Müsəlmanın ən böyük problemi İslam, İslamın ən böyük problemi müsəlmandır

Müsəlmanın ən böyük problemi İslam, İslamın ən böyük problemi müsəlmandır
17 fevral 2025
# 13:55

Kulis.az Ömər Xəyyamın "Müsəlmanların ən böyük problemi İslamdır" yazısını təqdim edir.


Hər dəfə Elşad Mirinin “İslamda filan şey yoxdur”, “Filan şey, əslində, filan şey deyil” başlıqlı qənaətləri, necə deyərlər, gündəmə bomba kimi düşür, qəlpələnir və həm dindarların, həm də virtual əxlaq keşikçilərinin qəzəb balonunu partladır.

Məsələn, onun yeni müsahibəsində merac hadisəsi haqqında dediyi sözlərdən çoxu inciyib. Deyirlər, Elşad Miri yenə hədyan danışır.

Deyirlər ki, Elşad Miri Qərbin layihəsidir. İslami dəyərləri gözdən salır.
Biləsiniz, nə Qərbin, nə Amerikanın, nə də ingilislərin müsəlmançılığı urvatdan salmaq, İslam dinini məhv etmək məqsədi var.

Və əlbəttə, müsəlmanların, ən böyük problemi məhz İslamdır.

Ümumiyyətlə, dünyanın faniliyinə iman gətirmiş insan imperialist gücdən ötrü nə qədər təhlükəlidir?
Düşmən uydurmaq, uydurulmuş düşməndən müdafiə olunmaq məqsədiylə xəyali səngər/sərhəd qazımaq, yəni, gəlməyəni gözləmək mahiyyətini, mövcudluğunu qorumaq üçün cəhalətin özünə atdığı böhtandır.

İnanc sisteminin mexanizmi elə cür qurulub ki, o, zamanla özünü yeyir. Düşmənə ehtiyac yoxdur.


Müqəddəs məqama ucalmaq istəyən nə etməli? Böyük mənada dünyadan, dünya nemətlərindən əlini üzməlidir. O, imtina etməlidir ki, o biri dünyada mükafatlandırılsın.

Mən Məcnunu xatırlayıram. Sevdiyi qadının, özü də, onu dəlicəsinə sevən qadının uğrunda mübarizə aparmaq əvəzinə qupquru səhralarda gəzən o məzlum insanı.
Yəni, qayda-qanunla götürsək, müsəlmanların ümumiləşmiş obrazını.

Doğrudan da, bu dünyanın fani olduğuna inanmış adamın yaratmaq, yeniliklər etmək, inkişaf etmək üçün həvəsi, stimulu olacaqmı?! Yox! Qətiyyən yox! Bu, onun nəyinə lazımdır?! Onsuz da, onu cənnətdə “bakirə hurilər və şərab çayları” gözləyir.

Sufizm yüz illər ərzində bütün Şərqi öz əsarətində saxladı, məişətdən tutmuş ədəbiyyata qədər insan həyatının bütün sahələrinə sirayət etdi. Bunun nəticəsi idi ki, türkdilli və farsdilli Azərbaycan ədəbiyyatı da daxil olmaqla bütün klassik Şərq ədəbiyyatı real həyatdan uzaqlaşdıqca uzaqlaşdı. İlahi sevgilərin tüğyan etdiyi, bülbülün gülü, gülün də xarı sevdiyi, Qeysin “Məcnun” olub səhralarda dolaşdığı və bu sərgərdanlığından, öz mənasız əzablarından mazoxistcəsinə həzz aldığı bir qondarma “dünya”ya çevrildi. Əsrlər boyu Şərq xalqları bu ədəbiyyatın həzin və aldadıcı intonasiyasına məst olub yatdıqca yatdılar, əsrlərin necə gəlib, necə ötdüyündən heç xəbərləri də olmadı.

Təzədən soruşuram, belə bir dini məhv etmək imperialist Qərbin nəyinə lazımdır?
Və yenə özüm cavab verirəm: Necə ki, müsəlmanların ən böyük problemi İslamdır, eləcə də İslamın ən böyük problemi məhz müsəlmanlardır.

Müsəlman nə edir? O inanır ki, “Hər şey Quranda yazılıb”. O bütün enerjisini və zamanını əbcəd hesabı aparıban hansısa rəqəmləri tutuşdurmağa, uyğunluqlar tapmağa, yeni kəşflərin hamısı haqda “Quran”da işarələr olduğunu sübut etməyə sərf edir. Burnu divara dirənəndə isə deyir: “Allah istəsə, hər şey ola bilər, lap dəvə karvanı tikiş iynəsinin deşiyindən də keçər”.

İslam nə edir? İslam dini ehkamlarla ziddiyyət təşkil edən bütün hökmləri küfr hesab edir.

O vaxt Malayziya hökuməti kosmik araşdırmalarla bağlı dövlət proqramı qəbul etmişdi. Plana görə Malayziya fəzaya kosmik gəmi göndərməli idi. Bütün işlər yekunlaşanda isə malayziyalı din qardaşlarımız böyük bir problemlə qarşılaşdılar: onlar kosmosa yollanacaq mütəxəssislərin orda namaz qılarkən qibləni necə müəyyənləşdirəcəkləri məsələsində ilişib qalmışdılar. Məhz bu səbəbdən dövlət proqramının icrası xeyli ləngimişdi. Bütün bunlar sizə zarafat kimi görünə bilər, inanın ki, həqiqətdir. Acı həqiqət, tragikomik film kimi bir şey.

Elşad Mirinin toxunduğu merac məsələsi isə...

Əlbəttə, Buraq Məhəmməd peyğəmbəri Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə gətiribən səmaya qaldırmayıb.

(Buraq - rəvayətə görə, Məhəmməd peyğəmbərin ogecəki minik vasitəsi)

Haman rəvayətə qalsa, əziz müsəlmanlar fərqində olmadan Allaha məkan təyin edirlər; ogecəki isravi yürüşün mahiyyətini dərk etmədən ölçüsüzə ölçü biçirlər.

Fəqət ariflər bilir ki, Merac yerin üstündən göyün üstünə səyahət yox, peyğəmbərin özündən özünə səyahətidir, bir növ, şaquli seyrdir.

Ümumiyyətlə, irrasional fəzada yürümək üçün düşüncəni tərk etmək vacibdir.

Təməl prinsip məhz budur: düşüncəni tərk et...

Yoqanın da, namazın da hikməti eynidir. Fəqət zamanla meditativ mahiyyət dəyişdi, bir növ, vərdişə çevrildi, texnikiləşdi.

Yoxsa həqiqətə çatmağın, - əslində, biz ona çatmışıq, onunla eyniyik, birgəyik, çox vaxt onu ötürük də; "çatmaq" deyəndə, onu idrak etməyi, fərqinə varmağı nəzərdə tuturam. - tək yolu düşüncədən qurtulmaqdır.

Məsələn, "And olsun qaçan atlara..." - sözün enerjisini duymaqdan ötrü, sözdəki enerjinin yerin üstünə, göyün altına özgəliyi haqda, həqiqətin məqamına dair ən mübarək, müqəddəs, nişanverici cümlədir, fəqət bu həqiqəti idrak etməkdən ötrü mütləq və vacibdir ki, düşüncəni tərk edəsən.

Bəs yaxşı, düşüncəni necə tərk etmək olar?

Düşüncəni tərk etməyin birinci mərhələsi, yəni, sizin hələlik etməli olduğunuz İslamla, inamın, imanın qaydaları, əsasları və şərtləriylə bağlı bu vaxta qədər eşitdiyiniz, əzbərlədiyiniz, hətta Elşad Mirinin də dediklərini, yazdıqlarını – tərk etmək, unutmaqdır.

İnanmaq fərdi, intuitiv və intim aktdır.

Fəhmi rabitə qurmaq üçün imam da, kitab da, qiblə də, Hacı Şahin də, Hacı Qamət də, - elə Elşad Miri də tərk edilməli, unudulmalı və təzədən “kəşf” edilməlidir.

Yoxsa siz bir az Hacı Şahinin, bir az Hacı Qamətin, bir az oxuduğunuz bayağı kitabların, hansısa filosofların həqiqətlərinə iman gətirmiş olacaqsınız. Bir növ, onların kəşf etdiyi Allaha inanacaqsınız.
Heç vaxt özünüzün Allahı, özünüzün qibləsi olmayacaq.


Bu dava-dalaş - yəni Elşad Mirilərlə Hacı Şahinlərin dava-dalaşı, əslində, həqiqət üstündə yox, onların oxuduğu, əzbərlədiyi inanc sisteminin kəşf etdiyi, inandığı Allahların forması, mahiyyəti və mənası uğrunda savaşdır.

Bu savaşın faydalı iş əmsalı isə, əlbəttə, sıfırdır!

Tutalım, Elşad Mirinin "İslamda yoxdur" başlığıyla sadaladığı qənaətlər doğru deyilsə, yəni, həqiqətən, İslamda varsa, siz nə qazanırsınız, tutalım, o düz deyirsə, siz nə itirirsiniz? Axı bu dinin, bu Allahın sizin olan heç nəyi yoxdur...
Yaxşı, deyək ki, siz Elşad Mirinin bəhs etdiyi, təqdim etdiyi İslamı, Allahı qəbul etmirsiniz... Axı əvəzində başqa bir Elşad Mirinin, yəni, xarici Elşad Mirinin - olsun, ərəb, fars, türk, ingilis, - fərqi yoxdur, - təqdim etdiyi İslama, Allaha inanırsınız... Sizdən ötrü nə fərqi var?

suallarınız xoşuma gəlsə, ardı da olacaq…

Mərhum yazıçı, əzizim İkinci Mahmudla hələ 2014-cü ildə “Synaps Library” ədəbiyyat layihəsinın manifestini yazanda bu məsələ ilə bağlı ayrıca məqalə dərc etdirmişdik. Ədəbi layihənin dinə münasibətini o yazıda ətraflı qeyd etmişdik, təəssüf ki, indi nə o manifest, nə də o yazı var. Qeyd edim ki, o layihə çərçivəsində iki kitab “Sarışan hallar” və “Bataqlıq donuzu” dərc edilmişdi.

# 2985 dəfə oxunub

Oxşar xəbərlər

Siyavuş Kərimi:  "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

Siyavuş Kərimi: "Mən heç vaxt mahnı satmamışam" - Müsahibə

21:50 20 fevral 2025
Aqşin Yenisey:  "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

Aqşin Yenisey: "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

17:46 20 fevral 2025
"Oskar"ın aparıcıları açıqlandı

"Oskar"ın aparıcıları açıqlandı

17:41 20 fevral 2025
“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

16:39 20 fevral 2025
Ceykob Benda 112 illik orqanla konsert verdi

Ceykob Benda 112 illik orqanla konsert verdi

16:13 20 fevral 2025
Elmi-praktiki seminar:  “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

Elmi-praktiki seminar: “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

15:52 20 fevral 2025
# # #