"Onlar filosof yox, sosial media fenomenləridir" - Əli Novruzov

"Onlar filosof yox, sosial media fenomenləridir" - Əli Novruzov
19 fevral 2025
# 16:00

Kulis.az Yalçın İslamzadənin "yalançı filosoflar" yazısı haqqında Əli Novruzovun öz teleqram kanalında paylaşdığı fikirləri təqdim edir.

"Eşitdim ki, feysdə «filosoflarımız» ətrafında qalmaqal qopub, Yalçın İslamzadə çıxarıb meydana kavaleriyanı, keçib hücuma. Tapıb yazısını oxudum. Deyildiyi kimi deyilmiş. Daha çox ona bənzədi ki, elə bil xanlıqlar dövründə bir bəy 50-60 maafı yığıb başına, qonşu xanlığa çapqına gedib.

Birincisi, Yalçın bəy niyə bağlanmış kitabları arxivdən götürüb tozunu üfürür? Niyazi Mehdi uzun müddətdir ki, aktiv deyil. Səhhətində ağır problemlər var. Allah şəfa versin.
Həmçinin Ağalar müəllim də şəxsi səbəblərdən aktiv deyil.
Ramiz Rövşən toy generalı olub, tədbirlərə gətirdib, üç-dörd şeir dedirdib, alqışlayıb təmtəraqla evinə yola salırlar.

Əlisa Nicatı deyəsən Azərbaycanda tənqid etməyən bir mən qalmışam, yadımdan çıxıb, yoxsa hamı tənqid edib qurtarıb, son konsensus da budur ki, kişi qocalıb, ay media mənsubları, əl çəkin ondan, xayp yığmayın.

Qalır təkcə Müşfiq Ötgün, o da daha çox sosial media fenomenidir. Onu tənqid etmək lazımdır, hətta vacibdir, amma mən bu siyahıda bir nəfəri görməyib təəccübləndim.

Bu dəqiqə ən bərk gedən orqanik intellektualımız, milli «filosofumuz» Aqşin Yeniseydir, minib yorğa atı, müdriklərin yüzillər boyu çətinliklə becərdiyi taxıl zəmilərini tapdalayır, xalqımızın hələ biçməyə imkan tapmadığı əkinləri amansızcasına məhv edir. Aya, bəlkə arxasında dövlət dəstəyi var, ona görəmi, yoxsa Aqşin bəy Yalçın bəyin dünyagörüşünü paylaşır deyə, ona otmazka olar? Buradan keçirik ikinci punkta ki,

İkincisi, Yalçın bəyin tənqidi özü də qeyri-fəlsəfi və ideolojidir. Biz bu şəxslərin «filosof» olmadığını deyiriksə, onda əsas tənqidimiz onların akademik fəlsəfə ilə məşğul olmadığını göstərmək olmalı deyilmi?

Yaxşı, bunlar fəlsəfə adı altında aforizm ifraz edir, cəmiyyətə zərərli və yalnış ictimai-siyasi mesajlar ötürür, Yalçın bəyin fikrincə, dinin və hətta cəhalətin apologetikası ilə məşğul olur. Bəs niyə davamını gətirmirik ki, filosoflar akademik fəlsəfə ilə məşğul olmalıdır?

Əvəzində Yalçın bəy deyir ki, filosoflar proqressiv dəyərləri təbliğ etməli, cəhalətə qarşı mübarizə aparmalı, maarifçilik və mollanəsrəddinçilik etməlidir. Yalçın bəyin dediyindən belə anlayırıq ki, bu «filosofların» problemi akademik fəlsəfə ilə məşğul olmamaqları deyil, yalnış ideoloji cəbhədə olmaqlarıdır.

Yoxsa həkim-sahib, məliküşşüəra, görkəmli ədib və filosofumuz Aqşin Yeniseyi də bu siyahıda görərdik.Burada çıxırıq haşiyəyə ki,

Haşiyə: Əziz növcavanlar, hazırda Roma gözümüzün qarşısında süqut etməkdədir. Prosesin, açığını deyim, belə sürətli olacağını gözləmirdim. Şəxsən mənim yaşım elədir ki, Romadan miras qalacaq olan museyonlar, odeonlar, yollar, akveduklar və kanalizasiya mən ölənə kimi davam gətirəcək. Siz isə, bizanslılar demiş, kendi icabınıza baxmalısız ki, yeni dünya sizi qəfil və lapdan yaxalamasın.
Bu yeni dünyada məhv olan ilk şeylər isə Yalçın bəyin bu qədər əziz tutduğu XIX-XX əsrlərin pozitivist və historisist mirası üzərində qurulmuş ideologiyalar olacaq.
Gələcəklə bağlı kəhanət mümkün qədər dumanlı olmalıdır deyib indi də keçək üçüncü və sonuncu punkta ki,

Üçüncüsü, Azərbaycanda akademik fəlsəfənin ciddi problemləri var, reanimasiya şöbəsində komada yatır, belə getsə, ayılmaq ehtimalı da yoxdur. Bu problemlər Müşfiq Ötgün kimi sosial media fenomenləri və ya Niyazi müəllimdən qaynaqlanmır. Akademiyanın fəlsəfə institutu, ölkədəki fəlsəfə kafedraları hamısı çevrilib olub eyni vaxtda sufi təkkələri, buddist aşramları və Sov.İKP MK-nın ideoloji şöbəsi, üçü birində, Nescafe kimi.

Kant və Hegelin mumiyalarını yoqa pozasında otuzdurub əllərinə təsbeh veriblər və ciblərinə də YAP-ın vəsiqəsini qoyublar.
Akademik fəlsəfənin su içməli olduğu bütün bulaqların və çayların qarşısını «Əbu Turxan» (fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov - red) və onun kreaturaları yeddibaşlı əjdaha kimi kəsib.

Səhih söhbətdir, Husserl haqqında dissertasiya yazmaq istəyən adamı intervyudan geri qaytarıblar ki, çıx get buradan, bizi dolama, belə adda filosof yoxdur. Bunlardan danışmaq lazımdır. Bu sualları vermək lazımdır. Bəs görəsən niyə bu sualları vermirik? Bəlkə, Yalçın bəyin təbiri ilə desək, qulaqların çəkilmə ehtimalı var?"

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

Siyavuş Kərimi:  "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

Siyavuş Kərimi: "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

21:50 20 fevral 2025
Aqşin Yenisey:  "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

Aqşin Yenisey: "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

17:46 20 fevral 2025
"Oskar"ın aparıcıları açıqlandı

"Oskar"ın aparıcıları açıqlandı

17:41 20 fevral 2025
“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

16:39 20 fevral 2025
Ceykob Benda 112 illik orqanla konsert verdi

Ceykob Benda 112 illik orqanla konsert verdi

16:13 20 fevral 2025
Elmi-praktiki seminar:  “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

Elmi-praktiki seminar: “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

15:52 20 fevral 2025
# # #