Kişi niyə uşaqların gözü önündə həyat yoldaşını qətlə yetirib?

Kişi niyə uşaqların gözü önündə həyat yoldaşını qətlə yetirib?
14 may 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Nümunələri dəyişmək" yazısını təqdim edir.

Ölkədə yaşanan hadisələrdən uzaq qalıb qəfildən içinə düşəndə travma yaşayırsan. Elə bilirsən ki, vəssalam, ta belə hallar olmur. Keçmişdə qaldı bu düşüncələr...
Ancaq elə ki saytlarda beş dəqiqə gəzişirsən, hansısa kanala baxırsan, hər şey yenə əvvəlkiləşir, bozarır.

Eynilə bugünkü kimi... Həyat yoldaşı tərəfindən öldürülmüş daha bir qadın. Yetim qalan iki qız uşağı.

Və hadisə haman qız uşaqlarının gözünün qabağında olub. Yadıma Xocalıda anası gözünün qabağında öldürülən uşaqlar düşür.

Şəksiz ki, bu hadisə daha dəhşətlidir. Çünki digərində məsələ aydındır. Bunu eləyənlər düşməndir. Ancaq burda...

Belə hadisələrdə adəti üzrə “od olmayan yerdən tüstü çıxmaz” deyən bir güruh da olur: Ata boşuna eləməz. Yəqin ki, qadın nəsə başqa yolda olub. Yazıq kişi də gəlib görüb, neyləsin, qeyrəti əl verməyib.

Bu adamlar 5 deyil, 10 deyil, minlərlədir. Toplu olaraq belə şeylərə haqq qazandırmaq indiki vəziyyətə gətirib çıxarıb.

Hə, insan affekt vəziyyətində olub kimisə öldürə bilər. Bütün hallarda bu cinayətdir. Bizdə isə belə hadisələr cinayət yox, “namus təmizləmək” hesab olunur. Adam həbs olunsa belə, çoxluq onu qatil hesab eləmir.

Həbsdən çıxandan sonra da ətrafına xeyli adam yığışır. Hətta iş tapmasına-filan kömək eləyirlər. O adam da cinayətkar yox, az qala, qəhrəman kimi gəzir məhəllədə, kənddə, rayonda. Əl üstündə tutulur. Haman məhəllənin, kəndin, rayonun gəncləri çox vaxt onu nümunə götürürlər.

Onsuz da kriminala meyil gənclərdə azalmaq yerinə hər gün daha da artır. Di gəl ki, əvvəllər nümunə götürəndə də belə adamlardan götürmürdülər. İndi nümunələrimiz də dəyişilib, kiçilib, ucuzlaşıb.

Götürək elə bu hadisəni. Qız özü deyir ki, atam narkoman idi. Hər gün anamdan pul istəyirdi.

Məsələ aydındır, əslində. Aydın və tipik.

Belə hadisələr şəksiz ki, dünyanın hər yerində olur. Yəqin ki, hələ uzun müddət də olacaq. Ancaq əminəm ki, heç bir sivil ölkədə belə hadisələrə bizdəki qədər haqq qazandırılmır.

Sizə deyim ki, haqq qazandıranların heç də hamısı cahil, savadsız deyil. Aralarında kifayət qədər bilgili, savadlı adamlar var. Sadəcə, belə yetişiblər, böyüdülüblər.

Dəyişmək üçün isə nümunələrimizi dəyişməliyik.

Hər şeyin başlanğıcı budur – nümunələri dəyişmək.

# 5228 dəfə oxunub

Oxşar xəbərlər

“Rənglərlə danışan Abdurrahman”  adlı rəsm sərgisi keçirildi

“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi

18:05 13 may 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi”  kitabının təqdimatı keçirildi

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirildi

17:33 13 may 2026
İlkin Dövlətovun konserti keçirildi

İlkin Dövlətovun konserti keçirildi

17:30 13 may 2026
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

16:35 13 may 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

16:32 13 may 2026
Elçin Əfəndiyevin məzarı ziyarət edildi

Elçin Əfəndiyevin məzarı ziyarət edildi

15:34 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər