Məscidin qapısına niyə it bağlamışdılar? - Məşhur filmlərin çəkildiyi kənddən reportaj

Məscidin qapısına niyə it bağlamışdılar? - Məşhur filmlərin çəkildiyi kənddən reportaj
14 iyun 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın Abşeron yarımadasının kəndlərinin birinci festivalından hazırladığı reportajı təqdim edir.

Bugünkü səfərimiz Bakının qədimi kəndlərindən biri Fatmayıyadır. Bu gün Abşeron yarımadası kəndlərinin birinci festivalı məhz bu kənddə keçirilir.

Metronun Azadlıq stansiyası yaxınlığındakı avtobus dayanacağında mindiyimiz 108A marşrutu çox keçmir ki, bizi arzuladığımız mənzilə çatdırır.

Yol boyu müşahidə etdiklərimizdən bu qənaətə gəlirik ki, festivala görə marşrutların sayı da artırılıb. Festivala Sumqayıtdan gələn marşrut belə gördük.

Festival kəndin stadionunda keçirilir.

Festivalda retro maşın

Stadionun yaxınlığında Dadaş Bünyadzadə adına Fatmayı kənd orta məktəbi və kəndin şəhidlərinin adı həkk olunmuş şəhid bulağı var.

Stadionda əsl bayram ab-havasıdır. Səbəbsiz deyil: Azərbaycanın digər bölgələrində belə festivallar keçirilsə də, Bakı kəndlərini birləşdirən belə bir festival ilk dəfədir ki, keçirilir.

Bakı kəndlərinin hər birinə ayrılmış stend var burda.

İlk yaxınlaşdığımız stend festivala ev sahibliyi edən Fatmayı kəndinin stendidir.

Qara Qarayevin nəfis portreti diqqətimi cəlb edir.

O, məhz bu kənddə anadan olub və musiqisini bəstələdiyi “Bir məhəllədən iki oğlan” filmi də onun təkidi ilə bu kənddə çəkilib.

Stenddə Fatmayının bir çox görkəmli şəxsiyyətlərinin şəkilləri diqqəti cəlb edir.

Kimlər yoxdur ki: görkəmli inqilabçı və dövlət xadimi, repressiya qurbanı Dadaş Bünyadzadə, “Tuti” satirik jurnalının redaktoru, daşnak qırğını qurbanı Cəfər Bünyadzadə (Dadaş Bünyadzadənin qardaşı); Azərbaycan SSR Xalq artisti Məmmədəli Vəlixanlı, onun övladları: Azərbaycan Milli Tarix Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru Nailə Vəlixanlı və Əməkdar artist Aqşin Vəlixanov; tibb elmləri doktoru Qüdrət Səlimxanov, tibb elmləri doktoru Şamil Səlimxanov; Əməkdar artist Mirvari Novruzova; Dilxun təxəllüsü ilə şeirlər yazmış Mirzəağa Dilxun; Xalq artisti Ələsgər Ələkbərov; Azərbaycanda dövrünün ən öncül uşaq həkimlərindən biri, Qara Qarayevin atası Əbülfəz Qarayev, Azərbaycan kino salnaməçisi Aydın Kazımzadə və başqaları.

Fatmayı stendi

Stenddə Fatmayılı yazar Zakirə Allahverdiyevanın şeir kitabları da nümayiş etdirilir.

Zakirə xanım dillər əzbəri “Tut ağacım” mahnısının sözlərinin müəllifidir. Festivalda səsləndirilən ilk mahnı da məhz bu mahnıdır. Adamın ürəyində bir nisgil də oyanır: kaş Aygün Bəylər sağ ola idi…

Solda " Tut ağacım" mahnısının sözlərinin müəllifi Zakirə Allahverdiyeva , sağda isə qohumu Təranə Bünyadzadə və Təranə xanımın nəvəsi

Festivalın ilk dəfə keçirilməyi ilə bağlı təşkilati cəhətdən müəyyən nöqsanlar da gözə dəyir: bəzi kəndlərin stendlərində hələ ki boşluqdur. Təəssüf ki, heç iştirak etməyən kəndlər də var.

Ramana kəndinin yorulmaz təbliğatçısı Qulamhüseyn bəy kəndin bütün tarixi abidələri və onların tarixi barəsində plakat yerləşdirib.

Ramana stendi

Zirə kəndi öz stendinin orijinallığı ilə fərqlənir.

Zirə stendi

Zirə kəndinin yetirməsi olan fotoqrafın çəkdiyi şəkillər bir-birindən maraqlıdır. Kənddəki ilançılıq təsərrüfatı ilə bağlı şəkillər də var burda, gözəl tablolar da.

Əhmədli kəndi festivala maraqlı ab-hava qatıb. Tarixi abidələr, görkəmli şəxslər, qədimi əşyalarla deyil, blinçik, türk paxlavası, cips və digər qida məhsulları ilə təmsil olunur. Ticarət zəkası elə bu olsa gərək.

Mərdəkan stendində dərhal tanış simaları görürəm: Mərdəkan kəndinin yorulmaz təbliğçisi Pənah Babayev və “Mərdəkanın Lenini” Gündüz İsgəndərov. Gündüz bəy festivalda stendlərinin qarşısında ud da ifa edir. Qardaşı da Mərdəkan kəndinin Qarabağ müharibəsindəki ilk şəhidi “Mazandaran pələngi” ləqəbli Şahin İsgəndərovdur. “Mazandaran pələngi” Xocalı faciəsindən sonra könüllü olaraq Vətənə qayıdıb və zabit kimi Milli Ordu sıralarına yazılıb, ilk günlərdən döyüş bölgəsinə gedib.

Mərdəkan stendi

Qəhrəmanlığına görə komandiri olduğu tankın üzərində “Mazandaran pələngi” yazılıb. 1992-ci il 13 oktyabr tarixində Qubadlının Muradxanlı kəndində gedən döyüşlərdə şəhid olub. Mərdəkan Şəhidlər Xiyabanında dəfn olunan ilk şəhiddir.

Kürdəxanı stendindəki qadın bəzək əşyaları da göz oxşayır.

Kürdəxanı stendində daşnaklara qarşı döyüşmüş kürdəxanılı qoçu Məşədi Adilin şəklinin əks olunduğu " Kürdəxanı" kitabı

Binəqədi stendində daha bir tanış sima ilə qarşılaşıram: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev. Binəqədi kəndinin qoçuları, Binəqədi kəndinin tanınmış bəylərindən Firudin bəy Aslanbəyovun və M.Ə.Rəsulzadənin “İstiqlal şəhidi” adlandırdığı Piri Mürsəlovun şəkilləri stenddə nümayiş etdirilir.

Harda bir retro Sovet maşını varsa, festivaldadır. Adamın istəyir ki, bu maşınları yerindən tərpədə. Rəngləri də cürbəcür: yaşılı, sarısı, qarası,bozu.

Kababların qiyməti ilə maraqlanırıq. Baha olduğundan əlimiz cibimizdə qalır. Şüvəlan halvasını isə havayı nuş edirik. Səməni halvası da deyirlər bu halvaya. Bir yüngül şirniyyatdır ki, adam yedikcə yemək istəyir.

Sərinləşdirici içkilərin də dadı əntiqədir: doğramacı, gülabı, limon şirəsi və digər içkiləri.

Festivala maraq kifayət qədər çoxdur.

Bu festival həm də bir şəxsin arzularının gerçəkləşməsidir: kəndin yetirməsi Əli Ədalətlinin. O çoxdan arzusunda idi ki, Fatmayıda belə bir festival keçirilə.

Stadiondan uzaqlaşıb bir az da kəndi gəzirik.

Gəzdiyimiz küçələrdən biri fatmayılı Cəlil Cavadovun adını daşıyır. Cəlil Cavadov Azərbaycanın bir dövlət kimi və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, kontr-admiral(1968); Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Respublika Komitəsinin sədri (1954-1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959-1963) deputatı olub.
Onun qızı da bugünkü festivaldadır.

Növbəti gəzdiyimiz küçə Diyar Allahverdiyevin adını daşıyır. Fatmayı şəhididir qəhrəman Diyar.

Fatmayı hər məhəllənin özünün məscidi olmağı ilə də fərqlənir. Ziyarət etdiyimiz Əlbatti məscidi 1878-ci ildə inşa edilib. Üslubca Şirvan-Abşeron memarlıq məktəbinə mənsubdur. “Yeddi oğul istərəm” filmində Mirpaşanın məscidin qapısına it bağlamağı səhnəsindəki həmin məscid məhz bu məsciddir. O vaxt kənd camaatı bu səhnəyə görə filmi çəkənlərə etiraz edib. Məscidin həyətindəki tut da nəyi var şirindir.

Fatmayıda 19-cu əsrə məxsus Əlbatti məscidi

Fatmayı öz torpağının bərəkəti ilə bir çox Bakı kəndi kimi fərqlənir. Tutdan əlavə, Fatmayının dillər əzbəri ənciri də var. “Onun böyük ürəyi” filmində Fatmayı ənciri ilə bağlı ayrıca bir səhnə də var hələ.

Kənd camaatı “Qərib cinlər diyarında” filmindəki göl səhnələrinin də məhz bu kənddə çəkildiyini deyirlər.

Kənddə iki qəbristanlıq var. Köhnə qəbristanlıqdakı sərdabələr olduqca qədimidir.

Fatmayı kənd qəbristanlığında sərdabə

Sandıq qəbirlər də var. Sərdabələrin içərisində insan skeletləri görmək mümkündür. Türbənin içərisindəki qəbirin kimə məxsus olduğu bilinməsə də, türbə memarlıq abidəsi kimi dəyərli bir tikilidir. Heyif ki, nə yerli sakinlər, nə də Mədəniyyət Nazirliyi tərəfindən istər qəbiristanlığa, istərsə də türbəyə lazımi diqqət göstərilmir. Halbuki bu qəbiristanlıqdakı sərdabələr olduqca qədimdir və onların alimlər tərəfindən araşdırılması elmə böyük töhfələr verə bilər.

Qədim hamamın da vəziyyəti ürəkaçan deyil.

Kəndin abidələrini ziyarət etməyimizə o qədər gənc kömək oldu ki…

Kənd üçün Qubadlıdan olan bir iş adamı da ehsanat tikdirib. Ehsanat dünyasını dəyişən oğlunun əziz xatirəsinə tikilib və kəndin ölüləri məhz burada yuyulur.

Fatmayı kənd qəbristanlığında sandıq qəbir

Festivalın keçirildiyi yerə qayıdırıq. Festivala gələnlərin sayı biz gedəndən xeyli artıb. Azərbaycan kinosunun canlı tarixi Aydın Kazımzadə, Ramana kəndinin 2-ci Dünya müharibəsində iştirak edən övladları ilə bağlı kitab yazan Xırdaxanım Hüseynova, “Xəzər” Muzey Mərkəzinin təsisçisi şağanlı Səyavuş Əlizadə, Bakı tarixi və “Bakıxanovlar şəcərənaməsi” nin tədqiqatçısı maştağalı Xəyalə Günəş Əyriçalmalı, coratlı meyxanaçı Mahir Cürət, hövsanlı şərqşünas Elnur Kazımov, məşhur inqilabçı Ağababa Yusifzadənin nəvəsi və “oğru aləmi”nin əfsanəsi Klara Yusifzadənin (Zerkalo Klara) oğlu İsgəndər Rzayev, “Tut ağacım” mahnısının sözlərinin müəllifi Zakirə Allahverdiyeva, tədqiqatçı Həsən Mirzoyev tədbirdə iştirak edənlər sırasındadırlar.

Aydın Kazımzadə Ramana stendində

Gənclər aerodrom papaqlarla xüsusi zövq qatırlar festivala.

Meyxana da ki Bakı kəndlərinin əvəzolunmazı…

Bülbüləli Səməd, Fatmayılı Şəmsi meyxana ifaları ilə festival iştirakçılarının ovqatını qaldırırlar.

Söz verilir canlı əfsanə Aydın Kazımzadəyə. O, Bakının bəzəyinin bakılılar olduğunu vurğulayır, Xızını da Bakının ruhən bir parçası sayır.

Fatmayı kənd bələdiyyəsinin sədri Nəsir Nəsirli və kənd bələdiyyəsi sədrinin müavini Murad Ağayev Fatmayı kəndindəki festivala gələn hər kəsi salamlayırlar.

Alqış sədaları…

# 2802 dəfə oxunub

Oxşar xəbərlər

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

17:14 21 noyabr 2024
“Solo gənclik”  layihəsinə başlanılır

“Solo gənclik” layihəsinə başlanılır

16:39 21 noyabr 2024
Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

15:59 21 noyabr 2024
Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

15:25 21 noyabr 2024
Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

15:00 21 noyabr 2024
# # #