İranda azərbaycanlı kimliyi uğrunda vuruşan tarixçilər - Araşdırma

İranda azərbaycanlı kimliyi uğrunda vuruşan tarixçilər - Araşdırma
10 mart 2025
# 14:48

Kulis.az APA-ya istinadən “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Azərbaycan mərkəzli tarixçiliyin formalaşması” yazısını təqdim edir.

Şübhəsiz ki, tarix dillə yanaşı, millətin milli kimliyinin formalaşmasının, qorunub saxlanmasının və davam etdirilməsinin əsas komponentlərindən biri sayılır. Əslində tarix keçmiş zamanlardan söz açsa da, onun funksiyası gələcəyə yönəlikdir. Demək, tarixçilik bir millətin keçmişini o millətə danışaraq onları gələcəyə aparır. Bu baxımdan tarixçilik bir xalqın keçmişi ilə bağlı sırf akademik araşdırmalar çərçivəsindən aşaraq siyasi elmlər və fəaliyyətlər sahəsinə daxil olur. Demək olar ki, bütün tarixçilər tədqiqatlarının sırf elmi və tarixi olduğunu iddia etsələr də, dediyimiz kimi, tarixçilik əksər hallarda gələcəyə dair plan təqdim etməyə çalışır. Ona görə də tarixçilərin iddialarına çox da güvənmək olmaz. Çünki hər bir tarixçi tarixi məsələləri şəxsi, qrup, milli maraqlarına uyğun olaraq araşdırır.

Bir millətin milli kimliyinin formalaşmasında, qorunub saxlanmasında və davam etdirilməsində tarixin və dilin fövqəladə əhəmiyyətini nəzərə alaraq, bütün müstəmləkə rejimləri həmişə müstəmləkə edilmiş xalqların dilini və tarixini kökündən kəsib məhv etməyə çalışmışlar. Müstəmləkəçilər assimilyasiya siyasətlərini həyata keçirməklə xalqların ana dillərini öz dilləri ilə əvəzləməyə çalışmaqla yanaşı, həm də onları tarixlərindən, keçmişlərindən ayırmağa çalışırlar. Bu məqsədə çatmaq üçün müstəmləkəçilər bir tərəfdən müstəmləkə edilmiş xalqların dilini və tarixini alçaltmağa, təhrif etməyə, digər tərəfdən isə öz dil və tarixini zəngin və şanlı göstərməyə çalışırlar.

İranda farsçı Pəhləvi rejiminin hakimiyyətə gəldiyi 1925-ci ildən Güney Azərbaycan türklərinin assimilyasiyaya yönəldilməsi cəhdləri sistemli və məqsədyönlü forma aldı. Pəhləvi rejimi bir tərəfdən Güney Azərbaycan türklərini öz ana dillərini buraxıb farsca danışmağa yönləndirməyə çalışdı, digər tərəfdən isə onları öz tarixi keçmişlərindən uzaqlaşdıraraq öz keçmişlərinə, daha doğrusu öz milli kimliklərinə biganələşdirməyə çalışdı. Bu məqsədlə İranda yazılan tarix kitablarında, dərsliklər və məqalələrdə, hətta qəzetlərdə, radio və televiziya buraxılışlarında türk tarixini aşağılamağa, təhqir etməyə və uydurmağa başladılar. Bununla yanaşı, fars tarixi və ədəbiyyatını zəngin və möhtəşəm göstərməyə, onun cəlbediciliyini artırmağa çalışırdılar.

Pəhləvi rejiminin səyləri tam istədikləri nəticəni verməsə də, təsirsiz qalmadı. Assimilyasiya siyasətləri müəyyən dərəcədə nəticəli olub, Güney azərbaycanlıların bir qismini öz Azərbaycanlı türk kimliyindən uzaqlaşdıraraq farslaşdırmağı bacardı.

Təəssüf ki, həmin illərdə Azərbaycan tarixçiləri tərəfindən bu təhriflərə, təhqirlərə cavab olaraq heç bir kitab yazılmadı. İddia etmək olardı ki, Pəhləvilər dövründəki senzura və repressiya mühitində onların hökumətin fikirlərindən fərqli kitab və ya məqalə dərc etdirmələri mümkün deyildi. Bu iddia doğru ola bilsə də, etiraf etmək lazımdır ki, həmin dövrdə Azərbaycan tarixçiləri və tarix professorları ya şəxsi və peşə maraqlarına görə tamamilə hakimiyyətə uyğun hərəkət ediblər, ya da onların özləri assimilyasiyaya məruz qalıblar. Üstəlik, bəziləri Azərbaycan tarixinin təhrif olunmasında, alçaldılmasında öndə gediblər və bu baxımdan bəzi farslardan belə önə keçiblər.

Farsçıların təhrif və təhqirlərinə cavab və Azərbaycan tarixinin müdafiəsi üçün yazılmış ilk kitab 1946-cı ildə Azərbaycan Milli Hökumətinin qurulması dövrünə təsadüf edir. Bu kitabın müəllifi Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firudin İbrahimidir. Firudin İbrahimi bu kitabda Azərbaycanın qədim zamanlardan müstəqil və seçilən kimliyinə və coğrafiyaya malik olduğunu göstərməyə çalışıb.

(Firudin İbrahimi)

Firudin İbrahiminin “Azərbaycan danışır” adlı kitabı Güney Azərbaycanda Azərbaycan mərkəzli tarixçiliyin ilk nümunəsi hesab olunur və bu baxımdan çox yüksək dəyər qazanır. Lakin Azərbaycan mərkəzli tarixçilik fikrinin hələ formalaşmadığı bir dövrdə bu işi tamamilə yerində oturtmaq onun üçün mümkün deyildi. Bir də nəzərə almalıyıq ki, Firudin İbrahimi əslində tarixçi yox, hüquqşünas olub. Universitetdə hüquq təhsili alıb. Bu baxımdan, Firudin İbrahiminin kitabı əslində fars tarixçiliyinə fars tarixçiliyi kontekstində və eyni üsuldan istifadə etməklə cavab verməyə çalışır. Kitabın yazıldığı şərait və situasiyanı nəzərə alsaq, bu, tamamilə təbii görünür.

(Firudin İbrahiminin yazdığı “Azərbaycan danışır” adlı kitab son illərdə Təbrizdə “Azərbaycanın qədim tarixinin ixtisarı” adı ilə nəşr olunub.)

1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Güney Azərbaycanda yenidən senzura, diktatura və repressiya tətbiq olunub. Firudin İbrahiminin yazdığı “Azərbaycan danışır” adlı kitabdan sonra 35 il boyunca yazılan bütün kitablar Azərbaycan türklərinin tarixini təhrif etməklə və qaralamaqla yanaşı, farsların tarixini şişirdərək zəngin və şanlı göstərməyə çalışıb.

1980-ci illərdə təbrizli tarixçi Rəhim Rəisniyanın yazdığı “Azərbaycan İran tarixinin gedişatında” adlı kitabda Azərbaycan tarixi bir az da olsa, fərqli şəkildə təqdim edildi. Kitabın adından da bəlli olduğu kimi, əsər İran mərkəzli və daha doğrusu fars mərkəzli tarixçilik zehniyyətini aşa bilməyib. Lakin bu kitabın o illərdə nəşr olunan digər tarix vəsaitlərindən açıq-aşkar fərqləri var. Bu 3 cildlik həcmli kitabda fars tarixçiliyinin tətbiq etdiyi perspektiv ilə ziddiyyət təşkil edən fikirlər, sənədlər və tarixi faktlar zaman-zaman təqdim olunur.

(Rəhim Rəisniya)

Bir tarixçi kimi araşdırdığım qədəri ilə bu kitabda ilk dəfə olaraq Azərbaycanda türk dilinin mümkün qədimliyindən bəhs edilir. Rəisniya bu fikri yalnız bir ehtimal kimi gündəmə gətirsə də, onun yanaşmasını irəliyə doğru atılmış addım hesab etmək olar.

(Rəhim Rəisniyanın yazdığı “Azərbaycan İran tarixinin gedişatında” adlı kitabın I cildi)

Bu illərdən sonra biz fars tarixçiliyinin tətbiq edilmiş yanaşması ilə az-çox ziddiyyət təşkil edən bəzi məqalə və ya kitabların nəşrinin şahidi olduq. Bununla belə, heç şübhəsiz etiraf etmək lazımdır ki, professor Məhəmməd Tağı Zehtabinin “İran türklərinin əski tarixi” adlı kitabı Güney Azərbaycan türklərinin tarixçiliyində dönüş nöqtəsi hesab olunur. Güney Azərbaycan türklərinin milli oyanışında professor Zehtabinin rolu və təsiri o qədər geniş və dərindir ki, bu kiçik məqalədə bunu açıqlamaq mümkün deyil. Lakin yaxın gələcəkdə məqalələrimizdən birini onun həyatına, fəaliyyətlərinə, kitablarına həsr edəcəyik.

(professor Məhəmməd Tağı Zehtabi)

Professor Zehtabi də bu kitabda tətbiq edilən fars mərkəzli tarixçilik yanaşmasından tamamilə qurtula bilməsə də, bu kitab Güney Azərbaycanda Azərbaycan türk mərkəzli tarixçiliyin ilk əməli nümunəsi sayılmalıdır. Əslində fars mərkəzli tarixçilik yanaşması sırf farsların tətbiq etmək istədikləri bir yanaşma deyil, Qərb tarixçilik yanaşmasının bir hissəsi olduğuna görə bu yanaşmadan tam xilas olmaq o qədər də asan deyil. Necə ki, günümüzdə belə, bu yanaşma Türkiyənin akademik mühitində qəbul olunur! Lakin dediyimiz kimi, Zəhtabinin kitabının özünəməxsus başqa xüsusiyyətləri də var. Zehtabi iki cildlik bu həcmli kitabı Azərbaycan türkcəsində yazıb və ilk dəfə idi ki, bu dildə bu həcmdə kitab yazılırdı. Zehtabi bu kitabda fars tarixçiliyinin yanlış fərziyyələrini bəzən birbaşa, bəzən də dolayısı ilə tənqid edir və onların əsassızlığını göstərir. Zehtabinin bu kitabı Güney Azərbaycanda ən çox oxunulan kitabların sırasında yer aldı və daha əvvəl də dediyimiz kimi, ən təsirli araşdırmalardan biri oldu.

(professor Məhəmməd Tağı Zehtabinin “İran türklərinin əski tarixi” adlı kitabının I cildi)

Azərbaycan mərkəzli tarixçiliyin başqa bir nümunəsi də elə professor Zehtabinin kitabının işıq üzü gördüyü illərdə gənc bir araşdırmaçının yazdığı “İran türklərinin qədim tarixinə yeni bir baxış” adlı kitab oldu. Kitabın yazarı və eyni halda oxuduğunuz bu məqalənin müəllifi Məhəmməd Rəhmanifər yuxarıda adlarını çəkdiyimiz tarixçilər kimi, bu kitabda tətbiq edilən fars mərkəzli tarixçilik yanaşmasından tamamilə qurtula bilməsə də, həmin yanaşma ilə ziddiyyət təşkil edən bir çox məsələlərə toxunur. Kitabda Azərbaycanın ən qədim dövrlərdən bəri türklərin məskəni olduğu vurğulanaraq fars mərkəzli tarixçilik yanaşmasının Azərbaycan türkləri haqqında irəli sürdüyü aşağılamalara və təhriflərə cavab verilir. Məhəmməd Rəhmanifərin də bu kitabı Güney Azərbaycan türklərinin marağını çəkib və ən çox oxunulan kitabların sırasında yer alıb. Kitabın yazılma səbəbi Güney Azərbaycan Türklərinin Milli Oyanışını tanımaq baxımından çox əhəmiyyət qazandığı üçün bəlkə gələcək yazılarımızın birini də buna həsr edə bilərik deyə düşünürəm.

(Məhəmməd Rəhmanifərin “İran türklərinin qədim tarixinə yeni bir baxış” adlı kitabı)

Bu kiçik məqalədən də göründüyü kimi, Güney Azərbaycanda fars tarixçiliyinin illərlə hökmranlığından sonra, Güney Azərbaycanlı tarixçilər yavaş-yavaş və atdım-atdım Azərbaycan mərkəzli tarixçilik düşüncəsinə doğru hərəkət etmişlər. Bu hərəkətlərin nəticəsində Güney Azərbaycan türkləri arasında milli oyanış və milli qürur xeyli artıb. Dünənə qədər yazılmış olan tarix kitablarında Azərbaycan türklərinin aşağılanmasına şahid olan Güney Azərbaycan xalqı bu gün az-çox öz kimliyini və varlığından danışan kitabları oxuya bilir.

Unutmayaq ki, bu kiçik məqalədə adıçəkilən kitabların yazılma tarixi, təsir səviyyəsi, Azərbaycan tarixçilik düşüncəsinə bağlılıq səviyyəsi baxımından nəzərdən keçirilib. Yoxsa xüsusilə son illərdə bu haqda çox dəyərli kitablar işıq üzü görüblər. Növbəti yazıda yuxarıdakı meyarları nəzərdə tutaraq bir neçə başqa tarixçi-araşdırmaçının və onların yazdıqları kitabları da tanıdacağıq.

Məqsədimiz Güney Azərbaycanda fars tarixçiliyinin buxovlarından qurtulmanın tarixi prosesini qısa da olsa araşdırmaqdır. Lakin fars tarixçiliyinin özünün Qərb tarixçiliyinə söykəndiyini və ona əsaslandığını nəzərə alsaq, onun məhdudiyyətlərindən tamamilə xilas olmaq asan olmayacaq və hətta dediyimiz kimi, bu yanaşma hələ də Türkiyənin əksər akademik mərkəzlərində hökmranlıq edir. Lakin Güney Azərbaycanda özünə qayıdış hərəkatı ilə eyni vaxtda tarix sahəsində Azərbaycan mərkəzli tarixçilik düşüncəsinin də yavaş-yavaş yerində oturmasının şahidi oluruq.

# 110 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritikdir

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritikdir

17:35 10 mart 2025
"O, bilərəkdən xəyanət mövzularına meyil edir" -  Elnarə Akimova

"O, bilərəkdən xəyanət mövzularına meyil edir" - Elnarə Akimova

17:29 10 mart 2025
"Harri Potter"in aktyoru vəfat etdi

"Harri Potter"in aktyoru vəfat etdi

17:14 10 mart 2025
Farah Zeyneb Abdullah ekranlara qayıdır

Farah Zeyneb Abdullah ekranlara qayıdır

16:52 10 mart 2025
Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu

Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu

16:13 10 mart 2025
Ənvər Həsənov  komatoz vəziyyətdədir

Ənvər Həsənov komatoz vəziyyətdədir

15:59 10 mart 2025
#
#
# # #