Koroğlu dastanı necə yarandı? - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu, yazıçı-tənqidçi

Fəxri Uğurlu, yazıçı-tənqidçi

30 sentyabr 2022
# 15:20

Kulis.az Fəxri Uğurlunun "Əylən deyim Qıratın qiymətini..." adlı yazısını təqdim edir.

“Koroğlu” dastanı folklorumuzda, bütövlükdə ədəbiyyatımızda sufi-qızılbaş ruhunun ən parlaq ifadəsidir. Dastanda Səfəvi dövləti, qızılbaş ideologiyası birbaşa təbliğ olunmasa da, istər süjetlərdə, istərsə nəzm parçalarında ürfan havasını duymaq çətin deyil. Bu mənada “Koroğlu” şeirlərini ayrıca vurğulamaq istərdim. Dastandakı qoşmaların, gəraylıların poetik mükəmməlliyi, emosional gücü onu deyir ki, bu şeirləri Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi söz ustaları, ya da təqribən onlar səviyyəli başqa sənətkarlar qoşublar.

Çaldıran döyüşü ərəfəsində Osmanlı dövlətinin ələvi-qızılbaş türkmənlərə divan tutduğu keçmişimizlə maraqlanan hər kəsə yaxşı bəllidir. Həmin illərdə baş verən repressiyalar nəticəsində ölən öldü, qaçan qaçdı, ayaq tutmayanlar da ucqar, quşqonmaz dağlara sürgün olundu. Osmanlı təbəəliyində qalan ələvi türkmənlər bundan sonra əsillərini danıb özlərini kürd kimi qələmə verməyə başladılar. Halbuki kürd əhali sünniliyin şafii qoluna mənsub idi, o zamana qədər din-məzhəb tarixi, bəlkə, bir nəfər də ələvi kürd tanımırdı.

Yeri gəlmişkən: Bir neçə il qabaq ölkəsinə mənsub hansısa humanitar layihənin icrasına qoşulmaq üçün Türkiyədən buralara gəlmiş bir nəfərlə qısa söhbətim oldu. Yerini-yurdunu xəbər alanda Qarsdan olduğunu dedi. Millətini soruşdum, kürd olduğunu söylədi. Sünni, yoxsa ələvi olduğunu soruşanda yek kəlmə belə cavab verdi: “Abi, kürdün şiəsi olmaz”. Mən onun cavabından çox məmnun qaldım, tanışıma anlatmağa çalışdım ki, buralarda heç kimi bu sadə həqiqətə inandıra bilmirəm.

Daha bir haşiyə: Türkiyənin məşhur bir televiziya aparıcısı bir neçə il qabaq CXP-li bir millət vəkilindən canlı efirdə müsahibə alırdı. Söhbət əsnasında xanım aparıcı siyasətçidən milliyyətcə kürd, yoxsa zaza olduğunu soruşdu. Millət vəkili cavabında dedi ki, etnik baxımdan zaza sayılsalar da, onlar öz kimliklərini ələvi adı altında tanıdırlar. Bunun ardınca aparıcı ondan ələviylə qızılbaşın fərqini xəbər aldı. Millət vəkili söylədi ki, heç bir fərqi yoxdur, sadəcə ucqar dağlarda məskunlaşmış əhaliyə qızılbaş, aşağılarda yaşayanlara ələvi deyilir...

“Koroğlu” dastanı məhz dağlara çəkilən o qızılbaşların arzularından, xəyallarından yaranıb. Çənlibel sakinlərinin xotkara, paşalara qəzəbinin mənbəyi də amansız təqiblərə, təhqirlərə məruz qalmış türkmən əhalinin incik ruhunda axtarılmalıdır. Burada Koroğlunun da mənsub olduğu deyilən Cəlalilər hərəkatının ideyası, mahiyyəti üzərində durmaq istəmirəm, bu barədə tarix dərsliklərində yazılıb. Araşdırmaçılar dastanda boy göstərən Koroğlu, Dəli Həsən, Kosa Səfər, Dəmirçioğlu, Tanrıtanımaz, Giziroğlu Mustafa bəy kimi qəhrəmanların tarixi şəxsiyyətlər olduğunu sübuta yetiriblər.

Bununla belə obraz obrazdır, o öz orijinalına nə qədər oxşasa da, zaman keçdikcə aşıqların, dastançıların ifasında yeni-yeni cəhətlər, sifətlər qazanır, əfsanələşir, mifləşir, bəzən hətta ilahiləşir. Bu baxımdan mənə elə gəlir dastan qəhrəmanı Koroğlunun prototipi təkcə tarixi qəhrəman Koroğlu deyil, həm də qızılbaş lideri Şah İsmayıl Xətaidir. Ahıl çağında odlu silahla tanış olandan sonra mərdlik dövrünün həsrətiylə qəm-qüssəyə dalan Koroğlunun kədərində də “Vəzirimdir qəmü-qüssə, oturmuş iki yanimdə... İliklər qarə su oldu, alışdı üstxanimdə” deyən Şah Xətainin böyük kədərinin qəlpələri, Çaldıranda sufilərin, qızılbaşların üstünə alov yağdıran top-tüfəngin sönməyən atəşi, susmayan sədası var.

Koroğlu dəlisi eynən qolu zəncirli Məcnun kimi, əli külünglü Fərhad kimi eşq dəlisi deməkdir. Misri qılınc Həzrət Əlinin Zülfüqarının, Qırat Düldülün təcəllasıdır. Koroğlu dəlisi - Koroğlunun ikinci məni (alter-eqo), onun ruhunun bir ayrı sifətidir. Koroğlunun öz adına gətirdiyi qızları dəlilərə paylaması bu mənada təsadüf sayılmamalıdır, əslində o bu qızları elə özünə - öz ruhunun bir özgə nüsxəsinə nikahlayır. Başqa sözlə, Çənlibel adlı vəhdət məkanında sənin-mənim söhbəti yoxdur, hamı iç-içə, könül-könülədir, burada dostluq, qardaşlıq, ərk qanunları hökm sürür, mal da, mülk də ortaqdır, qərarlar birgə verilir, hər kəs hamı üçün işləyir. Bu birgəlik pozulanda dəlilər Koroğlunun salamını almırlar. Nə qədər müqəddəs bir ittifaq! Koroğlunun dəliləri buna görə cəzalandırmaq, qorxutmaq imkanı yoxdur, Çənlibeldə belə bir mexanizm işləmir; o yalnız dəlilərdən (bəlkə də, özündən) küsüb üç gün üzüqoylu yata bilər. Koroğlunun dəlilərə bu mistik münasibəti Şah İsmayılla silahdaşları, müridləri, sərkərdələri arasındakı ruhani bağlılığa çox bənzəyir.

Deməyim odur ki, Koroğlu obrazına təkcə qılınc qəhrəmanı, qoluzorlu bahadır kimi yox, ilk növbədə, mənəviyyat qəhrəmanı, əxlaq bahadırı kimi baxılmalıdır. Koroğlu düşmənin qabağına yalnız qılınc-qalxanla, gürzlə, əmudla çıxmır, eynən sələfi Şah Xətai kimi sazla, sözlə, sənətlə, ürfan əxlaqına söykəli mərdlik örnəyi kimi, əsl kişi kimi çıxır. Özünü unudub namərdlik eləmək istəyəndə onun biləyindən yapışıb nahaq qana susamış xəncərini əlindən alan xilaskar mələyi - Nigar xanımı var. Xotkar qızı da Koroğlunun ikinci məni, onun daha bir alter-eqosudur. Cismi İstanbulda, zalım padşahın sərəncamında olsa da, Nigarın ruhu Çənlibeldə, Koroğlunun himayəsindədir. Qıratın tərkinə minib Çənlibelə qalxmaqla o, əslində fani məkandan baqi məkana, dünyəvilikdən ruhaniliyə, ehtiraslar cəhənnəmindən eşq cənnətinə, candan könülə dartınır. Xotkar qızının ardınca neçə-neçə paşa qızı, bəy-xan qızı Koroğluya sifariş göndərib saraydakı dustaqlığı çadırdakı azadlığa dəyişir. Koroğlu onları say-seçmə dəlilərlə - özünün ruh qardaşlarıyla, qəlbinin nüsxələriylə cütləşdirir.

Nədənsə mənə elə gəlir Koroğlu Nigar xanımı Qıratın yox, Düratın belində qaçırıb; yəni hərə öz atına süvar olub - Koroğlu Qıra, Nigar Dürə. Əks halda Ata Tanrı ilə Ana Təbiətin birləşib-cütləşib Koroğluya bir də yox, bir cüt at nazil eləməsinin mənasını şəxsən mən anlamıram. Həm də bu bir cüt atın biri o birindən azacıq üstündür - eynən kişi qadından üstün olduğu qədər. Belə isə dərya ayğırından döl tutan madyanın gələcək qəhrəman üçün məhz iki bala verməsinin açması nədir? Məncə, Dürat Nigar xanımın qisməti, onun at donunda zühura gəlmiş ruhudur. Qırat isə Koroğlu ruhunun at cildində təcəllasıdır - bunu sübuta yetirmək üçün dastandakı şeirlərdən tək bir misra şahid gətirmək yetər: “At igidin qardaşıdır...”

“Koroğlu” dastanı mənim ədəbi-bədii zövqümün, mənəvi-əxlaqi dünyagörüşümün formalaşmasında, hətta, bəlkə də, güləcəksiniz, iştahımın açılmasında əvəzsiz rol oynayıb. Dördüncü sinfi bitirənəcən dastanı dörd dəfə oxumuşdum, şeirlərinin bir çoxunu əzbər bilirdim. Qoç Koroğlunun mərdlik, kişilik xariqələri yaratdığı məqamlarda (məsələn, Giziroğlu Mustafa bəyi öyüb özündən uca tutanda, Qıratı qaçırmış Keçəl Həmzəni bağışlayanda, darda olan dəlilərin hayına yetəndə...) necə havalanıb kövrəldiyimi indi dərin hüznlə xatırlayıram. Kitabları, xəritələri ələk-vələk eləyib dəniz ayğırının çıxdığı dəryanı necə həvəslə, həyəcanla axtardığımı qırx il bundan əvvəlin uşaq saflığıyla anıram. Ən ləziz yeməklərdən belə diksindiyim bir yaşda dastanın hansısa qolunu oxuyandan sonra anama bir sini aş sifariş verib, özü də plovu əllə yeyəcəyimi deyəndə onun necə heyrətləndiyini indi ləzzətlə yada salıram. Daha Çənlibelin yerini, Qıratın rəngini dəqiqləşdirmək üçün çəkdiyim xoş əzablardan danışmıram... Yeri gəlmişkən bunu da deyim ki, bizdə “Koroğlu” oxucularının, demək olar, hamısı nədənsə (görünür, həm də qır sözünün təsiri altında) Qıratı qara rəngdə təsəvvür eləyir. Əslində isə Qırat elə Bozat deməkdir. Bamsı Beyrəyin Boz ayğırı, Qaçaq Nəbinin Boz dayı kimi Koroğlunun da atı ağ-boz rəngdədir. Həm tarixi, həm də mifoloji gələnəyə görə, liderin atı bu rəngdə olmalıdır.

“Koroğlu” dastanı bizim milli mənəviyyatımızın təməl daşlarından biri, müştərək əxlaqımızın bünövrəsidir. O bünövrənin üstündə qurulmayan hər bir saray, ev, daxma gec-tez başımıza uçacaq. Çünki folklor, ədəbiyyat milli varlığın başlıca qida mənbəyidir. Sənət tarixi milli olmayanın bəşəri də olmadığını çoxdan sübuta yetirib. Millətlər ailəsinə hər xalq öz sifəti, öz cildi, öz dili, öz sözü-sənətiylə qoşulmalıdır. Bunu bacarmayanların aqibəti bacaran azmanların qursağında əriyib itmək, tarixdən silinməkdir.

/yeniazerbaycan.com/

# 3942 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #