Mopedlər, motosikletlər, keçilər - Vüsal Bağırlı

Mopedlər, motosikletlər, keçilər - Vüsal Bağırlı
11 yanvar 2024
# 15:40

Kulis.az Vüsal Bağırlının "Mopedlər, motosikletlər, keçilər" adlı yeni yazısını təqdim edir.

İnternet dövrünün, onlayn sifariş xidmətlərinin tələbiylə şəhərdə mopedlərin, kiçik motominiklərin, motosikletlərin sayı birə yüz artıb.

Arxasında dördbucaq qutular olan kaskalı sürücülər ağır tonnajlı avtomobillərin, yük maşınlarının, avtobusların yanından milçək vızıltısı ilə o tərəf, bu tərəfə ötür, asfalt üzərində "ziqzaq yazaraq" elə hey harasa şütüyür, tıxaclardan çıxmaq üçün min hoqqadan çıxırlar. Gah özlərini maşınların arasındakı dar yerə soxur, gah səkiyə dırmaşır, gah da müştəri uğrunda bir-birləri ilə ralli ötüşünə çıxırlar.

Məqsədə çatmaq, mənzil başına yetmək naminə sırtıq, üzlü adamlar kimi hər vasitəyə əl atır, hər yerə dürtülürlər.

Nəhəng dinozavrlar - avtobus, yük avtomobili, kamaz, betonqarışdıran maşınlar - arasında vızıltılı həşəratları xatırladan trafikin bu yeni, xırda və hərəkətli sakinləri basabas, tıxaclı paytaxt yollarında təhlükəli manevrlər edir, həyatla ölümün kövrək sərhəddi boyu daim yarışırlar.
Uşaq vaxtı motosikletlər bizim üçün ekzotik, qeyri-adi nəqliyyat vasitəsi hesab olunurdu. Onlar az idilər. Lap az. Yol kənarında motosiklet gördükdə tez yaxına gəlir, maraqla, həsədlə onun "T" formalı sükanına, spidometrinin sürət həddinə, təkərlərinə baxır, yaxın-uzaq, ön-arxa hər rakursdan tamaşa edirdik.

Motosikletçinin kombinzonu kosmonavt geyimini, sfera kaskası skafandrı xatırladırdı. Ətrafda adam görmədikdə, gizlincə ora-bura boylanaraq, xəlvəti yaxınlaşır, motosikletin belinə minir, "trrnnnn" edib, cır səsimizlə sürməyi imitasiya edirdik.

Amma müasir dövrün öz tələbləri var. İndi hər tərəf motosiklet, moped, skuterlərlə doludur. Yollarda, şosselərdə, hətta, piyada səkilərində belə onlarla rastlaşmaq mümkündür. Bakıda onlar yüzlərlə, bəlkə də, minlərlədir. Belə minik vasitələri artıq nadir nüsxə deyil, adi qəbul olunur, dövrün onlayn xidmət zərurəti, tıxaclardan asanlıqla yayına bilmə qabiliyyəti ilə vacib nəqliyyat vasitəsinə çevirilirlər.

Motosikletlər evlərə sifariş daşıyır. Vaxt isə puldur, sifarişlər müştəriyə mümkün qədər tez çatmalıdır. Restoran, kafe rəhbərliyi motosikletlçini tələsməyə məcbur edirlər. Azğın sürət isə qəzalar törədir. Saytlar, social şəbəkələr isə belə xəbərləri tirajlayırlar.

Son bir-iki ayda, ikisi ağır xəsarətlə nəticələnmiş altı motosiklet qəzası ilə qarşılaşmışam. O gün dördüncü mikrorayon dairəsi ətrafında daha birinin şahidi oldum.

Bu dəfə əhvalat qəhrəmanı isə özüm idim.

Səkidə addımlayarkən arxadan gələn şiddətli dırıltı səsi məni tullanmağa vadar etdi. Təkərin altında qalamamaq üçün özümü kənara atdım və kolluğa yıxıldım. Motosiklet vızıltı və vıyıltı ilə yanımdan ötüb, gəldiyi sürətlə də döngəni buruldu. Hadisənin şokundan çıxınca, əl-qolumu yoxladım. Yüngül sıyrıntılarla qurtulmuşdum.

Elə üst-başımın tozunu təzəcə çırpmağa başlamışdım lo, bu an uzaqdan metalın metala sərt toxunuş səsi eşidildi.

Hadisə yerinə çatanda nə görsəm, yaxşıdır?

Bayaq altından güclə qurtulduğum həmin motosiklet iri gövdəli cipə çırpılıb. Xoşbəxtlikdən yenə ciddi bir şey baş verməmişdi. Motosikletçi yüngül xəsarətlərlə qurtulmuş, bahalı avtomobil isə azacıq əzilmişdi.

***
Keçilər ağıllı və cəsarətli heyvanlardır. Heyvanın bu xarakteri oun həmişə qoyun sürüsünə başçı edir. O axtarır, daim kəşfiyyatdadır. Keçi ən yaxşı otlaqları, ən doyumlu çəmənlikləri tapmağı bacarır. Bu işin sənətkarıdır.

Amma bunun başqa riskləri də var. Yem tapmaq naminə hara gəldi burnunu soxan, yarğanlardan tullanan, zirvələrə dırmanan keçi bəzən büdrəyir, müvazinətini itirir və qayanın üzərindən kəllə-mayallaq uçurumun birbaşa dibinə yıxılır.

Bu zaman, qarşısıalınmaz proses, zəncirvari reaksiya baş verir. Digər zavallı qoyunlar da başçının ardınca, özlərini bir-bir qayadan yerə atırlar. Əgər çoban müdaxilə etməsə, sürü tamamilə məhv ola bilir.

O gün buna bənzər bir hadisə, 28 May-da, mən yolu keçərkən yaşandı. Səkidə dayanmışdım. Tək mən deyil, mənimlə bərabər bir dəstə adam da işıqforun icazə işığını gözləyirdi.

Qəflətən, yeniyetmə bir oğlan işıqforu-filanı nəzərə almadan, tullana-tullana özünü intensiv hərəkət zolağının tən ortasına atdı. Qaça-qaça gəldiyi kimi, qaça-qaça da yolu adladı. Fit çala-çala uzaqlaşdı.

Yanımda dayanmış qulaqlıqlı bir neçə gənc qız oğlanı görüb himə bənd, hipnoz vəziyyətdə onun dalınca düşdülər. Kor-koranə. Lap keçi-qoyun əhvalatında olduğu kimi.

Bu zaman sürətlə şütüyən avtomobillərdən biri qızları əzməmək üçün yana buruldu. Digəri siqnal verib sola meyilləndi. Avtobus sürücüsü çaşıb az qaldı, bizi basıb əzsin. Ətrafda baş verənlər, vur çatlasın isə qızların heç vecinə də deyildi. Musiqi dinləyə-dinləyə, saqqız çeynəyə-çeynəyə yolu adlayıb keçdilər və parka tərəf addımladılar.

# 2042 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

16:32 27 dekabr 2025
Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

16:00 27 dekabr 2025
Qazax rejissorun serialını yayım platformaları rədd etdi

Qazax rejissorun serialını yayım platformaları rədd etdi

15:30 27 dekabr 2025
Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

14:00 27 dekabr 2025
"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

13:30 27 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər