Mirzə Cəlil ölümlə üz-üzə olanda o qadını sevmişdi – Reportaj

Mirzə Cəlil ölümlə üz-üzə olanda o qadını sevmişdi – Reportaj
25 may 2022
# 09:00

Kulis.az Mehdi Dostəlizadənin Cəlil Məmmədquluzadənin ev muzeyindən yazdığı reportajı təqdim edir.

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.

(“İnna lillahi və inna ileyhi raciun, “Molla Nəsrəddin”, 29 noyabr, 1924)

Təzəpir məscidinin yanından keçib Cəlil Məmmədquluzadənin ev-muzeyinə tərəf gedəndə bu felyetonu xatırladım. Binanın girişində dayanıb Mizə Cəlilin xatirə lövhəsinə bir qədər baxandan sonra, içəri keçib pilləkənləri qalxmağa başladım. Qalxdıqca tövşüyür, təngnəfəs olurdum, bu da məni Mirzə Cəlilin bu pilləkənləri necə qalxdığını düşünməyə vadar edirdi. Ağlıma heç nə gəlmədi, yəqin ki, bir müddət qalandan sonra öyrəşib. Zarafat deyil, Mirzə Cəlil düz 12 il bu evdə yaşayıb, pilləkən qalxmaq üçün immuniteti formalaşıb.

Axırıncı mərtəbəyə çatanda divarda yazıçının məşhur ifadəsinin yazıldığını gördüm: “Sizi deyib gəlmişəm...”.

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.

Mən bu ev-muzeyi ziyarət edəndən sonra hansısa dərvişin nağılına qulaq asmağa, hansısa hamamda yatmağa və ya hansısa vacib əmələ tələsməyəcəkdim. Demək ki, “hükəmalar”ın buyruğuna əsasən Mirzə məni deyib gəlməyib. Bilmədim sevincimdən bağırsağım yırtılana qədər gülüm, yoxsa kədərimdən yaylıq götürüb ağlayım. Molla Nəsrəddin jurnalını bir cümlə ilə ifadə etmək üçün də bu fikirdən istifadə etmək olar: Bilmirsən, bağırsağın yırtılana qədər güləsən, yoxsa, yaylıq götürüb ağlayasan.

Bu muzey Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşadığı mənzildə yaradılmış ev-muzeyidir. Cəlil Məmmədquluzadənin vəfatından sonra Həmidə xanım Məmmədquluzadə bu evdə yaşayıb.

Muzeyin böyük elmi işçisi Yeganə Məmmədova ilə birlikdə Azərbaycan nəsrinin ata evini kəşf etməyə başladıq. Muzeydə Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanıb. Onların 500-ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.

Bu evdə gördüyüm hər bir eksponat, hər bir əşya mənə həm Cəlil Məmmədquluzadənin yaradıcılığından, həm də Cəlil Məmmədquluzadənin can qoyduğu Azərbaycan sosial-ictimai həyatından hansısa detalı xatırladır. Ümumiyyətlə, tarixi yerlərin qorunub saxlanılmasının əsas məqsədi də elə budur. Xatırlamaq. Xatırlamaq bizim yaddaşımızı təzələyir – ya xoş xatirələr bizdə yenidən yaxşı ovqat yaradır, ya da onları itirdiyimiz üçün kədərlənirik. Qəribədir, biz insanlar nə vaxtsa güldüyümüz şeyləri xatırlayanda ağlayır, nə vaxtsa ağladığımız şeyləri xatırlayanda gülürük. Bəs emosionallığı kənara qoysaq? Primitiv kədər və sevinc hisslərini kənara atıb rasional düşüncəyə keçid etsək, xatirələr bizdə hansı fikirləri formalaşdırar?

Bu mürəkkəb məntiq məsələsini ibtidai şəkildə ifadə edək: eşşəyin çuxura ikinci dəfə düşməməsi rasionaldır. Mirzə Cəlilin yaratdığı Məhəmmədhəsən əminin eşşək kədəri isə emosionaldır. Düzəliş edək, Mirzə Cəlilin yaratdığı yox, sosial sifarişlə Mirzə Cəlil tərəfindən qələmə alınmış Məhəmmədhəsən əmi.

Cəlil Məmmədquluzadənin istədiyi xatırlama prosesi hansı olardı, çuxura ikinci dəfə düşməyən eşşək, yoxsa itməsi ilə sahibini yasa qərq edən eşşək? Şübhəsiz ki, birinci.

Mirzə Cəlilin ev muzeyindəki hər bir əşyaya bu prizmadan yanaşaraq, Mirzə Cəlil və əqidədaşlarının sosial sifarişdən doğan əsərlərini tarixi sifarişlə – şübhəsiz ki, bir gün parlayacaq həqiqətin sifarişi ilə – anlamağa, götür-qoy etməyə çalışırdım.

Cəlil Məmmədquluzadə bu evdə üçüncü həyat yoldaşı Həmidə Məmmədquluzadə ilə birlikdə yaşayıb. O, düz iki dəfə öz həyat yoldaşlarını faciəvi şəkildə itirmiş, sonradan Həmidə xanımla tanış olmuşdu. Bu tanışlıq Mirzə Cəlilin “Erməni və müsəlman övrətləri” felyetonundan sonra baş tutub. Həmin məqalə işıq üzü görən zaman ruhanilərin təhriki ilə müsəlman əhali ayağa qalxmışdı, yazıçını öldürməyə açıq çağırışlar edilirdi. Mirzə Cəlil bu cür həngamənin, qarışıqlığın içində Həmidə xanımın diqqətini çəkməyi bacarmışdı.

Xatırlamaq. Həmidə xanımla bağlı xatirələri dinlədikcə Mirzə Cəlilin qadın azadlığı ilə bağlı fikirlərini xatırlayırdım – rasionallıq naminə. Əks halda Həmidə xanımın yataq otağındakı tək nəfərlik çarpayıya baxaraq yaylıq götürüb ağlayar, çəkdiyi əziyyətləri yada salıb şivən qoparardım.

“Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstünə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək! Nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanələrin zindanından, qara çarşabın zülmündən”.

(Cəlil Məmmədquluzadə “Köhnə dərdim”, “Şərq qadını” jurnalı, 1924, № 10, səh.25)

Digər otaqlarda Mirzə Cəlilin yaradıcılığından nümunələr, fotolar, məişət əşyaları, iş masası, “Molla Nəsrəddin”in nüsxələri, nəhayət, oxuduğu kitablar və bir divar saatı nümayiş olunurdu. Oxuduğu kitabları və divar saatını ayrıca qeyd etdim, çünki bu iki şey diqqətimi ayrıca çəkmişdi.

Mirzə Cəlilin kitabxanası fransız, alman, rus ədəbiyyatlarının, mədəniyyətlərinin tarixindən bəhs edən kitablarla dolu idi. Özümü hər nə qədər rasional olmağa məcbur etsəm də, tale məni emosional olmağa təhrik edirdi. Dizlərimi yerə atıb fəryad etmək istəyirdim ki, ey mənim müsəlman qardaşlarım, Mirzə Cəlil deyib adını eşidəndə salavat çevirdiyiniz o adam ki var, görün hansı müasir mədəniyyətlərin tarixini, prosesini öyrənib və bizi hansı müasir mədəniyyətlər səviyyəsinə qaldırmaq üçün can qoyub. İndi düşünün, görün o cild-cild kitabların içindən başını qaldırıb elə çox uzağa yox, düz evinin yanındakı Təzəpir məscidinə gedəndə hansı mənzərə ilə rastlaşırmış və hansı hissləri keçirirmiş. Bax bu hisslər Cəlil Məmmədquluzadənin dünya səviyyəli yazıçı olmasına mane olub və yazıçı bu hisslərdən qurtulmaq üçün öz həyatını maarifçiliyə həsr edib. İndi hər kəsin dərsliklərdən gördüyü və yazıçı deyəndə ilk ağlına gələn adamlardan olan Cəlil Məmmədquluzadə vaxtilə babalarımız tərəfindən təqib olunmuş, ölümlə hədələnmişdi. Biz də babalarımızdan çox da fərqli deyilik, xatirələri emosionallaşdırıb onların rasional tərəfini öldürürük. Beləcə, eyni çuxura ikinci dəfə düşən eşşəklərə çevrilirik.

Divardakı saat üçü göstərirdi. Cəlil Məmmədquluzadə 4 yanvar, 1932-ci ildə, saat üçdə vəfat edib. Muzey tərəfindən saatın əqrəbləri üçün üzərində dayandırılıb. Cəlil Məmmədquluzadə son nəfəsinə qədər xalqın maarifi ilə məşğul olub, onun tərəqqisini görmək uğrunda hər şeyindən keçib. Azərbaycanın əqrəbləri isə hələ də 4 yanvar, 1932-ci ildə, saat üçün üzərindədir.

Xülaseyi-kəlam, inna lillahi və inna ileyhi raciun.

# 4134 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
#
#
# # #