Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi, gözləri tutuldu - “Mercedes” sürən ilk azərbaycanlı qadın müğənnimiz...

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi, gözləri tutuldu - “Mercedes” sürən ilk azərbaycanlı qadın müğənnimiz...
21 dekabr 2022
# 12:40

Kulis.az müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir.

Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir.

***

Orta məktəb illərində musiqiyə həvəsi yaranır. Ancaq anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskvada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.

Kəmalə isə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə “Bakı” mahnısını ifa edir.

***

Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də “Lalə” qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır.

Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda “Mercedes” markalı avtomobil sürən ilk qadındır.

***

Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı.

“Lalə” qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə “Qayınana” filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu “Nəsimi” filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə “axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm”, – deyir.

***

Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar:

“Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar”.

***

Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər.

Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox olub. Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları dünyaya gəlir.

***

İllər öncə Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb:

“Mən Mahnı və Rəqs ansamblında işləyəndə oğlum Tural dünyaya gəldi. Amma bundan əvvəl doğum evində bir övladımı həkim bilərəkdən öldürmüşdü. Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qayınanamın qisasını məndən aldığını bildirmişdi. Tural anadan olanda qəti toya getmirdim. Hətta toy üçün gələnlərə də yox cavabı verirdim. Çünki bütün günümü, saatımı bircə oğluma ayırırdım. O vaxt həm sənətimi, həm də ailəmi qoruyub saxladım. Amma toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".

Ömrünün 40 ilini incəsənətə həsr edən K. Rəhimli sənət aləmindən küskünlüyünü dilə gətirərkən deyir:

“Həyatımı, gəncliyimi, evimi, balalarımı qoyub, aylarla qastrol səfərlərinə getmişəm. Deyiblər ki, get, pul qazan, gətir, Mədəniyyət Nazirliyinin fonduna keçir. Get, planı doldur ki, Rəşid Behbudov ansamblı ilə xarici səfərə getsin. Mən belə işləmişəm. Hamıdan küsmüşəm. Sənətə gələn yeni ifaçılar üçün hər cür şərait yaradılır. Amma mən çox zülm çəkmişəm. Çəkdiyim zülmlərin haqqını hələ də almamışam. 40 ildən çoxdur bu sənətə xidmət etmişəm. Xidmətlərim əvəzsizdir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. İndiyə qədər heç bir cavab almamışam. Dövlət konsertlərində ilk sıralarda mənim adım çəkilirdi. Kəmalə ən sevimli, populyar müğənni olub. İndi Kəmalə qalıb kənarda”.

Uzun illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkən müğənni sənət dostlarından onu yalnız Əməkdar artistimiz Firuzə İbadovanın zəng vurub axtardığını, digərlərinin isə yada salmadığını deyir:

“Bircə Firuzə zəng vurub, mənimlə maraqlanır. Heç kimlə danışmaq, ünsiyyət qurmaq istəmirəm. Hər şeydən iyrənmişəm. Musiqiçiləri çiynimdə daşımışam, çörək vermişəm onlara. Amma heç kim mənimlə maraqlanmır. Bir gözüm tamam tutulub, digəri isə 1 faiz görür. 2013-cü ildə də Milli Oftalmologiya Mərkəzinə getdim. Müayinədən sonra həkimlər mənə dedilər ki, qlaukomanı müalicə eləmək mümkün deyil. Bu xəstəlik bərpaolunmaz korluğa səbəb olur. Şəkərim qalxıb, gözlərimi kor edib. İnsan nə qədər əzab çəkər axı?! Artıq 17 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Oğlumun 10 yaşı olanda bu xəstəliyə tutuldum... 1996-97-ci illər idi. Özümü pis hiss edirdim. Həkimə gedib, müayinə olundum, mənə şəkərli diabet xəstəliyi diaqnozu qoyuldu. Həkim mənə müalicələr yazdı. "Diabeton" qəbul edib, xəstəliyimi gizlətdim. Sonradan şəkərim daha da yüksəldi, poliklinikamıza müraciət etdim. Mənə insulin inyeksiyası edildi. Bilirsiniz, ayaqlarım göyərirdi, şişirdi, ayaqqabı geyə bilmirdim, dırnaqlarım ağrıyırdı. 2011-ci ilin iyulunda isə qan təzyiqim qalxdı, başım hərləndi. Müsahibə verməyə getmişdim, evə qayıtdım, gördüm ki, üzüm tərpənmir iflic olmuşam. Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir”.

# 14374 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #