Kültür, ali kültür və kütlə kültürünün fərqləri nədədir?

Kültür, ali kültür və kütlə kültürünün fərqləri nədədir?
21 may 2023
# 10:27

Kulis.az Sübhan Padarsoyun yazısını təqdim edir.

Modern istifadəsində "kültür" anlayışı kommunal insani mövcudiyyətin hər bir formasına şamil edilir. Kanniballar tayfası, bir dövlət binası ətrafında hay-küy yaradan etirazçıların, anarxistlərin özünə xas "kultural identikliyə" malik olduğu düşünülür. Artıq asanlıqla, “hip-pop kültürü”ndən və ya “narko-kültür”dən bəhs edilir.

Kütləvi medianın bizi inandırmağa çalışdığının əksinə olaraq kültür sadəcə bir yerin adətlər, dil, din və mətbəxini ehtiva etmir. Və ya kültür sadəcə filmlər, musiqi, İnternet üzərində cihazlar və sistemlər ilə data mübadiləsi, bağlantını quran softveyr, sensorlar və digər texnologiyalar ilə birləşmiş fiziki obyektlər (IoT), yaxud da kapitalist həyatın parıltılı mediatik-əyləncə industriyası deyil. Bunlar kültür haqqında düşünmənin statik üslublarıdır. Və əlbəttə ki, kültür mexaniki olaraq istehsal edilən bir “superstruktur”, Marksist materializmin iqtisadi bazisinin solğun refleksiyası da deyil.

Kültür “becoming” prosesi ilə bağlıdır. Kültür hər hansı bir dövrün siyasi proseslərindən daha çox fundamental hərəkat barəsindədir. Z.Freydin qeyd etdiyi kimi, kültür qeyri-şüuri olanın şüuri olan ilə əvəzlənməsi aktıdır. Kult qeyri-şüuridir. O sadəcə həmişə edilmiş olanı edir. O, instruksiyaları izləyir. Kültür həm də kult tərəfindən təlqin edilən repressiya, irrasionallıq, zorakılıq, çirkinlik, ədalətsizlik və tragediyanın fəsadlarının fərqindəliyinə varid olmadır. Bu anlamda, kültür maariflənmədir.

Körtis Vayt bildirir ki, ABŞ bir kultdur. Kult Freydian maariflənməyə müqtədir deyil. O sadəcə əbədiliyin çiy və qaba versiyasına sahibdir. “Bunu etdiyimiz üslub onu həmişə etdiyimiz üslubdur. Biz bunu həmişə bu üsulla edəcəyik və bu, müzakirəedilməzdir. Onun haqqında danışmaq bir yana, düşünməyə belə dəymir. Kult artıq edilmiş olana konstant istinad vasitəsilə nə ediləcəyini zorla etdirir.

Latın mənşəli "kultura" sözü ilk təzühürünü Romalı mütəfəkkir, Mark Tulli Siseronun Tusculanae disputationes (Tuskulan Söhbətləri) adlı əsərində göstərir. Bu əsərində, Sisero fəlsəfəni cultura animi - ruhun kültürü olaraq qəbul edir. Bu kültür konsepti mənşəyi Qədim Yunanıstana aid olan fəlsəfi ənənədən qaynaqlanır. Natiqliyin qədim ustadı tərəfindən istifadə edilən metafora doğru və aydınladıcıdır. Kultura, insani varlığı sadəcə fiziki deyil, eyni zamanda spiritual olaraq yetkinləşdirmə vasitəsidir. Onun dəlalət etdiyi prosesdə dərin düşüncə, öz-özünü təhlil - introspeksiya, bilik, idrak, təcrübə və şüur fundamental rol oynayır. O, insani mükəmməllik və insani qeyri-mükəmməlliyin aydın prinsipi üzərində qurulmaqla bir dəyər prinsipini, eləcə də superiyor (kultural olaraq ali) və inferiyor (kultural olaraq daha aşağı və məziyyətsiz) anlayışlarını təlqin edir. Bununla birlikdə o, uzun zaman dövrləri ərzində - illər, onilliklər, yüzilliklər - hər zaman irəliyə doğru bir cəhd, təşəbbüs - conatus tələb edir. O, bir tərəfdən ağlı (belə bir təşəbbüsdə tələb olunan dərin düşüncə və şüurluluq), digər tərəfdən isə, təbiəti (bəhsi keçən ruhun forması və onun özünəməxsus xarakteri) özündə ehtiva edir.

XIX əsrin ortalarından etibarən meydana çıxan Kultur konsepti isə bütövlükdə Herderin əsərləri ilə bağlıdır. Herderə görə, Kultur xalqların həyat qanı, cəmiyyəti toxunulmaz saxlayan əxlaqi enerjinin axınıdır. Əksinə, sivilizasiya tərzlər, qanun və texnoloji bilikdən ibarət bir qaplamadır. Millətlər bir sivilizasiyanı paylaşa bilərlər, lakin onlar həmişə öz kültürlərində spesifik olacaqlar, çünki onların nə olduqlarını müəyyən edən məhz kültürdür.

Bu ideya tarixən iki istiqamətdə inkişaf edib. Alman romantikləri (Şellinq, Şiller, Fiht, Hegel və Hölderlin) kültürü Herdersayağı olaraq – bir milliyətin müəyyənedici essensiyası, onların ənənələr, inanclar və praktikalarında əks olunan vahid spiritual qüvvə kimi – dərk edir və nəzəriyyələşdirirdilər. Dil, din, incəsənət və tarixi biçimləndirən kültür ən kiçik hadisə üzərində belə öz möhürünü həkk edir. Cəmiyyətin heç bir üzvü, hətta savadsızı belə kültürdən məhrum deyil, çünki kültür və sosial üzvlük eyni ideyadır. Romantik deyil, daha çox klassik düşünənlər kültürü öz latın mənasında interpretasiya edirdilər. Modern universitetin banisi Vilhelm fon Humbolta görə, kültür yönü olmayan tərəqqi deyil, bir kultivasiya - yetişdirmədir. Hər kəs ona sahib deyil, ona görə ki, hər kəs kultivasiya üçün nəyin zəruri olduğunu öyrənmək qabiliyyətinə və ya meyilinə malik deyil. Bir universitetin məqsədi kultural mirası qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir.

Kültür konsepti ilə bağlı hər üç ideya hələ də keçərlidir. Erkən antropoloqlar Herderin konsepsiyasını qəbul edərək kültürü bir tayfanın öz-identikliyini formalaşdıran inanclar və praktikalar olaraq qeyd edirdilər. Metyu Arnold və onun dərindən təsir etdiyi ədəbi tənqidçilər (E.Paund, T.Eliot, F.Livis) Humboltu qəbul edərək kültürə təhsilli elitanın imtiyazı, intellekt və öyrənməni ehtiva edən nailiyyət olaraq görürdülər. Kültürün qeyd edilən konsepsiyaları Modernizm əsrinin başlanğıcından bəri bir-birilə ziddiyyət içərisindədir. Bu ziddiyyətdən kültürün üçüncü konsepsiyası meydana çıxdı. Bir tayfanın “ümumi kültür”ü onun daxili koherantlığının nişanəsidir. Lakin tayfalar, habelə tradisional cəmiyyətin əksər formaları modern dünyadan silinməkdədir. Adətlər, praktikalar, festivallar, rituallar və inanclar nomadik və köksüz mövcudiyyətimizin refleksiyası kimi dəyişkən və istəksiz xarakter alıb. Modern meqapolis məskunları tradisional tayfa üzvləri qədər sosial varlıqlardır. Onlar bir-birinə qarşı inamı təmin edən bir sosial identiklik mövcud olmadıqca əmin-amanlıq içərisində yaşamağa qadir deyillər. İdentikliyin kultivasiyası ekzistensialistlərin dili ilə söyləsək, “digərləri üçün olmaq”, ictimai sferada bir məkan iddia etmə üslubudur. O eyni zamanda seçimlər, zövqlər və asudəliyə əsaslanır. Geniş anlamda o, bir təxəyyül əsəri olmaqla ədəbi və bədii ənənənin ali kültürünə bənzəyir.

Kültürün üçüncü konsepsiyası - xalq kültürü artıq sosiologiyanın geniş yayılmış mövzusuna çevrilib. O, kultural tədqiqatların predmet-məsələsini müəyyən edir. Bu anlayış Raymond Villiams tərəfindən akademik ingilis dilinə daxil edilib. Ədəbi tənqidçi olmasına rəğmən, eqalitarian baxışları onun ədəbiyyatda elitist ənənəyə qarşı üsyanına səbəbiyyət verdi. O iddia edirdi ki, yuxarı siniflərin elit kültürlər ilə birgə əsla inferiyor olmayan digər, ümumxalq kültürü də var ki, məhz bu kültürlə onlar oppressiya qarşısında öz həmrəyliyini təsdiqləyir, sosial identikliyi və mənsubiyyət anlayışını ifadə edirlər. Villiamsın anti-elitizmi bir xor halında oxunmağa başlandı və modernist şərtlərdə pop-art və əyləncə formalarını təsvir etmək üçün intişar edildi. Bu akademik genişlənmənin nəticəsində, Villiamsın konsepti öz spesifikliyini itirdi. İstənilən aktivlik və ya artefakt əgər sosial interaksiyanın identiklik-formalaşdırıcı məhsuludursa, kultural olaraq nəzərə alınır.

Populyar kültürün iki növü mövcuddur: irsən sahib olunan və qazanılan. Qloballaşma əsasən də Avropa və Amerikanın irsən qəbul olunan (folk) kültürlərinin ekstinksiyasına, eləcə də onun kommersiallaşmış “mish-mash” ilə əvəz olunmasına gətirib çıxardı. Xüsusən də, musiqi Bela Bartok, Aaron Kopland və Voqan Villiamsda transfiqurasiyaya uğramış formada yenidən meydana çıxmaqla “high art” üçün xam maddəyə çevrilib.

Herderin “kültür” ideyası partikulyaristdir. Kültür separat bir fenomen olaraq müəyyən edilir – “onlar”ın okeanında “biz”in adası. Humboltun konsepsiyası isə universalistdir. Kültürlü insan bəşəriyyəti bir bütövlük olaraq görür, digər xalqların ədəbiyat və incəsənətini bilir, bütün ali formalar və aspirasiyalarında insan həyatına rəğbət bəsləyir. Bir-birinə zidd olan iki ideya üçün niyə eyni sözü istifadə edirik. Rocer Skraton təhsilli bir insan olaraq Humbolt və M.Arnolda, yaşlı bir ingilis olaraq Herderə meyilli olduğunu bildirir.

“Kultural böhran” və kültür siyasətinin nəzəriyyəçiləri arasında Frank Livis və onun tərəf müqabili Kvini Doroti Livis mütləq qeyd edilməlidir. Livis və onun ardıcılları – Livisitlərə görə, XX əsr kultural qürubu ilə qeyd edilməlidir. Kültür ideyası radikal şəkildə yenidən müəyyən olunaraq əsrimizin mücərrəd nihilizm və nisbiliyinin (relativizm) qurbanı olub. Fransa inqilabı ilə meydana çıxan eqalitarian prinsiplər və ehkamlar daxilində bu ideyanı universallaşdırmaq onu bütün ali əhəmiyyət və dəyərindən məhrum etmək ilə sinonimləşib. Metyu Arnold tərəfindən XIX əsrin səciyyəsi olaraq müəyyənləşdirilən faktor XX əsr üçün də artan keçərliliyə sahibdir – standartlaşma və eyniləşdirmə kültürünün sürətlə yayılması. Livisin “Kütlə sivilizasiyası və azlıq kültürü” əsərini əsas alaraq Livisitlər qeyd edirlər ki, kültür hər zaman azlığın mühafizəsində olub. Dəyişən azlığın statusudur. O artıq kultural sayğı tələb edə bilmir, və ya onun kultural iqtidarı qarşı gəlinə bilməyən deyil. Livis bildirir ki, indiyə kimi heç bir meydanoxuma olmadan zövq standartı müəyyən edən azlıq iqtidar kollapsı yaşamaqdadır. Burada Hollivud filmləri və ulduzlarının təşviq etdiyi qlamur, o cümlədən kültəvi medianın destruktiv rolu da inkarolunmazdır. Bu anlamda, kütləvi media əsasən ictimai ağılın ən güclü və kəskin de-edyukatoru olaraq dəyərləndirilir.

İngilis ədibi Edmund Qosse bu situasiyanın kritikliyini belə vurğulayır: “demokratik sentimentin yayılması ilə meydana çıxdığını gördüyüm bir təhlükə ondan ibarətdir ki, ədəbi zövq, ədəbiyyatın kanonları ümumi bərabər səsvermənin nailiyyətləri tərəfindən atrofiyaya uğrayır. İndiyədək, dünyanın əksər hissələrində təhsilsiz və ya yarımtəhsilli şəxslərdən ibarət kütlələr öz klassiklərini təqdir etməsələr də, onların üstünlüyünü etiraf etməyə razı idilər. Lakin bu gün, xüsusilə də Amerikada ədəbi klassiklərimiz əleyhinə qara kütlənin üsyanı müşahidə edilir. Əgər ədəbiyyat plebisit tərəfindən mühakimə olunacaqsa, əgər plebeylər öz iqtidarlarını bəyan edəcəksə, ədəbi zövq əleyhinə olan bu inqilab bizi geri çevrilə bilməyən xaosa sürükləyəcək.

İkinci Dünya Müharibəsindən sonra kütlələrin siyasət səhnəsini fəth etməsinin katalismikal kultural nəticələri oldu. Kütlələrin dominantlığında kultural elita və folk kültür dərin aşınma və tədrici eliminasiyaya məruz qaldı. “Kültür” anlayışı hər şeyi özündə ehtiva edəcək formada homogenləşdi. B.Rozenberq “Kütlə kültürü: Amerikada pop-incəsənət” adlı kitabında qeyd edir ki, Amerikanın maddi sərvəti və rifahı kütlə kültürünün qeyri-insaniləşdirici effektləri tərəfindən sarsıdılır. Onun ən böyük əndişəsi ondan ibartədir ki, kütlə kültürü sadəcə zövqlərimizi kretinizasiya etmir, həm də hisslərimizi brutallaşdırır və totalitarizmə yol açır. Dvayt Makdonald da “Bir kütlə kültürü nəzəriyyəsi” adlı kitabında müxtəlif aspektlərdən kütlə kültürünü tənqid edir. Ona görə, hər şeydən öncə kütlə kültürü ali kültürün vitallığının təməlini yox edir. D.Makdonald onu ali kültürdən qidalanan parazitik kültür adlandırır. “Folk incəsənəti aşağıdan inkişaf edir. O, Ali Kültürün faydası olmadan insanların özləri tərəfindən biçimləndirilən və və yalnız onların spontan, avtoxton ekspressiyasıdır. Kütlə kültürü isə yuxarıdan təlqin edilir. O, biznesmenler və qlobal istehsalat taykunlarının əmrində olan texnoloqlar tərəfindən fabrikasiya edilir. Onun auditoriyası passiv istehlakçılardır. Onların iştirakı almaq və almamaq arasında seçim ilə məhdudlaşır.

Ernest van den Haaq bildirir ki, kütlə kültürü kütlə cəmiyyəti (xalqların kütlələrə çevrilməsi) və kütləvi istehsalın qaçılmaz nəticəsidir. Den Haaqa görə, kütlə zövqü Qərb cəmiyyətlərində kultural istehsalçılar üçün daha mühümdür. O, ali kültür və folk kültürünün kütlə kültürünə absorbsiya edildiyini və kütlə kültürü olaraq istehlakını vurğulayır. Kütlə kültürü spiritual yoxsullaşmanın, eləcə də həyatın qeyri-fərdiləşdirici bir indikatorudur. Freydin “əvəzləyici məmnuniyyətlər”indən sonra sonsuz axtarışdır. Əvəzləyici məmnuniyyətlər ilə bağlı problem ondan ibarətdir ki, onlar real məmnunluqların meydana çıxmasının qarşısını alır. Ona görə də, van den Haaq bildirir ki, kütlə kültürünün istehlakı bir növ repressiya formasıdır. Kütlə kültürünün boş, anlamsız praktikalar və mövzuları daxildəki vakuumu doldurmaq üçün istehlak edilir ki, bu da spiritual lakunanın daha da genişlənməsinə səbəbiyyət verir. Repressiyanın bu tsiklinin funksionallığı real məmnuniyyətin yaşanılmasını qeyri-mümkünləşdirir. Nəticə isə, kultural “masturbator” və kütlə kültürü “aludəçi”sinin cansıxıntısı və distraksiya arasında məqsədsizcə hərəkət, özünü reallaşdıra bilməmə tsiklinə məhkum olduğu bir kabusdur.

Lesli Fidler bildirir ki, kütlə kültürü spesifik olaraq amerikan fenomenidir. Ona görə, bu fenomen yalnız ABŞ-da meydana çıxmasa da, harada olmasından asılı olmayaraq, o yalnız bizdən qaynaqlanır və ən inkişaf forması Amerikadadır. Bu perspektivdən bizim təcrübəmiz qədim aristokratik kültürlərin qaçılmaz dissolyusiyasına uymalı olan dünyanın geri qalan hissəsi üçün bir ön izləmədir. L.Fidler kütlə kültürünün “öz yerini bilməyi rədd edən” pop-kültür olduğunu vurğulayır: “Çağdaş vulqar kültür brutal və rahatsızedicidir. Anonim şəhərlərin köksüz və kultural olaraq inferiyor məskunlarının yarı-spontan ekspressiyası, qədim loyallıqlar və qəhrəmanlıqların sosial bazislərinin çoxdan məhv edildiyi bir dünyada texno-elmin təhdidlərini, sonsuz müharibələr dəhşətini idarə oluna bilən formaya endirmək üçün mifologiyalar icad etmədir”. Fidler Amerikanının “ikicəbhəli qəribə sinfi müharibə”nin ortasında olduğunu bildirir. Mərkəzdə kübar orta sinif ağlı, yuxarıda “ironik-aristokratik həssasiyyət”, aşağıda isə brutal-populist mentallıq. Kübar orta sinif ağlı kultural bərabərliyi öz şərtləri daxilində istəyir. Bu, Livisin vurğuladığı kultural ehtiram tələbi deyil, kultural müxtəlifliyə son qoyma israrıdır. Beləliklə, Fidler amerikan kütlə kültürünü homogenləşmiş və düzləşdirici (eyniləşdirici) olaraq deyil, daha çox iyerarxik və plüralist olaraq görür.

Edvard Şils də oxşar model təklif edərək, amerikan kültürünün hər birisinin kulturallığın müxtəlif versiyasını ehtiva edən üç kultural sinfə bölündüyünü qeyd edir: yuxarıda “ali” və ya “saf” kültür, ortada “bayağı” kültür, aşağıda isə “brutal” kültür. Kütlə cəmiyyəti “superiyor” və ya “saf” kültürün əhəmiyyətini azaltmaqla, banal və brutal kültürlərin əhəmiyyətini artırmaqla kultural xəritəni dəyişdirib. Şils bunu total şəkildə neqativ proses deyil, hər zaman onlara ötürüləni qəbul etmiş olan siniflərdə xam estetik oyanışın göstərici olduğunu qeyd edir. Fidler kimi E.Şils də Amerikanı kütlə kültürünün vətəni olduğunu iddia etməkdən çəkinmir. Hətta Amerikanı “kütlə cəmiyyətlərinin ən kütləvisi” adlandırır.

Modernizm əsrində kültür insani varlığın məskunlaşdığı tarixi və tarixən müəyyən edilmiş medium olaraq başa düşülür. Lakin buna qədər kültür insanın qeyd edilən mediumu tərk edərək yüksələ və daha ali, supra-tarixi müstəvidə mövcud ola bildiyi nərdivan olaraq dərk edilirdi. Kültür sadəcə insan cəmiyyətinin keçici maraqları və lokal adətlərinin təsadüflərindən asılı hala gəlməklə birbaşa təsiri olmayan, ikincidərəcəli bir sub-fenomenə çevrilib. Kültür, bütün cəmiyyətlərin ümumi göstəricisi olaraq işlədilən terminə transformasiya edilsə də, bu termin iqtisadi-materialist müstəvidən daha ali zirvəyə doğru təkamül edə bilən nadir cəmiyyətlərin fundamental strukturu və sisteminin göstəricisidir. Orijinal dərkində kültür bir şaquli fərqliləşmə denominasiyasıdır.

Kültürün modernist dərki onun klassik dərkindən köklü şəkildə fərqlidir. Bugün, "kültür" insan ruhunun spontan (öz-özünə) yüksəlişi, inkişafı olaraq dərk edilir. Lakin, klassik dərkinə əsasən, H.Keyserlingin qeyd etdiyi kimi, kültürlü (kulturalize olmuş) insan öz təbiətinin çoxqatlılığını və müxtəlifliyini harmonik bir bütövlüyə tabe edə və bir dirijorun öz orkestrini idarə etdiyi kimi bu bütövlüyü idarə edə bilən, hər şeyin mahiyyətini dünyanın inteqral - ayrılmaz şəkildə bütünləşmiş mahiyyəti kontekstində dərk etməklə daxili mükəmməlliyə doğru irəliləyən insandır. Beləcə o, Şopenin musiqi notlarını idarə etdiyi tərzdə öz təbii instiktlərini və impulslarını idarə etməklə bir psixoloji varlıq olaraq bütövləşmiş bütövlüyə çevrilir.

Siseronun zamanı ilə bizim zamanımız arasındakı fərq ondan ibarətdir ki, Romalı mütəfəkkirin dövrünün insanları kultural fəaliyyətin təməlində nəcib etnik və insani essensiyanın varlığını ön-şərt olaraq qəbul edirdilər. Bugün, bu alt-təməl bütün dərinliyi ilə dərk olunmalı və yenidən formalaşdırılmalıdır. Unutmayaq ki, intellektual və spiritual müstəvidə mübarizə fizioloji və fiziki müstəvini yenidən canlandırmağa doğru atılan ilk addımdır.

-------------------------------------------------------

Ədəbiyyat:

  1. Edward Shils., ‘Mass society and its culture’, in Literary Taste, Culture, and Mass Communication, Volume I, edited by Peter Davison, Rolf Meyersohn and Edward Shils, Cambridge: Chadwyck Healey, 1978
  2. Leslie Fiedler, (1957), ‘The middle against both ends’, in Mass Culture: The Popular Arts in America, edited by Bernard Rosenberg and David Manning White, New York: Macmillan
  3. Ernest van den Haag, (1957), ‘Of happiness and despair we have no measure’, in Mass Culture:The Popular Arts in America, edited by Bernard Rosenberg and David Manning White, New York: Macmillan
  4. Leavis, F.R. (2009), ‘Mass civilisation and minority culture’, in Cultural Theory and Popular Culture: A Reader, 4th edn, edited by John Storey, Harlow: Pearson Education
  5. Leavis, F.R. The Common Pursuit, London: Hogarth, (1984)
  6. Macdonald, Dwight (1998), ‘A theory of mass culture’, in Cultural Theory and Popular Culture: A Reader, 2nd edn, edited by John Storey, Harlow: Prentice Hall
  7. Herbert Marcuse, One Dimensional Man, London: Sphere, 1968a
  8. Bernard Rosenberg, ‘Mass culture in America’, in Mass Culture: The Popular Arts in America, edited by Bernard Rosenberg and David Manning White, New York: Macmillan. (1957)
  9. Curtis White, Living in the world that can’t be fixed, Melville House, 2019
  10. Roger Scruton, Modern Culture, Bloomsbury Publishing, Kindle version, 2012
  11. Cicero, Tusculan disputations, Book II, §13: Cultura animi philosophia est. Trans.by C.Yonge, NY, Harper and Brothers Publishers, 1888 (archive.org)

# 1170 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #