Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə təşkil etdiyi “Poeziya xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib.
Kulis.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə reallaşan müsabiqənin seçim mərhələsində 50-yə yaxın namizəd iştirak edib.
Onların arasından seçilən 14 iştirakçı münsiflər heyəti qarşısında öz bacarığını nümayiş etdirib.
Xalq artisti, aktyor, professor Məmmədsəfa Qasımov, şair, yazıçı, dramaturq, ssenarist İlqar Fəhmi və Əməkdar artist, aktyor, bədii qiraət ustası, professor Azad Şükürovdan ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Münsiflərin yekun qərarına əsasən, Anar Əhmədov birinci, Ramil Hüseynzadə və Hüseynağa Aslanov ikinci, Səma Ağazadə (Muğanna) üçüncü yerlərə layiq görülüblər.
Qaliblər yaxın günlərdə keçiriləcək qala tədbirdə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə istedadlı qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin bədii-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzri irsinin təbliğinə töhfə vermək məqsədilə təşkil olunub.