MEMİM Azərbaycan mədəniyyətinin keşiyində

MEMİM Azərbaycan mədəniyyətinin keşiyində
24 iyul 2024
# 14:49

Kulis.az MEMİN-in əməkdaşları Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və Rəfiqə Nəsirovanın keçirilən tədbirlər haqqında yazısını təqdim edir.

Mədəniyyət ölkənin tarixi, adət-ənənələri, dini, etnik və milli dəyərlərini ehtiva edir. Çoxəsrlik inkişaf yolu keçən Azərbaycan mədəniyyəti zamanın nəbzini tutmaqla hər cəhətdən zəruri tələblərə cavab verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu sahənin ən aparıcı qurumudur. XX əsrdə fəaliyyətə başlayan müəssisə müxtəlif adlarla xidmət göstərsə də ölkənin mədəni həyatının inkişafı, sahəyə marağın və kadr potensialının artırılması, ixtisasartırma üzrə təlim, tədris proqramlarının hazırlanması, insanların maarifləndirilməsi, sənət xadimləri ilə görüşlər, milli-mənəvi irsin təbliği, tədqiqi kimi işləri həyata keçirir. Bir vaxtlar xalq yaradıcılıq evi, Mədəniyyətşünaslıq üzrə Elmi və Metodiki Mərkəz, 2019-cu ildən isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi adı ilə fəaliyyət göstərən qurum Mədəniyyət Nazirliyinin yeganə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi olub sahəyə aid bütün islahatlarda yaxından iştirak edir. Sözügedən müəssisə ölkə başçısının qərar və sərəncamlarını, Mədəniyyət Nazirliyinin tapşırıqlarını rəhbər tutaraq sahənin müxtəlif istiqamətləri üzrə maarifləndirici və yenilikçi layihələr təqdim edir.

Son aylarda həyata keçirilən “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlim, “Sənətkarın dostu”, “Musiqidə ədəbi dil normaları”, “Musiqinin psixoloji təsiri”, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar, “Nəsildən-nəslə teatr” və başqa layihələr söylənilənlərə ən bariz nümunədir. Mədəniyyət ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan layihələrə “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlim ilə start verilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanan kurs cari ilin may-iyun aylarında M.F.Axundov adına Azərbaycan Milli kitabxanasında keçirilib. Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusuna dair ixtisasartırma kursunun təlimçisi Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının professoru Mayis Əliyev olub. İki aylıq təlim proqramında əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili və mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik kimi mövzular tədris edilib.

Sahəyə marağın artırılması məqsədilə daim yenilik axtarışında olan MEMİM-in həyata keçirdiyi layihələrdən biri də “Sənətkarın dostu”-dur. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşən layihə silsilə şəklində olmaqla cari ilin 1 və 24 iyun tarixlərində baş tutub. Fərqli yaş qruplarına məxsus sənətsevərlərlə sənət xadimləri arasında könül bağı və mənəvi dostluq körpüsü yaratmaq məqsədi daşıyan “Sənətkarın dostu” layihəsinin ilk görüşü 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil olunan görüşün qonağı Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyova idi. Layihənin ilk görüşü Ülviyyə xanımın peşəkar Azərbaycan musiqisinin inkişafı, bəstəkarlıq ənənələri barədə zəngin məzmunlu nitqi, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərlərinin ifa edilməsi ilə yadda qalıb.

Mədəni gündəlik həyat tərzinin formalaşması, uşaq və gənclərin yaradıcılıqlarının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə görüşlərin zəngin təcrübə mübadiləsinə çevrilməsinə zəmin yaradan “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş cari ilin 24 iyun tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan görüşə Azərbaycanın hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının müəllifi və ifaçısı Şəmistan Əlizamanlı dəvət edilib. Görüşdə 44 günlük müharibənin qələbə ilə başa çatmasında hərbi nəğmələrin rolu, gənclərin milli ruhda tərbiyə edilməsi kimi mövzulara toxunulub və Ş.Əlizamanlının ifaları dinlənilib. MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə təqdim edilən layihənin növbəti görüşləri nəzərdə tutulur.

“Musiqidə ədəbi dil normaları” mövzusunda seminar MEMİM-in elmi əhəmiyyət kəsb edən layihələrindəndir. Sözügedən seminar cari ilin 6 iyun tarixində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə eyniadlı muzeydə keçirilib. Musiqi mətnlərində Azərbaycan ədəbi dil normalarının pozulması hallarının aşkar edilməsi, aktual problemlərin həlli, ədəbi dil normalarına riayət olunması və s. məsələləri əhatə edən seminar MEMİM-in sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhmədovun moderatorluğu ilə baş tutub. Seminarın ekspetləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar elmlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov, Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva idi.

Cəmiyyətdə bədii zövqün yüksəldilməsinə xidmət edən MEMİM-in növbəti layihəsi “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktiki seminar olub. Haqqında danışılan seminar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 12 iyun 2024-cü il tarixində keçirilib. Musiqinin cəmiyyətdəki rolunu müəyyənləşdirmək, insanlarda bədii zövqü formalaşdırmaq kimi məqsədləri əhatə edən elmi-praktik seminara görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova öz iştirakları, Türkiyənin neyro-elm mütəxəssisi, professor Sinan Canan isə video formatlı çıxışı ilə rəng qatıb.

Beynəlxalq Muğam Mərkəzində MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən elmi-praktik seminar aktual mövzulu ideyalara zəmin yaratdı.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət planı”nın təsdiq edilməsi haqqında sərəncamının icrası məqsədilə cari ilin 1 iyul tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar baş tutdu. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Təşkilatı və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva, idarənin prokurorları İlkin Babazadə və Kamil Kamillinin çıxış etdiyi seminarda mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar və onlara görə məsuliyyət barədə və s. məsələlərə toxunuldu.

Mədəniyyət naminə dolğun məzmuna və müasir yanaşmaya malik layihələrə imza atan MEMİM Azərbaycan incəsənətinin mühüm şaxəsini təşkil edən teatr sənətindən bəhrələnərək daha bir uğurlu layihəyə imza atıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının təşkilati dəstəyi ilə keçirilən “Nəsildən-nəslə teatr” mövzusunda tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli 9 iyul 2024-cü il tarixində teatrın kiçik səhnəsində baş tutub. Sahəyə könül vermiş gənclərə teatr işinin təşkilində sosial-iqtisadi, bədii-konseptual aspektlərdə yeni yaradıcı tendensiyalar aşılayan tematik seminarın ilk panelinin moderatoru MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusif, qonağı isə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə idi. Onu da qeyd edək ki, MEMİM-in digər layihələri kimi “Nəsildən-nəslə teatr” layihəsi də silsilə xarakterli olub, çoxsaylı görüşlərini davam etdirəcək.

Oxucuların nəzərinə çatdıraq ki, sadalanan layihələr MEMİM-in son 3 aylıq fəaliyyətinin qısa məcmusudur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi milli-mənəvi dəyərlərimizin özəyi sayılan adət-ənənələri, fərqli sənət növlərini, həmçinin sahə ilə əlaqədar digər aktual mövzuları silsilə şəklində layihələrlə sənətsevərlərin ixtiyarına həvalə edəcək.

# 1073 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #