Meyxana dinləmək futbola baxmaqdan şükürlüdür - Yazarların Dünya Çempionatı haqqında fikirləri

Meyxana dinləmək futbola baxmaqdan şükürlüdür - Yazarların Dünya Çempionatı haqqında fikirləri
25 noyabr 2022
# 15:00

Kulis.az hazırda davam edən futbol üzrə Dünya çempionatı haqqında tanınmış yazar və ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Aydın Talıbzadə

Aydın Talıbzadə. MEYXANA » Yarpaq.az

Birincisi: mən 2014-cü ilin futbol üzrə Dünya Çempionatının finalında Marakana stadionunda Braziliya millisinin Almaniya yığmasına 1:7 hesabı ilə məğlubiyyətindən sonra futbol azarkeşliyimi yanan siqaretim kimi külqabıya bərk-bərk basıb söndürdüm. Çünki bu hesab real güclər balansını əks etdirmirdi və mənim təxminimə görə totalizatorun mənafeyini güdürdü. Futbolun cəngavərlik əsri qurtarmışdı.

İkincisi: mən Qətərdə səhranın ortasında stadionlar tikib nəhəng kondisionerlərin tənzimlədiyi havada insanlara qan-tər içində futbol oynatmağı antihumanizm hesab eləyirəm. Mən hələ onu demirəm ki, Ukraynada müharibə getdiyi bir vaxtda, milyonlarla insanın ac, susuz, işıqsız qaldığı, qaçqın həyatı sürdüyü, həyatını itirdiyi bir dönəmdə dünya masştabında futbol bayramı, futbol şousu düzəltmək qeyri-etikdir.

Üçüncüsü: mən ötən gün tam təsadüf nəticəsində İspaniya və Kosta-Rika millilərinin oyununu izlədim. Əgər ispanlar Kosta-Rika ilə oyunda olduğu kimi yaşıl meydançada hörümçək manerasında qaçışıb, ayaqları ilə hörümçək manerasında "tor" toxuyub, fenomenal tərzdə paslaşıb rəqiblərini hipnoz, trans vəziyyətinə sala biləcəklərsə, onlar bu Mundialın çempionu olacaqlar, təbii ki, yorulmasalar, oyun dinamizmini itirməsələr... Qəribədir, yenə də həmin 7:1... Bu hesab bu dəfə ispanlara halaldır...

Rəşad Məcid

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Düzü builki Dünya Çempionatında azarkeşlik etdiyim xüsusi bir komanda yoxdur. Açılış mərasimini izlədim. Maraqlı idi. Oyunlara da baxıram. Məsələn, Səudiyyə Ərəbistanın Argentinanı məğlub etməsi mənə maraqlı oldu. Yaponiyanın Almaniyanı udması da həmçinin. Yəqin ki, çempionat ərzində ən yaxşı oynayan komdalardan birinə azərkeşlik edəcəm.

Zamin Hacı

Rəsm müəllimi qulağını niyə kəsdi? - Zamin Hacı yazır...

İzləmirəm, ancaq xəbərlərdən hesablara baxıram. Fikrimcə, Səudiyyə Ərəbistanı Allahın köməkliyi ilə dünya çempionu olacaq.

Günel Mövlud

Günel Mövlud: “Azərbaycan kişisi əzazil deyilsə, qadın baltalayanlar  kimlərdir?” – Müsahibə

Mən heç vaxt 90 dəqiqə oturub 22 kişinin top oynamasına baxacaq qədər bikar və ya vaxtıma qarşı məsuliyyətsiz olmamışam. Modellərlə evlənən, pornoulduzlarla sevişən, üzqırxan reklamına çəkilməkdən başqa bəşəriyyətə faydası olmayan milyonçu oğlanlara mən niyə azarkeşlik etməliyəm ki... Messinin də ancaq adını eşitmişəm, heç üzdən tanımıram. Şahruddin srağagün alman yığmasına iyrənc xoruz zarafatı edib. Bu hoqqanı çıxarmasaydı, onu da üzdən tanımırdım. Qeyri-ciddi adamdı da.

Oğlumun məktəbində futbol komandası var, şagirdlərdən ibarət. Deyirəm, niyə qoşulmursan komandaya? Deyir, məni intellektual oyunlar daha çox maraqlandırır. Səkkiz yaşında uşağın anladığı gerçəyi yekə-yekə adamlar anlamır. Maykasını cıran, evini oyuna qoyan, ağlayan adamları görəndə ancaq və ancaq təəssüflə başımı bulayıram. Onların yerinə ispan utancı keçirirəm. İki əlimlə üzümü qapamaq istəyirəm utandığımdan. Tanıdığım heç bir ciddi kişi də futbolla maraqlanmır. Meyxana dinləmək futbola baxmaqdan min dəfə şükürlüdür.

Seymur Baycan

Seymur Baycan: "Üzeyir Mehdizadə Alim Qasımovdan daha dəyərli sənətkardır"  - MÜSAHİBƏ

Başqaların bilmirəm mən geniş mənada heç bayram ab-havası hiss etmirəm, hiss edə bilmirəm. Elə fikirləşirdim ki, bu, ola bilsin, şəxsi ovqatımla əlaqəlidir. Buna əmin olmaq üçün möhkəm futbol xəstəsi olan bir neçə dost-tanışın çempionatla bağlı fikirlərin öyrəndim. Onlar da birmənalı olaraq dedilər ki, heç bir qram da bayram ab-havası hiss etmirik. Bəlkə də, bu çempionatın qışda, üstəlik, Qətərdə keçirilməsi ilə bağlıdı. Axı Qətər nədi, dünya çempionatı nədir?

Bir yerdə ki, pivəni sovet dövrünün təbirincə desəm "altdan", kola qabında satırlar. Axı orda niyə çempionat keçirilməlidi? Stadionlarda karnaval estetikası, müxtəlif ölkələrdən gəlmiş azarkeşlərin yaxşı mənada hoqqa çıxarmaqları hiss olunmur. Braziliyadan gəlmiş qızlar lütlənib məmələrin oynatmadılarsa, ta bunun harası, nəyi dünya çempionatı oldu? Necə deyim, elə bil səmənisiz, tonqalsız, şəkərburasız, paxlavasız, aşsız Novruz bayramı keçirilir. Boyanmamış, çiy yumurtaları Novruz xonçasının ətrafına düzsən necə görünər? Çox yersiz, dəxilsiz, mənasız. Bax Qətərdə keçirilən dünya çempionatı, stadionlarda karnaval estetikasının hiss olunmaması Novruz xonçasının ətrafına çiy, boyanmamış yumurtaların düzülməsinə bənzəyir.

Bəlkə də, bayram ab-havasının olmaması Ukraynada baş verən dəhşətlərlə əlaqəlidi. Zarafat-zarafat Üçüncü Dünya müharibəsinin astanasındayıq. Hər yerdə aqressiya, hər yerdə çaxnaşmalar. Ölkələr dayanmadan silahlanır, müxtəlif cür fanatizm, hərbi ritorika tüğyan edir. Elə bil insanlar dəli olub. Qaşınırlar, qan, faciə axtarırlar. İnsanlar çox vaxt özlərinə ucuz təsəlli verirlər. Düşünürlər ki, daha qlobal miqyasda faciələr baş verə bilməz. Elə qəşəng baş verə bilər ki. 36 altıncı ildə Hitler Almaniyasında Olimpiada keçirildi. Üstündən cəmi üç il keçəndən sonra İkinci Dünya müharibəsi başladı...

Oyunların hamısına baxmıram. Bəzilərinə baxıram. Baxmadığım oyunların xülasəsinə, icmalına baxıram. Konkret azarkeşlik etdiyim komanda yoxdu. O ki qaldı kimin çempion olması məsələsinə... Məndə bir xasiyyət var. Zəif komandalar güclü komandalara qalib gələndə sevinirəm. Çox istərdim bədbəxt, yetimçə ölkələrdən birinin komandası çempion olsun. Belçika, Almaniya, İspaniya, Danimarka, Hollandiya, İngiltərə, İsveçrə, Kanada kimi ölkələrin vətəndaşları, onsuz da, bu və ya digər formalarda tez-tez sevinirlər. Bədbəxt, yetimçə ölkələrdən birinin komandası, məsələn, Qana, Kamerun, ya da Seneqal çempion olsa əla olar. Yazıqlar bir az sevinərlər. İlin günün bu vaxtında bunun özü də az deyil. Amma onu da dəqiq bilirəm ki, bu çox çətin məsələdir. Çox güman yağış yenə də dənizə yağacaq.

Salam Sarvan

Salam Sarvan karantindən şeir yazdı – Mətn

Futbola böyük marağım yoxdu. Hərçənd belə bir nəzəriyyə var ki, dünyadakı bütün mədəniyyətlərin özəyində oyunlar dayanıb. Sözün birbaşa mənasında oyun deyirəm ha. Yəni mədəniyyət oyundan törəyib. Məsələn, əvvəlcə “çilingağac” oyunu olub, sonrasa bunun üstündə hansısa coğrafiyanın mədəniyyəti təşəkkül tapıb. Hər halda, mübahisəli məsələdi, yeri gəlmişkən dedim. Dünya çempionatlarının yalnız “uduzan çıxır” mərhələsinə baxıram. Əvvəlini izləmədiyimə görə azarkeşlik elədiyim komanda da olmur. Sadəcə, həlledici mərhələnin gərginliyi maraqlı gəlir.

Mübariz Örən

Qabıq dəyişib hər fəsildə təzələnən - Mübariz Örən yazır...

Bəli, izləyirəm. Belə görünür ki, builki Mundial sürprizlə dolu olacaq. İlk oyunlar da bunu göstərdi. Hələ ki favoritlərim bunlardır: Fransa, Braziliya, İspaniya.

Bu Mundial tarixin ən bahalı Mundialı olmaqla bərabər, həm də ən dinamik və sürətli çempionat kimi yadda qalacaq.

İlham Əziz

Başa düşmədim ki, bu hekayə nə üçün yazılıb?! - Hekayə müzakirəsi

1982-ci ildən İzləyirəm, Fransaya azarkeşlik edirəm. Çempionun da Fransa olacağını düşünürəm.

Fəxri Uğurlu

Fəxri Uğurlu - Şeyx Sənan | Manera.az » Manera.Az

İzləmirəm, çoxdandır futbolla yaxından maraqlanmıram.

Şahbaz Xuduoğlu

Bakupost.az - Şahbaz Xuduoğlu: "Fazil Məmmədov 30 min avromuzu  götürdü" - MÜSAHİBƏ

Futbola baxmıram, futbolu sevmirəm, vaxt itkisidir. Heç kəsə azarkeşlik etmirəm.

Aygün Aslanlı

Hind filmlərindən təsirlənən milli komediyamız - Aygün Aslanlı yazır...

Hər üç suala bir cavab: İzləmirəm.

Şəhriyar del Gerani

Tanınmış şair koronavirusa yoluxub - "Allahdan gələn hər nə var,  qəbulumdu..." » Reyting.az

İzləyirəm. Messiyə xatir Argentinaya balet edirəm. Yəqin, sonuncu dünya çempionatını oynayır. Həmyaşıdıq.

Ulucay Akif

Ulucay Akifin kitabı ikinci dəfə nəşr olundu - Foto

Fürsətim olduqca oyunları izləyirəm. Düzdü, Dünya Çempionatı deyəndə adamın ağlına yay və sərin pivələr gəlir, amma bu il qışda baxmağa məcburuq. Bu mənasız və gözəl dünyada futbol qədər mənasız və gözəl ikinci bir oyun tanımıram. Ona görə də fürsət olduqca baxıram.

Məncə, bu Mundial da yaxşı başlayıb. Çox maraqlı yarış gedir, növbəti turlarda daha da maraqlı olacaq. Messi və Ronaldonun sonuncu Dünya Çempionatıdır. Özüm həmişə Ronaldoya azarkeşlik etmişəm, istəyərdim Portuqaliya çempion olsun, amma bir tərəfdən də bunu istəmirəm. Çünki bu iki oyunçu arasındakı rəqabətin bərabərliklə bitməsi daha gözəl olardı. İkisindən birinin komandası çempion olsa, rəqabətdə də o qalib gəlmiş olacaq. Bərabərlik daha gözəldir. Qalib gəlmək, uduzmaq bikara şeylərdi, ən gözəli bərabərlikdir. Hər şeydə.

Mənim üçün bu il Braziliya əsas favoritdir. Düşünürəm ki, sambaçılar bu Mundialla özlərini Dünyaya yenidən xatırladacaqlar. Qətərdə Cənubi Amerika havası hiss olunacaq. Braziliyaya əsas rəqib kimi də hələ ki, Fransa görünür, amma fransızların ardıcıl iki dəfə çempion olacaqlarına inanmıram.

Ömər Xəyyam

Bumbuz qadın - Ömər Xəyyamdan yeni hekayə

Daha ciddi işlə məşğulam: bir növ, Dünya çempionatını izlədirəm. Ustad Mehmet Karahanlının dediyi kimi: qumarı oynayan yox, oynadan udur.

Fərid Hüseyn

Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto

Heç kəsə azarkeşlik etmirəm. İzləməyə vaxtım yoxdur, bir gün sonra saytlarda oyunların icmalına zaman-zaman baxıram. Azərbaycan dünya çempionatına çıxanda ona azarkeşlik edəcəyəm: Qismət qiyamətə...

Cəlil Cavanşir

Cəlil Cavanşir — Vikipediya

Bu il dünya çempionatını aktiv şəkildə izləmirəm. Hərdən bəzi oyunların əvvəlinə, bəzi oyunların sonuna baxıram. Futbol siyasiləşdikcə, kapitalizmin oyuncağına çevrildikcə futboldan zövq almıram. Sonuncu dəfə 2002-ci ilin dünya çempionatına zövqlə baxmışam. Ondan sonra futbola marağım itib. Ümumi mənzərədən belə başa düşürəm ki, bu çempionatda sürprizlər çox olacaq. Bukmeykerlərin sayəsində futbolun sehri təmiz pozulub. Azarkeşlik deməzdim, amma Hollandiya millisi mənim üçün həmişə maraqlı olub. Eyni zamanda İngiltərə də bu il yaxşı başlayıb. Çempionun kim olacağını proqnozlaşdırmaq asandır. Çünki Argentina və Almaniya yaxşı başlanğıc edə bilmədi. Düşünürəm ki, Fransanın və Braziliyanın çempionluq şansları daha çoxdur.

Sevda Sultanova

Publisist.az | Sevda Sultanova

Son illər nə dünya çempionatını, nə də Avropa çempionatını izləmirəm. Halbuki əvvəllər azarkeşi olmuşam. Hətta futbol haqqında kitablarım da var idi. Axırıncı dəfə izlədiyim dünya çempionatı 2002-ci ildə Yaponiyada keçirilən dünya çempionatı. İtaliyaya və keçmiş Yuqoslaviyaya azarkeşlik edirdim.

Sevinc Elsevər

Şeirlər - Sevinc ELSEVƏR | Edebiyyatqazeti.az

Evdəkilərə görə izləməli oluram. Yoldaşım, böyük qızım, oğlum əməlli-başlı izləyirlər. Mən yaponları sevirəm. Onların qələbəsinə də sevindim. Ancaq evdəkilər deyir ingilislər daha şanslıdır. Almanlar da. Mən istərdim yaponlar udsun. Onlara qanım qaynayır.

Pərviz Cəbrayıl

Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər

İzləyirəm. Messi üçün Argentinaya azarkeşlik edirəm. Kimin çempion olacağını deyə bilmərəm, ancaq Messinin dünya çempionu olmasını çox istəyirəm. Bu onun ana südü kimi halal haqqıdır.

Xəyal Rza

Bu dünya eşq qoxuyar – Xəyal Rzanın şeirləri | Dilmiz Varlığımız

Dünya çempionatını izləmirəm. Ümumiyyətlə futbol həvəskarı deyiləm. Sayt xəbərlərində önümə çıxanda göz atıram. Ötən gün təsadüfən İspaniyayla Kosta Rikanı izlədik. Oyunun əvvəlində yan masadakı oğlan yeddi qolu keçəcəyini dedi. Dedim, altı qolu keçməz. İspaniya Kostanın Rikanı darmadığın etdi. Yeddi sıfırla bitdi. Səudiyyə Argentinanı udursa, futbolun başın buraxmaq lazımdı.

# 1973 dəfə oxunub

Oxşar xəbərlər

# # #