Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanıldı

Milli Teatrda “İblis və...”  tamaşasının məşqlərinə başlanıldı
17 may 2024
# 15:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin - “İblis və...” tamaşasının məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı dekonstruktiv-metadramdır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Əsgərov, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır. Qrafika Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.

Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İBLİS mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. İblis insanın zəif nöqtələrini bilir və oradan onu dağıdır. Cavidin “İblis”i Allahla yaxın olmaq cəsarətindən və israrından insanın zəif və natamam olmasını sübuta yetirmək məqsədi ilə yer üzündə cəhənnəm yaratmaqdan belə çəkinmir.

Ədalətsiz müharibə, yaxud münaqişələr zamanı ilk baxışda bir filosof baxışına sahib Arifin qaranlıq dünyasında şübhə toxumu, Şərq insanının narahat ruhu görünür. Arifin qaranlıq və qeyri-sabit düşüncəsi onu istədiyi və yaşadığı həyatın dilemmasında qoyur. İçində boşluqlar olan insan İblisi cəlb edir. Allaha etiraz edən, insanı aşağılayan İblis üçün bu çox parlaq bir fürsətdir.

Tamaşa üç substansiya arasındakı konflikt fazasında tərəflərin məqsədlərinin bir-birindən asılılığı və bir araya sığmazlığı, bunun dərk edilməsi və bundan sonra tərəflərin hər birinin opponentin hesabına öz məqsədini reallaşdırmağa can atmasındadır. Tapşırıqların qarşılıqlı asılılığı, məqsədlərdə fərqlilik, qeyri qənaətbəxş sonuclar... Sual və nəticə yenə açıq qalır. Əsərin dekonstruksiyasında əsas hədəf İblis, Allah və insan substansiyaları arasındakı konflikt fazasında həll olunur.

Qeyd edək ki, Hüseyn Cavidin yaradıcılığında mühüm yer tutan “İblis” əsəri 1918-ci ildə qələmə alınıb. Əsərdə maddi zənginlik üçün ruhlarını şeytana satan insanın aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi götürənlər günahsız insanlara qarşı ədalətsiz, qəddar davranırlar. İnsanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər sonda fəlakətə uğrayırlar. Elə bir zaman gəlir ki, ən kamil məxluq olan insan Allahı seçmək əvəzinə ruhunu İblisə satır. Əslində savaş Allah naminə bu üç substansiya arasında gedir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub. “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib.

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər