Onu öldürmək istədilər, küçə uşaqları evini soydu, yaddaşını itirdi - Xalq artistinin film kimi həyatı

Onu öldürmək istədilər, küçə uşaqları evini soydu, yaddaşını itirdi - Xalq artistinin film kimi həyatı
7 aprel 2022
# 12:00

Bu gün Azərbaycanın ilk balerinası, pedaqoq, Xalq artisti Qəmər Almaszadənin anım günüdür. Kulis.az bu münasibətlə balerina haqqında 10 maraqlı faktı təqdim edir.


Qəmər Almaszadənin atası Qəmər Hacı Ağa ayaqqabı mağazasının sahibi, anası Məryəm xanım isə həkim idi. 6 yaşlı Qəmərdə rəqslərə sevgi və həvəs qonşuluqda yaşayan Şura adlı qızın vasitəsi ilə yaranıb. Şura ona rəqsə getdiyini, orada balet öyrəndiyini deyib. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmərin isə 6 rublu olub. O, pedaqoqun yanına gəlib və deyib ki, mənim pulum bu qədərdir. Müəllimə isə çox təəccüblənir ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Deyib, buyur, 6 rubla gəl.

***

Anası və atası onu çox seviblər. Atası onu “mənim sarışınım” çağırırmış. Ailədə 4 uşaq olublar. Qardaşı Mürsəl İkinci Dünya Müharibəsində həlak olub. Bacısı Ədilə xanım da balerina olub. 28 yaşında vərəm xəstəliyindən vəfat edib. Hər iki bacı məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub. Populyarlıq tez gəlir. Qəmərin pərəstişkarları çoxalmağa başlayır. Lakin Qəmərin arxasında yersiz söz-söhbət gəzməyə başlayır. Bir gün isə Qəmərə görə onun ailəsindən üz döndərən qohumlarından biri ona qarşı sui-qəsd törədir. Silahla Qəmərə atəş açır. Xoşbəxtlikdən güllə yalnız onun ayaqqabısının dabanına dəyir.

O bir neçə il atasına "biz gəzməyə gedirik" deyərək, anası ilə rəqs məktəbinə dərslərə gedib. Mömin müsəlman Hacı Ağa doğma qızını həddən artıq yüngül, hətta açıq-saçıq balet kostyumu geyinmiş səhnədə heç təsəvvür edə bilməzdi. Bu uzun müddət belə davam edir. Lakin zamanla Hacı Ağa qızının sənət sevgisindən xəbər tutur. Həmin vaxt Qəmərin 30 yaşı vardı, ümumittifaq şöhrəti qazanmışdı və hətta Bakıda dərs deyirdi, teatrda isə ancaq baş rolları alırdı.

***

Balerina o günləri belə xatırlayır: Atam zaman-zaman evdəkiləri yığar, onları sıraya düzər və soruşardı ki, nə üçün onlar hamısı bir nəfər kimi bu teatrın dəlisi olublar. O, mədəni insanların mühitində olmaqdan çox utanırdı, həm də çox istəyirdi ki, onu tanımasınlar. Lakin bir gün çəkməçi Hacı Ağa heç vaxt getmədiyi teatra getməyə hazırlaşır, ən axırıncı sırada bilet alır. Bizim bilet yoxlayan qızlar bu haqda mənə deyəndə, qorxdum ki, o səhnəyə cumacaq və dəhşətli qalmaqal yaradacaq. Amma yox, o, bütün tamaşaya baxdı. Qəhrəman Gülyanaq, daha doğrusu, mən qalanın başından dənizə atılanda, o elə hönkürüb ki, heç nədən xəbərsiz qonşularımız bunun səhnə oyunu olduğunu əmin edərək, onu sakitləşdirməyə başlayıblar. Bunu öyrənəndə, tamaşadan sonra evə getməyə qorxurdum. Amma yenə də ayağımı evin kandarına qoyanda atam üstümə cumub məni qucaqladı: "Sən necə də gözəl artistsən!"

Günlərin birində Qəmər konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli ilə rastlaşır. Əfrasiyab özündən 7 yaş kiçik olan Qəmərin gözəlliyinə heyran olur, dərslərdən sonra o, qızı evə ötürməyi təklif edir. Onlar evə çataçatda Qəmər atası ilə qarşılaşır. Qəmər atasından utanıb pis vəziyyətdə qalır və Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Tezliklə Əfrasiyabın valideynləri ona elçi düşür. Onlar ailə qurandan sonra o, həyat yoldaşı bəstəkar Əfrasiyab Bədəlbəyli ilə birlikdə Sankt-Peterburqa təhsil almağa gedir. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdırlar. Əfrasiyab bəy “Qız qalası” baletini Qəmər xanıma həsr edir. Əsas partiyanın ilk ifaçısı da Qəmər xanım olur.

Qəmər xanımın birinci hamiləliyi uğurlu olmayıb. Bundan sonra daha uşaq istəməyib. Əfrasiyab bəy isə əksinə, uşaq istəyirmiş. Yəqin ki, ailənin dağılmasına səbəb bu olub. Əfrasiyab bəy Qəmər xanımdan sonra Yevgeniya adlı bir qadınla evlənir. Buna baxmayaraq, Qəmərlə son günə qədər əlaqəsini kəsməyib. Boşanandan sonra da Qəməri sevənlər az olmayıb, amma o, bir daha heç kimlə ciddi münasibət qurmaq istəməyib.

***

1970-ci ildə İraqın Mədəniyyət Nazirliyinin dəvətilə Bağdadda olaraq, orada İraq xalq rəqsləri ansamblının əsasını qoyub. Balerina ərəb dilini bilirmiş. Özünə lazım olan qeydlərini ərəb dilində yazıb. O, tək İraqda deyil, Nepalda da rəqsin, baletin inkişafına kömək etmişdi. Ona orada medal veriblər.


Qəşəng geyinməyi çox sevirmiş. Fransız dərzisi olub. Ona ən son materialları, modaları sifariş verirmiş. O, evdə həmişə hündürdaban çəkmələrdə gəzib. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürüb. Gözəlliyinə həmişə qiymət verib. Ən bahalı ətirləri alıb. Bir dəfə hansısa ölkədə satıcı deyib ki, bu ətir sizin üçün çox bahalıdır. Cavabında Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir yoxdur. O, həm də gözəl ev xanımı olub, qonaq çağırmağı çox sevib. Teatrda həmişə şampanı, kürüsü, yaxşı konfetləri olub. Teatrın axrıncı mərtəbəsində kabineti olub. Bu kabinetdə Arkadi Raykin, Vitali Vulf onun qonaqları olublar. Niyazi, Bülbül ilə bir ailə kimi olublar… Maya Plisetskaya Qəmər xanım rəhmətə gedəndə teleqram göndərib.

Qəmər səhnədən vaxtında 35 yaşında gedib. Dramatik aktrisadan fərqli olaraq, balerina üçün bu artıq ciddi yaşdır. "Qoy, tamaşaçılar məni cavan xatırlasınlar!" - o, bununla, bağlı deyirdi. “Hələki formada idim və hamı bəyənirdi, mən rəqs edirdim. Lakin mənə çətin olduğunu hiss edən kimi heç kim məni qalmağa inandıra bilmədi. Əmin idim ki, düz edirəm".

***

Qocalmaqda olan Qəmər xanımda skleroz başlayır. O tez-tez həyətdəki ac uşaqlara yemək verir, köməklik edir. Bu uşaqlar isə Qəmər xanımın xəstəliyindən istifadə edib, onun evinə girir, olan-qalanını oğurlayırlar. Balerina 7 aprel 2006-cı ildə vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunur.

# 5641 dəfə oxunub

Oxşar xəbərlər

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

18:00 19 sentyabr 2024
Laçın şəhərində “Arşın mal alan”  filminin nümayişi baş tutacaq

Laçın şəhərində “Arşın mal alan” filminin nümayişi baş tutacaq

17:10 19 sentyabr 2024
Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

16:30 19 sentyabr 2024
Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

15:41 19 sentyabr 2024
"Musiqinin gücü"  layihəsi Milli Musiqi Gününə həsr olundu

"Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olundu

15:21 19 sentyabr 2024
Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

15:04 19 sentyabr 2024
#
#
# # #