Coxa əl-Harisi/ Jokha Alharthi – 2010-cu ildə Böyük Britaniyanın Edinburq Universitetində “Ərəb ədəbiyyatı” üzrə doktorluq dərəcəsi alıb. “Şeyx Əhməd bin Abdullah əl-Harisinin divanının toplanılması və araşdırılması” adlı kitabın, “Yuxular”, “Ayın xanımları” və “Narınc” adlı romanların, “Düzənlikdəki oğlan” adlı hekayələr toplusunun, “Sevgi mədhiyyəsi” adlı esselerin, uşaqlar üçün yazdığı “Sərçələr üçün yuva” və “Bulud təmənna edir” adlı hekayələrin və bir çox elmi məqalələ və araşdırmaların müəllifidir. Esselərinin bir qismi ingilis, alman, bolqar, serb, Şri-lanka, Koreya və italiyan dillərinə tərcümə edilərək müxlətif jurnallarda çap edilib. “Ayın xanımları” adlı romanı isə ingilis dilinə tərcümə edilib.
Kulis.az Beynəlxalq Buker Mükafatının qalibi Coxa Alharthinin “Toy” hekayəsini təqdim edir.
Səlimə stulda əyləşib onun söykənəcəyinə yayxanmışdı. Başını qəti tərpətmirdi. Barmaqlarına qızıl və gümüş üzüklər, qollarına isə bilərzik və muncuq silsiləsi taxmışdı. Xalxal taxdığı ayaqlarını yerə dirəmişdi. Dodaqlarında bir təbəssüm vardı; bu təbəssümdə sanki bir qədər razılıq və sevinc gözə çarpırdı. Buna rəğmən, baxışları dalğın idi; üfüqə zillənən gözlərini qırpmadan baxırdı. Beləcə dalğın nəzərlərlə gəlini süzürdü. İki saatdan artıq çəkən məclis boyunca Səlimə yerindən qımıldanmadı. Özündənrazı təbəssümünü və arxayın oturuşunu heç dəyişmədi; sanki o, bu stul üçün xəlq olunmuş, həyatı boyunca da buradan kənar heç bir yerdə yaşamamışdı. Sanki Səlimə elə əzəldən buradaydı, əbədiyyən də burada qalacaqdı.
Səlimə ömrü boyu azı on kişi ilə ailə həyatı qursa da, özünü heç vaxt xoşbəxt hiss etməyib. O, heç tül pərdələri olan taxtda da əyləşməyib. Həyat yoldaşlarının heç birinin ağlına da gəlməyib ki, onun yanında əyləşərək insanların gözü qarşısında əlindən tutsun. Onu hər dəfə bəyin yanına gah qızılı saplarla bəzədilən, gah da bəzəksiz yaşıl rəngli ağır bir şal örtərək gətirərdilər. Bu, bəyin maddi imkanından asılı idi. Həmişə də qışqırıq və səs-küy qoparan qadınların arasından qısıla-qısıla gələrdi. Onu birbaşa ər evinə aparardılar. Həmin evin bir küncündə balaca bir palaz sərilər, Səlimə onun üzərində əyləşər, yaşıl şalının ağırlığından da az qala nəfəsi kəsilərdi. Yanında, yerdə – şirniyyat sinilərinin və acı qəhvə termoslarının qarşısında isə dairəvi əyləşmiş qadınlar olardı. Kişi dəstəsi görünən vaxt qadın yığıncağı dağılışar, məclis başa çatardı. Onun naz-qəmzəli baxışlarını ərindən başqa heç kəs görməz, bilərziklərinin, boyunbağılarının, həmayıllarının, qızılı, gümüşü və rəngarəng plastik xalxallarının cingiltisini də ondan başqası eşitməzdi. Səlimə isə bu qədər zinət əşyasının ağırlığından əziyyət çəkərdi.
Bu gecə Səlimə onun üçün hazırlanmış stulda əyləşib, öz nur saçan gözəlliyi ilə təcəlli edirdi. Yerli qara sürmə çəkilmiş yorğun gözləri ilə dayanıb, itaətkarcasına gəlinə tamaşa edirdi. Saçlarını elə yığmışdı ki, naxışlı baş örtüsünün altından hörüklərinin həcmi bilinirdi. Burnundan heç vaxt çıxarmadığı gül şəkilli qızılı bir sırğası vardı. Bu, onu daha da özündənrazı göstərirdi… Ah, bu özündənrazılıq! Şübhəsiz, indi onun doqquz toyuğunun hamısı yatmış olardı. Sübh erkən oyanıb, onların hinlərini yığışdırıb, yumurtalarını toplamış, qarşılarındakı qabda qalan dəni təzələmişdi. Bundan sonra da toya hazırlıq görüb, Məsqətdə yerləşən Qadınlar Cəmiyyətinin binasındakı mərasim salonuna yollanacaq qadın qonaqların avtobusuna minmişdi.
Dodağından xəfif təbəssüm heç əskik olmurdu. Bu, dodağının ətrafındakı azacıq qırışları daha aydın büruzə verirdi. Yox… Yox, bu təbəssümdə istehza deyil, əksinə, razılıq və sevinc vardı. O, təzəcə yumurta satıb bir neçə riyal pul qazanmışdı. Əyninə geydiyi uzun donu isə hər bayramda bir dəfə onu görməyə gələn qızından yeganə hədiyyə idi. Qızının atası onun dördüncü əri olmuşdu. Səliməni yola gətirənədək neçə ay onun yanınca yaxın kəndləri, arx kənarlarını və dar küçələri gəzib-dolaşmışdı. Ondan ötrü öz ev-eşiyini və birinci arvadını atıb gəlmiş, Səliməylə yaşamağa başlamışdı…
İndi yemək paylanacaqdı. Masaların üzərinə boşqablar, bıçaq və çəngəllər düzüldü. Qovurma, tort və piroq boşqabları onlara heç bir əhəmiyyət verməyən Səlimənin ətrafında əldən-ələ ötürülürdü. O hələ də yerində tərpənmədən oturmuşdu. Yorğun baxışları isə əlində təbii qızılgül buketi tutmuş gəlinin üzünə dikilmişdi. Ev adamları onu səsləyəndən sonra çəngəl götürüb yeməyə girişdi. Sanki bütün həyatı boyu çəngəllə yemək yemişdi. İçmək üçünsə dodaqlarını qırmızı rəngə boyayan “şani” şirəsi götürdü. Əlini hər dəfə yuxarı qaldırıb-salanda bilərzikləri cingildəyir, donunun qolu altında gizlənən zınqırovlu qolbağı isə ürəklərin dərinliyində yatan qədim bir musiqi ahəngi verirdi.
Biz ona göz-qaş edib gülüşərək dedik: “Hə, Səlimə, axı o nə üçün atıb getmişdi səni?” Belini dikəldib, əlini qoynuna qoyaraq gözlərini qırpdı. Biz onu qabaqladıq: “Kimlərinsə paxıllığından, hə…” Sevindiyindən gülümsədi. Sözümüzü təsdiq edərcəsinə əlini dizinə vurub dedi: “Hə, vallah, paxıllıq ucbatından. Hər gün evimin qabağından yerə basdırılmış saç, sümük və qara saplar tapıram. Nəyə görə mənə paxıllıq edirlər axı?… Mən ki tək-tənha, xəstə qadınam…” Onun sözünü kəsib dedik ki, aramızda ondan sağlamı yoxdur. Altmış yaşına çatıb, amma hələ də orda-burda onun heyranedici yerişindən danışırlar… Bizim bu sözlərimizi eşitdikcə sevincindən üz-gözü parlayırdı. Dediyinə görə, hələ də evlilik təklifləri alır və onların hamısını rədd edir. Çünki iddialıların hamısı qocadır, deyinməkdən başqa əllərindən bir iş gəlmir.
Səlimə ağzını kağız salfetlə sildi. Ətrafındakı qadınlar paltarlarını və zinət əşyalarını qaydaya salır, parıltılı çantalarından balaca güzgülər çıxarıb, qaşlarını düzəltmək üçün fırçaları əldən-ələ ötürür, dodaq boyalarını yeniləyib, ənliklərini artırır, açılıb-tökülən saçlarını yüngülcə sığallayırdılar. Səlimənin nə alına çəkilən zəfəran suyu ilə qarışdırılmış ətri, nə də əl çantası vardı. Onun heç vaxt belə şeylərə ehtiyacı olmayıb. Səlimə qadınlara tərəf baxmırdı, üzünü kamera qarşısında tərpənməz duran gəlinə tərəf tutmuşdu.
Qadınların hamısı rəqs etmək üçün dəstə-dəstə məclisin ortasına yeridilər. Hər dəstə əvvəlcə az sayda qadından ibarət olur, daha sonra tədricən musiqi sədaları altında sıxlaşırdı. Mahnıda suahilicə deyilən sözlər də vardı. Səlimənin ərlərindən biri bu dili gözəl bilərdi, amma o özü heç nə başa düşmürdü. Onların evliliyi bir neçə aydan çox çəkməmişdi. Bəzən bunu xoş xatirə kimi yada salırdı. Səhərin gözü açılan kimi başlanan qadın yığıncaqlarında bəzən onu yamsılayardı. Qəfil arxası üstə uzanıb, ayağını ayağının üstünə aşıraraq səsini qalınlaşdırıb eynilə onun ləhcəsində danışardı: “Yox, vallah, səndən savayı heç bir qadınla rahatlıq tapmamışam, Səliməcan… Sən bir nemətsən… Sən taledən hədiyyəsən… Neçə vaxtdan bəri hardaydın?! Al, götür bu sandığı… Bu uzunqulağı da götür… Xurma bağlarını da… Sən hardaydın axı, ay qadın?!” Sonra oturuşunu düzəldib, gülərək deyərdi: “Di gəl ki, onun üçün bir oğlan dünyaya gətirəndən sonra çıxıb getdi. Xurma bağları da, uzunqulaq da dalınca… Ah, paxıllıq… Hər dəfə evə gəlib məni görməyəndə paxıllığımı çəkən qadınlar ona deyərdilər ki, yəqin, aşiqlərinə qoşulub gedib… Yalandır… Nəyə görə mənə paxıllıq edirdilər axı?… Mən ki həm xəstə, həm də tənha bir qadınam…” Bu an göz vurub gülümsəyərdi. Biz isə onun sözünü kəsərdik: “Sən sapsağlamsan… Özün də tənha deyilsən. Oğlun artıq həbsdən çıxıb… Evlənəcək… Sən də onun oğul-uşağını görəcəksən…”
Görəsən, bu rəqs edən rəngarəng işıqlar altında musiqidə oxunan sözlərin gerçəkləşə biləcəyini düşünəndə zehnində həsrətini çəkdiyi nəvələrinin surəti canlanırdımı? Onların kimə oxşayacaqlarını düşünürdümü? Öz yaraşıqlı oğlunamı, yoxsa analarınamı oxşayacaqdılar? Çox ehtimal, toy xərcləri az çıxsın deyə, gəlini hindli olacaqdı. Oğluna belə bir toy mərasimi qurmağa onun imkanı yetməzdi, hətta ənənəvi bir toy da edə bilməzdi. Oğlu səssiz-səmirsiz evlənəcək, o da oğlunun övladlarını görəcəkdi… Lakin o biri oğluna heç acımırdı. İllərdir görmürdü onu. O da atasıyla birlikdə çıxıb getmişdi. Yeddinci əri isə aclıq illərində onunla birgə olmuş, heç nəyə baxmadan ona ərlik eləmişdi.
Qadınlar rəqs edib qurtardıqdan sonra geri dönüb öz yerlərinə tələsdilər. Gəlin bir qədər həyəcanlı idi, diqqətlə qapıya baxırdı. Musiqi dayananda qonaqların bəzisi çıxıb getdi. Lakin Səlimə hələ də rahatca stula söykənib, ona yaraşan arxayınlıqla gülümsünürdü. Qonşusu ona yaxınlaşıb, yəqin ki, Səliməgil tərəfə gedən avtobusun birazdan yola düşəcəyini pıçıldadı. Səlimə gülümsəyə-gülümsəyə ayağa qalxdı. Sanki “disk”in bayaqkı səs-küyü ona heç təsir etməmişdi. Gəlinin əyləşdiyi taxtdan yapışaraq irəli yeridi. Sonra əlini gəlinin saç düzümünün korlanacağından qorxduğu üçün bir qədər aşağı əydiyi başına qoyub Fatihə surəsini oxudu. Nəhayət, özünün dəfələrlə ərə getməsinə səbəb olan məlahətli yerişiylə işıqlı zaldan çıxaraq avtobusa üz tutdu.
Tərcümə: Aytəkin Qocayeva