Jurnalistləri və saytları söyən adamlar - Azəri birinci kim öldürmüşdü?

Jurnalistləri və saytları söyən adamlar - Azəri birinci kim öldürmüşdü?
6 yanvar 2025
# 14:14

Kulis.az Eminqueyin “Həmişə İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla” adlı yeni yazısını təqdim edir.

“Yalançının evi yandı, heç kim inanmadı”

Çox qədim zamanlarda adı hər nəsə olan kənd sakini qəfil dünyasını dəyişəndə qadınların ah-vayı evlərin bacalarından üzü yuxarı, dağlara, dağlardan da ərşə ucalırdı. Yəni, səs əvvəlcə şaquli hadisəyə çevrilirdi. Filankəsin ölümündən əvvəlcə Allahın xəbəri olurdu. Sonra isə küçə-küçə, qapı-qapı qulaqlara çatırdı. Yəni, səsin sonrakı taleyi üfüqi idi.

“Ələmdar öldü”.

Xəbərin ilkin variantı bu idi. Kənd camaatı səsin haradan gəldiyini yaxşı bilirdi. Bu bilməkliyi bir az da sərrastlaşdıran Ələmdarın uzun sürən xəstəliyi, arvadının onun vəziyyəti haqqında xəbər alanlara danışdıqları, evinə gəlib-gedən həkimlər və başqa xırdalıqlar olurdu.

Ələmdarın ölümünə bütün kənd hazır idi. Artıq hamı yaxşı bilirdi ki, çox keçməyəcək, Ələmdargilin qapısına başsağlığına gələcəklər. Bircə şey çatmırdı – Ələmdarın ölümü, arvadların ağlaşması, qapının ağzında siqaret çəkən kişilər.



***

Azər Baxşəliyev də Ələmdar kimi öldü. Azərbaycan adlı kəndin “ağsaqqal” sevən sakinləri yaxşı bilirdilər ki, onun böyrək çatışmazlığı var, hətta bir dəfə anası ona donorluq edib. Və elə bir səhiyyəmiz var ki, sorğulamağa başlasan, bu kimi xəstəliklərdən vəfat edən adamların, əslində, elə səhiyyəmiz ucbatından öldüyü ortaya çıxacaq.

Sözüm bunda deyil. Ortada ölüm var. “Ağsaqqal” nə qədər bayağı idi, Azər aktyor kimi nə qədər faydalı idi, bu mövzuya da toxunmayacam. Ortada iki yaşlı atasız qalan uşaq və cavan dul qadın var.

Əsas məsələ budur ki, 39 yaşlı bir adam dünyasını dəyişib. Yenə deyirəm, pis, ya da yaxşı, ciddi, ya da bayağı, ölkə miqyasında tanınan bir adam gözlərini əbədi yumub. Və bu xəbər ilk dəfə “ASAN” radio tərəfindən yayımlanır. Ol səbəb ki, Azərin müalicə aldığı xəstəxana belə açıqlama verib. Dostu Fərid Rzayev də onun ölümü ilə bağlı paylaşım edib.

Və mətbuat da verilən məlumatı başlayır tirajlamağa. Xəbər sosial şəbəkələrdə işıq sürətilə yayılır. Səs sözə çevrilir, söz xəbərə, bacalarsız, dağlarsız aləmlə bir olur. Sosial şəbəkələr, media elə həmin bacalardır, dağlardır. Bu isə səsin dərininə, daxilə vəziyyətidir. Səs sözə, söz xəbərə çevrilir, gözlərimizdən süzülüb beynimizə dolur. Hər şey qəfil baş verir. Qəbul etdiyin an həzmi-rabedən keçirib yaymağa başlayırsan. Kənd-kənd yox, səhifə-səhifə, sayt-sayt. Beləcə, hamı xəbər tutur ki, Azər Baxşəliyev ölüb. Açığı, adam qaynayan, tıxaclaşmış, səs-küylü Bakıda ağlaşanların səsi heç xəstəxanadan, həyətdən o yana da çıxmayacaqdı. Bu Ələmdarın hamının bir-biri ilə qohum olduğu, bir-birini yaxşı tanıdığı kənd deyil.

Hərdən belə də olur: “Azər Baxşəliyev həyata qaytarılıb”.

Və burada hüzn, kədər, ağlaşma səsləri cildini dəyişib hay-küyə çevrilir. Hə, əliyabalı, tfu, əli telefonlu adamlar da başlayır medianı söyüşə tutmağa. Ki, bu nə səriştəsizlikdir, bu nə qeyri-peşəkarlıqdır?! Ayıb olsun! Ar olsun! Bəs, siz niyə Azər ölməmiş onun ölüm xəbərini yayırsınız?

Heç kim araşdırmır, heç kim yoxlamır.

Başa düşən yoxdur ki, bu xəbəri Azərin səhhətinə nəzarət edən həkimlər, yaxud da xəstəxana yayıb. Özü də iki-üç dəfə. Adamın yatdığı xəstəxana açıqlayırsa, bundan daha dəqiq mənbə? Neyləməlidir jurnalist?

Mənbə birbaşa hadisənin baş verdiyi yerdir, məkandır. Lap elə ən yaxın dostlarından biridir. O da həkimlərin cavabına əsasən, məlumatı paylaşıb. Media neyləsin? Jurnalistin nə günahı? Hə, jurnalistin günahı bu ölümün səbəblərini və digər gizlin qalan mətləblərini araşdırmamaq ola bilər. Bu da nisbi anlayışdır.

Həmin gün Türkiyədə müğənni Fərdi Tayfur da böyrək çatışmazlığından vəfat etdi. Onun ölümündən bir neçə dəqiqə sonra Türkiyənin Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, xəstəxananın rəhbərliyi məlumat yaydı ki, Fərdi Tayfur nə vaxt ölüb, necə ölüb, nədən ölüb... Yəni, bir məşhur sənətçi dünyasını dəyişir, ölkə bundan narahatdır və insanları təcili məlumatlandırmaq lazımdır. Ki, yalan, uydurma xəbərlər yayılmasın. İndi olsun ki, Azər Baxşəliyev Fərdi Tayfur qədər məşhur deyil, amma bu, məsələnin mahiyyətini dəyişmir. Çünki eyni vəziyyəti Qənirə Paşayevanın, Aygün Bəylərin və bir çox məşhur adamlarımızın ölümündə də yaşamışıq. Hər ağızdan bir avaz gəlib. Olmaz ki, bizim nazirliklər də, lap elə TƏBİB-in özü, xəstəxanaların rəhbərliyi operativ və dəqiq məlumat yaysın, jurnalistlərin zənglərinə cavab versin, belə hallar da yaşanmasın?! Bu da siyasi məsələ deyil ki, açıqlama verməkdən qorxalar, ya da nəyisə gizlədələr.

Qayıdaq jurnalistləri söyənlərə. Hətta jurnalistləri söyən jurnalistlərə. Ümumiyyətlə, bu şüvənlər nə istədiklərini özləri də bilmirlər. Əminəm, media Azərin ölümü ilə bağlı bir cümlə də olsun yazmasaydı, deyəcəkdilər ki, bu necə mediadır, bunlar necə jurnalistdirlər, bircə cümlə belə xəbər vermirlər, bilək, ölüb, ya qalıb?! Elçin Lənbəranski sağ olsun, o deməsəydi, bilməyəcəkdik. Media yazsa, bir ayıb, yazmasa, iki.

Bəlkə, elə media sizin bu hövsələsizliyinizə görə ölüm xəbərlərini qaçhaqaçla tirajlayır? Axı məlumat tapmayan kimi özünüzdən xəbər uyduran elə sizsiniz?! Az olmayıb, turp kimi adamların ölüm xəbərini yayasınız. Biz də, bəli, elə biz ölüm xəbəri yayılan adama zəng vurmuşuq, o da açıqlama verib ki, mən ölməmişəm.

Yəni, tragikomik vəziyyət varsa, burada təkcə jurnalistmi günahkardır? Yenə deyirəm, nəticədə Azər dünyasını dəyişib, əsas budur. Əgər mərhumu sevirsinizsə, yasını tutun, kədərinizi yaşayın. Biz yaxşı görmüşük müharibə vaxtı dezinformasiya yaymayan mətbuatın qarşısında gündə 44 dəfə yalan xəbər yayan jurnalist olmayanları, gedib İrəvana qədər çıxan sıradan adamları. Onda nə baş vermişdi, nə olmuşdu sizə?

Axı o 44 gün ərzində media yalnız və yalnız rəsmi xəbərləri tirajlayırdı?! Hansı ki, media Şuşanın azad olunması xəbərini verəndə siz öz dünyanızda Xankəndidə çay içirdiniz. İndi sizsiniz jurnalistləri qınayan?

Siz rəsmi xəbəri gözləyə bilməyən, gündəyməzi bir yerdə qərar tutmayan, öz ehtiyacına uyğun xəbər uyduran toplumsunuz. Bu dəqiqə Baləlinin ölümünə ehtiyacınız olsa, Baləli hansısa mağarda əl-qolunu ölçə-ölçə meyxana deyən vaxt onu da öldürərsiniz. Siz belə adamlarsınız da. Mətbuatda yayımlanan sarsaq başlıqlı xəbərləri oxuyan, bir-birinə göndərən, oxutduran adamlar siz deyilsiniz?

***

Mitomaniya…

İnsanların mində birində rast gəlmək olar.

Bu sindromdan əziyyət çəkən insanlar fantaziyaları sayəsində uydurduqları yalana inanan adamlardır. Normal adamlar yalan danışanda utana bilirlər, amma mitomaniyadan əziyyət çəkənlərin utanan üzü olmur. Yalan danışaraq özlərini vacib şəxs hesab edirlər. Sosial təcrid onların özlərini kəşf edilməmiş istedadlar kimi görməsinə səbəb olur. Və onlar xəstə olduqlarının fərqində olmurlar.

Gedin, müalicə alın, əziz qardaşlar və bacılar.

Ayı 800-1000 manata işləyən jurnalistlərin yaxasından, toya bir saatı beş minə gedən yekəgümbəzli xalaların gümbəzindən düşün, bu gümbəzdən yazan saytlardan çıxın, sonra...

Sonra... heç nə, mitomaniyanız yüngül olsun!

# 2354 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edildi

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edildi

18:33 7 yanvar 2025
Nicat Həşimzadənin imza günü olacaq

Nicat Həşimzadənin imza günü olacaq

17:20 7 yanvar 2025
Cennifer və Ben rəsmən boşandı

Cennifer və Ben rəsmən boşandı

17:14 7 yanvar 2025
“Teas Press”in direktoru:  "Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq" - Müsahibə

“Teas Press”in direktoru: "Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq" - Müsahibə

17:00 7 yanvar 2025
Teatr tamaşaları, film nümayişləri... - ƏDV-nin 50 faizi qaytarılacaq

Teatr tamaşaları, film nümayişləri... - ƏDV-nin 50 faizi qaytarılacaq

16:30 7 yanvar 2025
Kerimcan Durmaz həbs edildi

Kerimcan Durmaz həbs edildi

15:21 7 yanvar 2025
#
#
# # #