Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü – Amil Xəlil kimləri və niyə “damğalayır”?

Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü – Amil Xəlil kimləri və niyə “damğalayır”?
13 yanvar 2026
# 12:00

Kulis.az Sevinc Mürvətqızının “Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü” yazısını təqdim edir.

Hərdən bəzi mətbuat nümayəndələri qarşılarına qoyulan mikrofondan təyinatı üzrə istifadəni – onun informasiya, maarifləndirmə və əyləndirmə funksiyasını unudurlar. Elə bilirlər ki, efir vaxtı ağzı köpüklənə-köpüklənə “əxlaq polisliyi” etmək üçündür.

Elə cümlələr səsləndirirlər ki, görürsən, mənanın alt qatında bütöv bir dünyagörüşü, travmatik qorxu, qarşısıalınmaz aqressiya yatır.

Son günlərdə “Space TV”nin efirində səslənən fikirlər də məhz bu aspektdə idi. Aparıcı Amil Xəlil Bakıda gördüyü “biabırçı mənzərələri” əsas gətirərək, xüsusilə regionlardan gələn qız tələbələri hədəfə alaraq valideynlərə “qızlarınızı Bakıya göndərməyin” çağırışı edib.

Bu çağırış ilk baxışda cəmiyyətə “əxlaq” və “narahatlıq” pərdəsi altında təqdim edilən bir tövsiyə kimi görünə bilər. Amma məsələnin bir az dərininə baxanda bunun ədalətsiz və təhrifedici olduğu qədər, həm də təhlükəli tendensiya olduğu aydın olur. Çünki burada söhbət tək-tük fərdi hallardan yox, bütöv bir sosial qrupun – minlərlə gənc qızın şübhə altına salınmasından gedir.

Aparıcı efir üçün yolverilməz olan məxsusi aqressiya ilə vurğulayır ki, gördüyü biabırçılıqları edənlərin “99 faizi tələbələrdir”. Bu rəqəm haradandır? Hansı araşdırmaya, hansı hüquq-mühafizə orqanının statistikasına, hansı sosial tədqiqata əsaslanır, görəsən? Yoxsa sadəcə küçədə, hansısa məkanda gördüyü bir neçə mənzərədən çıxarılan, amma minlərlə gənc qızın həyatına kölgə sala, şübhə yarada biləcək subyektiv və məsuliyyətsiz bir nəticədir?

Jurnalistika fərdi müşahidəni, subyektiv fikrini ictimai hökmə çevirmək sənəti deyil. Jurnalist məhdud misalla bütöv bir qrupu mühakimə edə bilməz.

Üstəlik, burada söhbət cəmiyyətin ən həssas və ən asan hədəfə çevrilən təbəqəsindən – gənc qız tələbələrdən gedirsə, məsuliyyət daha da ağırdır. Haralardasa rastlaşdığı fərdlərin davranışını bir nəslin üzərinə yıxmaq informasiya yox, stiqmalaşdırmaqdır. Həm də süni şəkildə.

Və bu stiqmatizasiya açıq-aşkar gender xarakterlidir. Aparıcının dilində problem sadəcə “tələbələr” deyil, “qız tələbələr”dir. Bakıya oxumağa gələn oğlanlar problem sayılmır, amma qızlar avtomatik risk qrupuna salınır.

Sən demə, şəhər oğlan üçün inkişaf, qız üçün isə “pozulma” məkanı imiş və yaxşı ki, efir vasitəsilə cümleyi-aləm bu “ilahi həqiqət”ə vaxtında vaqif oldu!..

Bu düşüncələrin nə milli dəyərdir, nə də əxlaqi çərçivələrə aidiyyatı yoxdur.

Bu, qadının ictimai məkandakı varlığını təhlükə kimi görən, onu daim nəzarət altında saxlamaq istəyən köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahüründən başqa bir şey deyil.

Hələ məsələnin diqqət yetirilməyən başqa tərəfi də var. Bu yanaşmanın içində bir də bölgəyə, əyalətə və kənd insanına qarşı açıqca bir yuxarıdan aşağı baxış var. “Valideynlər mal-qara saxlayıb zülm çəkirlər” kimi ifadələr sadəcə təsvir deyil. Bu, kəndlinin, bölgə insanının əslində, “canıyananlıq” pərdəsi altında alçaldılmasıdır. Bu cümlənin altında gizlənən şüuraltı fikir belədir: guya kəndli geridəqalmışdır, savadsızdır, övladını qoruya bilmir, başı zülm çəkməyə qarışıb və buna görə də qızını böyük şəhərə göndərməməlidir. Bu, əxlaqın müdafiəsi yox, sosial və regional ayrı-seçkiliyin dilidir.

Regionlardan Bakıya, yaxud digər böyük şəhərlərə övladlarını oxumağa göndərən ailələrin çox böyük əksəriyyəti savadlı, özünü də , övaldının da haqqını-hüququnu, təhsilin, xüsusilə də qız uşaqlarına təhsilin verilməsinin əhəmiyyətini bilir. Yəni, “mal-qarasını da saxlayır”, eyni zamanda övladına da normal tərbiyə verib evdən çıxardığını bildiyi üçün arxayınlıqla nəinki Bakıya, xarici ölkələrə də oxumağa göndərirlər.

Audiovizual Şura məlum çıxışdan sonra sözügedən televiziyanın efir vaxtını 3 saat məhdudlaşdırmışdı. “Media haqqında” Qanunun 14.1.4-cü maddəsi nifrət, ayrı-seçkilik və sosial qrupların alçaldılmasını qadağan edir. Aparıcı isə konkret sosial qrupu (regiondan gələn qız tələbələri) fakt olmadan ümumiləşdirərək assosiasiya edib.

Bu nifrət yaradan, təhlükəli diskursun jurnalistikaya dəxli yoxdur və bundan sonra da olmamalıdır. Belə jurnalistika olmur, bunun adı düppədüz sosial damğalamadır.

Məsələnin digər bir absurd tərəfi budur ki, bu qərarı “senzura” kimi təqdim etmək niyyətində manipulyasiya etmək istəyənlər var. Burada söhbət ondan gedir ki, sənə verilən efirdən istifadə edərək konkret bir sosial qrupu – regiondan gələn qız tələbələri – sübutsuz şəkildə əxlaqsızlıqla əlaqələndirmək cəmiyyətdə nifrət, qorxu və linç atmosferi yaradır. Dövlət qurumunun yerli müdaxiləsi məhz buna görə idi: bu ictimai təhlükəli diskursun qarşısını almaq üçün.

Açığı, millət vəkili Fazil Mustafanın bu məsələdə tutduğu mövqe, konkret bir hadisəyə verdiyi yanlış hüquqi və etik qiymətləndirmə də məni ayrıca məyus elədi. O, məsələnin mahiyyətini “söyüş söyüldü ya söyülmədi”, “təhqir olundumu, ya yox” müstəvisinə endirir.

Halbuki mübahisə aparıcının üslubu ilə deyil, onun efirdən istifadə edərək bütöv bir sosial qrupu - xüsusilə regiondan gələn qız tələbələri sübutsuz şəkildə əxlaqsızlıqla assosiasiya etməsi ilə bağlıdır. Nifrət doğuran və ictimai təhlükə yaradan çıxışlar çox vaxt məhz bu cür aparılır. Sakit, “mədəni” dildə demək istəyirəm, amma məlum çıxış nəniki sakit, qəbuledilməz dərəcədə aqressiv idi.

Deputatın bu çıxışı “cəsarətli fikir” adlandırması da problemin mahiyyətini dəyişmir. Cəsarət öz mövqeyindən və efir tribunasından istifadə edərək hədəfə almaq deyil. Təhsillə bağlı köklü problemlər qalıb bir tərəfdə, efirdə tələbə qızlar “günah keçisi” elan edilir.

Bu səbəbdən də, bu məsələdə TV məsələsi ifadə azadlığı ilə yox, jurnalist məsuliyyəti və cəmiyyətin qorunması ilə ölçülməlidir. Millət vəkilinin mövqeyi isə bu incə, amma həlledici fərqi nəzərdən qaçırır.

Və son olaraq: Axı bu ölkənin gəncliyi təkcə aparıcının gördüyü küçələrdə hansısa fərdi davranış sərgiləyən gənclərdən ibarət deyil. Ataların yaxşı bir sözü var, insan çox vaxt nəyi axtarırsa, onu da görür, kimin fikri nədirsə, zikri də odur.
Mən aparıcıdan fərqli olaraq metroda, avtobusda dəstə-dəstə dərsə gedən, kitabxanaya tələsən, elmi tədbirlərə, debatlara, forumlara qatılan oğlanlı-qızlı tələbələr görürəm. Gecəyarısı imtahanlara hazırlaşan, gündüz könüllü proqramlarda çalışan gəncləri, min bir ümidlə paytaxtdan da, bölgələrdən də xaricə təhsil almağa gedən, bu ölkənin adını dünyada ləyaqətlə daşımağa çalışan tələbələri görürəm.

Bəlkə də problemi gənclərdə yox, öz baxış bucağında axtarmaq lazımdır. Mahiyyət pəncərəni (üstəlik, o pəncərə çirklidirsə) hansı küçəyə açdığındadır. Və belə bir pəncərədən baxıb bütöv bir gənc nəsli mühakimə etmək heç bir insani anlayışa sığmır.

# 185 dəfə oxunub

Oxşar xəbərlər

Oktay Kaynarca və Emel Müftüoğlu saxlanıldı

Oktay Kaynarca və Emel Müftüoğlu saxlanıldı

13:00 13 yanvar 2026
“Dilimiz – kimliyimiz”  mövzusunda müşavirə keçirildi

“Dilimiz – kimliyimiz” mövzusunda müşavirə keçirildi

12:15 13 yanvar 2026
Ufuk Özkan xəstəxanaya yerləşdirildi

Ufuk Özkan xəstəxanaya yerləşdirildi

11:57 13 yanvar 2026
Ağamusa Nağıyevin nəvəsi:  "Mən bibim qızı Banini düşüncələrinə görə sevmirəm" - Müsahibə

Ağamusa Nağıyevin nəvəsi: "Mən bibim qızı Banini düşüncələrinə görə sevmirəm" - Müsahibə

11:30 13 yanvar 2026
Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

10:40 13 yanvar 2026
“Wednesday”in yeni mövsümünün yayımlanacağı tarix açıqlandı

“Wednesday”in yeni mövsümünün yayımlanacağı tarix açıqlandı

10:20 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər