Kulis.az yazıçı Eyvaz Zeynalovun "Bir az da naşir və yazıçı münasibətlərindən..." yazısını təqdim edir.
Ən azından, naşir tərəfindən yaxşı təşəbbüs, çağırışdı: gəlin yığışaq dərdləşək, görək nə edək ki, oxucularda kitaba marağı artıraq, kitab satışı qalxsın, yazıçılarımız tanınsın... 2013-cü ildə belə bir çağırışla həmin nəşriyyata getdim. Naşir dedi, kitabı pulla çap edirik. Razılaşdım. Dedim, ancaq kitablarımı qoltuğuma vurub aparmaq üçün çap etdirmirəm, satışını təşkil edin. Boynuna çəkdi. “Bələdçi” kitabım (400 səhifə, 2 roman) 500 tirajla çap olundu. Yoldaşlar elə o ay zəng vurdular ki, təbriklər, kitabın ən çox satılan kitab olub. Azadlıq.org saytında naşir özü siyahı qoyub. İki-üç ay belə oldu.
Həmin vaxt Opera teatrının qarşısında böyük kitab sərgisi keçirilirdi. İkinci gün mən də getdim. Naşirin təklifi ilə oxucuların aldığı kitabları imzalamağa başladım. Kimsə kitabların satış qiymətini endirmək təklifini irəli sürdü. Razılaşdım, onsuz da qiymətini 5 manat qoydurmuşdum. Təki alsınlar, oxusunlar! Kitabımın qarşısında növbə yaranmışdı. Xeyli satılmışdı, naşir kitabın qurtardığını elan etdi. 50 ədəd gətiriblərmiş. Axırıncı 2 kitabı bir nəfər götürdü. Nəşriyyatdan gətirmək lazımdı. Dedim, maşınım var, adam verin, özüm gedim gətirim. Dedilər, özümüz gətirəcəyik.
Ərinmədim, bir qədər fırlanıb gəldim ki, gətirməyiblər. Marağım öldü. O biri gün də işim oldu, gedə bilmədim. 6-cı ayında 400 səhifəlik “Tələ” adlı ikinci romanımı çapa apardım. Naşir dedi, “Bələdçi”dən anbarımızda qalmayıb, nə edək? Razılaşdıq ki, 500 də vursun. “Tələ”ni də həmçinin. “Bələdçi” təkrardı deyə pulunda güzəşt elədi. Lakin çapdan sonra kitabın üstündə “2” rəqəmini, yəni təkrar çapı qeyd olunmamışdı. Axı bu da bir reklamdı. Fərq ondaydı ki, birincidə e-mailimlə bərabər telefon nömrəm də vardı, təkrar nəşrdə nömrəmi çıxarmışdım.
Bu dəfə soruşdum ki, satışdan mənə nə verəcəksiniz? Naşir dedi, satış xərclərimizi çıxıb hesablayacağıq. Yenə razılaşdım. Ancaq oyun bundan sonra başladı. Dedi, təzə kitabı saxlamağa anbarımızda yer yoxdu. Dedim, 100-ü qalsın, satılandan sonra mən gətirərəm. Kompüterdə işçisi ilə satılan kitablarımın siyahısına nəzarətim açıq-açığına narazılıq doğurdu. Mühasibatlıqda da eyni vəziyyət yarandı. Xeyli pul yığılmışdı. Ancaq istəyəndə 50-100 manat verirdilər. Halbuki kitabların pulunu nağd, bir dəfəyə ödəmişdim. Gərək bunu nəzərə ala, mənə daha artıq qayğı ilə yanaşaydılar ki, qaçmayım. Həm də o vaxt nağd pula tək-tək adam 500 tirajlıq kitab çap etdirirdi.
Dedilər, kitabların mağazalarda satışı ilə də maraqlanmalısan. İndi də satıcılarla problem yaşadım. Xarici ölkə yazıçılarının kitablarına görkəmli yerləri ayırır, göz qabağına qoyurdular, öz yazıçılarımızın kitablarını künc-bucaqdakı rəflərdə bir-birinə pərçimləyirdilər. Bu, özümüzün özümüzü bəyənməmək, aşağılamaq sindiromudu. İnadıma deyirdilər, oxucu istəyəndə veririk. Opera teatrının yanındakı “Əli və Nino” mağazasında kitabımı istədim. Satıcılarla bərabər yarım saat axtarası olduq. Yenə özüm lap küncdəki bir rəfdən tapdım. Dedim, indi gəlin göz qabağına, stola üzüaçıq düzdüyünüz ən məşhur xarici müəllifin kitabı ilə bunun yerini dəyişək, görək kim gəlib istəyəcək? Sınayaq də. Razılaşmadılar. Yazıçılarımıza bu ögey münasibət hazırda da bütün kitab satışı mağazalarında davam etməkdədir.
Qəribədir, naşirlər xarici yazıçıların kitablarının tərcüməsinə, çapına, reklamına, satışına xeyli pul xərcləyirlər, ancaq nağd pulunu aldıqları doğma yazıçılarımıza heç nə qıymırlar. Sonra da gileylənirlər, bizim yazıçıları tanımırlar, kitablarını alan yoxdur. Bəs Sovetlərin vaxtında yazıçılarımızı niyə hamı tanıyırdı? Ona görə ki, tərcümə ədəbiyyatı azdı, kitab mağazalarında, əsasən, öz yazıçılarımızın kitablarıydı. Olmazmı bərkə düşəndə köməyi özümüzünkülərdən umduğumuz kimi xarici müəlliflərə göstərdiyiniz qayğını da elə özümüzünkülərə göstərəsiniz? Kitablarının reklamını aparasınız, anbarlarınızda onlara yer edəsiniz, mağazalarda onların kitablarını daha görkəmli yerlərdə yerləşdirəsiniz, həvəslə yazmaları üçün qəpik-quruşlarını incitmədən ödəyəsiniz? Axı kitablarımızın redaktorluğunu, korrekturasını da biz özümüz edirik. Siz ora yalandan kimlərinsə adını yazmaqla deyil. Yadınızda saxlayın, hara, necə fırlatsanız da, bu millətə yenə öz yazıçılarımız qalacaq. Elə sizə də!
Qırıq-qırıq alandan sonra naşirdə 800 manata qədər pulum qalmışdı. Üçüncü romanım kiçikdi. Çapını o pulla əvəzləşdirdim, naşirə 50 ədəd kitab verib onunla birdəfəlik üzülüşdüm. Daha iki naşirlə işləməyi sınadım. Yenə eyni şeylər təkrarlandı. Əvvəl, bağ belə, bostan belə, deyib, pulunu nağd aldığı kitaba təqdimat keçirirsən, naşir gəlmir. Kitab sərgilərinə kitabını ya aparmır, ya da bir ədədini aparıb künc-bucağa atır. Kitab sərgisində üçüncü naşirdən soruşdum ki, kitabımı niyə sərgiyə gətirməmisən? Dedi, biz öz hesabımıza nəşr etdiyimiz kitabları bura çıxarırıq. Məntiqə bir bax! Necə yəni öz hesabımıza? Bəs pulunu nağd alanda deyirdin, belə satacağıq, elə satacağıq, hanı?
Naşirlərin könlündən keçir ki, kitablarımızı bizim pullarımızla çap etsinlər, sonra da biz qapı-qapı düşüb, onları satdıraq. Bunlar da qazandıqlarını xarici ölkə yazıçılarının kitablarının tərcüməsinə, reklamına, ölkəmizdə məşhurlaşmalarına sərf etsinlər. Bir balaca çətinə düşəndə də bizə səslənsinlər: gəlin görək neynirik?
Soruşanda özümüzünkülərdən kimləri yetişdirmisiniz? Ələkçinin qıl verəni kimi böyür-başdan dillənirlər ki, bizim kitablarımızı pulsuz ediblər. Onlar kimlərdi? Şəxsi tanışları, hansısa sayt işlədənlər, müəyyən nüfuz sahibləri, televizorda, nazirliklərdə və s. işləyənlər. Naşir üçün yazı əsas olmalıdır.
Gileylənirlər, filan məşhurun kitabının çox satılacağını düşünüb pulsuz çap etdik, 50 ədəd də satılmadı. Pulunu aldıqlarının da kitabı satılır, amma ögey münasibət göstərirlər.
Deyirlər, müsabiqə keçirək. Onu da görmüşük. 5 nəfər münsif vardı. Göndərdiyim povest ikinci mərhələdən keçməyəndə səbəbi ilə maraqlandım. Məlum oldu ki, 5 nəfərdən yalnız birinin rəyi ilə kitab üçüncü mərhələyə keçməyib. Telefonda dedi, dialoqları zəifdir. Güldüm, soruşdum, heç olmasa, bir epizodunu xatırlada bilərsinizmi? Dedi, müəllim, üstündən bir ay keçib, yadımda qalmayıb. Bir də, sağlıq olsun, bunun gələn dəfəsi də var də...
Deyirlər, cavanları axtarırıq, gənc nəsli yetirşdirmək lazımdı. “Yetişənləri” yarıtmısınız, qalıb gənc nəsil...