Böyük Britaniya parlamentində Liberal Demokrat Partiyasının üzvü Tom Qordonun rəhbərlik etdiyi bir qrup deputat "Maşa və Ayı" cizgi filminin yayımının qadağan edilməsini tələb edib. Onlar layihədə Rusiya təbliğatının gizləndiyini iddia edirlər.
Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Deputatlar Amerikanın "Netflix" platformasının bu populyar cizgi serialının daha iki mövsümünün yayım hüquqlarını almasından sonra Böyük Britaniya nazirlərinə xüsusi məktubla müraciət ediblər.
Müraciətin mətnində qəti şəkildə bildirilir:
"Bu cizgi filmi Rusiya təbliğatının bir formasıdır"/
NKVD papaqları və sovet simvolları...
Parlamentarilər öz iddialarını əsaslandırmaq üçün xüsusilə iki məqama diqqət çəkiblər:
Maşanın "tankçı papağı və sovet dövrünün hərbi forması" geyindiyi epizod;
Baş qəhrəmanın tarixən NKVD (Daxili İşlər Xalq Komissarlığı) ilə əlaqələndirilən sovet sərhədçi papağına bənzər bir baş geyimi taxdığı kadrlar.
Estoniya da eyni mövqedədir
Qeyd edək ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna da "Maşa və Ayı" cizgi filmini sərt tənqid etmiş, orada militarist narrativlər olduğunu bildirmişdi. Nazirin fikrincə, bu cizgi serialı Rusiyanın "yumşaq güc" siyasətinin bir hissəsidir və guya uşaq verilişlərinə hərbi ideyaları məqsədyönlü şəkildə aşılayır. Tsaxkna cizgi filminin bəzi seriyalarında rast gəlinən Sovet İttifaqı simvollarının mənəvi cəhətdən qiymətləndirilməli olduğunu vurğulamışdı.
Qısa arayış: "Maşa və Ayı" fenomeni
"Maşa və Ayı" – Rusiyanın "Animaccord" studiyasının istehsalı olan beynəlxalq animasiya serialıdır. Bu ekran işi dünyanın 40-dan çox dilinə tərcümə olunub və aparıcı qlobal media şirkətləri tərəfindən dünyanın hər yerində yayımlanır. Layihə 2020-ci ilin aprel ayında dünyada ən çox sevilən 5 əyləncə brendi sırasına daxil olmuşdu.