"Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar" - Rus dilində təhsil ləğv edilməlidirmi?

"Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar" - Rus dilində təhsil ləğv edilməlidirmi?
20 fevral 2025
# 09:00

Azərbaycanda rusdilli təhsilin ləğv edilib-edilməməsi müzakirələri yenidən gündəmə gəlib.

Kulis.az yazıçıların bu məsələ haqqında fikirlərini təqdim edir.

Xalq yazıçısı Çingiz Abdullayevin doğulduğu gündür – AKI-

Çingiz Abdullayev:

"100 faiz bağlansın! Rus, fransız, türk və ingilis dilində təhsil - hamısı bağlansın! Türk də bağlansın! Yalnız Azərbaycan dili qalsın! Axmaqlığın da bir dərəcəsi olmalıdır... Hər dəfə qəsdən bu mövzunu açırlar. Qutarın da bu məsələni. Kim istəyir oxusun, kim istəmir oxumasın. Nə məsələdir ki, bu məsələni qəsdən hər dəfə qaldırırlar? Əgər pisdirsə, nəyə görə, bu qədər uşağı rus sektoruna qoyublar. Hamısı xəyanətdir. Hamısı xəyanət edib! Bəsdir, camaatı özümüzə güldürməyək.

Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırmaq lazımdır. Siz axı özünüz də rus sektorunda oxumusunuz. Siz “tafotu” yaxşı görürsüz. “Tafot” var axı. “Tafot” var. Ona görə nə edirsizsə edin Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırın. Mən nəyə görə hər yerdə Azərbaycan dilində danışıram, çıxış edirəm. Mən istəyirəm ki, bizim uşaqlarımız kitabları Azərbaycan dilində oxusunlar. Onlar öyrəşsinlər, bilsinlər ki, dünya necə genişdir. Hər şey belədir. Amma təəssüflər olsun ki, indiyəcən minlərlə adam dava edib ki, uşaqlarımız rus sektorunda oxusun. Bu həqiqətdir. Yalandan desək ki, bu belə deyil, düz olmaz. Bu həqiqətdir. Azərbaycanda minlərlə valideyn övladını rus bölməsinə qoymaq üçün dava edir. Heç kəs dava etmir ki, uşaqlarımı verim Azərbaycan sektoruna. Özləri bilmir, amma övladını rusca oxutmaq istəyir".

Kamal Abdulla:

"Məncə bunu etmək düzgün olmazdı. Biz indi hətta erməni dilinin öyrənilməsini genişləndiririk. Rus dilini, ədəbiyyatını, tarixini öyrənmək bir azərbaycanlı üçün çox vacibdir".

Şərif Ağayar:

"Məsələnin belə kəskin qoyulmasının tərəfdarı deyiləm. Lakin dəqiq bilirəm ki, istənilən bir xarici dilin ölkəmizdə tədrisi siyasi mahiyyət daşımamalıdır. Başa düşürəm, indi vəziyyət Rusiya ilə münasibətləri bəlli bir tempdə qoruyub-saxlamağı tələb edir. Balaca ölkəyik, bir çox tərəfdən asılılığımız var, lakin dilimizin dominantlığı məsələsində güzəştə getməməliyik. Bir insan düşündüyü dilə məxsusdur. Rusca düşünən azərbaycanlı bu torpağı, bu xalqı lazımı qədər anlaya bilməz. Anlamırsa, ona, istəsə də, ciddi fayda verə bilməz. Biz əvvəlcə öz dilimizi çox yaxşı bilməli, sonra rus dili də daxil olmaqla bütün xarici dillərə bərabər rəqabət imkanı yaratmalıyıq. Rus dilini seçmək ənənə halını almamalı, kütləvi xarakter daşımamalıdır. İstəyən buyurub öyrənsin. Şəxsən mən ingilis dili dura-dura uşağını rusdilli sektora qoyan valideynləri başa düşmürəm. Əgər bunun çox ciddi bir səbəbi yoxdursa, qınanmalıdır. Rusiya bu gün heç bir sahədə örnək deyil. İlin-günün bu vaxtı rus dilinə aşiq olmaq bir az da gülməlidir. Rus dili Azərbaycanda daha çox sovet totalitarizminin uzantısı kimi mövcuddur. Biz sovet ənənəsindən uzaqlaşan kimi Qarabağda qələbə çaldıq. “Qənimətlər parkı”na baxın, müasir silahlarla vurub “xosunvay” etdiyimiz hərbi texnikanın çoxu rus istehsalıdır. Silahların işğalından daha dəhşətlisi isə dillə, mədəniyyətlə işğal etməkdir. Çünki bundan qurtuluş yoxdur. Hansısa xarici dilin ölkəmizdə dominantlığı konstitusiyamıza da ziddir. Azadlıq, müstəqillik və suverenlik düşüncə ilə reallaşır. Düşüncə isə ilk növbədə məxsus olduğun dilin sənə verdiyi tərbiyədir".

Rasim Qaraca:

"Ümumən Azərbaycan dilinin nüfuzunu artırmaqdan ötrü dövlət səviyyəsində ciddi işlər görülməlidir. Bunun tərkib hissəsi olaraq rus məktəblərinin sayı minimuma endirilməli və ya tamamən bağlanmalıdır. Fənn olaraq öyrədilə bilər və öyrədilməlidir də. Eyni zamanda türk dili də (Türkiyə türkçəsi), əgər bu dili xarici dil hesab ediriksə, fənn olaraq öyrədilməlidir, yox əgər öz dilimiz hesab ediriksə önü açılmalı və geniş təbliğ olunmalıdır. Türkiyə türkcəsindən ala biləcəyimiz sözlərə dair təhsil proqramı olmalıdır. İndiki kimi xaotik dil prosesi ana dilimizin kirlənməsinə səbəb olur. Qısaca bunları demək olar. Əslində, çox vacib məsələdir və üzərində dayanmalı çox məqam var".

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"Səhv etmirəmsə, bu müzakirənin rüşeymini bir müddət əvvəl müğənnilərdən biri atmışdı. Mən onun sosial mediada paylaşımını gördüm. Belə başa düşdüm ki, uşağı rus bölməsində oxuyur. Birini qoyub, o birinə keçirəm. Mən uşaq olanda... Doxsanıncı illərin əvvəlində ruslar, rusdillilər öz uşaqlarını ildırım sürətilə Azərbaycan sektoruna yazdırmağa başladılar. Hətta bir tatar qonşumuz sınıq-salxaq azərbaycancası ilə məndən xahiş etmişdi ki, uşağıyla rusca yox, azərbaycanca danışım. Sonralar həmən ailələr uşaqlarını Azərbaycan sektorundan çıxarıb rus bölmələrinə qoydular. O vaxtdan 30 ildən çox vaxt keçib. İndi baxırsan ki, nəinki rusdilli ailələr, heç rusca hırnan-zırı qanmayan, rusdillilərin öz aralarında “çuşka” dedikləri ailələr belə övladlarını rus sektorlarına qoyurlar. Millətçi tanıyıram, övladını rus bölməsində oxudur. Deməli, buna tələbat var. Mən özüm də hərdən fikirləşirəm ki, balacanı heç olmasa, rus bölməsində oxudum. Çünki açıq-açığına rus bölmələri ilə Azərbaycan bölmələri arasında təhsil, dönyagörüş fərqini görürəm, nəticələr göz qabağındadır. Yaşlandıqca idealizm öz yerini rasionallığa verir. Rasional düşünəndə də görürsən, ölkədə rus dili az qala bütün idarə və qurumların ikinci dilidir. Hansısa quruma işin düşəndə orda rus dilində danışanda bir başqa münasibət görürsən, azərbaycanca danışanda başqa. Etiraf etmək lazımdır: nazirlik var, əməkdaşları öz aralarında rus dilində danışırlar. Reallığı danmaq olmaz. Bütün bunları və regional məsələləri nəzərə alanda başa düşürsən ki, bizim coğrafiyada rus dilinin təsiri uzun müddət qalacaq. O ki qaldı mənim şəxsi istəyimə. Bəli, dövlət hesabına rus dili bölmələrinin saxlanılmasını istəməzdim. Özəl məktəblər olsun, övladına rus dilində təhsil verilməsini istəyən valideynlər də aparıb ora qoysunlar. Əgər övladlarımız dövlətin pulu ilə xarici dildə təhsil alacaqlarsa, elə yaxşısı budur, ingilis dilində təhsil alsınlar. Mənim təklifim budur, ancaq bunu həyata keçirmək mümkündürmü?”

Etimad Başkeçid:

"Rus dilinin Azərbaycanda karyera və biznes üçün bir imperativ olduğunu düşünənlər və ya bu havanı yaratmağa çalışanlar müstəmləkə təfəkkürü ilə yaşayan, aşağılıq komleksindən əziyyət çəkən insanlardır. Bunun başqa adı yoxdur. Rus dilində təhsil almaq üçün ayrıca məktəblər ola bilər, amma bizim vergilərimizin və dövlət büdcəsinin hesabına yox. Ayrıca bu, dövlət təhlükəsizliyi və ölkənin inkişaf perspektivləri ilə bağlı olan məsələdir. Odur ki, yaxşıca düşünüb-daşınmaq və müstəqil, suveren dövlət olaraq rusdilli təhsil haqqında məntiqli bir qərar vermək lazımdır".

Həmid Herisçi:

"Bu cür sualların real yox... fəlsəfi, bədii cavabı var. Sualınızın cavabını, İsmayıl Şıxlının "Dəli Kür" romanındakı məşhur "Nə vaxtadək uşaqlarımız mədrəsələrdə "Əlif zəbər əə, be zəbər bəə" deyəcəklər" cümləsindədir. Ancaq, deyəsən, bu dəfə "Əlif zəbər əə, be zəbər bəə" ifadəsi ruslaşıb. Dönüb müasir günün xurafatına. Təhsildən bax bu "Əlif zəbər əə, be zəbər bəə" yığışdırılmalıdır. Hər dövrün öz "Əlif zəbər əə, be zəbər bəə"si var".

Aqşin Yenisey:

"Müstəmləkə illərimizi xatırladan nə varsa saf-çürük etməliyik. Rus dili məsələsi mədəni yox, siyasi məsələdir. Milli mənafeyi şəxsi nostalgiyalara qurban vermək olmaz. Bu gün öyrəniləsi dil Çin dilidir. Rus dili bir 70 il də bizi keçmişdə saxlayacaq. Rus diliylə qurduğumuz cəmiyyət göz qabağındadır, belə yaşamaq istəyiriksə, ümumiyyətlə, öz dilimizi yığışdıraq".



Ömər Xəyyam:

"Rus dili xarici dil kimi tədris edilməlidir! Mənim vergimlə maliyyələşən təhsil mənim dövlətimin rəsmi dilində olmalıdır! İngilis dilində, yapon dilində təhsil alan uşaqlar harada oxuyur? - rus dayılar da əziyyət çəksinlər, Britaniya, Yaponiya kimi – öz dillərincə özəl məktəb açsınlar, nə bilim akademiya düzəltsinlər, özləri də maliyyələşdirsinlər..."


Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Rus bölməsinin bağlanması ilə bağlı fikirləri anlaya bilmirəm. Hazırda ölkəmizdə uşaqlar türk, rus, ingilis, fransız bölmələrində təhsil ala bilirlər. Mən bilən bunlardan yalnız türk və rus dilində təhsil ödənişsizdir. İngilis, fransız dillərində təhsil varlılar üçündür. Yad dili ana dili səviyyəsində ömrün boyu öyrənə bilmirsən. Nadir istedadlı adamlar yad dili öyrənə bilirlər sonradan. Ana dili səviyyəsində deyirəm, çulunu sudan çıxarmağı nəzərdə tutmuram. Ona qalsa, mən həm rus, həm türk, həm də ingilis dillərini mükəmməl bildiyimi iddia edərəm. İngiliscəm B2 səviyyəsindədir. Ancaq utanıram deməyə ki, ingilis dilini bilirəm. Axı mən o dildə yaza, tam sərbəst danışa bilmirəm. Bir şeyi dəqiq bilirəm, tədris dilin xarici dil olanda öyrənə bilirsən. Rus dilini, türk dilini, ingilis dilini yaşadığımız coğrafiyada vacib dillər sayıram. Kasıbın balası heç olmasa, rus dilini öyrənə bilsin. Biznesmenlər kasıbın əlindən bu imkanı da almaq istəyirlər".

Fərid Hüseyn:

"Mənim düşüncəmə görə, rus sektoru küll halında sıradan çıxmamalıdır, bu, sadəcə, seçimə bağlı olmalıdır. Amma rus sektorunda oxuyan tələbələrin Azərbaycan dili və tarixi ilə bağlı dərs yükü maksimum səviyyəyə qaldırılmalıdır. Eyni zamanda, iş mühitlərində rus dili tələbi qeyri-qanuni də olsa, başlıca şərt olmamalıdır. Rusiya qonşu ölkədir, nə biz burdan köçəsiyik, nə onlar ordan. Qarşılıqlı hörmət meyarları ilə qonşuluq əlaqələrini qorumalıyıq. Azərbaycanın müstəqillikdən böyük sərvəti yoxdur. O sərvəti isə ordu ilə yanaşı milli təhsil sistemi qoruyur. Biz milli təhsil sistemimizi qurmalıyıq və ana dili tələbimiz ən başlıca şərt olmalıdır. Əgər ana dilimiz cv-mizdə başlıca tələblərdən olsa, onda anadilli məktəblərin sayı artacaq. Dilin cəmiyyətdə gücü elə səviyyədə olmalıdır ki, xalq öz taleyini ona bağlaya bilsin. Mən özümüzəməxsus, hər cür təqliddən uzaq milli təhsilin tərəfdarıyam".

Bu dünyanın sonu puçdur, Güləndam! - Rəvan Cavid

Rəvan Cavid:

"Qətiyyən! Azərbaycanda 90-cı illərdən etibarən yaradıcı düşünə bilən gənclərin əksəriyyəti rus sektorunun şagirdləri, tələbələri olub. Rus mədəniyyəti, rus dili bizə digər müsəlman ölkələrindən yaxşı mənada fərqləndirən xüsusiyyətlər qazandırıb. Rus sektorunun Azərbaycan dilinə və ya milli düşüncəyə neqativ təsirindən danışmaq yersizdir. Milli düşüncə üçün faydalı iş görənlərin də əksəriyyəti rus dilində təhsil alan və ya rus dilini yaxşı bilən adamlar olub. Dilimizi inkişaf etdirmək, qorumaq, milli silaha çevirmək istəyiriksə, bunun yolu rus sektorunu bağlamaq deyil. Ədəbiyyata, dil institutlarına, mədəniyyətin fərqli sahələrinə dəstək olmaqdır. Tərcümə industriyasının keyfiyyətini qaldırmaqdı. Ölkədə normal kitab, ədəbiyyat, mədəniyyət industriyası olmayandan sonra dilin və milli ideologiyanın qeyrətini çəkmək əbəsdir".

Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

Babək Məmmədli:

"Heç şübhəsiz, bu günə qədərki təhsilimizin, mədəniyyətimizin və incəsənətimizin formalaşmasında rus dilinin müstəsna əhəmiyyətini inkar etmək doğru olmazdı. Ancaq, dilimizi funksionallaşdırmağın, zənginləşdirməyin, inkişaf etdirmənin yollarını axtarırıqsa və nəhayət, xalq olaraq böyümək istəyiriksə istisnasız olaraq bütün azərbaycanlılara dərslər elə Azərbaycan dilində də tədris olunmalıdır. Yoxsa bu uşaqların böyük əksəriyyəti bizdən qopur, bizim olmurlar. Şübhəsiz, bunda həmin uşaqların qanı qanımızdan, soyu soyumuzdan olub öz doğma dilini bəyənməyən valideynlərinin də “əməyi” danılmazdır. Bizdə övladlarının rus dilində təhsil almağına maraqlı olan (etnik ruslar istisna) iki tip ailə modeli mövcuddur. Özlərini mütərəqqi dünyanın lokomotivi, leytmotivi, nə bilim seysmotivi sayıb evində rusca danışan, rusca düşünən “ultramüasir” birincilər əgər bunu “çuşkalıq” əleyhinə peyvənd kimi görürsə də ikincilərdə mənzərə bir az fərqlidir: burda əsas tətikləyici amil iş faktorudur. Bu mənada “ikincilər”i qınamalı deyil. Çünki, heç kimə sirr deyil ki, ölkəmizdə fəaliyyət göstərən bir çox aparıcı müəssisə və şirkətlər prioritet kimi rus dilinə üstünlük verirlər. Yəni tələb təklif doğurur. Bu səbəbdən də ilk növbədə iş yerlərində bu absurd tələb aradan götürülməlidir. Əks təqdirdə, dili strateji silah kimi istifadə etməyi ustalıqla bacaran, çoxəsrlik imperiya ənənəsinə malik olan Rusiya hələ uzun müddət dominantlıq edib təpəmizdə turp əkəcək".

# 11893 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə...

17:44 21 fevral 2025
Kuryer:  "Heç kim bizi fikirləşmir" - Qarlı Bakıdan reportaj

Kuryer: "Heç kim bizi fikirləşmir" - Qarlı Bakıdan reportaj

16:17 21 fevral 2025
Bu universitetdə dərslər təxirə salındı

Bu universitetdə dərslər təxirə salındı

14:51 21 fevral 2025
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam

13:16 21 fevral 2025
Bu, bir zaman səyahətidir - Türk törələri

Bu, bir zaman səyahətidir - Türk törələri

13:00 21 fevral 2025
Tel-Afərdə şeir festivalı

Tel-Afərdə şeir festivalı

12:40 21 fevral 2025
# # #