Ona cadu edildiyini deyən universitet rektoru

Vüqar Van, Nurlana Əliyeva

Vüqar Van, Nurlana Əliyeva

21 fevral 2023
# 17:00

Kulis.az Vüqar Vanın “Bakı Slavyan Universitetinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Dünən Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib. Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib.

Mən Bakı Slavyan Universitetinin 2020-ci il məzunuyam. Allah qoymasa, Fransız dili müəllimliyini bitirmişəm. Bizim qrupda elə uşaqlar vardı ki, nəinki fransızca danışa, heç fransızca oxuya bilmirdilər.

Bir dəfə qrup yoldaşım dərsə gecikmişdi. Müəllim dedi ki, gecikməyini fransızca de, sənə qaib yazmayacam. Qrup yoldaşım dedi ki, “mağşüğüt yox idi”. Bu misalı elə-belə yazdım ki, mənzərəni aydın təsəvvür edə biləsiniz.

Nurlana Əliyevanın cadu məsələsinə daha sonra toxunarıq. İndi istəyirəm sabiq rektorum haqqında yadımda qalan bəzi şeyləri danışım.

Rektorumuz, hamıya məlum məsələdir ki, sabiq deputat Hadı Rəcəblinin qudası idi.

Nurlana xanım biz universitetə girən il rektor təyin olunmuşdu. Yəni 2016-cı ildə. Bizimlə bir yerdə başladı, bizdən bir il sonra da bitirdi. Yəni 2021-ci ildə. Təyin olunan il fəaliyyətə sensasiyalı mozaika məsələsi ilə gündəmə gəldi. Universitetin qabağındakı tarixi mozaikanı sökdürüb, yerinə aqlay vurdurdu. Əməlli-başlı tənqid olundu, məcbur olub aqlayı sökdürdü, yerinə təzədən mozaika vurdurdu.

Bu söhbətdən sonra mənə tam aydın oldu ki, dəyərli rektorumuz bizim qanımızı da içəcək. Qanımızı içəcək də sözdür? Bizə od qoyacaq. Amma qorxmayın, o bir dəfə açıqlamasında demişdi ki, hər gün “Ayətəl kürsi” oxuyuram.

O universitetə girəndə koridorda tələbə olmamalı idi. Başıma gəlib, bir dəfə o içəri girəndə mən koridorda veyllənirdim, dekanlıqdan kimsə məni görüb tez harasa dürtüşdürdü ki, Nurlana xanım görməsin. Bilmirəm, bu onun öz sifarişi idi, ya yaltaq dekanlar, rektor köməkçiləri ona yarınmaq üçün belə edirdilər. Hər halda, tələbə onunla koridorda qarşılaşa bilməzdi.

Çox təəssüf edirəm ki, dəyərli Nurlana xanımı yaxından görməmişəm. Belə bir səadətdən uzaq düşmüşəm. Doğrudan da, bu sual məni tez-tez narahat etməkdədir. Niyə Nurlana xanım tələbələrlə qarşı-qarşıya gəlmək istəmirdi? Burda nəsə mübhəm, sirli bir səbəb olmalıdır.

Qəribə qaşları vardı. Mən ən çox onun qaşlarından qorxurdum. Onun qaşları iqtisadi qrafiklər kimi artan sıra ilə yuxarıya doğru gedirdi. Onun qaşlarından danışıb sizi bezdirmək istəmirəm. Amma tam səmimi deyirəm ki, heç vaxt onun qaşları kimi qaş görmədim. Ürəyimə damıb ki, bundan sonra da görməyəcəm.

Allahın bildiyini, bəndədən nə gizlədim. Bir qadın dekanımız vardı. Gürcüstan qaraçılarından idi. İndi qovublar işdən. Biz də oxumurduq. Qız, qəlyan, pleysteyşn, bir sözlə, səfil bir həyat yaşayırdıq. Hər imtahan üçün bizdən 200-250 manat alırdı o dekan. Bir dəfə qrup yoldaşımı dirəmişdi ki, toya gedirəm, nə verərsən, verərsən. O qadına salam verirdin, səndən 200 manat alırdı. Sağ ol deyirdin, 200 manat alırdı. Sirli, müəmmalı sifəti vardı. Rüşvət almaq, tələbəyə əzab vermək üçün gəlmişdi dünyaya elə bil. Məlum məsələdir ki, “dolya”nın əsas hissəsi kimə çatırdı. İnsafla, birbaşa Nurlana xanıma nə pul vermişəm, nə pul verən adam görmüşəm. Çünki o hər gün “Ayətəl Kürsi” oxuyur.

Nizami Gəncəvinin tarixi mozaikasını sökdürür, sonra da oturub-durub Nizamidən, Nəsimidən danışırdı tələbələrə. Çox absurd yer idi Slavyan. Hərdən düşünürəm ki, nə yaxşı canımı qurtardım o universitetdən. İntriqa, yalan-palan, “ruskıy-yazıçnı” qadın müəllimlərin pudra qoxuları, bahalı şubalar, dadsız universitet yeməkləri, dostlarım, qrup yoldaşlarım... Yaxşı ki, artıq heç biri həyatımda yoxdur.

Nurlana xanım filoloqdur. Yadımdadır, bir-iki dəfə tələbələrlə görüşdə ədəbiyyatdan, Nizami Gəncəvidən-filan danışmışdı. Xeyli kitabı da var. Hələ 11-ci sinif ədəbiyyat dərsliyinin müəlliflərindən biridir. Yəni mən onun hazırladığı, tərtib etdiyi Ədəbiyyat dərsliyi ilə universitetə hazırlaşmışam, onun seçdiyi materialları oxumuşam.

Onun hazırladığı dərsliklərdə ta bir əsr əvvəl Axundov, Mirzə Cəlil cadu edən, fal baxdıran, caduya inanan adamları lağa qoyublar. Axundovun Şərəfnisəsi, Şəhrəbanusu, Xanpərisidir Nurlana xanım.

Təsəvvür edin ki, universitet 5 il “Ayətəl kürsü”, “İxlas”, “Nas”, “Fələq” surələri və “Fərəc” duası ilə, Allaha təvəkkül janrında idarə olunub. O boyda dövlət universitetinin rektoru deyir ki, mənə cadu eləyiblər, ona görə xəstələnmişəm. Faciənin miqyasının nə boyda olduğunu başa düşürsünüz?

Düzü, dünən “mənə cadu ediblər” söhbəti yayılanda, qəti təəccüblənmədim. Namazlı, niyazlı rektorumuzu tanıyırdım. Bilirdim, o hər gün “Ayətəl Kürsi” oxuyur. Hətta bir dəfə onun haqqında yazan adamlara qarğış da eləmişdi.

Sitat:

“Nurlana xanımın nənəsi Tutubəyimin, Hacı Seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını. Nurlana xanım peşəkarlıqla, vicdanla, insan kimi, ölkənin anası kimi işlədi”.

Sitatın sonu.

İndi qorxuram ki, Nurlana xanımın nənəsinin cəddi vurar məni, ağzım əyilər. Allah mənim də Allahımdır, gördüm ağzım əyilir, mən də “Ayətəl Kürsi” oxuyaram. Mən özü də tərcüməsini də bilirəm. Orda yazır ki, Allah eşidəndir, biləndir.

“Ayətəl kürsü” oxumaq yaxşı şeydir. Kim inanırsa, oxuyar. Bununla bir işim yoxdur. Amma sən “Ayətəl kürsü” oxuya-oxuya idarə etdiyin universitetdə rüşvət baş alıb gedirsə, universitet qəssabxana olubsa, tələbənin başına min oyun açırlarsa, tələbənin qanını içirlərsə, kimə lazımdır sənin “Ayətəl kürsi”n? Şəxsən mənə lazım deyil, heç Allaha da lazım deyil.

İnsan pul düşkünüdürsə, öz ləyaqətini pula, var-dövlətə görə ləkələyirsə, onun həyatı cəhənnəmdir. Bunu İsa Məsih də deyir, Məhəmməd peyğəmbər də, Budda da. Tanrının verdiyi ömrü nəfs və ehtiraslara həsr edən, ləyaqətini, əmanətini nəfs və ehtiraslar üçün ləkələyən, nəfs və ehtiraslar naminə öz hüzurlu həyatını pozan, təbiətdən, insanlardan və gözəlliklərdən zövq ala bilməyən, heç vaxt rahatlıq tapmayacaq. Heç vaxt.

Mənə inanın, Nurlana xanım.

Allaha yox.

Çünki onun sizin inanıb-inanmamağınızla bağlı problemi yoxdur.

# 7760 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #