Oar: "Günah "Qanun" nəşriyyatında və redaktordadır" - Müsahibə

Oar:  "Günah "Qanun" nəşriyyatında və redaktordadır" - Müsahibə
21 avqust 2023
# 15:00

Kulis.az Oarla müsahibəni təqdim edir.

– Salam, Murad, elə təxəllüsündən başlayaq. “Oar” sözünün mənası nədir?
– Bu sözün mənasının gizli qalmasını istəyirəm. Heç doğmalarım da bilmir təxəllüsümünün açıqlamasını.

– Maraqlı xarakterin var. Səncə, bu yazılarına da təsir edirmi?
– Əlbəttə, təsir edir. Yaratdığım obrazları öz xarakterimə uyğun seçirəm.

– Deyilənə görə, komadan sonra sənə “vəhy” gəlib.
– Əslində, “vəhy” deməzdim. Uzun müddət komada qalmışam. Ayılanda isə heç nə xatırlamır, heç kimi tanımırdım. Danışa bilmir, yemək yemir, hətta uzun müddət əlil arabasında gəzirdim, ayılandan sonra təzə doğulmuş uşaq kimi idim. Bu qeyd etdiklərim ilk kitabımda öz əksini tapıb. Maraqlıdır ki, mən o kitabı komaya düşməzdən əvvəl yazmışdım.



– “Yalnızlıqdan şizofreniyaya” əsəri ilə tanındın. Bu kitabın geniş əks-səda yaratma səbəbini necə izah edərdin?
– Sözün düzü, romanı yazanda kitab halında çap etməyi düşünməmişdim. Sadəcə maraq üçün yazırdım. Daha sonra yazdıqlarımı anama göstərdim. Oxuduqdan sonra təkidlə əsəri çap etməyimi istədi. Kitab çıxandan sonra isə bəyənildi. Çünki həmin dövrdə psixoloji-dram janrında kitablar az idi. Ona görə də oxucuların xüsusi diqqətini cəlb etmişdi. Qeyd edim ki, həmin roman 8 min tirajla nəşr olundu.

– Oxucuların təəssüratları necə idi?
– Çox müsbət. Mənə gələn rəylərə əsasən demək olar ki, çoxu uzun müddət kitabın təsirindən çıxa bilməyib.

– Qeyri-adi yumor anlayışın var. Bəlkə, oxuculara səni sevdirən elə budur?
– Kitab oxuyanda adamı yuxu tutur, hərdən yorulur, bezir. Mən isə oxucuları yormaq fikrində deyiləm. İstəyirəm, onlar yazdıqlarımı oxuyanda bezməsin, sıxılmasın, yorulmasınlar. Ümumiyyətlə, həyatda da beləyəm və bunu yazılarımla insanlara da aşılayıram. Yaratdığım obrazları çox həssaslıqla seçirəm, onlardan biri mənim prototipim olur və maraqlı yumor anlayışı ilə seçilir. Məncə, bu oxucuların da ürəyincədir.

– Etiraf edirsən ki, kitab oxumursan, amma yazırsan. Oxumadan yazmaq, absurd deyilmi?
– Mənə elə gəlir ki, çoxlu kitab oxusam, şüuraltıma təsir edəcək, üslubuma xələl gətirəcək. Təkcə yazı prosesində deyil, gördüyüm bütün işlərdə istəyirəm ki, özünəməxsus olum. Kitab oxuyanda qorxuram ki, plagiatçılıq edərəm, hansısa yazıçıdan nəsə oğurlayaram.

– Yazı prosesini necə təsvir edərdin?
– Bu, mənim üçün çox çətin prosesdir. Belə izah edərdim ki, yazmaq bir bina inşa etməyə bənzəyir. Necə ki, bina tikmək üçün material tələb olunur, yazmaq üçün də müəyyən təxəyyül materialı lazımdır.
Qulaqlıqardan istifadə edirəm ki, heç nə eşitməyim. Musiqi dinləyir, müxtəlif ətirlərdən istifadə edirəm. Bunlar mənə maraqlı ideyalar verir.

– Səncə, klassik musiqlər bədii yaradıcılığa təsir edirmi?
– Bəli, klassik musiqi beyinə yaradıcı impuluslar ötürür. Bu da, yazı prosesi üçün çox faydalıdır.

– “Yalnızlıqdan şizoforeniyaya” romanı ilə keçmişini, yoxsa gələcəyini yazmısan?
– Çox maraqlıdır ki, yazdıqlarım sonradan başıma gəldi. Doğrudan, yazdıqlarımı yaşadım.

– Dediyinə görə, kitabın 3 milyon oxucusu var. Azərbaycanın kitab bazarı üçün olduqca böyük göstəricidir.
– Bəli, düzdür. Amma mən Azərbaycan kitab bazarı ilə deyil, kofe bazarı ilə maraqlanıram.

– Həyatının bir hissəsini internatda keçirmisən. Bəlkə, səni psixoloji mövzuda yazmağa məcbur edən məhz budur?
– Bir il inernatda olsam da, bu mənim üçün çox uzun müddət kimi keçdi. Çox ağır şeylər yaşamışam. İnsanlardan təcrid olunmuşdum. Astma olduğuma görə oksigen balonundan uzaqlaşa bilmirdim. Başıma gələnlər yazdıqlarıma da təsir etdi.

– Çətin, keşməkeşli həyat yazıçını püxtələşdirir. Sən necə düşünürsən?
– Tamamilə razıyam. Yaşadığım çətinliklər yazı qabiliyyətimə güclü təsir edib.

– Bildiyim qədərilə, başqa sahələrdə də kifayət qədər uğur qazanmısan. Bəs səni kitab yazmağa təşviq edən səbəb nədir?
– Mən idmanla məşğul olmağı sevirəm, xüsusilə də, güləş, boks, cüdo. Müəyyən müddət musiqi ilə də məşğul olmuşam. Sonradan daxili təlabat yarandı, yazmağa başladım. Hətta bu işə o qədər adaptasiya olmuşdum ki, ilk kitabımı nəşriyyata təqdim etdikdən sonra geri almağa cəhd göstərdim. Kitabdakı obrazlar mənim dostlarımdırlar...
Barmen kimi çalışmağı sevirəm. Açığı, ixtisasım mühasibatlıqdır. Bir müddət ixtisasım üzrə işlədim, sonra rəqəmlərdən sıxıldım, bezdim və imtina etdim.

– Əlavə işlər yazı-pozu işinin az gəlirli olması ilə bağlıdır?
– Düzü, mən maddi gəlir üçün yox, hobbi olaraq yazıram, hansısa yüksək gözləntim yoxdur. Kofem varsa, kifayətdir.

– Həyatdan ən böyük gözləntin nədir?
– Gələcəkdə kitabımın motivləri əsasında film çəkilsin və Oskar mükafatına layiq görülsün.

– Aktyor olmağı düşünmüsənmi?
– Heç vaxt bu barədə düşünməmişəm.

– Nə vaxtsa ciddi ədəbiyyatla məşğul olmağı düşünürsənmi?
– Xeyr, bu cür yazmaq mənim şəxsi üslubumdur və dəyişmək barədə düşünmürəm.

– Səncə, qeyri-ciddi yazıçılar yerli ədəbiyyat üçün nə qədər faydalıdır?
– Məncə, bu sualı Vulf Dorndan soruşmaq lazımdır.

– Sevdiyin yazıçı kimdir?
– Stiven Kinqin yaradıcılığını sevirəm, ancaq onun üslubu ayrı, mənim üslubum ayrı.

– Yeni kitabın işıq üzü gördü. Səncə, uğurlu kitabdırmı?
– Kitab təzə çapdan çıxdığı üçün bu suala cavab vermək bir qədər çətindir. Zənnimcə, buna oxucular qərar verməlidir. Əvvəlki qədər olmasa da, məncə, sözünü deyəcək.

– Redaktə və korrektə səhvləri diqqətimi cəlb etdi. Bunun günahı yazıçıda, yoxsa redaktordadır?
– Günah "Qanun" nəşriyyatında və redaktordadır. İşlərini düzgün icra etməyiblər. Mən öz üzərimə düşən hər şeyi etmişəm, sadəcə onlar məsuliyyətsiz yanaşıblar.

– Kitabın mövzusu yenə şizofireniyadır. Bu mövzudan niyə uzaqlaşmaq istəmirsən?
– Əslində, ikinci kitrab tam şizofrenik mövzuda deyil, içərisində fərqli mövzular da var. Yenə də qeyd edirəm ki, bu mənim xarakterimdən və üslubumdan irəli gəlir.

– İki kitab müəllifisən, amma onların heç birində tipik azərbaycanlı obrazı yaratmamısan. Bunu bilərəkdən etmisən?
– Milliyyətcə tam azərbaycanlı sayılmıram, bəlkə də, ondan irəli gəlir. Milli obraz yaratmaq barədə düşünsəm də, yaratmaq istədiyim o deyil. Mənim obrazlarım kofe sevir, tipik azərbaycanlılar isə çay.

# 3976 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #