Nifrət etdiyim adamlar üçün darıxıram

Orxan Saffari

Orxan Saffari

19 yanvar 2022
# 10:29

Kulis.az Orxan Saffarinin "Görüşənə və darıxanadək..." yazısını təqdim edir.

Darıxmağın da bəzi şeylər kimi növləri, necəliyi var. Darıxmağın da adamdan adama fərqi var. Adam var, normal, insan kimi darıxır, adam da var mənim kimi, sərhədsiz, məqsədsiz, özü də bilmir ki, niyə darıxır. Üzr istəyirəm, panda kimi.

İndi çox, belə lap çox, fərqli bir darıxmağın içindəyəm. Heç vaxt belə darıxmamışdım. Bu nə cür darıxmaqdırsa, fərqli bir şeydir, siz də məni bağışlayın, fərqli pozadır. İndiyə qədər bütün darıxmaqları maksimum idarə etmək olurdu, amma indi xidmət kimi darıxmaq da çətinləşib.

Əvvəllər elə olurdu ki, məsələn, darıxdığım adamların yanında olurdum. Bir evdə, eyni restoranda, eyni küçədə qol-qola darıxırdım. Saatlarla bir yerdə olub ayrılan kimi gələn darıxmaq hissi məndən çox-çox uzaqdadır indi. Bir vətən qədər. İndi bütün sevgimi, darıxmağımı vətənə həsr edirəm. Qocaman şairlər demiş; Bir şeirim də demişdim ki, çox da pis olma, qızım, mən sənə olan sevgimdən, bir az da vətənə pay vermişəm.

İndi dağın-dərənin, ucsuz-bucaqsız görsənən düzənliklərin düz ortasında darıxıram. Nə az, nə çox, düz 3800 metr yüksəklikdə amansızcasına darıxmaq şaxta kimi tutur adamı. Nəfəs almağın belə çətin olduğu, -14 dərəcə selsdə darıxır adam.

Necə ki, üst-üstə geyindiyin paltarların, corabların içindən şaxta-qar özünə yer edib yenə səni dondura bilirsə, darıxmaq da belədir.

Gecə patrulda silahımın lüləsini şaxta tutduğu kimi, darıxmaq da ürəyimin tən ortasını tutur.

Nə qədər yazsam, nə qədər danışsam da kar eləmir. Boynuma alıram, zəhləm gedən, nifrət etdiyim adamlar üçün də darıxıram. Həm də çox. Niyə darıxıram, bilmirəm and olsun.

Əvvəllər yenə Laçında meşənin ortasında, uçuq-sökük evlərdə darıxırdım, indi də palatkada, vaqonda darıxıram. Bir az Zəngəzur sayağı, bir az da Kəlbəcər fason. İndi deyə bilərsiniz ki, bunların nə fərqi var? Mən də sizə deyəcəm ki, bunların fərqini bilmək üçün yaşamaq gərəkdir. Bu cür, mənim kimi, burda. Amma bir tərəfdən də mən sizə bu cür darıxmağı arzulamıram.

Məsələn, sizə bir mənzərə deyim. Buralarda ay gündüzlər belə batmır. Gecələr elə olur ki, elə bilirsən, gündüzdü. Patrula çıxıram, şaxta kələyimi kəsir, ətrafda bir inni-cinni yox, bütün palatkalardan tüstü çıxır, ara bir qarın içində dağ siçanı boylanıb, yenidən qara girir.

Sağlıq olsun, salamat qayıda bilsəm, bilirəm ki, burda darıxdığım günlər, anlar, saatlar, dəqiqə və saniyələr üçün yenə darıxacam. Burda darıxdığım adamların yanında olub yenə darıxacam, amma bu darıxmaqların yerini, əzabını heç nə verməyəcək. Necə ki, formanı geyindiyin andan xidmət belindədir, o cümlədən darıxmaq da mənim belimdədir. Bəzən bezsəm də, darıxıb-darıxıb diksinsəm də, budur. Necə deyərlər, darıxsan da budur, darıxmasan da.

Görüşənə və darıxanadək...

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #