanı tükənməyib. Deməli, dinə ehkam kimi baxıb, onun zamanın tələblərinə uyğun şərh və tətbiqinin sadələşdirilməsinə mane olmaq da, əslində, Allaha aparan yolları, məcazi mənada desək, təyyarə və raket əsrində, karvan yolu səviyyəsində saxlamaqdır.

Bütün bunlardan sonra mən əsas mətləbin üstünə gəlirəm. Yox, mən Qərb düşməni də deyiləm. Qərb mədəniyyətini, demokratiyasını, insana və xalqlara yaradılmış hörmət mühitini, xalq seçiminə əsaslanan dövlətçilik prinsiplərini sevirəm. Özləri üçün cənnət yaradıblar, tolerantlıq, azadlıq, avropalı olmasıyla qazandığı imtiyazlar dəyərli işlərdir. Vaxtilə buna bənzər bir hava, elm, mədəniyyət, mənəviyyat intibahı bütöv İslam aləmində də vardı. Ancaq bir-birini əvəz edən despotik rejimlər İslam dünyasını param-parça etdi. Bu gün həmin rejimlərdən biri də İrandadır.

İran İslam Respublikası türklərin 6-7 min illik vətənidir. Torpaqları qanımızla yoğrulmuş bir yurddur. Ancaq bu gün İran onun bir küncündən baş qaldırmış farsların vətəninə çevrilib, xəritələrdə «Persiya» sözünü bütün İran boyu yazırlar. Halbuki fars vilayətinin sərhədi məlumdur. Azərbaycan ərazilərindən tapılmış misilsiz mədəniyyət nümunələrini dünyaya farsın malı kimi təqdim edirlər.
İran mətbuatında gedən və bütün İran türklərini qəzəbləndirən şəkillərin birini də mən görmüşəm - Siz də görmüş olarsınız. Nə qədər ağır olsa da, yada salmalıyam: Ərdəbil uzunqulağı Tehrana yaxınlaşdıqca dal ayaqları üstündə qalxır, qəddi düzəlir və Tehranda adam olur. İran mətbuatının dövlət tərəfindən dəstəklənən və ya dəstəklənməyən yanaşması belədir. Bütün ərdəbillilər və onlara qonşu olan bizlər, İran türkləri bu şəkli sakit qəbul edə bilərlərmi?

Mən millətimin söz əsgəriyəm və bu mənada yazdıqlarımı dahi söz generallarının yüz illər boyu bizim beynimizə zorla yeridilmiş «Gülüstan»larından öz xalqım üçün daha dəyərli sayıram. Çünki mənim millətimin bu gün o «şəkər dilə» ehtiyacı yoxdur. O əsərlər yüz illərlə beynimizə zəhər doldurub; o fəlsəfə və dünyagörüşü bu gün mənə muzey əşyası təsiri bağışlayır. Qiyməti milyardlarla ölçülsə belə, mənim millətimin yarasına əlac eləmir. Ancaq mən xalqımın dərdinə dərman axtarıram.

İslam dünyasının bu günə qalmasında günahkar olanlardan bir qismi də elə monarxiyanı, hökmdarları öyən, onlara itaətkarlığı bir xoşbəxtlik sayan, hətta lazım gələndə onun yolunda namusundan keçməyi təlqin edən, dünyanın padşahlara qulluq göstərməklə düzələcəyinə inanan və inandıran, Qurana zidd olaraq zülmlə barışmağı təbliğ edən, susmaq və boyun əymək əxlaqını tərənnüm edən bu kimi əsərlər yüz illər boyu Şərq ictimai fikrinin özəyinə çevrilmiş, məktəblərimizin əlifbası olmuşdur. Bu baxımdan o kitabları yazanlar da, təbliğ edənlər də axirət günündə Allah qarşısında cavab verməli olacaq.

Hörmətli cənab Xameneyi!

İslamı dərindən bilən Sizin kimi şəxsiyyətə müqəddəs kitabımızda Allahın yaratdığı hər bir insana, cəmiyyətə və xalqa hansı münasibətlə yanaşıldığını, hansı haqlar tanındığını və bu haqların pozulmasının Allah tərəfindən necə cəzalandırıldığını xatırlatmağa ehtiyac görmürəm.
İslam - yer üzündə əzilən, haqqı əlindən alınan, zülmə, ədalətsizliyə düçar olan məzlum insanların dini və ümid yeridir.

Təəssüf ki, getdikcə daha çox siyasiləşən İslamı ilk növbədə ona sığınan məzlumların qəniminə çevirirlər. Təbii ki, mən burda İslam deyəndə onu əldə əsas tutub, onun gücündən istifadə edib öz hakimiyyətlərini və mənsəbpərəst niyyətlərini həyata keçirən şovinist, despotik hökmdarları və din dəllallarını nəzərdə tuturam. Quranda insanların və millətlərin haqlarını incələyən onlarla şərh, araşdırma mövcuddur. Saysız-hesabsız təsvirlərin əksəriyyətində müqəddəs kitabımızda insan haqlarının nə dərəcədə yüksək tutulduğu, Müqəddəs kitabımızda Allahın öz yaratdığına verdiyi dəyər dəfələrlə qeyd edilmişdir.
Quranın əvvəlindən axırına qədər İnsanın Allah qarşısında məsuliyyəti xatırladılır, ondan öz yerini bilməsi, Allahına bağlı olması tələb edilir. Bu, dolayı yolla insan ləyaqətinin uca tutulmasına çağırışdır. Çünki ləyaqəti olmayan Allahına layiq ola bilməz. Təəssüf ki, bir sıra İslam ölkələrində insanı Allaha yaxınlaşdırmaq, onun böyüməsinə yardım etmək əvəzinə, onu əzmək və kiçiltmək yolu tutulur. Anlamırlar ki, bu yolla iman əhlini öz
Yaradanından uzaqlaşdırırlar. Allaha xidmət etmirlər, əksinə onun hökmündən çıxırlar.

Səksən ildir «İran» deyilən ölkədə zorakılıq, istibdad maşını məzlum xalqları əzə-əzə, öz ləyaqətini qorumaq istəyən insanları zindanlarda çürüdə-çürüdə, bilərəkdən ya bilməyərəkdən antiislam xətti yürüdürlər. İslam insana öz quruluculuğunda, əməlində, xüsusən də düşüncəsində azadlıq verən bir dindir. Bu, cəmiyyətdəki durğunluqla, ehkamçılıqla, ənənə adına yaşadılan mənasız itaətkarlıqla bir araya sığmır. Bunu Quranın ən məşhur təfsirçilərindən misirli Əl-Kurtubi, suriyalı İbn-Qasir, məşhur Azərbaycan-türk alimi Cəmaləddin Əfqaninin şagirdi Muhəmməd Əbdu, hindistanlı Yusif Əli, pakistanlı Əl-Maydudi, İslamı qəbul etmiş avropalı Muhəmməd Asad (Lepold Vays), misirli Said Kutb və sair onlarla alimin əsərləri də təsdiq edir.
İslamda ən yüksək dəyərlərdən biri azadlıqdır. Onun məhdudlaşdırılması günahdır. Buna görə də Quranın 43-cü surəsində köhnə ərəb ənənələrini qorumaq istəyənlərin insanın ruh və mənəviyyat azadlığını müxtəlif siyasi və ictimai sistemlərin quluna çevirmək təhlükəsinə qarşı yalnız Allahın hikmətinə yaraşan bir uzaqgörənliklə deyilmiş kamil bir ayə var. Dünən Ərəbistandaydı, bu gün İranda və ya Azərbaycanda - nə fərqi?

Allah insanın azadlığının boğulmasına, onun müxtəlif ictimai-siyasi sistemlərin quluna çevrilməsinə qarşıdır. Yenə həmin surədə açıq deyilir: İnsanlar cəmiyyətdə bir-birinə bağlı olsalar da, bir-birindən asılı olmamalıdırlar. İnsanların ictimai məsuliyyətinin, dövlət qarşısında borcunun - onun şəxsi azadlığına əngəl olmamasını, bəşər bərabərliyini bundan gözəl necə demək olar?

Qurana görə, Allah bir xalqı seçib ona peyğəmbər göndərirsə və o xalq bundan ağıllı istifadə edə bilmirsə, onu da fironun aqibəti gözləyir. Məncə, bu həm də hakimiyyətlərə aiddir. Allahın fürsət verib ucaltdığı bir hakimiyyət hökmünə bağlı olan xalqlarla, insanlarla ağıllı, ədalətli rəftar etməyəcəksə, Allah onu rəzil günə qoyacaq. Yüz illərdir tarix bunu dönə-dönə təsdiq edib. Məncə, İrandakı məzlum millətin haqqını tapdalayan fars şovinist idarəçiliyini də belə bir aqibət gözləyir.

Qurana görə, tiranlar, hökmdarlar çox xalqları aldadıblar, onların gözlərini bağlayıb, elmə aparan yollarını kəsiblər (Bu gün İran hakimiyyətinin türkləri elmdən, təhsildən, ana dilindən kənarda saxlamaq cəhdini Cənab Allah görün necə dəqiq ifadə etmişdir!) Lakin bu yolla, ruhsuz, iradəsiz, doğru yoldan azmış xalqları əzmək olar, özünü dərk edənləri yox! Şəxsən mən fars rejiminin bütün cidd-cəhdinə baxmayaraq, öz xalqımı ruhsuz və iradəsiz saymıram. İki yüz illik rus assimilyasiyasının nəticəsizliyi göz qabağındadır.

Qurana görə, insan Allahın ona verdiyi torpağı, suyu, təbiəti, maddi və mənəvi nemətləri, o cümlədən öz dilini qorumağa borcludur. Buna qarşı çıxanlar Allahın iradəsinə qarşı çıxırlar. Deməli, bizi bütün bu deyilən dəyərlərimizdən, o cümlədən dilimizdən qoparıb farslaşdırmağa çalışan İslam Cümhuriyyəti böyükləri Qurandan və Allahdan qorxmur, Allaha yox, şovinist, fars şeytanlarına xidmət edirlər.

İslamın materializm, marksizm, sosializm kimi dünyagir fəlsəfələrdən çoxlu üstünlüklərindən biri də insana maddi nemətlər istehsalçısı kimi yox, İlahi sərvət kimi baxmasıdır. Mənəviyyat, əxlaq, inam və dürüstlük!.. İnsanı insan edən bunlardır. Öz milli kökündən qoparılmış xalqın hansı mənəviyyatından, əxlaq və dürüstlüyündən danışmaq olar? Əxlaqın birinci əlaməti döşündən süd əmdiyin Allah bəndəsinə onun layla söylədiyi dillə, öz adıyla «ana» deyə müraciət edə bilməkdir.

Bunu çox gözəl bilən, amma əhəmiyyət verməyən İran Cümhuriyyəti «ideoloqları» «Cümhuriyyət» sözünün qabağına «İslam» sözünü hansı haqla qoya bilirlər?
Din - xeyirxahlıq, gözəllik, yüksəliş yoludur. Öz lüğəti mənasından göründüyü kimi, yaşam tərzidir. İranda insanları hüquqlarından məhrum edib, evdə bir cür, çöldə başqa cür olmağa sövq edən, ömrü boyu saxtakarlığa boyun əydirən, yəni onların yaşayışını təbii məhvərindən çıxaran bir rejim bu yolla əslində dinin dayaqlarını məhv edir.
Məişətindən tutmuş ictimai həyatına qədər, hər an zülmlə, inamsızlıqla, etimadsızlıqla üz-üzə olan ana dilində məktəb istəyənlərə işgəncə verilən bir dövlətdə və ya cəmiyyətdə dinin varlığından danışmaq gülüncdür. Dinə dəyər verilən yerdə yalan, ikiüzlülük (yəni Azərbaycan Respublikası ilə bir cür, Ermənistanla başqa cür danışmaq), məzlum xalqları əzmək olmaz! Dinlə dövlətin ayrılmaq zərurəti həm də bundan irəli gəlmişdir. Bunları birləşdirmək İslamı 1400 il geriyə atmaq deməkdir.

Qurana görə, dünyada elə bir millət, cəmiyyət yoxdur ki, öz adına və tituluna görə başqa millətdən üstün sayılsın. Ərəb və fars qardaşlarımız İslam aləmində hegemonluq iddialarıyla burda da Qurana qarşı gedirlər.

Quranda hər bir türk insanının baş ucundan asılmalı olan ayələr də var. Məsələn, 2-ci surənin 30-cu ayəsində açıq-aşkar deyilir ki, xalqlar öz aqibətlərinə görə məsuliyyəti özləri daşıyırlar. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır.

Bu misalları uzatmaq da olar. Ancaq çıxan nəticə budur: Özünü İslam Cümhuriyyəti sayan İranda İslama, dinə hörmət yoxdur. İran adlı ölkədə din - Allaha xidmət, ibadət - cəmiyyətdə nizam yaratmaq, insanın ruhunu qorumaq yolu deyil. İranda İslam - fars şovinizminin siyasi alətidir, zülmə və despotizmə xidmət edir. Buna görə də özü-özünü inkar edir və ya özünü nüfuzdan salır.

Hörmətli cənab Xameneyi!

Siz Allahın altında baş verən hadisələrə həm dini, həm dünyəvi dəyərlər baxımından qiymət verməyi bacaran bir insansınız, buna görə də ölkənizdə bizim soydaşlarımız, qardaşlarımız olan türklərə münasibətin insanlığa, «Quran»a-kitaba, beynəlxalq hüquq normalarına, insan haqlarına sığmadığını bilməmiş deyilsiniz. Eləsə İran əhalisinin yarıdan çoxunu təşkil edən, bu torpaqların əzəli sakinləri olan, bu yerlərdə farslardan da çox-çox əvvəldən məskunlaşmış, yüz illər boyu bu ərazidə müxtəlif dövlətlər qurmuş, dünyada İranın adıyla tanınan mədəni-mənəvi dəyərlərin yaradılmasında əvəzsiz xidmətləri olmuş bir xalqa bu qeyri-insani münasibəti nə ilə izah edə bilərsiniz?
Adətən, İran rəsmiləri bu suala cavab olaraq bildirirlər ki, türklər bizim müsəlman qardaşlarımızdır, vəzifə tuturlar, bu xüsusda sizi misal çəkirlər, dövlətin idarəetməsində iştirak edirlər, iqtisadi haqlara sahibdirlər və sair. Millətin istəyi təkcə bundan ibarətdirmi? Təəssüf ki, müsəlman qardaşlığı adı altında İranda fars şovinizmi hökm sürür və hakimiyyətdə o türklər təmsil olunurlar ki, onlar öz millətlərinin taleyinə biganədirlər.

Məgər İslam dini bir millətin başqa milləti bu şəkildə aşağılamasına, onun azad düşüncəsinin boğulmasına, dilinin, mədəniyyətinin məhvinə, zorla əzilib assimilyasiya edilməsinə haqq qazandırır? Şəxsən Siz bir türk olaraq millətinizin bu acı taleyindən narahatlıq hissi keçirmirsinizmi?

On milyonlarla müsəlman türkün ana dilində oxuyub-yaza bilmək hüququndan məhrum edilib, məktəbsiz, mədəniyyətdən kənar saxlanıldığı halda, «gavur» dediyiniz bir ovuc ermənini «dini azlıqdır, ona görə haqları tanınır» - deyib himayə etməyiniz hansı məntiqə və mənəvi dəyərə söykənir? Xristian deyil, türk-müsəlman olmağımız bizim günahımızdırmı?

Yüz səksən il öncə türkləri Qafqazdan sıxışdırmaq məqsədilə İrandan, Türkiyədən köçürülüb Qarabağa yerləşdirilmiş, indi sayı 60-70 min nəfərdən çox olmayan erməni əhalisinə Azərbaycanda muxtariyyət də verilmişdi. Onlar hətta buna da qane olmadılar, özü də vaxtilə başdan-başa türk yurdu olmuş İrəvan xanlığının yerində qurulmuş Ermənistan ərazimizin yüzdə iyirmisini işğal etdi; amma bütün bu işğal müddətində İran Ermənistanın ən böyük yardımçısı oldu, bir milyondan artıq müsəlmanı yurdsuz-yuvasız qoyanlara, öldürənlərə müxtəlif yollarla dəstək verdi, Azərbaycanın düşmənlərinə siyasi, iqtisadi, mənəvi yardımını əsirgəmədi.

Azərbaycan türkləri mənəvi dəyərlərə yüksək qiymət verən mərhəmətli bir xalqdır. Hakimiyyət onların əlində olanda İranda bütün millətlərin inkişafı üçün şərait yaradılıb. Lakin Pəhləvi rejimi türk idarəçiliyinin bu tolerantlıq ənənələrini məhv etdi və bu yolla İran dövlətinin mənəvi dayaqlarını sarsıtdı. Bu gün də ölkənizin müxtəlif mətbuat orqanlarında türklər təhqir olunur, buna etiraz edən soydaşlarımız isə dəstə-dəstə zindanlara atılır, adi haqlarını tələb etdiklərinə görə dəhşətli işgəncələrə məruz qalırlar. Bu onu göstərir ki, «İslam Cümhuriyyəti» adına qurulmuş indiki hakimiyyət türklərə münasibət baxımından Pəhləvi rejimindən heç nə ilə fərqlənmir.

Hörmətli cənab Xameneyi!

Biz, Dünya Azərbaycanlıları Konqresi İrandakı qardaş və bacılarımızın taleyinə heç cür biganə qala bilmərik. Haqlarımızı tələb etməyimiz bizim İrana qarşı düşmənçiliyimiz demək deyil. Biz hər cür müharibəyə və terrorizmə qarşıyıq. Ancaq öz xalqlarının haqlarını tanımayan dövlət mütləq dağılmağa və parçalanmağa məhkumdur -dünyanın nəhəng güclərindən və nüvə dövlətlərindən biri və ən böyüyü olan SSRİ-nin və Yuqoslaviyanın taleyi buna sübutdur.

İranda ana dili uğrunda mübarizədə və türklərin təhqirinə qarşı ayaqlanmada onlarla günahsız qardaşımızın həbsi hər bir azərbaycanlını ciddi şəkildə narahat edir. Ölkədə türklərə qarşı aparılan bu irticaçı siyasətə son qoyulmalıdır!

Haqq nazilər, amma üzülməz! Səttarxanı, Xiyabanini, Seyid Cəfər Pişəvərini, Şəhriyarı yetişdirən millət ölməyib!

Bu millətdən və Allahdan qorxun!

# 10336 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #