Oxucunu kim kəşf edib? – Xuan Qabriel Vaskesin essesi

Xuan Qabriel Vaskes, yazıçı

Xuan Qabriel Vaskes, yazıçı

11 iyul 2022
# 17:00

Kulis.az Qismətin tərcüməsində çağdaş dünya ədəbiyyatının ən parlaq yazıçılarından sayılan Xuan Qabriel Vaskesin “Vəkilin uşaqları: oxucu etikası üçün” essesini təqdim edir.

Bədii ədəbiyyat oxumaq narkotik kimidir; ədəbiyyat oxucusu aludəçidir. Bütün asılılıqlarda olduğu kimi, onu izah etməyə çalışan hər bir təşəbbüs yarımçıq olacaq, çünki əvvəl-axır irrasionallıq divarına çırpılacaq. Filip Rot yazır: “Roman oxumaq dərin və bənzərsiz zövqdür, seksdən daha əxlaqidir, siyasi korrektliyə ehtiyacı olmayan ehtiraslı və sirli insani aktdır.” Filip Rot bu fikirləri yazanda mən on bir yaşındaydım; böyüdüyüm mühitdə roman oxumaq aktını izah etməyə ehtiyacı yox idi və nə yaxşı ki, mütaliə mənə heç vaxt sağlam, ya da faydalı (idman etmək, ya da brokoli kimi) bir şey kimi təqdim edilməmişdi. Bu gün təxminən əsrin dörddə biri keçib və sözügedən aktın bu müddət ərzində dəyişən formalarını həyəcana qapılmadan – yaxşı, yaxşı, bir az həyəcanla – izləmişəm. “Ehtiraslı və sirli” sifətlərinə “azlıq” sözünü də əlavə etmək olar, hətta bir zərfə də baş vurmaq lazımdır; qiyamət təlaşına və ötəri olan ne-cə-o-la-caq-bu-mə-də-niy-yə-tin-a-xı-rı gileylərinə qapılmadan qəbul etməliyik ki, cəmiyyətlərin bədii yazıya göstərdiyi maraq prioritetlər iyerarxiyasında axırdan əvvəlki sıraya sürüşüb. Yeni kəşfləri, gündəlik və davamlılıq kimi temaları həyatlarının əsas və dəyişməz hissəsi kimi görən cəmiyyətlər get-gedə təriqətə oxşayırlar. Heç kimin, xüsusilə bədii ədəbiyyatla məşğul olanların düşünməyə cürət etmədiyi sual budur ki, bütün bunlar lazımdırmı? Bir müddət bundan əvvəl romançı dostum mənə bəsit və səmimiyyəti onu dəyərsiz etməyən bir sual verdi. Oxucu kütləsinin – bizim kütləmizin get-gedə azalmasıyla bağlı gündəlik bir gileyə dostum qəzəblə belə dedi: “Bəs yaxşı, insanların niyə roman oxuduqlarını bilən varmı?” Bu, az qala, çarəsizlik fəryadı idi. Ona, analoji vəziyyətlərdə dəfələrlə etdiyim kimi, Filip Rotun cümləsiylə cavab verə bilərdim, amma bunun əvəzinə, özümü bəlkə daha az ağıllı, amma daha yaxşı cavablar axtararkən tapdım. Və bu yolda (ya da izah edə bilmədiyim hər hansı başqa yolda) bir gün, təxminən, iyirmi yaşımdan bəri üzünü açmadığım, ancaq hələ də favorit kitablarımdan olan bir kitaba doğru gedəndə təəccübləndim.

Hadisə Valyadoliddə, təxminən, XVII əsrin əvvəlində baş verir və kitabın əsas personajları Kampuzano adlı Hərbi Dəniz leytenantı və Peralta adlı vəkildir. Leytenant uzun reabilitasiya keçdikdən sonra Yenidən Dirilmə Xəstəxanasından evə buraxılıb; vəkil onu solğun və gücsüz görəndə evə – jambon yeməyə, bir qazan yeməyi bölüşməyə dəvət edir, naharın axırında leytenant ona bir əlyazma verir. Bu hadisə leytenantın reabilitasiya dövründə xəstəxanada yatarkən pəncərədən eşitdiyi bir dialoqdur: Şişirdilmiş bir həyatın nəql olunduğu, saxtakarlıqdan cadugərliyə qədər gedib çıxan fırıldaqçılıq macəralarıyla dolu olan bu dialoq, elə bura qədəriylə belə heyrətamizkən, sözügedən dialoqdakı tərəflərin (öz həyatını danışan və arada şərhlər verən) iki köpək olması hadisəni başqa müstəviyə keçirir. Leytenant iddia edir ki, bu əlyazma köpəklər arasında baş tutan dialoqun əsliylə doğru olan transkripsiyasıdır; nəticə etibariylə ağlı başında olan vəkil şübhəçi, bir az da istehzalı görünür. Köpəklərin danışmaq ehtimalı barəsində bir az mübahisə etdikdən sonra, leytenant günorta yuxusunu almaq üçün gedərkən, vəkil sözügedən dialoqu oxumağa girişir. Bu məqamda biz, yəni Servantesin “Nümunəvi hekayələr”inin oxucuları bu sətirləri oxuyuruq:

“Vəkilin dialoqu oxuyub bitirməsi və leytenantının oyanması eyni vaxta düşdü, vəkil ona belə dedi:

“Bu dialoq uydurma və yaşanmamış olsa da, məncə, o qədər gözəl yazılıb ki, Hörmətli Leytenant gecikmədən ikincini yazmağa başlaya bilər.”

Leytenant belə cavab verdi: “Bu düşüncə qarşısında zatı-alinizlə köpəklərin danışıb-danışmamasıyla bağlı mübahisəyə girmədən tezcə yazmağa başlayacağam.”

Vəkilin cavabı belə oldu:

“Hörmətli leytenant, o mübahisəyə qayıtmayaq. Mən bu dialoqdakı hünəri və yaradıcılığı anlayıram, bu da mənə bəs edir. Haydı, gedək Espalon Meydanına bədənimizin gözlərini yenidən yaratmağa, çünki mən bir az əvvəl zehnimdəkiləri yaratdım.”

Modern romanın icadı həmişə Servantesə aid edilir, ancaq mən eyni dərəcədə digər bir cəsur icadın – oxucunu kəşf edənin Servantes olduğunu heç yerdə oxumamışam. Qərb romanının görkəmli ənənəsi çoxlu bədii kitab oxuduğu üçün axırda dəli olan bir fərdlə başlayır, elə buna görə də, sözügedən mexanizmlə ondan istifadə edənlər arasındakı əlaqənin, əsrlər boyu, gərginlik və təhriflərlə dolu olmasına təəccüblənməməliyik. “Nümunəvi hekayələr”in axırıncısında oxucunun obrazı bizim qarşımıza, müəyyən mənada bir xahiş, hətta bir buyruq kimi çıxır: Oxucu olun (bu cür oxucu; ideal oxucu). Servantesin ideal oxucusu özünü bədii ədəbiyyatın potensialına və zəkasına təslim etməyə qadir şəxsdir. Əksəriyyətimizin hər gün özümüzə verdiyimiz sualı bəlkə Servantes də özünə verirdi. Bir romanı necə oxumalı, bir hekayəni necə oxumalı? Romanları və hekayələri niyə oxuyuruq? Bədii ədəbiyyat həyatımızın hansı boşluğunu (bəzilərimizdə asılılıq, aludəçilik yaradacaq qədər) doldura bilir? Vəkil Peraltanın şübhəçiliyi hekayənin axırında olduğu kimi qalır: Köpəklərin dialoqundan zövq alıb deyə “bəzi köpəklər danışa bilər” demək fikri yoxdur. Ancaq başa düşür ki, bu vəziyyət, yəni intellektual və fizioloji bir bacarıq olaraq dil artikulyasiyası, sözügedən mövzunun içində elə də əhəmiyyətli deyil; dialoqun ən vacib hissəsi başqa tərəfdə, bədii mətnin o və ya bu tayında, insani şüurun mübhəm hissəsindədir. O anladı ki, bu bədii yalan onun təfəkküründə tamam yeni bir həqiqət yaradıb: haqqında çox şey eşitdiyimiz Tanrı kimi sirli yollar vasitəsilə yaradılan, leytenantın sərf etdiyi müxtəlif sözlərə müncər edilməyən və bədii mətnin öz alətlərindən başqa alətlərlə tutulması qeyri-mümkün olan bir həqiqət. Lyosanın dediyi kimi, yalanın həqiqətini kəşf etdi. Poetik həqiqəti.

Dörd əsr boyunca, biz bədii ədəbiyyat oxucuları o vəkilin uşaqları olmuşuq: dörd əsr boyunca məlum şübhələrimizi mötərizəyə alıb köpəklərin danışdığı bir dünyanın bizi əsir götürməsinə icazə verdik və axırda heç cür təsdiq edə bilmədiyimiz, necəsə dəyişmiş, ancaq dəyişməsini özümüzə izah edə bilmədiyimiz şeyləri yanımızda gətirməklə real dünyaya çıxmışıq. “Mən bu dialoqdakı hünəri və yaradıcılığı anlayıram, bu da mənə bəs edir” – vəkil belə deyir. Buradakı “bəs edir” sözü real oxucu üçün qorxulu bir bəlağətə malikdir, belə ki, bədii ədəbiyyatın muxtariyyətini, onu dəyişdirməyə çalışan hər şeyə qarşı qiyamını, özü özlüyündə, yaxud başqa bir şeyə görə hər hansı vasitə və ya instrumentdə yekunlaşmağa olan üsyanını təmsil edir. Hünər mənə bəsdir, – deyir vəkil, yaradıcılıq mənə bəs edir: bu gün olsaydı, onu reallıqdan qaçmaqda ittiham edərdilər. Halbuki köpəklər arasında baş tutan dialoqun reallıqdan qaçmaqla heç bir əlaqəsi yoxdur, çünki siyasi həcvlə və kəskin ictimai tənqidlə doludur. Ancaq vəkilin vurğulamaq istədiyi odur ki, bütün bunları düzgün istiqamətə yönləndirən təhkiyəçinin ustalığı, böyük hünəridir. Nabokov deyir ki, hər yazıçının içində bir nağılçı, bir müəllim və bir sehrbaz var, lakin yazıçını böyük edən məhz həmin sehrbazdır. Vəkil Peralta onunla razılaşardı.

Bunun səbəbi odur ki, mütaliə zövqü, qismən də olsa, sehrin birbaşa funksiyalarından biridir: ovsunlanmaq və bu ovsunda yaşaya bilmədiyimiz həyatları yaşamaq üçün oxuyuruq. Filip Rot yazır (yenə): “Mən həyatın nə olmasıyla bağlı hədsiz məhdud baxış bucağımdan xilas olmaq və özümünkündən fərqli nəqletmə bucağıyla xəyali əlaqə qurmaq üçün bədii ədəbiyyat oxuyuram və yazıram.” Bədii ədəbiyyat oxucusu narazıdır, üsyankardır, narazılığının və üsyankarlığının səbəbi isə insani həyatın ona geyindirdiyi dözülməz dəli köynəyidir: bu həyatın yeganəliyi (yəni, ölümdən sonra başqa həyatın olmaması), üstəlik, insanın bir nüsxədə olması (yəni, eyni vaxtda birdən artıq adam ola bilməmək) həqiqəti. Eyni vaxtda həm qadın, həm kişi, həm sadiq, həm sədaqətsiz, həm ateist, həm inanclı ola bilmərik. Ancaq belə olduğumuzu təsəvvür edə bilərik və yaxşı bədii mətnin mütaliəsi, bu halda, yön verilmiş fantaziyanın təcrübəsidir; ya da (bizimkindən daha zəngin, daha dərinə nüfuz edə bilən, daha assosativ) başqa bir fantaziyanın əlimizdən tutub bizi əvvəllər getmədiyimiz yerlərə apardığı təcrübədir. Diqqətimizi və şüurumuzu onları daha yaxşı yerlərə aparacaq birinin əllərinə təslim etmək üçün oxuyuruq; dünyanı tanımağın özünəməxsus forması olan bədii ədəbiyyat tərəfindən işğal edilmək üçün oxuyuruq.

Təcrübə susuzluğu bizim növümüzün ən məlum xüsusiyyətidir: Bu məsələdə hamımız bərabər olsaq da, “Heyvanıstan”dakı kimi, bəzilərimiz digərlərindən daha çox bərabərdir. Bax həmin susuzluqda, məchul, ya da fərqli olana tuşlanmış maraqda, danışdığımız, ya da bizə danışılan hekayələrin kökündə, bəşər övladının yetərli sözləri yığıb-topladığı andan bəri malik olduğu hər şeyi nəql etmək (və özünüifadə) arzusu var. Düşünürəm ki, insanların hekayə danışmaq sənətiylə ilkin təması Servantesdən çox-çox əvvələ gedir və şübhəni mötərizəyə almaq, yəni həmin poetik həqiqət “Odissey”in nəğmələrində, Evripiddə, Senekanın faciələrində, hətta DNT-ləri İntibah dövrünün ilk bədii ədəbiyyat nümunələriylə xeyli dərəcədə oxşar olan romanvari mətnlərdə də (“Qızıl eşşək”, yaxud “Dəfnis və Xloya”) var. Ancaq vəkil Peraltanın şəcərəsindən gələn çağdaş oxucu, mənim nəzərdə tutduğum və eyni ailənin nümayəndəsi olduğum oxucu, həmin nəğmələrə qulaq asan, həmin faciələrə baxan, həmin roman prototiplərini yüksək səslə oxumaq məqsədiylə təşkil edilmiş toplantılara qatılan insandan tamamilə fərqlidir. Bəli, məni də təmsil edən bu oxucu həm fəaliyyəti (mütaliə edərkən etdiyi və etmədiyi şeylər), həm də dünyamızla konflikti baxımından fərqlidir: Bu oxucu tənhadır.

Tənhalıqda mütaliə etmək son dərəcə üsyankar şeydir və bu uzun müddətdir belə qəbul edilir: Alonso Kixano və Emma Bovari mütaliənin tənhalığında olmadıqları şəxs olmağa qərar verirlər, beləcə, öz həyatları üzərindəki nəzarəti itirirlər; Hamlet ilk dəfə özünü dəliliyə vurmaq üçün əlində kitabla gəzir və şübhəsiz ki, bu akt öz məqsədinə çatır, belə ki, anası onu bu cür görəndə fəryad edir: “Zavallı bədbaxt oxuyaraq gəlir.” Əslində, Servantes əlyazmanı leytenant Kampuzanoya yüksək səslə oxuda və bunu Vəkil Peraltaya qulaq asdıra bilərdi, ancaq o leytenantı yatmağa göndərir və köpəklər arasında baş tutan dialoqu kəşf edərkən vəkili tənhalıq və səssizlik içində qoyur. Məhz bu olmalıydı: Mütaliə tənhalıqda baş tutan şeydir, bu onu daha da şübhəli hala gətirir. Mütaliə ictimai olana inanmayanlara məxsus fəaliyyətdir, bu halda oxucu da ictimai olana qarşı şübhəçi, başqa cür desək, (sözün həqiq mənasında) bir anti-sosial varlığa çevrilmiş olur. Rəqslərin, salonların və digər ictimai alış-veriş məkanlarının müdavimi olan Marsel Prust “Oxumaq haqqında” adlı gözəl kitabında belə yazır:

“Bir dostu bir kitabdan ayıran əsas şey birinin digərinə nisbətən daha çox, ya da daha az müdrik olması deyil, onlarla ünsiyyət qurmaq formamızdır; belə ki, mütaliə, söhbətin əksinə, hər birimiz üçün digər düşüncəylə, tənhalığımızı qətiyyən itirmədən (başqa cür desək, tənhalıqda sahib olduğumuz, ancaq söhbətin dərhal bizdən aralı saldığı intellektual potensialın ləzzətini çıxarmağa davam edərək) ünsiyyət qurmaqdır.“

Oxucu, ətrafında olan, onu sevən, vaxtını onunla bölüşmək istəyən insanları, qohumlarını, dostlarını, onu maraqlandıran, dostu ola biləcək tanışlarını müəyyən qədər günah hissiylə müşahidə edər, onların istəklərinə, dəvətlərinə, comərdliklə etdikləri söhbətlərə, bir yerdə vaxt keçirmək təkliflərinə qulaq asar, onlara sakitcə, ya da açıq şəkildə təşəkkür edər; sonra səssizcə, ya da çox açıq şəkildə onlara Mirzə Bartlbinin sözünü deyər: “Etməməyi seçirəm.” Evə getməyi, ictimai kitabxanaya getməyi, parkdakı skamyaya tərəf getməyi, ya da kafedəki stula doğru getməyi seçirəm – deyər oxucu, fasiləsiz şəkildə qarşıdakı xoşbəxtlik saatlarında onu gözləyən kitabı düşünərək. Bu xoşbəxtlik intellektual, əxlaqi, ya da Nabokovun sevdiyi kimi, estetik ola bilər (Nabokovun fikrincə, ürəyimizlə, ya da beynimizlə yox, onurğa beynimizlə oxuyuruq, çünki böyük ədəbiyyatın varlığını faş edən titrəyiş orada əmələ gəlir): Ancaq oxucu tənhalığının nəticəsi kimi, qismən də olsa, bu, həmişə baş verəcək. Din yaymaq cəhdlərinin heyranlıq doğuran şəkildə bizi təqib etdiyi dünyada, hər şeyin (dinlər, siyasi partiyalar, reklamlar) fasiləsiz şəkildə bizi nəyəsə razı salmağa çalışdığı dünyada, ədəbiyyat bizi heç kimin hansısa məqsədlə yola gətirmək istəmədiyi yerdir; həqiqətən azad olduğumuz yerdir. Yenidən Prusta qayıdaq:

“Yaxşı kitabların yazıçı üçün “Nəticələr”, oxucu üçün isə “Yoldançıxarmalar” deyə adlandıra biləcəyimiz böyük və fövqəladə (üstəgəl, mütaliənin həyatımızdakı oynadığı həm əsas, həm də məhdud rolu dərk etməyə yardımçı olacaq) xüsusiyyətlərindən biri də budur: Çox dəqiq şəkildə hiss edirik ki, müdrikliyimiz yazıçının müdrikliyi bitən yerdə başlayır; ondan cavab istəyərkən, onun bacardığı eləcə bizdə arzular oyatmaqdır.”

“Eləcə bacardığı” – deyir Prust özünəməxsus gileylə; mən isə “bacarmalı olduğu” – deyirəm, böyük romanların qətiyyən cavab vermədiklərini təyin edərək: böyük əsərlər bizim üçün çox ağıllı və ya maraqlı suallar tapmaqla kifayətləniblər. Buna görə də hər hansı forma altında din yaymaq niyyəti olan mətnlər (libasını dəyişmiş fərdi inkişaf kitabları, tezisli romanlar) bizdə ikrah doğurur, hətta onlar bizə son dərəcə rəzil gəlir: Çünki hiss edirik ki, oxucu ilə kitab arasında min ildir mövcud olan müqaviləni, uğurlu örnəklərdə əksəriyyətimiz üçün həyatın mənalı olması hipotezinə çox oxşayan o əlaqəni pozurlar.

Sol Bellou çağdaş insanın böyük düşmənlərindən birinə (onun bədii ədəbiyyatla məşğul olan yazıçının da böyük düşmənlərindən biri olduğunu vurğulamalıyam) bir ad qoydu: Diqqət dağınıqlığı. Bu, modern vətəndaşın əsas olana qarşı stabil və səbatlı şəkildə diqqət kəsilməsinə mane olan hər şeyi (tamaşa cəmiyyəti olaraq adlandırdığımız şeydən gündəlik həyatın sıxıntılarına, ya da texnologiyaların yaxamızdan yapışmasına, xəbər bombardımanına qədər) əhatə edir. Bədii mətn yazanların hədəfi xalqın diqqətini ovlamaqdır. O diqqəti fəth etmək, cəzb etmək, bir neçə saatlıq manipulyasiya edəndən sonra, bəlkə də metamorfoz keçirmiş şəkildə real dünyaya geri göndərmək: Bədii mətn müəllifin məqsədi budur. Yaxşı bir romanın, yaxşı bir hekayənin içinə girmək tamamilə konsentrasiya olmuş beyinlə mübadiləyə girmək deməkdir; böyük ədəbi əsərlər insan diqqətinin zirvələri, əsas olan heç nəyin müəllifin gözündən qaçmadığı yerlərdir; biz oxucular bir müddət orada yaşamağa, o diqqətlə bir səmimiyyət anına girməyə, şüurun yüksək məqamını bölüşməyin qeyri-adi imtiyazına sahib oluruq. Orada, mütaliə saatları boyunca, qalıcı olan, şəraitimizin bir hissəsini təşkil edən və diqqət dağınıqlığının bizim gözümüzdən yayındırdığı şeyləri (fikirlər, duyğular, irili-xırdalı həqiqətlər) geri qazanırıq, ya da xatırlayırıq. Bir anlıq başa düşdüyümüzü hiss edirik, bir-birimizi anladığımızı hiss edirik. Və bu şey orada baş verir, mütaliənin tənhalığında, leytenantın günorta yuxunda olduğu vaxtda.

Sim-sim.az

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #