Musiqi sənətimizdə müstəsna xidmətləri olan pianoçu

Musiqi sənətimizdə müstəsna xidmətləri olan pianoçu
3 yanvar 2024
# 11:00

Bu gün Azərbaycanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın doğum günüdür.

Kulis.az Savalan Fərəcovun "Musiqi sənətimizdə müstəsna xidmətləri olan pianoçu-pedaqoq" yazısını təqdim edir.

Ötən əsrin birinci yarısında Azərbaycanda fortepiano məktəbinin inkişafı üçün böyük səy göstərən və yollar açan çox görkəmli pianoçu-pedaqoqlar olub. Onlardan biri də Xalq artisti Kövkəb Səfərəliyevadır.

Kövkəb Kamil qızı Səfərəliyeva 3 yanvar 1907-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Marinski məktəbində orta təhsil alıb, eyni zamanda bir il fortepiano sinfində oxuyub. 1926-cı ildə Musiqi Texnikumunu bitirir və təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirir. Türk qadın seminariyasına işə dəvət olunur. Kövkəb xanım dahi bəstəkar Üzeyir Hacıbəyli ilə tanış olur və uzun illər birgə fəaliyyət göstərirlər. Təhsil illərində Ü.Hacıbəyli onu konservatoriyanın nəzdində fəaliyyət göstərən birinci və ikinci dərəcəli hazırlıq siniflərində dərs deməyə dəvət edir. K.Səfərəliyeva 1926-1927-ci illərdə əvvəlcə təcrübəçi-pedaqoq kimi ümumi fortepiano fənnindən dərs deyir. Sonrakı ildən isə xüsusi fortepiano sinfində məşğələlər aparmağa başlayır.

İstedadlı musiqiçi 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında da təhsilini başa vurur. İki il bu təhsil ocağında çalışdıqdan sonra 1934-cü ildə Azərbaycan Opera və Balet Teatrında konsertmeyster vəzifəsinə dəvət olunur. Bir il burada fəaliyyət göstərir, 1935-ci ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olur, professor A.V.Şaskesanın sinfində təhsilini davam etdirir.

Moskva Dövlət Konservatoriyasının professoru Yakov İsakoviç Milşteyn çıxışlarının birində Kövkəb xanımdan maraqla bəhs edib. Bildirib ki, K.Səfərəliyeva Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biridir. O, həyatda daim milli pianoçuluq sənətinin alovlu nümayəndəsi, yüksək intellektual mədəniyyətə malik həssas musiqiçi-pedaqoqdur.

Görkəmli sənətkar 1936-cı ildə təhsilini başa vuraraq Bakıya qayıdır. Azərbaycan musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbini (indiki Bülbül adına məktəb) yaradır və on beş il (1937-1952) bu məktəbə rəhbərlik edir. Araşdırmalarda K.Səfərəliyevanın elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi və musiqi haqqında məqalələrin müəllifi kimi fəaliyyəti yüksək qiymətləndirilir.

K.Səfərəliyevanın Azərbaycan musiqi mədəniyyətinə gəlişi Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və digər görkəmli musiqiçilərin musiqi təhsili sahəsində intensiv fəaliyyəti dövrünə təsadüf edir. Həyat qavrayışı, yaradıcılıq fəaliyyəti etibarilə əsl milli musiqiçi olan K.Səfərəliyeva bu sahə üzrə kadrların hazırlanmasında, Azərbaycan musiqi sənətinin inkişafında əvəzsiz xidmətlər göstərib. Bu xidmətlərin müqabilində 1972-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. İki il sonra 70 illik yubileyi münasibətilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

Kövkəb Səfərəliyeva 27 iyun 1985-ci ildə Bakıda vəfat edib.

# 1765 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər