Kulis.az detektiv janrda yazılmış 30-dan çox bestsellerin müəllifi Elxan Elatlının müsahibəsini təqdim edir.
DOSYE:
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində doğulub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıda yerləşən Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından . "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
2001-ci ildən Bakı şəhərində yaşayır. 30-dan çox kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv romandır.
"Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlərdən hesab olunur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Elxan müəllim, əslində, başqa sualla başlamaq istəyirdim. Amma siz içəri girəndə iki oxucu yaxınlaşıb sizdən imza istədi. Elə bundan başlayaq. Hazırda ölkənin üç məşhur yazıçısından birisiniz. Məşhurluq sizi narahat edir?
- Çox diqqət mərkəzində olmaq istəmirəm. Bunu, yəqin, özünüz də hiss etmisiniz. Bacardığım qədər jurnalistlərdən də uzaq dayanmaq istəyirəm. Onlara böyük hörmətim var, özü də bu adi söz deyil, bunu sübut etmişəm. İlk hekayəmdən nəzərdə tutduğum xəfiyyə Qambay Qasımlının tərəf müqabili jurnalist Nemət Sabirli olub. Bu da jurnalistlərə böyük hörmətimin təzahürüdür. Çünki mən də gəncliyimdə rayon qəzetinin ştatdankənar müxbiri idim, kiçik məqalələr yazırdım. Məşhurluq məni bir az narahat edir, nəyə görə bir az deyirəm, çünki çox da göz qabağında olmuram. Amma gəzəndə, cəmiyyət arasında olanda gözdən uzaq olmağa çalışıram.
- Efirdə də görünmürsünüz.
- Bunun başqa səbəbi də var. Orada adətən şou yaratmaq istəyirlər, yəni qıcıqlandırıcı söz deyək, o da əsəbiləşsin, ağzından lazım olmayan söz çıxsın... Bir də başlıqlar məsələsi var. Bir qədər lazımsız sözü tutub başlığa çıxarıblar, xoşuma gəlməyib. Ona görə müsahibə verəndə də tanıdığım, inandığım jurnalistlərə verməyə çalışıram.
- Yaradıcılığa şeirlə başlamısınız. İki şeir kitabınız da var.
- Nəsrə məndə maraq şeirdən əvvəl yaranıb. Sonradan bu həvəs ölmüşdü, bədbinlik yaranmışdı ki, mən bacaran iş deyil. Sonradan, tələbə vaxtı şeirə marağım yarandı, amma çap etdirmək istəmirdim. Bir dostumun əlinə keçdi, aparıb çap etdirdi. Ona da qətiyyən sevinmədim, çünki həm kitab çox keyfiyyətsiz idi, həm də tələbəlik vaxtı istəyirdim kitabım çıxsın, amma alınmamışdı, yəqin, bunun da təsiri var idi. İlk kitabım 2001-2002-ci illərdə çap olunmuşdu, qırx yaşım var idi.
- Bildiyim qədərilə, tələbə vaxtı divar qəzeti buraxmısınız.
- Mexanika-riyaziyyat fakültəsində oxumağıma baxmayaraq, dediyim kimi, şeirə marağım yaranmışdı. “Röya” adında divar qəzeti hazırlayıb dekanlığın yanında divara vurdum. Özümün və şeir yaza bilən tələbə dostlarımın şeirlərini verirdim. Çox maraq doğurdu. Tələbələr gəlib köçürürdülər şeirləri. Hətta məni radioda verilişə də dəvət etdilər.
- Şəxsi təşəbbüsünüz idi?
- Bəli, təşəbbüs özümdən idi. “Röya” adını da Niyaməddin Musayevin qrupunun adından götürmüşdüm. Sonra partkom çağırıb tənqid etdi məni, dedi ki, siz sovet gəncisiniz, yuxu nədir, siz yatmamalısınız... Belə bir əcaib irad. Mən partkomun danışığından 37-ci ilin acılarını duydum. Düzdü, o vaxt doğulmamışdım, yəqin, bu yazıçılıq istedadımdan irəli gəlirdi. O qədər incidim ki, həvəsdən düşdüm... Adını dəyişib “Gənclik” qoydum. Bir nömrə çıxdı, saxladım.
- “Röya” neçə nömrə çıxmışdı?
- Beş-altı nömrə.
- Nəsrə necə keçdiniz?
- Şeirə marağım az oldu. Azərbaycan şairlər diyarıdır, burda özünü təsdiqləmiş şairlər çoxdur. Fikirləşdim ki, mən onların kölgəsində qalacağam. Yaxşısı, ədəbiyyatımızda nəsə bir boşluq varsa, onu doldurmağa çalışım. Mənə yol göstərən Xalq yazıçısı Elçinin “Tənqid və ədəbiyyatşünaslığın problemləri” kitabı oldu. O kitabı bir neçə dəfə oxumuşdum, stolüstü kitabıma çevrilmişdi. Orda hekayə bölməsində bir abzas vardı. Yazırdı ki, Şerlok Holmsın Londondakı “ünvanı” Beyker strit küçəsinə hələ də məktublar yazırlar. Bəs görəsən Azərbaycan ədəbiyyatının Holmsı nə vaxt yaranacaq? Bu mənə bir az təkan verdi. Həyatımı maraqlı etmək üçün yeni bir cığıra qədəm qoydum. Düzdür, Cəmşid Əmirov vardı, vaxtikən səs salmışdı, Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanı vardı. Bunlar Azərbaycan detektivinin çox maraqlı nümunələridir və dünya ədəbiyyatında da xüsusi yerləri var, azərbaycansayağı, özünəməxsus qiymətli əsərlərdir.
- Nəsrdə ancaq detektiv janrında yazmısınız, yoxsa başqa janrlar da olub?
- Uşaqlıqda yazdığım, “Pioner” jurnalına göndərdiyim, amma çap etmədikləri hekayələri nəzərə almasaq, detektivlə başlamışam nəsrə.
- Qambay Qasımlı sizin prototipinizdir?
- Hamı elə düşünür. Xüsusən də məni görənlər, tanıyanlar. Çünki xarakterimdən 60-70 faiz vermişəm Qambaya, qalanları da olmaq istədiyim adamın xüsusiyyətləridir. Bunu niyə elədim? Çünki bilirdim ki, bu obraz bir çox kitabda iştirak edəcək, onu işləmək asan olsun. Hər dəfə bu obraza girmək mənə çətinlik yaratmasın.
- Bəs Leopard obrazı necə yarandı?
- Etiraf edim, o, qısqanclıqdan doğdu. Artur Konan Doylun xatirələrində oxumuşdum ki, artıq o Holmsdan inciməyə başlamışdı. Yəni, mənə niyə küçədə Holms deyirlər, onu mən yaratmışam, mən ondan yüksəkdəyəm, axı mən psixoloji romanlar da yazmışam. Müəllif eqosu da var insanın içində. Eyni şey mənim də başıma gəldi. Hamı mənə Qambay Qasımlı deyirdi. Bu xoşuma gəlmirdi. O qısqanclıq məni məcbur elədi ki, başqa obraz da yaradım. Necə ki, Qambay Qasımlını yaratmışdım, alternativ obrazı – Leopardı da yaratdım, o da sevildi. Qambayı unutdurmadı, amma sevildi.
- Yazıçı kimi məşhurlaşandan sonra başqa yerdə işləmisiniz, yoxsa ancaq yazmaqla dolanmısınız?
- Mən heç vaxt Bakıya köçmək fikrində olmamışam. Şamaxıda səfalı kənddə yaşamışam, məktəb direktoru olmuşam, rahat, komfortlu həyatım olub. Məktəb evimlə üzbəüz idi. Amma bizim məktəb doqquzillik idi. Yeganə övladım olan qızım səkkizdə oxuyanda narahat oldum ki, onuncu, on birinci sinifləri oxumaq üçün qonşu kəndə getməli olacaq. Onun xatirinə Bakıya köçdüm ki, oxusun, universitetə girsin, sonra qayıdım kəndə. Liseydə oxudu, amma elə oldu ki, o vaxtdan qaldıq şəhərdə. Mən Bakıda hardasa çalışmalıydım. Orta məktəbdə işləməyə başladım, təhsil məsələsində böyük təcrübəm vardı. Bir-iki kitabım çıxandan sonra gördüm ki, iş mənə mane olur. Çıxmaq məcburiyyətində qaldım. Rəhbərlik istədi ki, adımı da olsa, saxlasın, amma bu, qanunlara zidd idi. Riyaziyyat elə şeydi ki, həftə üç-dörd saat dərs versələr də, gərək bütün həftəni məktəbdə olasan, onu bir neçə saata yığıb-yığışdırmaq olmur. Ona görə alınmadı, işdən çıxdım. Həmin vaxtlarda da metrolarda satış var idi. Kitablarım sürətlə satılmağa başladı. Metrolarda satış yığışandan sonra kitablarımın satışı əlli faiz aşağı düşüb. Metroda satışın yığışdırılmasının əleyhinə idim, çünki istər-istəməz adamlar görürdü, baxırdı, bu gün pulu olmasa da, sabah gəlib alırdı. İndi isə gərək dükana gedəsən, yəni evdən sırf kitab almaq üçün çıxasan... Mövzudan yayındım bir az. Həmin vaxtlarda parklara gedəndə elə vaxt olmurdu ki, kiminsə oturub kitabımı oxuduğunu görməyəydim. Çox öyrəşmişdim buna. Seriallarda da çox göstərirdilər. Bir də görürdün xarici filmə baxanda hansısa kitabı öz kitabıma oxşadırdım, sonra deyirdim ki, bu film çoxdan çəkilib, nəyə baxırsan?.. Artıq on ildən çoxdu heç yerdə işləmirəm, çörəyim ancaq yazmaqdan çıxır. Çətinliklə dolanıram. Bakıya gəlməyimdən 23 ili keçib, hələ də kirayədə qalıram. Bunu başqa məqsəd üçün demirəm. Xarakterim elədir ki, heç vaxt qapıları döyməmişəm. Uşaqlıqdan yazıçı adına, bütün yazıçılara hörmətim var, bəlkə də, qədərindən artıq qiymət verirəm, amma onlara kiminsə qapısına aciz şəkildə getməyi yaraşdırmıram. Yazıçılar Birliyinə iki dəfə ərizə yazmışam, biri təqaüd üçün, bir dəfə də ev üçün. Heç birinə baxmayıblar. Sonra heç vaxt heç nə üçün ağız açmamaq qərarına gəldim. Yazıçılara pis münasibət mənə çox təsir edir. Hətta mənimlə yola getməyən, məni tənqid edən yazıçılara qarşı da pis rəftar edildiyini görmək məni incidir.
- Bu nədən irəli gəlir? Ailənizdə yazıçı var idi?
- Yox. Mənim atam uzun illər məktəb direktoru olub, ziyalı adam olub, amma bədii kitab oxumurdu. Yazıçı qohumum, tanışım da olmayıb. Sadəcə, yazıçıya qarşı həmişə hörmət görmüşəm.
- Yazıçılara pis münasibətdən danışdınız. Sizi də çox tənqid ediblər, xüsusən də digər yazarlar.
- Tənqidləri qəbul edirəm, bəzən də çox pis təsir edir. Mən sovet dövründə doğulmuşam, o dövrdə tərbiyə almışam. Müstəqillik dövründə doğulsaydım, alışardım bəlkə də ki, hamıya söz demək olar. Sovet döründə yazıçılar bu şəkildə tənqid oluna bilməzdi. Onlara çox böyük qiymət verilirdi, hərtərəfli qayğı var idi. Çalışıram mənə qarşı tənqidləri eşitməyim, çünki cavab versəm, o cavaba da bir cavab gələcək, məsələ uzanacaq. Mənim buna vaxtım yoxdu. Mən altı aya, yeddi aya bir roman yazmalıyam. Açıq deyəcəyəm, roman üçün aldığım məbləğ elə mənə altı-yeddi ay bəs edir. Ola bilsin, bu keyfiyyətə də təsir edir, amma başqa çarə yoxdu. Dövlət, ya hər hansı bir imkanlı şəxs tərəfindən iki illik yaşayışım təmin edilsə, mən indiyə qədər yazdıqlarımdan daha yaxşı bir əsər yaza bilərəm. Amma buna imkan yoxdu.
- Romanlarınız üçün süjetləri necə tapırsınız? Kriminal xəbərlərdən, ya başqa necəsə?
- Kriminal xəbərlərə baxmıram, onlar da mənə pis təsir edir. Rəhmətlik anam həvəslə baxırdı, bilmirəm əsəbləri necə davam gətirirdi. Yazdıqlarımın hamısı təxəyyül məhsuludu. Gördüklərim, eşitdikləri də var təbii ki. Gənc yazarlar mənə yaxınlaşanda onlara da deyirəm ki, mən otuz yaşdan aşağını qəbul etmirəm, xüsusən kitab yazıb çap etdirməyi. Kamilləşmək lazımdı, həyatı öyrənmək lazımdı.
- Bəzən deyirlər ki, detektiv ciddi ədəbiyyat deyil. Buna münasibətiniz?
- Mən istəyərdim bunu iki yerə bölək: detektiv və detektiv roman. Bunu heç yerdən eşitməmişəm, öz bölgümdü. Mənim yazdıqlarım detektiv romandı. Bəs detektiv nəyə deyirəm? Elə Aqata Kristidən misal çəkim. Detektivdə süjet xətti bütünlükdə cinayətə və onun açılmasına xidmət edir. Burda bir dənə artıq detal yoxdu, çox yaddaqalan obraz da olmur. Bunu maraqla oxuyanlar da detektiv oxuyuram deyə oxuyur. Bir də görürsən, avtobusda gedə-gedə oxuyur, düşəndə də avtobusda qoyur. Detektiv roman isə, mənim fikrimcə, roman tələblərinə uyğun olmalıdı. Mənim “On dördüncü adam” romanımı götürək. Orda mərkəzdə dayanır Firdovsi və onun oyun kartları ilə etdiyi fal. Niyyət edir ki, kartları qarışdırıram, qırmızı ürək şahzadə neçənci çıxsa, mənim qismətim odur. Sabah universitetin girişində dayanacağam, o qızla evlənəcəyəm. Növbəti gün girişdə dayanır, özü bir dəfə girib-çıxsa da, özünü saymır, on üçüncü gələni on dördüncü hesab edir, o qız da bunun həyatını məhv edir. Bunu sevə biləcək qızı isə on dördüncü vermişəm. Yəni o qız, həqiqətən oğlanın bəxti idi, amma öz səhvi ucbatından bəxtini itirdi. Belə deyək, bu roman fəslsəfi romandır. Amma satılsın, oxunsun deyə, onu da Qambay Qasımlının üstündə yazmışam. Mənə yazan oxucular da Qambayın cinayəti açmağından yox, həmin süjetdən danışır. O bayaq dediyim detektivlər haqqında isə mən də eyni fikirdəyəm, doğrudan da, ədəbiyyat deyil.
- Nəşriyyatların işi sizi qane eləyir, ya yox?
- Əslində, yox. Mən yazarlığa başlayandan Azərbaycanda nəşriyyat sistemi gözümün qabağında inkişafa doğru gedib, yəni mən inkişaf etdikcə, o da yüksəlib. Əvvəllər çox keyfiyyətsiz kitablar buraxılırdı. İndi bir neçə nəşriyyat var ki, Avropa səviyyəsində iş görür, biri də mənim işlədiyim Teas Press nəşriyyatı. Az sayda nəşriyyat öz adına qiymət verir, ədəbiyyatı zibilləmək istəmir, pul verib çap etdirmək istəyənləri qəbul etmir. Amma nəşriyyatların hamısında müəyyən çatışmazlıqlar var. Heç də hər birində kadrlar öz yerində deyil. Orda ədəbiyyatı sevən, yazıçıya qiymət verən adamlar olmalıdı. Paltar mağazasında işləmək başqa, nəşriyyatda işləmək başqa.
- Bəs qonorarlar necə, sizi qane edir?
- Azərbaycanda müəllifə qonorar verən nəşriyyat üç-beş dənədir. Kitab alıcılığı bizdə azdı. Kitab oxuyan var, kitab oxumaq istəyən ondan da çoxdu. Amma kitab ona çatdırılmır. Millətimiz kitaba düşmən deyil. Amma kitab almaq, kitaba pul vermək qabiliyyətimiz çox zəifdi. Mənim kitabılarımın satışı ilə oxucumun sayı heç vaxt düz gəlməyib. Oxucum yüz minlərlədi, kitab satışım üç-beş min. Bu, maddi vəziyyətdən də asılıdı. Tələbə üçün bir manat da böyük puldu, on manatı hardan tapsın kitab almağa? Çox istəyərdim, iş adamlarından kitaba sevgisi olan biri layihə eləsin ki, bir gün ərzində hər hansı bir kitab mağazasına gəlib kitabları əlli faiz endirimlə ala və ya havayı apara bilərlər. Hədd də qoymaq olar ki, hərə iki kitab götürə bilər. Axşam hesablanar, həmin biznesmen pulunu ödəyər. Mən bunu deyəndə mənə gülürlər, amma nə var ki, lap uzağı olsun 10 000 manat. Sonra, kitabxanalara lazım olan kitablar çatdırılmır, ona görə kitabxanaların çoxunun qapısı bağlı olur, ya da iş xatirinə otururlar. Mənim kitablarım əldən-ələ daha çox yayılır, ya ikinci əl satışdan alırlar, ya da kimsə dostundan, rəfiqəsindən alır. Bir kitabı on-on beş nəfər oxuyur.
- Kitablarınızın pirat nüsxələri də çox yayılırdı bir vaxtlar.
- O vaxt piratlarla qəribə mübarizə üsulu var idi. Bir dəfə çağırdılar ki, birini tutmuşuq, gedək bir yerdə şikayət edək. Amma mən dedim ki, onun böyük bir cəzası yoxdu, məcəlləni bilirəm. Yavaş-yavaş inkişaf getdi, kitablar keyfiyyətlə çap olunmağa başladı. Ammas onu da çap etdilər. Birini deyim, kitabım təzə çap olunmuşdu, Naxçıvana üç-dörd günə getməliydi, amma piratlar daha sürətli şəkildə İranda çap etdirib Naxçıvana aparmışdılar. Bir dəfə mənə bir nəfəri göstərdilər ki, sənin kitabının piratlarından biri budu, əvvəl acından ölürdü, indi maşını var. Dedim, təki kitab satılsın. Bir dəfə Baloğlan Əşrəfov hansısa rayona toya gedəndə bir nəfər ona iki mərtəbəli ev göstərib, deyib ki, bunu sizin kasetlərin puluna tikdirmişəm. O da deyib, halal xoşun olsun. Pulu güdməyən, sənətə qiymət verən adamlar buna çox da fikir vermir... Bir dəfə nəşriyyat mənə təklif etdi ki, imza günlərində pirat kitabı imzalamayım. Mən də oxucuları incitmək istəmirəm deyə razılaşmadım. Baxırsan, kasıb adamdı, hardansa tapıb alıb kitabımı, istəyir imzam olsun içində. Mən də deyim ki, yox, imzalamıram, çıx get. Allah bilir, Bakının hansı tərəfindən gəlib. Amma axırıncı dəfə razılaşdım, dedim, bir şərtlə ki, özünüz elan verin. Bir adam qabağıma üç, beş kitab qoysa, arasındakı piratı imzalamayacağam. Amma tək pirat kitab olsa, imzalayacağam.
- Müasir detektiv ədəbiyyatı – həm Azərbaycanda, həm də xarici – izləyə bilirsiniz?
- Son vaxtlar kitab oxumağı çox azaltmışam, oxuya bilmirəm. Maddiyyat imkan vermir, bayaq da dedim, kitabın birini qurtarıb o birini yazmağa başlayıram. Amma müasir yazıçılarımızın sayı çoxalır, altı-yeddisini tanıyıram. Bu məni sevindirir. Meydanda tək olmaq istəyən adamlardan deyiləm. Çoxluğun içindən seçilmək daha yaxşıdı. On nəfər oxunan yazıçı lazımdı, tək detektiv yox, on nəfər də psixoloji, tarixi romanlar yazan da lazımdır. Ölkə əhalisinə görə on nəfər deyirəm. Mən xarici ədəbiyyatı oxumağın əleyhinə deyiləm, amma ancaq xarici ədəbiyyat oxumaq gəncləri yaxşı yetişdirmir. Balansı gözləmək lazımdı. Əgər azərbaycanlısansa “Dədə Qorqud”dan başlayaraq klassiklərimizi mütləq oxumalısan. Bunları oxumadan xarici ədəbiyyata keçməyi ziyanlı hesab edirəm. Çox istəyərdim kiçik məmurlar, məmurlar işə qəbul ediləndə mütaliə səviyyəsi də yoxlanılsın. Çünki onların insanlığı da, insanlarla işləməyi də yüksək olar.
- Gənc yazarlar çox müraciət edir sizə ki, kitab yazmışam, oxuyub fikir bildirin?
- Açığı deyim, istedadlı müəlliflərdən müraciət edən olmayıb. Bunu da anlayıram və alqışlayıram. Çünki mən də o yolu keçmişəm, utanırdım yazdıqlarımı kiməsə göstərməyə. İddia ilə mənə yaxınlaşan gənc və yeniyetmələr daha çoxdur, artıq mən çalışıram onları qəbul etməyim. Onlar gəlib mənə “mən də yazıçıyam, mən də roman yazmışam” deyəndə oxumamış rəy verirəm ki, bundan yazıçı olmaz. Əgər iddia yüksəkdirsə, anlayış aşağıdır. Baxırsan, hələ romanın nə olduğunu bilmir, amma roman yazır. Mən yazıçıya da qiymət verməyi bacarıram, romana da. Ona görə birbaşa gəlib deyəndə ki, Elxan müəllim, mən yazıçıyam, bu məndə şübhə doğurur.
- Romanlarınız əsasında kino və ya serial çəkilməsi ilə bağlı müraciət ediblər sizə?
- Çox olub. Ya rejissorlar, ya prodüserlər müraciət ediblər. İyirmi-otuz dəfə. Demişəm, gedin çəkin. Elə rejissor da olub, deyib ki, mən sizin romanı çəkmək istəmirəm, çünki siz qəbul olunmuş yazıçısınız, romanınız da çox məşhurdu, pis çəksəm, korlayacağam, ayrıca ssenari yaz mənimçün. Buna da mən razılaşmadım. “Susan qadın” romanı üçün müraciət etdilər axırıncı dəfə, artıq aktyorlar da seçilib, az məbləğdə pula görə qalıb, başlaya bilmirlər hələ. Müraciət edilən bütün qurumlar da razılıq verib, hüquq-mühafizə orqanları hər cür kömək göstərməyə canla-başla hazırdır. İnanıram ki, tezliklə Mədəniyyət nazirliyi yardımı edəcək, çəkiliş başlayacaq.