Nərmin Kərimbəyova: "Ona qaraciyərimi verəndən sonra cavanlaşdım" - Müsahibə

Nərmin Kərimbəyova:   "Ona qaraciyərimi verəndən sonra cavanlaşdım" - Müsahibə
3 noyabr 2023
# 21:00

Kulis.az müğənni Nərmin Kərimbəyovanın Lent.az-a müsahibəsini təqdim edir.

- Nərmin xanım, bu günlərdə Qazaxıstana dəvət olunmusunuz. Öncə bu səfərin məramını, məqsədini bilmək istərdim.

- 2020-ci ildə Qazaxıstan beynəlxalq müsabiqə keçirdi, bu, bir səs yarışması idi. Pandemiya dönəmi olduğu üçün ora gedə bilmədik, hər kəs yarışa virtual qoşuldu. Hamımız qazax dilində onların mahnısını öz milli alətlərimizlə ifa etməliydik. Mənim ifam çox bəyənildi və birinci yeri tutdum. Ondan sonra hər il bu müsabiqəyə fəxri qonaq kimi dəvət alıram. Həm də azərbaycanlı iştirakçıların seçilib dəvət olunmasına köməklik göstərirəm. Onlar istedadlı, özgüvənli iştirakçı istəyirlər. Təəssüf ki, çox zaman bizim müğənnilər müsabiqəyə getməkdən imtina edirlər. Baxmayaraq ki, çox səviyyəli yarışmadır.

- Nə üçün imtina edirlər?

- Müsabiqə stresdir axı. Şərtlər var, yeni repertuar tələb olunur və s. Hamı öz üzərində ciddi işləmir. Həm də bəzi müğənnilər təşkilatçılardan çox yüksək qonorar tələb edirlər. 2020-də qaliblər üçün mükafat beş min manat idi. İndi daha yüksəkdir. Amma bizimkilər yalnız qonaq kimi qatılıb qonorar almaq istəyirlər. Tələb etdikləri qonorar bunun 10 qatı qədər olur. Onlar da deyirlər, axı siz dünya ulduzu deyilsiniz.

- Beynəlxalq səviyyəli müsabiqədə qalib oldunuz. Qazaxlar sizin üçün hansı jesti etdilər?

- Ötən il Bakıda və Şuşada onların hesabına klip çəkdik. Mahnı qazax dilində olduğu üçün bizim radiolar onu yaymaq istəmədilər. Reytinq verməyəcəyini dedilər. Televiziyalar da həmçinin. Bu, şikayət deyil, reallıq belədir. Radiolar heç bir vaxt məndən mahnılarımı yaymaq, səsləndirmək üçün pul istəməyiblər. Həmişə dəstək olublar. Çünki sənət göstərmişəm. Sadəcə qazax dilində olduğu üçün nə mahnı, nə klip bizim radio və televiziyalar üçün istənilmədi. Yaradıcılıq imkanlarımız məhduddur, sən çox şey edə bilərsən, amma dəstək almırsan. Məsələn, Mədəniyyət Nazirliyi bu məsələyə ümumiyyətlə heç bir maraq göstərmədi. Yanımızda olmadılar.

- Sizin vətənpərvərlik janrında bir neçə klipiniz var. Ordunun genişmiqyaslı təlimləri zamanı klip çəkmişdiniz. Buna necə icazə aldınız?

- O kliplər Dövlət Sərhəd Xidmətinin layihələridir. Mənim üç belə mahnım var. Şəhidlərimizə, vətənə, zəfərə həsr olunmuş mahnılardır. Rok stilindədir. Üçü də tamamilə DSX tərəfindən təşkil olundu, ifaçı kimi məni seçdilər.

- Mahnılarınızda bluz, rok, caz elementlərinin sintezi var...

- Səsimdə o var. Retro musiqini sevirəm və özümə də “old skul”, yəni "köhnə məktəb" deyirəm. Hamının hit deyib oxuduğu mahnılara can atmıram. Ortaya keyfiyyətli iş çıxarmaq istəyirəm. Mənim musiqi təhsilim yoxdur. Anam atam həkim idi, həvəsim olsa da, onlar mənim musiqi təhsili almağıma zaman ayıra bilməyiblər. Ona görə bu yaşda anamın məsləhəti ilə orta musiqi təhsili aldım. Musiqi məktəbində 5 illik şagird həyatım bu il bitib (gülür) Sıfırdan başladım.

- Musiqi üzrə ali təhsil alacaqsınız?

- Əmin deyiləm. Əslində, təhsilim çoxdur. Hüquq fakultəsini bitirib 10 il hüquqşünas kimi işləmişəm. Paralel olaraq İqtisad Universitetində magistratura oxumuşam. Bolqarıstanda qadın hüquqları üzrə təhsil almışam. Təlimçilik və təşkilatçılıqla məşğul olmuşam. Musiqiyə gəlməzdən öncə. Atam anidən rəhmətə getdi. Bir gün yatdı, durmadı. Onun ölümündən sonra çox dəyişdim, pis olmuşdum, sanki beynim çöndü. İş yerlərində də problemlər yaranınca düşündüm ki, musiqiyə gəlməliyəm. Anam çox dəstəklədi. İndi isə son iki ayda aparıcı kimi özümü sınayıram. ARB kanalında həftədə bir dəfə yayımlanan maraqlı bir proqramla efirə çıxıram. Gənclərə dəstək verirəm. Ümumiyyətlə, ola bilər ki, müğənnilikdən də gedim. Baxacağıq. Özümü təlimçi müəllim, kouç kimi də görürəm. Nə zamansa, bunu da sınayacam.

- Əslində, ixtisasca hüquqşünassınız. Bir dəfə şou biznesi "çirkli dünya" adlandırmışdınız. Bəs nə sizi cəlb etdi ki, bu "çirkli dünyaya" qədəm qoydunuz. Qorxmadınız?

- O vaxt bilmirdim ki, bu çirkli aləmdir, gərək içində olasan ki, görəsən. Amma qorxan adam da deyiləm. Niyə qorxum? Bu sözdən zəhləm gedir. Neqativlər sadəcə ruhdan sala bilər. Həyatda çox şeydən keçmişəm. Qoy məndən qorxsunlar.

- Niyə qorxsunlar? Nə edə bilərsiniz?

- Qəddar deyiləm. Yaradıcıyam, yaxşılıqdan başqa bir şey eləmərəm. Pisliyi bağışlaya bilirsənsə, bağışla, özünlə daşıma. Amma cavab vermək istəyirsənsə, anında cavabını ver. Buna haqqın çatır. Səhnə işində çətinlik həddən artıq çoxdur.

- Rəqs stiliniz çox tənqid olundu. Oriental və brekdans stilini qatıb yeni bir rəqs yaratmısız. Öz ideyanızdır?

- Bəli, hərəkətlərin hamısı mənə aiddir. Rəqs eləməyi sevirəm. Buna görə, çox tənqid olundum. Bunu xaricilər etsəydilər, bəyənərdilər. Maykl Cekson Azərbaycanda dünyaya gəlsəydi, onu daşlayardılar. Çox konservativ düşüncə var. Burada yox, başqa ölkədə uğur qazan, qayıt, hər kəs səni qəbul edir, amma burada özün nəsə yarat, o yolu çətinliklə keç, ünvanına tənqiddən başqa heç nə eşitmirsən. Reallıq budur. Tənqid və təhqirlərə lal-karam. Bu mənim şəxsiyyətimə toxunmur. Bu peşəyə böyük psixoloji hazırlıqla gəlmək lazımdır. Buna hazır idim. Tənqid səhnəyə çıxdığım andan başlayıb. Tanınmış adamlar başqalarının əliylə vurur, müxtəlif yollarla səni incitməyə çalışırlar. İndi məşhurlaşmaq da asandır, məşhura yaxınlaşmaq, söz demək də. adamlar da çox əlçatan olublar. Sosial şəbəkə vasitəsilə səni zəhərləmək daha asandı. Bu saat TikTokda o qədər xəstə var ki. Hamı özünü çəkib atır şəbəkəyə, baxırsan iyrənirsən. Hər şeylərini satırlar və izləyiciləri də bizdən çoxdur. Bizə, yaradıcı insanlara neqativ şərh yazanlar həmin TikTok qəhrəmanlarına, o xəstə ruhlulara gah ürək atırlar, gah gül, gah bahalı hədiyyələr. Bizdən çox onlara baxırlar. Ona görə sənət adamları gərək belə adamların fikrini ciddi qəbul eləməsinlər. Mənə hərdən deyirlər sən çox tez tanındın. Mən axı bunun üzərində həddən artıq çox işləmişəm.Yeddi il öncə ilk dəfə bir səs yarışması ilə sənət yolum başladı. 2016-cı ildə “O səs Azərbaycan” layihəsi ilə başladım və o vaxtdan fəaliyyətdəyəm. Son iki ildə daha çox tanındım. Mən bir mahnı ilə şöhrətlənə bilmədim. Çoxsaylı işlərlə ortaya çıxdım.

- Bu fərqli oxu tərzinizlə toylara gedirsiniz? Tələbat var sizə?

- Tələbat yox. Dəvət və sevgi var. Yarım saatlıq oxumağa gedirəm. Bütün toyu idarə etmək mənlik deyil. Dəvət edən də bilir mənim repertuarımı ona uyğun da çağırır. Amma ritmik və xalq mahnıları da var repertuarımda. Əsasən xarici şirkətlərin tədbirlərində rus və ingilis dillərində aparıcılıq edirəm, oxuyuram. Restoranlarda oxumuram. Nərmin Kərimbəyova o qədər əlçatan olsun istəmirəm.

- Nərmin bahalı müğənnidir?

- Deməzdim ağlabatan normal qiymətlər deyirəm. İfalarımı bəyənirlərsə dediyim qiymətə niyə şoka düşsünlər? Mən axına qoşulub gedən biri deyiləm. Öz stilim var. Bir çox müğənnilər kimi vulqar görünmürəm. Bədənimdəki, üzümdəki estetik əməliyyatlarla diqqət çəkmək istəmirəm.

- Şou-biznes, bahalı müğənni deyəndə indiki qavramlarla ağla ilk gələn şey Hacı söhbətidir. Əvvəllər sponsor deyirdilər, indi “həci”. Bir az da müğənnilər günahkardırlar bu vəziyyətdən. Bahalı maşınların, lüks həyatın reklamı... Ümumiyyətlə kasıb müğənni olmaq mümkündür?

- Dini sözün ( hacı) belə şəklə salınması məni təsirləndirir. Sanki moda düşüb, hamı eyni dodaq, eyni bədən. Tamaşaçılarım yazırlar, “bəs siz niyə eləmək istəmirsiniz?” Sanki hamı belə olmalıdır. 10 il sonra bu dəbdən gedəndə korlanmış, zədələnmiş orqanizm necə olacaq? Mənə deyirlər sən müğənnidən çox xəbər aparıcısına oxşayırsan. Yəqin təhsilimdən irəli gəlir. Səhnədə bir həyatda fərqli insanam. “Həcisiz önə çıxmaq olmaz “ demək də olmaz. Mən necə gəlmişəm bəs?

- Ailəli idiniz və sənətə gələndən sonra ayrıldınız...

- Bunun sənətimlə əlaqəsi yox idi. İllərlə yığılan narazı qaldığım məqamlar var idi, o səbr kasası dola-dola gəlirdi. Elə bir ailədə böyümüşəm ki, öyrədirdilər qadın dözməlidir. 12 il birikdə yaşadıq. Göz yumdum. O ana qədər ki, artıq səbr etmək, göz yummaq mümkün olmadı. Ayrılmağımıza səbəb sırf şəxsi zəmində olan problemlər idi və şəxsi həyatımla diqqət çəkmək istəməmişəm.

- Gənc, gözəl və güclü xanımsınız. Tanınmış müğənninin yanında hər kişi duruş gətirmir. Siz yanınızda necə bir insan istəyərdiniz. Nə zamansa ailə quracaq olsanız “ərim, kişim” deyəcəyiniz adam necə biri olmalıdır?

- Tək qalmamaq xətrinə ərə getmək mənlik deyil. Həyat təcrübəsi çox şey öyrətdi. Mən hələ indi-indi özümü sevməyi, tanımağı öyrənirəm. Sevgi olmalıdır. Amma ağıllı, gözüaçıq sevgi. O insan mənə huzur, güvən verməlidir. Güvən sözü çox fikirləri ehtiva edir. Onun yanında özümü qayğısız hiss edə bilməli, hərdən özünə zəif olmağa da icazə verməlisən. O sənin üçün məsuliyyət hiss etməlidir. İntellektual və insani dəyərləri yüksək olan adamlar əsasən tək olurlar. İkinci dəfə ailə quran hər kəsin keçmişində bir cəhənnəmi olur. Öz keçmiş travmalarımızla təcrübələrimizlə gərilirik. Onu növbəti münasibətə gətirmək olmaz. Onlardan dərs alıb özümüzü kamilləşdirməliyik. Kimisə gözləmə modunda deyiləm. Həyat özü nə təqdim edərsə o. Əsas diqqətim ailəmdə - anamda, qızımda, qardaşımdadır.

- Brilliyant xanımla qohumsunuz. Sizə sənətinizdə dəstək olub?

- Brilliant xanıma hörmətim, sevgim var. O da mənim haqqımda danışanda sevgi ilə bəhs edir, sağ olsun. Amma dəstək almamışam. Dadaşovlar nəsli ilə münasibətimiz yaxşı olub. Bizim ailəmiz rəhmətlik Məlik Dadaşovla daha yaxın idi. Demək olar hər gün ailəvi toplaşardıq, görüşərdik.

- Bəs Rafael Dadaşovla necə?

- Onların ata-bala öz aralarında problem var idi. Düzdür anam əlaqə saxlayırdı onunla da. Hətta rəhmətə getməzdən öncə Rafael müəllim anamla xeyli dərdləşmişdi. Nəsli tərəfindən tək buraxıldığını düşünürdü.

- Bir müddət öncə qardaşınıza donor oldunuz, qaraciyərinizi verdiniz. Yəqin ki, asan deyildi bu prosses. İndi necədir o?

- Qardaşım indi yaxşıdır. Çox çətin günlər oldu. Əməliyyatdan sonra düz 6 ay sağala bilməmişəm. Həkimlərin günahı deyildi. Orqanizmimin xüsusiyyəti idi və mən bunun belə olacağını bilirdim. Həkimlər demişdilər ki, bu əməliyyatdan sonra mənim özümdə problemlər yarana bilər, ciyərim işə yaramazsa sadəcə yarıb baxıb yenidən tikə bilərlər. Gözümü açanda ilk sözüm bu oldu ki, işə yaradı? Bir bacı bir qardaşıq. Etməliydim. Çox əziyyət çəkdim. Amma bir şey deyim ki, qaraciyərimi verdikdən sonra sanki təzələndim, cavanlaşdım. Dərim gəncləşdi. Tibbdə belə hallar olurmuş. Bu əməliyyatdan sonra insanların fikri mənim üçün önəmsizləşdi. Ona qədər özümü qorxaq insan bilirdim. Qorxaq deyiləmmiş. Bacı-qardaş anladıq ki, ölümlə üz- üzəyik. Bu gün yaşamaya bilərdim. İndi hansısa beyinsiz adamların nələrsə deməsi mənim üçün önəmli deyil. Bu aləmdə hisslərini çılpaq göstərsən, səni məhv edərlər.

- Məsələn Röya göstərir və hamı tərəfindən qəbul olunur. Hətta sənəti qədər səmimiyyəti sevilir.

- Məncə Röyanın çox güclü psixoloji hazırlığı var. Bu sənətdən çoxları psixoloji təzyiqlərə dözməyib gedir. Daim göz önündə olmaq, tənqidlərə, təhqirlərə məruz qalmaq, şöhrətin yükünü daşımaq asan deyil. Ona görə çoxları içkiyə, narkotikə aludə olurlar və ya gənc yaşda ölürlər.

Mən kütlənin tələb etdiyi, görmək istədiyi, standartlaşdırdığı müğənni olmaq istəmirəm.

Nə geyimim, nə xarici görünüşüm kütlə standartında deyil. Sürü kimi davam eləmək, sürüdə olmaq istəmirəm. Bunun əleyhinəyəm, həmişə də əleyhinə çıxacam. Qoy dar düşüncəli olub sürüylə hərəkət edənlər düşüncələrini dəyişsinlər. Bu günün brendi, trendi ilə düşünənlər onu-bunu kopyalayırlar. Bunu istəmirəm. Mən özümü brendləşdirmək üçün çox zəhmət çəkmişəm. Bunu heç etmək istəmirəm.

# 2802 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #