Köklənmə və ya kainatla təmasda - Rüstəm Dastanoğlu

Köklənmə və ya kainatla təmasda - Rüstəm Dastanoğlu
8 mart 2024
# 13:04

Kulis.az Rüstəm Dastanoğlunun "Köklənmə və ya kainatla təmasda" adlı yeni yazısını təqdim edir.

Musiqi alətində hansısa havanı ifa etmək üçün, aləti kökləməlisən, kökləməsən havanı düzgün ifa etmək olmayacaq. Alət köklənəndən sonra nəzərdə tutulan hava düzgün çalınır, və alətdən istədiyin səsləri ala bilirsən. İnsan da belədi: beynindəki fikrə köklənəndə, fikir başlayır addım-addım həyata keçməyə. Fikri beynə oturtmaq, onu beyində yaşatmaq o deməkdi ki, sən artıq o fikrə, o ideyaya köklənmisən, sən o kökdəsən.

Mükəmməliyə gedən Yol məhz O daxili köklənmədən keçir.

***

Təbiətdə bizim onları görüb-görməməyimizdən, anlayıb- anlamamağımızdan, kəşf edib- etməməyimizdən asılı olmayaraq hər şey var. İndiyə kimi olanlar hamısı bizim onları dərk edib-etməməyimizdən asılı olmayaraq, olub və olacaq. İstər Nyutonun qanunları olsun, istər Enşteynin nisbilik nəzəriyyəsi, istərsə də, Amerikanın kəşfi.

Yəni Amerika onsuz da yerindəydi, var idi, indi də yerindədi, var! Təbiətin nəyinə lazımdı, sən onu kəşf etmisən, ya yox! Onu “Amerika” adlandırmısan, ya “Hindistan”. Yəni təbiətlə bağlı ən mürəkkəb hesab olunan və ya ən sadə görünən indiyə qədər kəşf olunan və bundan sonra kəşf olunacaq bütün qanunlar bizim ətrafımızdadı onlar gözlə görünəndi, fəhmlə duyulandı, bircə o qalır ki, sən öz varlığınla (ağlın, ruhun, hissiyyatın, intuisiyan və s.) təbiətlə vəhdət yarada, bir kökə köklənə biləsən. Bu məqamda sən İlahi qüvvənin bir parçası olan təbiətin bir parçasına çevrilirsən, davamı olursan, olanları və olacaqları hiss edirsən, qavrayırsan, təbiətin ötürdüyü informasiyaları almaq, qəbul etmək üçün həmin əlaqə xəttinə qoşulursan. Və məhz bu anda, bu məqamda insanla təbiət arasında gözlə görünməyən qarşılıqlı əlaqə, informasiya mübadiləsi yaranır, başqalarının duya, hiss edə bilmədikləri sənə aydın olmağa başlayır.

...Heyvanlar təbiətlə eyni kökə köklənib, ona görə də insanlardan fərqli olaraq zəlzələ, fırtına və s. kimi təbii fəlakətləri qabaqcadan hiss edir, hətta öz davranışları ilə xəbərdarlıq da edirlər.Guya şüur sahibi olan insanlar isə, öz köklərində olmadığından, bütün bunları hiss edə bilmirlər. İnsanlar kosmosa peyklər göndərirlər, nə qədər qəbuledicilər, aparatlar və s.lər istehsal edirlər, amma onlar bu sadalananları və sadalanmayanları dəqiq hiss edə bilmirlər. Ona görə hiss edə bilmirlər ki, bir var təbiətin yaratdığı, bir də var, təbiətin yaratdığının (bu halda, insanın) yaratdığı. Təbiətin yaratdıqları idealdı, bitkindi, insanın yaratdığı isə nə qədər mükəmməl olsa belə, təbiətin yaratdıqları ilə müqayisəyə gələ bilməz.

Təsadüfi deyil ki, seçilmişlər də, həqiqəti dərk etmək üçün, təkliyə çəkilirdi, özüylə baş-başa qalırdı, özünə qapanırdı, özünə köklənirdi. Şüur mane olmayandan sonra, necə deyərlər, həqiqətin qapıları onların üzlərinə açılırdı, yəni, onların daxili köklənməsi ilə təbiətin-kainatın köklənməsi vəhdətdə olarkən həmin o mükəmməl əlaqə yaranırdı.

Bu İlahi köklənmə olanda, sən öz hissiyyatınla, varlığınla dünyanın, kainatın özü boyda olursan.Və bu qədərində olduğunda dünyada olanları, olacaqları görürsən, duyursan, anlayırsan və qavrayırsan. Çünki sən artıq təkcə olanların deyil, həm də olacaqların içindəsən. Necə ki, əlini, ayağını hiss edirsən,bütün dünyanı da eləcə hiss etməyə başlayırsan. Əgər dünənəcən sənin bədəninin, canının, bütün varlığının sərhədləri dırnaqlarına, saçına, dərinə qədər idisə bundan sonra sən dünya, kainat boyda sərhədsizlik, hüdudsuzluq qazanmış olursan. Və bu İlahi məqamlarda sən dəyişiklikləri öz bədənin kimi hiss edirsən, təbiətin səsini eşidirsən, olanların və olacaqların mehləri, dalğaları (informasiyalar) səndən xəbərsiz sənə ötürülür, sənə çatdırılır. Səndə olan informasiyalar da ətrafa göndərilir, ötürülür, çatdırılır: nə qədər, hansı biçimdə lazımdısa, hara və necə lazımdısa eləcə. Bütün bu ismarıcları təbiət- kainat özü tənzimləyir.
Ağıl, şüur olan yerdə tam bağlantı, əlaqə yaratmaq mümkün deyil. Şüur insanı təkcə idarə etmir, idarə edə-edə çaşdırır, ikiləşdirir, İlahi əlaqədən sapdırır. Nəticədə insanın kainatla bağlantısı əriyib itir.

…Təbiətdə insandan başqa hər şey öz kökündədi, təbiətdəki bu köklənməni pozan bir varlıq varsa, o da insandı. Bu mənada, bəzi mülahizələr özünü doğruldur. Bəli, ola bilsin ki, insan bu yer üzünə yersiz əlavədi, başqa dünyaların məhsuludu, bu yer üzünə məhz nizamı pozmaq üçün göndərilib.

…Və ya lap əvvəldən hansısa bir qüvvə insanın həyat yolunu, yaşayış tərzini, tamam səhv bir istiqamətə yönəldib, onu öz təbiiliyindən çıxarıb. Tarix başqa yolla getsəydi, böyük cəmiyyətlər, dövlətlər qurulmasaydı, dinlər, təriqətlər yaranmasaydı çox güman ki, bu günün insanı da tamam başqa cür olardı. O, təbiətin dilini mükəmməl biləcək, onun bir parçası olacaq, sözün əsl mənasında bu günkü süni, qurama, riyakar cəmiyyətlərin yox, yaranışından milyard illər keçsə belə öz bəkarətini qoruyan kainatın vətəndaşı olacaqdı.

…İnsan dünyaya gələndən şüuru ( bəlkə də, şeytan deyilən şey elə şüurdu) formalaşana qədər İlahi köklənmədə olur.

Heyvanlarda bu ilahi köklənmə əvvəldən sona qədər pozulmur. Ona görə də, hər heyvan öz payına düşən “heyvan” ömrünü yaşayır yəni dovşan dovşan ömrü, pələng pələng ömrü, qarışqa da qarışqa ömrü yaşayır. Hər dünyaya gələn insan isə, qismətinə düşən insan ömrü yaşaya bilmir. Ona şüur hakim kəsiləndən sonra kökü (köklənməsi) davamlı olaraq pozulmağa başlayır. Az sayda insan olur ki, onlar bu prosesdən cüzi fəsadlarla çıxır və çoxluq da onları ya dahi, ya da dəli adlandırır.

Bir qədər də uzağa və dərinə getsək, dünyanın, deməli, o cümlədən bütün kainatın milyard illər boyunca yaşamasının səbəbi də planetlərin bir-biri ilə və ümumilikdə kainatla sabit, pozulmaz bir köklənmədə olmasındadı. Bu köklənmə azacıq belə çat verərsə, bu, əlbəttə ki, son olardı.

Bəli, şükürlər olsun ki, dünya yaranışından indiyə kimi eyni köklənmədədir. Ayrı-ayrı planetlerin özlərində ümumi köklənmədən çıxmamaq şərti ilə hansısa fəsadlar, hadisələr baş verə bilər, amma planetlərin bir-biriləri arasındakı köklənmə pozula bilməz.

Bizim sakinləri olduğumuz Yer kürəsinin də, bütün kainatla dəyişməz, sabit köklənməsi var. Və Yer kürəsinin özündə-onu təşkil və əhatə edən flora və fauna adlandırdığımız canlılar və cansızlar aləmi arasında da bir sabit köklənmə var.

İnsan həm də yeganə varlıqdı ki, özü ilə təbiət arasındakı köklənməni pozduğu kimi, bir-birləri arasındakı köklənməni də davamlı olaraq pozur və bu uçurum get-gedə daha da dərinləşir. Bütün bunlar izsiz və təsirsiz ötüşməyəcək.

İnsanlararası, insanla təbiət arasında köklənmənin pozulması, kainatın varlığında insan varlığının,gördüyü əməllərin nisbəti nə qədərdisə, o nisbətə uyğun olaraq, kainatdakı ümumi köklənmənin pozulmasına davamlı şəkildə təsir edir.Və neçə min, bəlkə də milyon illərdən sonra o cüzidən-cüzi təsirlərin kainatdakı ümumi köklənməyə çox əsaslı təsiri olacaq.

Digər canlılara gəlincə, mövcud olduqlarından bu günə qədər onların nə hərəkət və instinktlərində, nə də yaşam tərzlərində hansısa bir dəyisiklik baş verməyib.Və əgər nadir hallarda onlarda da nəsə kiçik kənara çıxmalar olursa, bu insanların günahı ucbatından, onların müdaxiləsi nəticəsində baş verir.

Bəli, insan şüuru bütün canlı və cansız varlıqların ümumi evi olan Yer adlı bu planetə öz yerli-yersiz müdaxilələriylə bədbəxtliklər gətirir. Çayların məcrasının dəyişdirilməsi, meşələrin qırılması, nüvə sınaqları və s. kimi insan əliylə törədilən hadisələr nəticədə təbiətin əks-reaksiyasına, təbii fəlakətlərə yol açmış olur.

***

Məlumdur ki, insan, beyninin imkanlarından, hardasa, cəmi 5 faiz ətrafında istifadə edə bilir. Bu rəqəmdən bircə faiz artıq istifadə edə bilənlər isə Napoleon, Enşteyn kimi dahilik zirvəsinə yüksəlirlər. Təsəvvür edək ki, insan bu imkanların çoxusundan istifadə edə bilir. Onda nələrin baş verə biləcəyini yalnız qeyri-adi fantaziyaya sahib olanlar təxmin edə bilərlər.

Bəli, İlahi varlıq insana sərhədsiz imkanlara malik beyin bəxş edib. İnsan bu imkanlardan istifadə edə bilmirsə, görünür, bunun özünün də hələ ki, bizim o “5 faizlik” beynimizin dərk edə bilmədiyi tutarlı səbəbləri var. Və bu səbəblərdən biri də ola bilsin ki, insanın, insan cəmiyyətinin inkişaf yolunun düzgün olmayan istiqamətə yönəlməsi və ya qəsdən yönəldilməsidi. İnsan o reallıqda yaşamağa məhkum olub ki, beyninin imkanlarını açmaq üçün uyğun şərait olmayıb. Məsələn, necə ki, Azərbaycanda iqlim və şərait münasib olmadığından banan bitmir. Buna uyğun şərait yaradılarsa, əlbəttə ki, burada banan, yaxud ananas da yetişdirmək problem olmaz.

Milyardlarla sərmayələr yatırılır, Yerdən kosmosacan pullar səpələnir ki, təbiətdə baş verə biləcək hadisələrdən öncədən xəbər tuta bilək, bu məqsədlə peyklər, aparatlar istehsal olunur, amma hətta ən uitramüasir texnika belə təbiətlə bağlı informasiyanı adicə bir siçan qədər tam, düzgün ötürə bilmir. Deməli, Yerdən kosmosacan səpələnən o pullar tam məqsədə uyğun xərclənmir.

Bəlkə də bu sərmayə İlahi qüvvənin yaratdığının (insan) yaratdığına (dəzgaha) yox, özünə qoyulsa insanın beyninin imkanlarının açılması istiqamətində ciddi işlər görülsə, həmin mühit yaransa insanın gücü kənarında hesab olunanları, mümkünsüz görünənləri reallaşdırmaq mümkün etmək olar.

Bəli, təəssüflər olsun ki, başı milyon kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub...

Həmin İlahi qapının açarı isə insan varlığının düzgün köklənməsindən keçir.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #