Musa Urud: "Etiraf edim ki, türk sözünü ilk dəfə ermənidən eşitmişəm" - Müsahibə

Musa Urud

Musa Urud

17 yanvar 2023
# 19:00

Qarabağ münaqişəsinin başa çatmasından sonra Prezident İlham Əliyevin qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalı olması ilə bağlı çıxışları, həmçinin bu istiqamətdə Qərbi Azərbaycan İcmasının yaradılması sözügedən mövzunu daha da aktuallaşdırıb. Ərazi bütövlüyümüzün bərpasından sonra artıq Qərbi Azərbaycan, qərbi azərbaycanlılar, onların gələcək taleyi və tarixi ədalət əsas prioritet məsələdir. Tarix göstərir ki, öz torpaqlarından zor gücü ilə çıxarılan xalqlar zamanla yenidən öz torpaqlarına dönür, yenidən məskunlaşır. Deməli, Azərbaycan üçün də, qərbi azərbaycanlılar üçün də həmin tarixi dövr başlamaqdadır... Məsələnin aktuallığını nəzərə alaraq, əslən Zəngəzur mahalının Sisian rayonunun Urud kəndindən olan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə (şair Musa Urud-red.) Qərbi Azərbaycan haqda həmsöhbət olduq.

Kulis.az Musa Urudun APA-ya müsahibəsini təqdim edir.

– Musa müəllim, bu gün sizinlə Qərbi Azərbaycan barədə danışacağıq. Elə kəndinizlə bağlı xatirələrinizdən başlayaq. Ümumiyyətlə, oranı necə xatırlayırsınız və kəndinizdən nə vaxt çıxmısınız?

– Bildiyiniz kimi, erməni işğalçıları torpaqlarımızdan çıxarıldıqdan sonra, yəni Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə cənab Prezident İlham Əliyev tərəfindən daha böyük bir hədəf qarşıya qoyuldu. Bu da qədim Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin hazırda Ermənistan adlanan öz dədə-baba yurdlarına qayıtmaq imkanlarıdır. Bu, torpağını itirən hər bir şəxs üçün böyük bir stimuldur. Bunu siz cəmiyyətdə doğuran reaksiyadan da görə bilərsiniz.

Mən də Qərbi Azərbaycan ərazisində doğulmuş, böyümüş və yaradıcılığının böyük bir hissəsini bu mövzuya həsr etmiş bir insan kimi bu siyasətdə və proseslərin içərisində olmaqdan məmnunam. Mən 17 yaşıma kimi Qərbi Azərbaycanda – Zəngəzurun Qarakilsə rayonunun doğulub-böyüdüyüm Urud kəndində yaşamışam. Bizim nəslimizin yeddi-səkkiz şəcərəsi də məhz o kənddə doğulub, boya-başa çatıb və elə orada da rəhmətə gedib. Urud kəndi çox qədim və eyni zamanda, Qərbi Azərbaycan bölgəsinin ən məşhur kəndlərindən biri olub. SSRİ dövründə də məşhur kolxozlardan biri kimi şöhrət qazanmışdı.

Təsadüfi deyil ki, düz 11 dəfə “Qırmızı bayraq” mükafatını da almışdı. Yəni qabaqcıl kolxoz kimi də tanınırdı. Kəndimiz Miladdan qabaq formalaşmış kənd olub. Vaxtilə Babəkin döyüşdüyü son qalalardan biri də Urudda yerləşib. Səlcuqların, Osmanlıların və Səfəvilərin dövründə isə qəza mərkəzi kimi tanınıb. Kəndin sovetlər dönəminə qədər mədrəsəsi, məscidi də fəaliyyət göstərib. Yəni mədrəsənin olmağı orada bir mədəniyyətin olmağının da ifadəsidir. Kənddə oxumuş adamlar da çox idi. Heç təsadüfü deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan olan iki parlament üzvünün biri Mirzə Sadıq Axundzadə Urud kəndində doğulub-böyümüşdü. Sonra o, Türkiyəyə gedib, orada da millətçilik yolunda fəaliyyət göstərib və elə orada da vəfat edib.

1988-ci ilin sonlarında – dekabrın 2-də bizim də kəndimizin son günü oldu. Qərbi Azərbaycan torpaqlarındakı 300-ə yaxın yaşayış məntəqəsi kimi bizim kəndimiz də boşaldıldı. Və bütün bunlar, təbii ki, zor gücünə edildi. Bu proses, təxminən, il yarıma yaxın davam etdi. Ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsindən bir neçə ay sonra artıq Qarabağda, Xankəndində müəyyən çağırışlar və etirazlar edilməyə başlamışdı.

Həmin vaxtlar Gəncədə təyinatla işləyirdim. İki dəfə Qərbi Azərbaycan bölgəsinə, kəndimizə getdim, ailəmə baş çəkdim. Və oradakı çətinlikləri öz gözümlə gördüm. Kəndə basqınlar edilir, insanlar qorxudulur, rayon mərkəzinə getməyə qoymurdular və s. Kəndlə rayon mərkəzi arasında işləyən avtobuslar dayanmışdı, yaxud ərzaq mağazaları artıq işləyə bilmirdi – yəni bu cür çətinliklər var idi. Yekunda isə məktəbin bağlandığını, kolxozun dağıldığını elan etdilər. Bu proses bilavasitə Ermənistan SSR-nin planı əsasında həyata keçirilirdi. Beləliklə, 1988-ci ilin dekabrın 2-də Urud kəndi tamamilə boşaldıldı.

Deyirsiniz, Urudu necə xatırlayıram? Mən, əslində, kəndimizi 3 cür xatırlayıram: birincisi, doğulub-böyüdüyüm və 17 il yaşadığım, həmçinin 1988-ci ilə qədərki hadisələri görüb yaşadığım kənd kimi. Yəni sakit, hüzurlu, rahat, havası-suyu təmiz, yaşıllığa bürünmüş kənd kimi. Tale elə qismət elədi ki, mən 2006-cı ildə Qərbi Azərbaycan bölgəsinə, kəndimizə gedə bildim. İrəvanda beynəlxalq bir tədbirdə iştirak edirdim. Elə oldu ki, kəndimizə getmək şansım oldu. Getdim, kəndimizdə video və fotoşəkillər çəkdim, kitab yazdım, kitab xarici dillərə tərcümə edildi, dünyanın müxtəlif ölkələrində nümayiş olundu. Bu səfərimdə kəndimizi başqa cür gördüm: çünki artıq kəndimizdə qədim türk əhval-ruhiyyəsindən əsər-əlamət qalmamışdı. Bunu kitabda da yazdım ki, mən kəndimin qəbrini görən bir adamam. Bütün qəbirlər, o cümlədən mənim atamın, babamın, dayımın - bütün qohumlarımın qəbri dağılmışdı. Düzdür, qəbiristanlıqda çəkilişə icazə vermədilər, amma bu mənim üçün böyük bir şok idi, ağrı idi. O səfər zamanı evimizdə də oldum. Olduqca ağır hisslər yaşadım ki, bunu kitabımda da yazmışam.

– Kitabdan söz düşmüşkən, həmin kitabda evinizdə məskunlaşan erməni ilə xalça barəsində dialoqunuz var.

– Bəli, bu çox unikal bir hadisə və dialoq idi. Bu, hər adamın qismətinə düşə biləcək bir şey deyil. Mən orada olduqca fərqli hisslər yaşadım. Onu yaşamaq ayrıdır, yazmaq, demək çətindir. Bizim ev həmişə qonaq-qaralı ev olub. Bu qonaqlar içərisində ermənilər də olurdu. Yadımdadır, kənd evlərinin hamısında dəmir darvazalar olurdu. Ermənilər bizim evlərə gələndə bizi “xozeyn, xozeyn” – deyə çağırardılar. İllər sonra eyni şeyi mən yenə də yaşadım. Evimizə getdim, evdə yaşayan ermənini hələ görmədən ikinci mərtəbəyə qalxdım. Videoçəkilişə başlayan zaman mənimlə gedən erməni evdə yaşayan ermənini “xozeyn, xozeyn” – deyə çağırmağa başladı. Məndən asılı olmadan elə bildim ki, yenə də məni çağırırlar. Yəni ev sahibi kimi. Eyvana çıxanda qəfildən ağlıma gəldi ki, axı evin “xozeyn”i artıq mən deyiləm... Bu çox ağır hissdir.

Dediyiniz dialoqdakı erməni isə vaxtilə Bakıda çəkməçi işləyibmiş. Mən ona “salam” verdim, mənim salamımı almadı. Qocalmış, iki gözündən də məhrum olmuş faciəvi həyatı olan biri idi. Məlum oldu ki, bunun oğlu Qarabağdakı döyüşlərdə öldürülüb. Ona görə də Azərbaycanca verilən salamı almayıb. Məndən soruşdu ki, sən kimsən, nəyə gəlmisən? Mən də dedim ki, mən bu evin sahibiyəm, artıq sülhə doğru gedirik, müharibə bitib. Hamının öz yerinə qayıtması üçün hökumətlər qərar verir. Mən gəlmişəm öz evimə, sən də gedib Bakıdakı evində yaşaya bilərsən. Dedi ki, yox, yox, gedə bilmərəm, məni orada öldürərlər. Soruşdum ki, Bakıda nə qədər yaşamısan? Dedi ki, orada doğulmuşam, 60 il yaşamışam.

– Siz onunla hansı dildə danışırdınız?

– Azərbaycan dilində. Çox yaxşı da danışırdı. Mən ona dedim ki, 60 il qorxmamısan, amma indi niyə qorxursan, səni öldürərlər? Dedi ki, ara, onda başqa zaman idi, indi başqa. Yəni burada da erməni saxtakarlığı görünür. O, Bakıdan köçüb gedəndə bütün əşyalarını da aparmışdı, amma bizim əşyalarımız elə evdə də qalmışdı. Hətta mən orada olanda vaxtilə işlətdiyimiz bütün məişət əşyalarını indi ermənilərin işlətdiklərinin şahidi oldum. Bütün bunlar ermənilərin bu xəyanəti planlı şəkildə həyata keçirdiklərini göstərir. Bizimsə buna qarşı heç bir hazırlığımız yoxdur.

– Musa müəllim, deyirsiniz ki, bizim bu plana qarşı heç bir hazırlığımız yox idi. Əsrin əvvəllərində də Qərbi Azərbaycan bölgəsindən bunun kimi deportasiya prosesləri həyata keçirilmişdi, həmçinin zamanla müxtəlif münaqişələr də olmuşdu. Bütün bunlardan sonra niyə hər hansısa bir hazırlıq yox idi?

– Nə hazırlıq ola bilərdi ki? Sovet hökuməti var idi, təşkilatlana bilməzdik. Sən Ermənistanda yaşayırsan, erməni vətəndaşısan. Silahlana da bilməzsən. Mümkün deyil.

– Bəs qorxu var idimi?

– Sizə deyim ki, yox, qorxu da yox idi. Yəni bizim gördüyümüz tərbiyə elə idi ki, bizdə qorxu da yaranmırdı.

Xatırlayıram, ikinci, ya üçüncü sinifdə oxuduğum vaxtları ilk dəfə kənddən rayon mərkəzinə getmişdim. Tək idim, özümə dəftər-qələm alacaqdım. Qayıdanda avtobusda bir erməni əllərini mənim çiynimə qoyub soruşdu: “Hayes, turkes?” Mən etiraf edim ki, türk sözünü ilk dəfə ermənidən eşitdim. Bu bizim üçün faciədir. Mən ona cavab vermədim. Çünki sözün mənasını başa düşmədim. Səhəri gün müəllim bizdən bazar günümüzü necə keçirməyimizlə bağlı soruşdu. Mən də başıma gələni olduğu kimi danışdım. Müəllim mənə dedi ki, deyərdin ki, mən nə hayam, nə də türk. Mən azərbaycanlıyam. İzah da elədi ki, hay erməni deməkdir. Bu hadisəni evdə babama da danışdım, üstəlik, müəllimimin də dediklərini dedim. Babam müəllimin sözünə çox əsəbiləşdi, çəliyini yerə vurub dedi ki, müəllimin qələt edir, sən deməli idin mən türkəm. Bu hadisədən sonra babam mənə Nuru paşadan və ümumiyyətlə türklərdən danışmağa başladı. 1918-ci ildə kəndimizin camaatının başına Andranikin açdığı oyundan, Sisian rayonunun 115 Azərbaycan kəndini dağıdıb talamasından danışdı. Biz daha sonralar araşdırdıq, oxuduq ki, həmin ərəfələrdə 50 min azərbaycanlı oradan qovulub, 10 mindən çox adam qətlə yetirilib. Yəni biz bunları müstəqillik dövründən sonra bildik. O vaxt babalarımız bunları nədənsə bizə danışmaqdan çəkinirdilər. Yəni kimsə desə ki, biz Sovet dövründən türkçü, millətçi olmuşuq, mən razı deyiləm, çünki bunu görməmişəm. Bu baxımdan, hazırlığın olması bir az real səslənmir. Lakin bəzi müdrik adamlar 70-ci illərdən sonra artıq dəbdəbəli evlər tikmirdilər, deyirdilər ki, onsuz da ermənilərə qalacaq. Amma düşünürəm ki, görünür, biz bu günləri yaşamalı idik ki, geriyə dönəndə orada daha möhkəm məskunlaşaq.

– Məktəblərdə Azərbaycan dilinə münasibət necə idi?

– Heç bir problem yox idi. Məktəblərdə bütün dərslərimizi Azərbaycan dilində keçirdik. Mən 1978-ci ildə məktəbi bitirdim, sonuncu qızıl medal alan da mən oldum. Bura qədər bizdə erməni dili keçirilmirdi. 80-ci illərdən başlayaraq artıq erməni dili də tədris olunmağa başladı. Bizə qədərki dönəmdə isə hər şey yaxşı idi, müəllimlərimiz savadlı, dərslərimizin də səviyyəsi yuxarı idi. Hər il kəndimizdə orta məktəbi qurtaranların yarısı ali məktəbə daxil olurdu.

– Musa müəllim, kəndin daxilində ermənilərlə münasibət hansı formada idi? Dinc idimi, ya münaqişələr olurdumu?

– Bizim kənddə ermənilər yaşamırdı. Heç vaxt da yaşamayıb. Amma qonşu Vağadi kəndi qarışıq kənd idi. 1918-ci ilə qədər orada da ancaq azərbaycanlılar yaşamışdı. 1918-ci ildə azərbaycanlılar oradan qovuldu, haradasa 5 ildən sonra qayıda bildilər. Və o zaman artıq ermənilər də orada məskunlaşmışdı. Ümumiyyətlə, Qərbi Azərbaycan, Sisian rayonunda 1918-ci ilə qədər 115 azərbaycanlı kəndi olmuşdu, onlardan yalnız 11-i sonradan qayıtmışdı. Qalan kəndlər ya dağılıb getmiş, yaxud da erməniləşdirilmişdi. Bu proses Zəngəzurun digər rayonlarında da – Qafanda, Gorusda, Mehridə də aparılmışdı.

Qarışıq kəndlərdə ermənilərlə azərbaycanlılar arasında görünən bir düşmənçilik yox idi. Onların bizə yuxarıdan aşağı baxmasını da, açığı, hiss etmirdim. Ola bilsin ki, hökumət səviyyəsində hər hansısa fərqlər qoyulurdu, amma əhali arasında bunu hiss etmirdim.

– Qərbi Azərbaycan bölgəsində kəndlərin adlarının dəyişdirilməsi prosesi də olmuşdu. Sizin kəndinizin də adı dəyişdirilmişdimi?

– Bəli, bu proses 60-cı illərdən başladı, 1968-ci ildə isə çox geniş vüsət aldı. Bilirsiniz, Qərbi Azərbaycan ərazisində bizim toponimlərin dəyişdirilməsi bir neçə mərhələdə baş verib: ilk dəfə ötən əsrin 20-ci illərinin sonunda, sonra 40-cı illərdə, 68-ci ildə və nəhayət, 90-cı illərdə. Kəndlərin adlarının dəyişdirilməsi, kolxozların sovxozlaşdırılması adı ilə Qərbi Azərbaycan kəndlərinin erməni kəndləri ilə birləşdirilməsi və rəhbərlərinin ermənilərdən təyin olunması, dediyimiz kimi, 60-cı illərdən başladı. Məsələn, 3 Azərbaycan kəndini bir erməni kəndinə birləşdirirdilər, rəhbərini isə erməni qoyurdular. Bizim kənd 1961-ci ildə qonşu kəndə birləşdirildi, amma sonradan camaat etiraz elədi və ayrıldı. Kəndin adı Urud olaraq qaldı. Adını 1968-ci ildə Vorotan olaraq dəyişmişdilər, amma kənd camaatı bunu qəbul etmədi. Kəndimizin içindən Bazarçay axırdı, bu çay bütün Sisian və Gorus rayonun ərazisindən keçir. Bazarçayın adını Vorotan qoymuşdular, buna görə də bizim kəndin də adı belə dəyişdirildi. Həmçinin Gorusun Şahverdilər kəndinin də adı eynilə Vorotan qoyulmuşdu. Amma kolxozun adı olduğu kimi saxlanılmışdı. Çünki bunu kənd camaatı özü müəyyən etmişdi. Mən 2006-cı ildə kəndimizə qayıdanda ermənilər mənim haradan olduğumu soruşanda Uruddan olduğumu demişdim.

– 2006-cı ildəki gedişinizdə oradakı adamların sizə münasibəti necə idi?

– Normal münasibət gördüm. O vaxt Koçaryan hakimiyyətdə idi və “Xalq diplomatiyası” adlı bir oyun ortaya atılmışdı. Özlərini və xalqı inandırdılar ki, guya status-kvo dəyişməyəcək və biz də bu halla barışacağıq. O səbəbdən, gediş-gəlişlər olacaq. Yolboyu irəvanlı bir deputat da məni müşayiət edirdi. Xatırlayırsınızsa, jurnalistlərimizin də oraya səfəri oldu. Həmçinin Qarabağdan olan ziyalılarımız da ora aparılmışdı. Yəni ortada bəlli bir niyyət var idi, o da baş tutmadı.

2012-ci ildəki gedişimdə isə İrəvanda hoteldən bayıra çıxmağa belə icazə vermədilər. Vəziyyət dəyişmişdi, üstəlik, ona qədər artıq birinci səfərimlə bağlı kitab da çap olunmuş, yayılmışdı.

– Musa müəllim, Qərbi Azərbaycan torpaqlarında, əhalinin qarışıq olduğu kəndlərdə ermənilərlə qız alıb qız vermək kimi proseslər olurdumu?

– Mən Qərbi Azərbaycan bölgəsini, xüsusən Zəngəzuru dərindən tədqiq eləmiş biriyəm. Tədqiqatdan çıxan nəticə budur ki, Ermənistan SSRİ-nin tərkibində olduğu 70 il müddətində – 1920-1988-ci illəri nəzərdə tuturam – cəmisi 40-a yaxın azərbaycanlı erməni qadınla evlənib. Və bir nəfər də olsun, azərbaycanlı qadın erməniyə ərə getməyib. Baxmayaraq ki, iç-içə yaşayan kəndlər var idi, onlar arasında hətta kirvəlik münasibətləri də olurdu, amma, dediyim kimi, bir nəfər də olsun, azərbaycanlı qadın erməniyə ərə getməyib. Bəlkə də, millət öz qanını o millətin qanına qatmaq istəmirdi.

– Bəlkə, bunu İslam dininin tələbi ilə bağlayaq?

– İnanmıram. Çünki Sovet dövründə dinin o qədər də böyük rolu yox idi. 1918-ci ildəki etnik təmizləmə oldu, 1922-ci ildə biz Qərbi Azərbaycan bölgəsinə qayıdanda məscidləri bərpa eləməyə qoymadılar. Məsələn, Zəngəzurda, demək olar ki, məscid yox idi. Yəni o dövrdə dərin dini etiqad yox idi. Bu, milli məsələ idi. Hər hansısa bir kənddən kiminsə erməniyə ərə getməsi, yaxud oradan qız alması təqdirdə o adamı, az qala, kənddən çıxarardılar. 40-a yaxın olan evlilik isə yalnız rayon mərkəzlərində olan o qarışıq kəndlərə aid idi. Hətta mən onların adlarını da axtarıb tapmışdım.

– Tamamilə sakit, münaqişəsiz dövrlərdən söhbət gedir. Həmin vaxtlarda Qərbi Azərbaycan torpaqlarında erməni və Azərbaycan ailələri arasında olan məişət münaqişələrinin milli münaqişələrə yol açması kimi hallar olurdumu?

– Bəli, olurdu. Biz özümüz də elə bir neçə dəfə ermənilərlə davalar etmişik. Adicə futbol oynayanda davalar elə böyüyürdü, ailələrin, hökumətin belə bu münaqişələrə qarışdığı olurdu. Yadıma gəlir, 70-ci illərin sonunda bir azərbaycanlı oğlanın təsadüfən Novruz bayramı zamanı əlində tüfəng açılmışdı və erməni ölmüşdü. Bu qəsdən olmamışdı. Amma o ailə məcburən kənddən köçdü, səhv eləmirəmsə, Abşeronun Saray qəsəbəsində məskunlaşdı. Çünki qan davası dərinləşə bilərdi.

– Musa müəllim, Qarabağdan gələn məcburi köçkünlərə hökumət tərəfindən bir sıra imtiyazlar verilib, yardımlar göstərilmişdi. Amma Qərbi Azərbaycan bölgəsindən, öz ata-baba yurdlarından qovulanlar üçün bu cür imtiyazlar, güzəştlər tətbiq edilməyib. Yaz sessiyasında bununla bağlı qanun layihəsi hazırlana bilərmi?

– Təbii ki, belə bir təkliflər də ola bilər, həmçinin qanunvericiliyə də dəyişiklik də edilə bilər. Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin statusu haqqında olan qanuna da yenidən baxıla bilər. Amma düşünürəm ki, bütün bunlar əsas hədəf olmamalıdır. Bizim əsas hədəfimiz geri dönmək məsələsidir. Cənab Prezidentin də dediyi kimi, konsepsiya hazırlanmalıdır. Yəni yenidən dövlətin sosial yükünü artıran qərarların qəbul olunmasını heç də məqsədəuyğun saymıram. Yenə də deyirəm, əsas o insanların təşkilatlanması – bu proses artıq icma ətrafında aparılır – və hədəf Qərbi Azərbaycan torpaqlarına qayıdış məsələsidir. Eyni zamanda, paralel olaraq, bunu dünya ictimaiyyətinə çatdırmaq da lazımdır. Biz dövlətin gücünü Qərbi Azərbaycan ərazisinə qayıdacağımız təqdirdə görüləcək abadlıq və yenidən qurma işləri üçün saxlamalıyıq. Çünki bunları ermənilər bizim üçün etməyəcək. O baxımdan, bu gün hər hansısa bir müavinət və imtiyazdan danışmağı ciddi sosial sifariş kimi görmürəm.

– Qərbi Azərbaycan torpaqlarından gələn azərbaycanlılar təkcə Azərbaycanda deyil, həm də keçmiş postsovet ölkələrində Azərbaycana qonşu ölkələrdə məskunlaşıb. Onların statistikası mövcud deyil. Postsovet məkanında və qonşu ölkələrdə məskunlaşan, Qərbi Azərbaycan ərazisindən olanların statistikasını aparmaq üçün hansı mexanizmdən istifadə edilə bilər? Milli Məclis bu işdə iştirak edə bilərmi?

– Əlbəttə. Qərbi Azərbaycan İcmasında da bilirsiniz ki, böyük işlər gedir, müxtəlif qruplar və komissiyalar yaradılır. Biz əvvəlcə müəyyən suallara cavab verməliyik: Qərbi azərbaycanlı kimdir? Bu ad kimlərə şamil olunmalıdır? Qərbi Azərbaycan ərazisinə kimlər qayıtmalıdır və s. Əsrin əvvəllərindən bu yana Qərbi Azərbaycan bölgəsindən 4 dəfə deportasiya prosesi həyata keçirilib. Dinc dövrlərdə isə gizlin formada deportasiyalar davam etdirilib. Məsələn, ali təhsil almaq üçün Bakıya gələn azərbaycanlılar sonradan oraya qayıda bilməyib, çünki qayıtmağa şərait yaradılmayıb. Elə biri mən özüm: bizim kənddə 25 çarpayılıq xəstəxana var idi, amma mənim orada işləməyimə şərait yaradılmadı. Dedilər, Qərbi Azərbaycan ərazisində işləmək mənasızdır, çıx get Azərbaycana. Bircə müəllimləri işə götürürdülər, bu da məcburiyyət idi. Bir də qismən kənd təsərrüfatı sahəsinə aid işçilər. Qalan digər kadrlar sıxışdırılırdı.

Dediyim kimi, birinci növbədə, bu kimi suallara cavablar tapılmalıdır. Məsələn, elə ola bilər ki, kimsə babasının yurduna qayıtmaq istəsin. Bu hüquq var, amma bu hüquq hansı qaydada həyata keçirilməlidir kimi suallar ətrafında düşünməli və bu yöndə addımlar aparılmalıdır. Və eyni zamanda, Azərbaycandan kənarda yaşayanları varsa, diasporlar, səfirliklərlə əlaqəli formada bunlar da araşdırılmalıdır. Hesab edirəm ki, bütün bu işlər zamanla öz həllini tapacaq. Cənab Prezidentin dediyi kimi, geniş bir elektron platforma da yaradılacaq. Bu platformanın da sözügedən prosesə ciddi töhfəsi olacaq. Yenə də təkrar edim ki, biz əsas 1988-ci ildəki deportasiya edilmiş adamların və ailələrin oraya qayıtmasını, eyni zamanda, 1948-1953-cü illərdə Sovet hökumətinin qərarı ilə məcburən köçürülən ailələrin və onların sonrakı nəsillərinin geri qaytarılmasına diqqəti yönəltməliyik. Çünki SSRİ dövründə bir neçə xalqa qarşı ədalətsiz hökumət qərarları olmuşdu: çeçenlər və inquşlar, krım tatarları, məshəti türkləri ilə bağlı və s. SSRİ hökumətinin sonlarında onlar bəraət alaraq geri döndülər, həmçinin təzminat da aldılar. Amma bu, azərbaycanlılara şamil edilmədi, halbuki 10 min nəfər Qərbi Azərbaycan bölgəsindən köçürülmüşdü. Guya ki, Mil-Muğan düzündə işçi qüvvəsi çatışmır deyə əhali oraya köçürülməlidir. Və Ermənistana guya xaricdən ermənilər gəlmək istəyir. Tamamilə mənasız bir şey idi. Mil-Muğan düzündə pambıqçılığı inkişaf etdirmək üçün əhalini zorla köçürməyə nə ehtiyac var? Hələ o adamlar dağlıq ərazidə yaşayan adamlar idisə... Ona görə o adamların əksəriyyəti xəstəlik tapdı, vəfat elədilər. Bu, bir növ, həm də genosid idi. Ermənistana Suriyadan, İrandan az sayda erməni gəldi, gördülər ki, burada deyilən şərait yoxdur. Aclıq, səfalət baş alıb gedir. Nəticə etibarilə hamısı qayıdıb getdilər.

Mən sizə bir şeyi də deyim ki, indiyə qədər Qərbi Azərbaycan, Qərbi Azərbaycan mədəniyyəti ilə bağlı ədəbiyyat və tarix önə çıxmışdı. Bundan sonra isə diplomatiya və siyasət hüququ önə çıxmalıdır. Bu günə qədər yazmışıq, bayatılar qoşmuşuq, sazla-sözlə ifadə eləmişik. Amma bundan sonra proses başqa cür davam etdirilməlidir.

Dünyada deportasiya məsələsinə 4T prinsipi tətbiq olunur: Tanımaq, Tanıtmaq, Təzminat, Torpaq. Birinci özün tanıyırsan, biz bu mərhələni artıq keçmişik. Biz artıq ikinci mərhələyə başlamalıyıq. Bunun üçün diplomatiya və hüquq önəmlidir. Bu mərhələdə, dediyim kimi, şairlərə, saz-söz əhlinə artıq ehtiyac yoxdur. O baxımdan, Qərbi Azərbaycan İcması ətrafına da daha çox xarici dil bilən, tariximizdən xəbərdar gəncləri səfərbər etməliyik. Və təbliğat elə ölkələrdə başlamalıdır ki, həmin ölkələr ya bizə doğma münasibət bəsləsin, yaxud da loyal. Məsələn, bu gün bu təbliğatın Fransada aparılması əhəmiyyətsizdir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi, MDB ölkələrindən başlayıb bu məsələni dünya ictimaiyyətinə çatdırmalıyıq.

– Artıq Qərbi Azərbaycan torpaqlarından olanların qayıdışı ilə bağlı İşçi Qrup yaradıldığını dövlət başçısı bildirib. Sizin İşçi Qrupuna hansısa təklifləriniz olubmu?

– Əslində, mənim sadaladıqlarım da bu təkliflərin bir qismidir. Bu işçi qrupu konsepsiyanın hazırlanması üçündür. Cənab Prezidentin də dediyi kimi biz bu gündən artıq hamımız qərbi azərbaycanlı olmalıyıq. Yəni oraya qayıdış milli məsələdir. Qərbi Azərbaycan torpaqlarına qayıdış tarixi dövlətçilik məsələdir. Və bu təkcə qərbi azərbaycanlıların problemi deyil. Necə ki 30 il hamımız qarabağlı olduq və hamımız səfərbər olduq, bu məsələdə də eyni birliyi göstərməliyik

– Ermənistan parlamentinin sədri Alen Simonyan bu yaxınlarda çıxışı zamanı bildirdi ki, Qərbi Azərbaycan torpaqlarından olanların o ərazilərə qayıtması real deyil. Olsa belə, bir şərtlə ola bilər ki, ermənilər də Bakıya, Sumqayıta qayıtsın.

– Bu, təzə söhbət deyil. 2000-ci ilin əvvəllərində ermənilər Azərbaycan Erməniləri Assosiasiyası adlı təşkilat yaratdılar. Və o təşkilat dünyada artıq işini görmüş təşkilatdır. Amma bu şeylər prosesdən asılı olacaq. Bizim iddiamız gedib orada məskunlaşan erməni ailəsini evindən çıxarmaq deyil. Ermənilərin də qayıtmaq fikri olacaqsa, haradasa boş yer taparlarsa, gəlib məskunlaşa bilərlər. Əgər ermənilər Qarabağda kompakt formada yaşayırlarsa, azərbaycanlılar da Qərbi Azərbaycan ərazisində kompakt formada yaşama hüququna malikdirlər. Əgər ermənilər Azərbaycanın hər yerində yaşamaq iddiasını irəli sürəcəklərsə, biz baxacağıq, iddia qəbul olunacaqsa, biz də o iddianı irəli sürəcəyik. Amma mən real hesab etmirəm ki, erməni gəlib burada kimisə evindən çıxarıb yaşasın, yaxud azərbaycanlı gedib İrəvanda kimisə evindən çıxarıb yaşasın. Mən 2006-cı ildə orada olanda yolboyu Azərbaycan kəndlərinin 90 faizində yaşayışın olmadığını gördüm. O cümlədən, mənim doğulduğum 120 evlik Urud kəndində cəmi 40 evdə yaşayış var idi, çoxu da yaşlı adamlar. Mənim indi atamın, babamın evi boşdursa, gedib orada yaşaya bilərəm. Buna görə hesab edirəm ki, biz konsepsiyamızda da bunu düşünməliyik.

– Son olaraq, Qərbi Azərbaycan İcması və onun fəaliyyəti barədə də bir az danışaq. Hansı ki bir neçə gün öncə Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə tələb irəli sürdü.

– Belə tələblər çox olacaq. Bu, yalnız başlanğıcdır. Bu, eyni zamanda, BMT-yə ünvanlanmış tələbdir ki, bizim geri dönmək haqqımız var. Ermənistan hökuməti buna adekvat reaksiya bildirməlidir. Əgər bizim geri qayıtmağımıza icazə verilməzsə, səbəbi göstərilməlidir. Cənab Prezidentin də dediyi kimi, biz bunu sülh yolu etmək istəyirik. Əgər ermənilər bunu təmin etməsələr, o zaman özlərinin düşmən münasibətini bir daha nümayiş etdirmiş olacaqlar. Onlar düşünməlidir ki, bölgədə bu qədər uzun müddətdə düşmənçilik münasibətində yaşamaq mümkün deyil. Bütün müharibələr sülhlə bitir. Artıq Qarabağ məsələsi də sülhlə bitib, böyük sülh isə, yəqin ki, bu il içində reallaşacaq. Azərbaycanın suverenliyini ermənilər Praqadakı bəyanatlarında tanıyıblar. Növbəti addım kommunikasiyaların açılması, əlaqələrin qurulması, əməkdaşlığın başlanması olacaq. Bunun üçün düşmənçilik münasibətlərin, millətlərarası gərginliyin yumşaldılması üçün azərbaycanlıların ora dönməsi lazımdır.

# 1998 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #