Mədəniyyət Nazirliyi nə işlə məşğul olur? - Sevda Sultanova yazır...

Sevda Sultanova, kino-tənqdiçi

Sevda Sultanova, kino-tənqdiçi

12 may 2022
# 17:00

Dünən Kulis və digər saytlarda Balta Animasiyasının prodüseri Nicat Manafovun Mədəniyyət Nazirliyinin tender elan etmədən tammaterajlı animasiya filmini istehsalata buraxılmasına dair açıqlaması yayıldı...

Öncə başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Jurnalistlər mədəniyyət nazirliyinə adı dəyişdirilmiş kino şöbəsinin fəaliyyəti ilə bağlı sorğu göndərəndə, qarşı tərəf adətən ya cavab verə bilməyəcəyini deyir, ya da: “İstər peşəkarlıq, istərsə də hüquqi baxımdan qeyri-rəsmi məlumatlara əsaslanan sorğuların göndərilməsini və onların cavablandırılmasını düzgün hesab etmədiyimizi bildiririk” (sitat, bakı-xeber.com saytındakı “Tammetrajlı animasiya filminin çəkilişinə ayrılmış 500 min manatla bağlı şayiələr baş alıb gedir” adlı məqalədən götürülüb) kimi anlaşılmaz mətn yollayır.

Maraqlıdır, “qeyri-rəsmi məlumat” deyəndə nə nəzərdə tutulur? Jurnalist məgər rəsmi məlumat mənbəyidir? Hər hansı məlumatı media dövlət qurumuna ona görə ünvanlayır ki, onun rəsmi olub-olmadığı haqda təsdiq alısın. Başqa cür desək, rəsmi qurumların mətbuat xidmətləri həm də ona görə mövcuddurlar ki, özlərinin faəliyyət sahəsi ilə bağlı xəbərlərin yanlış olub-olmaması haqda medianı məlumatlandırsınlar. Yaxud məsələni başqa cür qoymaq olar: Rəsmi məlumatı jurnalistə kim verməlidir? O, bundan ötrü hara, kimə müraciət etməlidir? Ümumiyyətlə, nazirliyin “istər peşəkarlıq, istərsə də hüquqi baxımdan qeyri-rəsmi məlumatlara əsaslanan sorğular” ifadəsini necə anlamalıyıq? Sözügedən ifadənin mahiyyətini hansı kontekstdə şərh etməliyik ki, absurd nəticə alınmasın?

Mədəniyyət nazirliyinin diqqətinə Media haqda qanunun bəzi maddələrini çatdırmaq məcburiyyətindəyəm:

5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.

Nazirliyin kino siyasətini tənqid edən məqalələrimdən məmurlar eyni zamanda ona görə inciyirdilər ki, yazdığım problemlərlə bağlı ünvanlarına sorğu göndərmirəm. Niyə? Hədəfdən yayınan başdansovdu cavablara və ya cavab vermək istəməmələrinə görə.

Bununla belə, bir neçə ay əvvəl isə nazirliyin kino şöbəsinin bir əməkdaşına (artıq işdən ayrıldığından adını çəkməyi etik saymıram) müraciət edərək hazırda istehsal olunmuş filmlərin (“Həyat, deyəsən gözəldir”, “Mərmər soyuğu və digərlərin) büdcəsi haqda məlumat istədim. Lakin suala cavab ala bilmədim.

Nicat Manafovun iddialarına gəlincə. İri büdcəli animasiya layihəsi haqda mübahisəli fikirlər kino cameəsində çoxdan danışılır.

Hələ ötən il mədəniyyət naziri Anar Kərimov tammetrajlı animasiya filminin təqdim ediləcəyini demişdi.

Azərbaycanda animasiya filmləri sənayesinin olmadığını, bu sahədə ciddi problemlərin mövcudluğunu nəzərə alsaq, birdən-birə tammetrajlı animasiya filminin çəkilməsi, üstəlik, ona böyük büdcə ayrılması doğru deyil. Öncə, ildə bir neçə dəfə qısametrajlı animasiya filmləri müsabiqələri keçirilməli, sahə üzrə gənclərin peşəkarlaşmasına şərait yaradılmalı, kiçik büdcələrlə, qrantlarla dəstək olmalı, maliyyə şəffaflığı və hesabatlılıq prinsipi əsas götürülməlidir.

Suallar isə çoxdur:

Nazirlik indiyədək animasiya sahəsində hansı müsabiqələr keçirilib? Keçirilməyibsə, səbəbi nədir? Nazirliyin animasiya ilə bağlı hazırda nə kimi konsepsiyası var? Animasiyanın inkişafı istiqamətində bugünədək hansı işlər görülüb?

“Qarınqulu” animasiya filminin büdcəsi nə qədərdir? Bəzi saytlar məbləğin 300, bəziləri 400 min olduğunu deyir. Niyə büdcə açıqlanmır?

Hansı əsasla bu tammatejlı animasiya filmi müsabiqəsiz istehsalata buraxılır?

“AzanFilm”in bu layihədən imtinasının kökündə, vəsaitin nazirliyin hansısa rəsmiləri ilə bölüşdürməsi tələbi iddiasının dayanması doğrudurmu?

Sənədli filmlər istehsalçısı “Salnamə” studiyasının animasiya filmi çəkməsi nə ilə izah olunur?


# 3472 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

17:20 6 noyabr 2025
"Buker"li  hind qadın yazıçı: "Onlar üçün Qandi bəlkə də gözyaşardıcı qazdır..."

"Buker"li hind qadın yazıçı: "Onlar üçün Qandi bəlkə də gözyaşardıcı qazdır..."

17:00 6 noyabr 2025
"44" filminin çəkilişləri başa çatıb

"44" filminin çəkilişləri başa çatıb

16:33 6 noyabr 2025
"Avtomatın burnu ilə qadının üstünü açıb yoxlayırdılar" - "Ahıllar evi"ndən reportaj

"Avtomatın burnu ilə qadının üstünü açıb yoxlayırdılar" - "Ahıllar evi"ndən reportaj

15:55 6 noyabr 2025
Maykl Kanniqem:   "Tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur..." - Müsahibə

Maykl Kanniqem: "Tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur..." - Müsahibə

14:05 6 noyabr 2025
Anar:  "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"

Anar: "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"

13:25 6 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər