İlqar Fəhmi: “O adamları Anarın qapısında boynubükük görmüşəm” – Müsahibə

İlqar Fəhmi, şair

İlqar Fəhmi, şair

3 aprel 2023
# 10:00

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi ilə müsahibəni təqdim edir.


– İlqar bəy, elə bir dövrdə yaşayırıq ki, hamı gündəmdə olmağa, baş verən hadisələrin nəbzini tutmağa çalışır. Amma siz nə şair, nə də AYB-nin vəzifəli bir şəxsi kimi gündəmə gəlirsiniz. Bunun səbəbi nədir?

– Ümumiyyətlə, cəmiyyətdə baş verən gündəlik hadisələrə çox da qarışmıram. Sənət adamıyıq. Sənətə isə tarixən iki cür münasibət var olub: sənət ictimai həyatımı əks etdirməlidirmi, yoxsa məişətdən, sosial həyatdan fərqli bir müstəvidə fəaliyyət göstərməlidir? Həyatdan fərqli müstəvidə fəaliyyət göstərmək o demək deyil ki, əsl sənət həyata dəxli olmayan şeydir. Elə bir əsər yoxdur ki, həyatdan danışmasın. Amma bir var ki, sənin məqsədin cəmiyyətdə konkret hadisələrə və sosial məsələlərə yönəlmək, hansısa problemlərin həlli üçün çalışmaq olur, bir də var ki, sən fərdi bədii üslub, fərqli bədii priyomlar, ifadə vasitələri tapmağa çalışırsan... Yəni sənətə bu iki münasibətdə məqsəd və vasitənin yeri dəyişir. Birincidə sənət vasitədir, məqsəd daha önəmlidir. İkincidə isə sənət vasitə yox məqsəddi, vasitə isə sənətin əks elətdirdiyi mövzulardır.

Tutalım Sovet dövründə birinci istiqamət yeganə düz yol hesab olunurdu. Sosializm realizmi bunu təbliğ edirdi. Bizim beynimizə yerləşdirirdilər ki, məqsəd xalqı maariflənməkdir, sənət xalq üçün olmalıdır. Sənətkar başqa stilistikaya yönələndə, fərqli bədii priyomlar, üslublar, ifadə vasitələri istifadə edəndə, başlayırdılar səni qınamağa, tənqid etməyə. Vaxtikən Vaqif Bayatlı, Ramiz Rövşəni, Vaqif Səmədoğlunu o qədər tənqid edirdilər ki… Bu “Qara paltarlı qadın” kimdir? Kimdir burada “İlan balası?”. Yəni simvolikanı, mücərrədliyi çox da qəbul etmirdilər. Şəxsən mənimçün də sənət vasitə deyil, məqsədin özüdür… həm də mistik,metafizik bir məqsəd. Mənim üçün problem, hadisə sadəcə vasitədir. Əsas məqsəd isə sənət müstəvisində yeni fərqli ifadə vasitələri, bədii priyomlar, yeni yanaşma ortaya qoymaqdı.
Amma son vaxtlar əfsuslar olsun ki, ümumi oxucu kütləsi sənətdən çox, əks problemin özünə köklənir. Yəni, hansısa aktual problemlə bağlı yazılan, amma çox primitiv və ədəbi dəyəri olmayan əsərlər böyük maraqla qarşılanır, yüksək qiymətləndirilir. Sanki ədəbiyyat publisistikanın içində əriyir. Bu artıq birbaşa bazara işləyən ədəbiyyatdır. Çünki kütləvi bazar məhz aktual olan, qısa zamanda güclü təsirə malik nümunələri çox sevir.

Mən öz yaradıcı həyatımda tam onun əksini etməyə çalışdım. Mən başqa müsahibələrdə də demişəm ki, mənim əsərlərim heç vaxt qısa zaman kəsiyi üçün aktual deyil, çalışmamışam ki, aktual olsun. Mən həmişə insan ruhu üçün daimi aktual olan mövzuları xoşlamışam. Bunun da bir mənfi cəhəti odur ki, elə tipli bir yazının müəlllifi gündəmdən kənarda qalır.

– Belə aydın olur ki, gündəmdən kənarda qalmaq öz seçiminiz olub.

– Yəni, mən əvvəldən bu düşüncədə olmuşam ki “bu günün problemləri”ni sənətə gətirmək lazım deyil. Görünür ki, bu da şərq ədəbiyyatının təsiridir. Çünki şərq ədəbiyyatı dünyəvi və sosial problemlərdən uzaq bir ədəbiyyatdır. Məsələn, Füzulinin ən məşhur beytlərindən biri:

Hikməti-dünyavü mafihə bilən arif deyil.
Arif oldur, bilməyə dünyavü mafiha nədir”

Yəni, dünyada baş verən ictimai-siyasi prosesləri, sosial problemləri bilən adam arif deyil. Arif odur ki, bilməsin… Bəs bu işləri bilən adam kimdir? Alimdir. Alim savadlı və informasiya daşıyıcısıdır, arif isə, dərinliyini hiss edən adam. Yəni şərq ədəbiyyatı əksər halda ariflik ədəbiyyatıdır. Düzdür, bəzən bunu, bizim klassik ədəbiyyatı inkişafdan saxlayan bir faktor kimi də qəbul edirlər. Amma bu artıq ayrı mövzudur..

Mənim yazdıqlarımda daha geniş zaman kəsiyinin sosial məsələləri aktualdır. Məsələn, Şərq-Qərb münasibətləri, həm inkişaf istəyən, həm də milli dəyərlərin qəfəsi içində qalan insanların yaşadığı hiss və duyğular. Başqa sözlə desək, mənim üçün Azərbaycanın son yüz ilinin psixoloji halı aktual olub, nəinki son bir ilinin… Biz nələrdənsə qurtulub, nələrəsə doğru gedən millətlərdənik. Yüz ildən çoxdu bu prosses gedir bizdə.. Misal üçün Avropada belə bir şeylər yaşanmayıb. Onların imtina etdiyi də özünükü olub, yeni yaratdığı da özününkü olub. Bizdə isə, imtina etdiyimiz özümüzünküdür, yeni yaradılan isə bizimki deyil. Məhz bu məqam çoxlu ziddiyyətlər yaradır. Həm bizdə, həm də ümumən bütün şərq xalqlarında.

–Bəs necə etməliyik ki, yeni yaratdığımız da özümüzünkü olsun?

– İnkişaf anlayışına iki cür fəlsəfi yanaşma var. İnkişafın ümumdünya və qaçılmaz olduğu konsepsiyası irəli sürülür, ki bu Avropadan gəlir. Yəni bu inkişaf mütləq şəkildə olmalıdır və bütün xalqlar gəlib bundan keçəcəkdir. İnkişafın hardan başlaması isə şərtidir. Lakin digər bir yanaşma tərzi var ki, bu inkişaf sırf Avropa katolik protestant dünyasının ortaya qoyduğu yanaşma tərzidir və məcburi deyil ki, biz hamımız ondan keçək. Biz öz inkişafımızı tapmalıyıq. Çünki toplumların çərçivələri eyni deyil, ona görə çərçivə sındırıb inkişaf eləmək prosesləri də eyni ola bilməz.

Məsələn, mənim bir məqaləm vardı, mövzusu Avropada atalar və oğullar arasında yaranan problemdən gedir. Orada yazmışdım ki, atalar və oğullar arasında yaranan problemlər bizim problemimiz deyil. Katolik dünyasının problemidir. Səbəbini də açıqlamışdım ki, xristianlığın başında ata-tanrı, oğul tanrı münasibətləri. Bir ata Tanrı var ki, bütün bəşəriyyətin günahlarını öz boynuna götürsün deyə öz oğlunu dünyaya göndərir. Deməli, bir qəddar ata obrazı yaranır. Öz oğluna zülm verən, onu istəmədiyi bir əzaba düçar edən bir ata obrazı. Və ailədəki atalar da özlərini sanki tanrıya bənzədirlər, oğullarına qarşı sərt və qəddar münasibətdə olurlar. Beləcə, uşağın da qiyamı buradan başlayır. Digər bir səbəb. Katoliklərdə boşanmaq qadağandır. Onlarda sadəcə qadını fahişəlik üstündə tutanda boşaya bilərsən. Kişi arvaddan, arvad kişidən bezir, ancaq sən məcbur axıra kimi bir yerdə olmalısan. Kimisə sevirsən, başqa adama meylin yaranır, ailə içində bir birinə nifrət edirsiz, amma boşana bilməzsiniz. Sonacan bir yerdə olmağa məhkumsunuz…Beləcə, kişinin içində yığılan qəzəb hissi qeyri ixtiyari övlada, əsasən də oğula yönəlir.. bu da oğulun sonradan ataya qarşı qiyamına gətirib çıxardır. Beləliklə gördük ki, xristian dünyasında atanın oğula qarşı qəzəbinin həm səmavi, həm də alt şüur qatında səbəbləri var.

– Bəs bizdə necədir?

– Bizdə bu səbəblərin heç biri yoxdur, təbii ki, buna görə də oğulun ataya qarşı qiyamı da elə də böyük və geniş yayılmış hal olmur. Çünki atanın qatı diktatı yoxdur oğul üzərində...

Məsələn, bizim öz klassik ədəbiyyatımızda neçə əsər göstərə bilərsiniz ki, orada ata-oğul problemi var? Yoxdur. Füzulinin bir əsəri var: “Fəzliyə nəsihət”. Oğluna deyir ki, daha sən böyümüsən, sən gərək gedib özün öz başını dolandırasan və ona bir nümunə gətirir, deyir bir meyvə ağacdan qopub yerə düşməlidir, toxuma çevrilməlidir ki, yeni bir ağac yaransın. Onun vaxtı keçib ağacda qalanda, başlayırlar ona taxta atmağa, daş atmağa. Yəni oğlunu öz diktatında saxlamır, əksinə, gedib müstəqil yaşamağa təkid edir.

Şərqdə səmavi mənada atanın oğula zülm vermə nümunəsi yoxdur, çünki biz öz Allah və peyğəmbərimizdə onu görməmişik… Məişət mənasında da bizim üçün boşanmaq, və ya yenidən ailə qurmaq çox adi bir şey olub. Həm kişi mənasında, həm də qadın mənasında. Bizim tanınmış xanımlarımızın belə bir neçə həyat yoldaşı olub. Möminə xatundan, Sara xatundan tutmuş indiyə kimi. Natavanın beş əri olub. Şərqdə buna pis baxmayıblar. Deməli, kişilərin içində o nifrət və qəzəb hissi yığılıb qalmayıb.
Yəni dediyimi odur ki, problemlər və çərçivələr fərqli olanda, o çərçivələri sındırmaq mexanizmləri də fərqli olmalıdır. həm də bu məsələ artıq yüz il əvvəl bizdə düşüncə adamları arasında aktual olub..

20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun yazdığı kitablarda bizim bu spesifik fərqli inkişaf yolumuzu tapmağa çalışırdılar. Bu mübahisələr, bu düşüncələr həmişə gedib. Sadəcə sovet imperiyası buranı işğal edəndən sonra bizi məcburi sürətdə rus xalqının inkişaf relsinə saldılar. Öz fərdi inkişafımızı tapmağa imkan vermədilər.

– “Kütlə” adlandırdığımız toplumun içində oxucu kütləsi də var, yəni o kütlə sadəcə qara adamlardan ibarət deyil. İndi ədəbiyyatda yaranan vəziyyət bundan ibarətdir ki, oxucunun diqqətini cəlb etməlisən, necəsə onun rastına çıxmalısan. Gündəmdə olmaqdan imtina edən bir yazıçı kimi bu sizi narahat etmir?

– 2015-18-ci illərə qədər belə bir problemim yox idi, çünki o vaxt belə sosial şəbəkələr bu qədər aktual deyildi və geniş oxucu kütləsinin cəmiyyətə tanıma yeri mətbuat və televiziya idi. Mən bunların ikisində də varıydım. Gündəmdəki sosial və məişət məsələlərində aktiv olmasam da, daim meydanqda idim. Əsərlərim tez tez çap olunurdu, televiziyada veriliş aparırdım. Muğam müsabiqəsi, Məclisi-üns və başqaları. Təxminən 2017-dən sonra yavaş-yavaş bu fikirlər məndə yarandı, çünki artıq toplumun və əsasən də gənc nəslin diqqəti TV-də və mətbuatda yox, sosial şəbəkələrdədir, oralarda isə demək olar ki, yox kimiyəm. Təbii ki, zəmanənin axarı buna doğru gedir.

Deməli, düşünmək lazımdır ki, bu platformalardan kənarda qalmaqla nə itirə bilərsən? Və yaxud orada təmsil olunmaqla nə əldə edə bilərsən? Sosial şəbəkə platformalarının müəyyən bir çərçivələri var, məsələn, sən Tiktokda özünü roman yazıçısı kimi təqdim edə bilməzsən. Ölçü balaca olmalıdır, qısa, tutan fikirlər olmalıdır. Burada gərək, nəsr və dramaturgiyanı kənara qoyam, sadəcə qəzəllərimi paylaşam, qısa materiallara üstünlük verəm. Bu da son nəticədə adamın yaradıcı təfəkkürünü qısalda bilər. Yəni bu istiqamətdə hələ də qəti bir qərara gəlməmişəm. Hələ düşünürəm.

– Oxucular sizi daha çox qəzəllərinizlə tanıyır. Açığı, elə mən də. Qəzəl üzərində eksperimentlər də edirsiniz. Bəs heç sərbəst şeir yazmısınız?

– Birinci mərhələdə sərbəst şeir yazmışdım. Qəzəldə eksperiment etdiyim məqamlarda düşündüm ki, o fikir çərçivəsindən çıxa bilmirəm. Sonda bir qərara gəldim, evdəki bütün klassik ədəbiyyat kitablarını dostlara payladım, əvəzinə müasir ədəbiyyat kitablarını oxumağa başladım. Dedim ki, daha qəzəl yazmayacağam. Hardasa iki il sərbəst şeir yazdım.

– Uğurlu oldumu?

– Yox, onların heç biri xoşuma gəlmədi. Vaqif Səmədoğlunu çox sevirdim deyə, sərbəst şeirlərim o ab-havadaydı. İçində böyük tapıntılar da var idi, ancaq hiss edirdim ki, imitasiyadır, kiminsə havasının təkrarıdır. O şeirlərdən cəmi üç-dördünü çap eləmişəm.

– Klassik şeirlərdə imitasiya daha çox olmur?

– Bəli, bu, qaçılmazdır. Amma məhkumluq deyil. Məsəlçün, mən ondan çıxmağa çox əziyyət çəkdim, üç il, dörd il çətinlik çəkdim. Çıxa bilmirsən o imitasiyadan. O strukturu beynimdən qaldırmaq üçün çox çalışdım və məndən xeyli enerji aldı. O adam ki, gözünü açandan bunu oxuyub, muğam eşidib, bu iş çox ona çətindir.

– Son şeirlər kitabınız, deyəsən, 2016-cı ildə işıq üzü görüb. Ondan bu tərəfə kitab çap etməmisiniz.

– Yox, 2019-cu il “misra-misra” adlı şeirlər kitabım çap olundu. 2016-dan bu yana nəsr əsərim çap olunmayıb. Paralimpiya komitəsinin birgə layihəsi ilə bir romanım çap olundu, paralimpiyaçıların həyatı haqqında yazılan əsərdir. Yeganə realist əsərim idi, mən realizmi çox sevmirəm. Burada məqsəd sənət əsəri deyildi, məqsəd məhz həmin mesajı çatdırmaq idi. Paralimpiyaçılar həmişə diqqətimi cəlb edirdi. Biri qəza keçirib gəzə bilmir, biri anadan gəlmə qüsürludur, birinin gözündən güllə dəyib kor olub. Məntiqlə bu adam həyatdan əlini üzməlidir. Amma onlar hardansa bir güc tapıb, bir alternativ yoldan gedib həyatda yüksələ bilirlər. Bu güc həmişə məni valeh edib. Burada məhz bu mesajı çatdırmaq idi məqsədim.

– Bəs indi necədir, indiki gənclərdə də bu güc və ruh varmı?

– Elə o əsəri yazmaqda da məqsəd bu idi ki, o gücü enerjini təbliğ edim, çünki indiki gənclərdə onu görə bilmirdim. Müəyyən qədər başa düşürəm bunu. İndiki istehlak cəmiyyəti o qədər çox şeyə səni məhkum edir ki, o şeylərin biri səndə olmayanda, depressiyaya düşürsən. Çox adi və primitiv şeylərdən depressiyaya düşmək təbiiləşib. Bunun da səbəbi həmin istehlak cəmiyyətidir ki, Amerikadan bizə gəldi. Həmişə hər şeyi təzələməlisən, əşyalar sanki ən vacib atributlara çevrilir. Mənəviyat arxa plana keçir, maddiyyatçılıq çıxır irəli. Və bu əşyalar insanı öz ardıyca aparır, özünə tabe edir. Tutalım, təzə Ayfon ala bilmədiyinə görə adamların depressiyaya düşdüyü, az qala intihar həddinə çatdığı bir cəmiyyətdəyik. Ağır məsələdir .

– İstehlak cəmiyyətidən, kapitalizmdən danışdınız. Sizə necə təsir edir bu? Heç təsirinə düşmürsünüz?

– Bir var ki, təsirə düşüb, gedəsən, bir də var ki, axınla getmək istəmirsən, müqavimət göstərməyə çalışırsan, onun əksinə getməyə çalışırsan. Bu, dəhşətli dərəcədə adamdan enerji alır və heç bir nəticəsi də olmur, ən pis cəhəti də budur. Tam əks getmək alınmır.

– Maşınınız var?

– Bəli.

– Hansı markadır?

– “Mazda”.

– Neçənci ilindir?

– 2014-cü ilin.

– Nə vaxt almısınız?

– 2015-ci ildə.

– 2015-dən bu yana maşın dəyişməmisinizsə, deməli, o qədər təsir etməyib.

– Hə. Təsir etsəydi, yəqin ki dəyişərdim. Amma köhnə “Jiquli”mi təsirə düşüb dəyişmişdim (gülür).

– Maddi baxımdan hansısa arzunuz varmı?

– Mən həmişə böyük maddiyyatdan qorxmuşam. Çünki maddiyyat bir neçə məsələdə insana ziyan vurur. Birincisi odur ki, böyük maddiyyata sahib olduğunda ətrafındakı adamların hansının səmimi, hansının riyakar olduğunu ayırd etməyə çətinlik çəkirsən. Ikinci məsələ, maddiyyatın insanın ruhunu korlama məsələsidir. Istənilən halda, insan nələrəsə əlçatmaz olanda, beyin alqısından kənarda olur. Bir də var, əlin çatandır. Əlçatan olanda, onları beyin alqısından kənara çıxarmaq çox çətin olur. Böyük maddiyyat insanın nəfsini qıcıqlandıran, ağlasığmaz hərəkətlərə vadar edən bir şeydir.
Ümumiyyətlə, düşünürəm ki, insan dörd dəfə dəyişə bilər. Dəyişib tamam başqa insan ola bilər və bunu təbii qəbul eləmək lazımdır. Biri, şöhrətə çatanda, ikincisi, əlinə böyük pul gələndə, üçüncüsü, əlində hökm, hakimiyyət olanda və dördüncüsü, böyük gücə çatanda.

Bu dördünə sahib olmayan adam bunları qəfildən əldə edəndə, insanın ruhu, psixikası davranışı, dəyişilə bilər. O şeylər əlinə gəlməyən adam öncədən təxmin edə bilməz ki, bunlara çatanda dəyişəcəm, yoxsa yox? İnsanı bu filtrdən keçəndən sonra tanımaq olar.

– Bir az gündəm mövzularına keçək. Meyxana həmişə ədəbiyyatçıların, yazarların müzakirə predmetlərindən biri olub. Siz meyxana haqqında nə düşünürsünüz?

– Bayaq dediyimiz istehlak cəmiyyəti var. İstehlak cəmiyyəti – yəni bazar strukturu. Demokratik cəmiyyətin gətirdiyi xoşagəlməz hallardan biridir. Kütləvilik. Keçmiş dövrdə bir hakim təbəqə olardı, bu hakim təbəqənin yetirşdirdiyi bir sənət olardı. Bu sənət intellektual və aristokratların sənəti idi. Bu aristokratların içində axmağı da olurdu, yəni hamısı intellektual deyildi. Ancaq bu aristokratların əli təhsilə çatan dayaz düşüncəliləri də hər halda müəyyən savada malik olurdu. Deməli, onların qəbul etdiyi sənət də savadlı sənət idi. Bununla yanaşı, dünyanın hər yerində kütlənin də özünəməxsus sənəti olub. Bu kütlənin sənəti intellekt, bilgi tələbi olmayan şeylərə hesablanıb. Yəni sən ikisində də zövq və mənəvi qida alırsan. Birincidə mənəvi qidanı almaq üçün savadın olmalıdır, ikincidə isə yox. Təbii ki, kütlə, çoxluq ikinciyə meyl edir. Öz kütləvi sənətini yaradır. Sürətlə yaradılan, qısa müddətə təsir göstərən, tez də unudulan. Meyxana da həmin kütləvi sənətlərdən biridir, amma bizimkidir. Öz tarixi köklərimizdən doğur. O olmasaydı, onun yerini başqa xalqlardan gələn kütləvi sənət nümunələri tutacaqdı. Məsəlçün, rep kimi.

– Yəni meyxananı sənət sayırsınız?

– Bayaq dediyim kütləvi sənətin bir növüdür. Və öz müstəvisində, təbii ki, sənətdir. Çünki onun da öz içində ölçü normaları var. Eyni deyil. Yaxşısı var. pisi var. Məsələn, bütün meyxana deyənlərin hamısı eyni dərəcədə sevilirmi? Yox! Kütləvi sənətdə maddi gəlir var, ona görə də ora yönələnlər daha çox olur və beləliklə rəqabət çoxalır. Əgər kimsə bu rəqabətdə uğur qazanırsa, deməl, o müstəvidə yüksək sənət yarada bilir. Vallah pis şairdənsə, yaxşı meyxanaçı daha üstündür. Bir məsələ də var… Mən nəyə görə meyxananı repdən daha üstün bilirəm, çünki buna peşəkar bacarıq daha çox tələb olunur. Mən repi çox izlədim, baxdım gördüm, burada sözün məzmunundan söhbət gedir, forma yoxdur.

– Əslində, repin də forması var. Təxminən, bizim məsnəvilərin formasını daşıyır.

– Bizim repçilərdə ola bilər, amma ümumi dünya repində belə deyil. Ancaq meyxanaçalırın işi daha çətindir. Hecanı, vəzni, ölçünü, qafiyəni qorumalıdırlar. İkincisi, ritmi saxlamalırdılar. Üçüncüsü, formanı qoruyub saxlamaq şərtiylə, sənə verilən atmacanın cavabını verməlisən. Bunlar hamısı üç-beş saniyədə baş verir. Bunun bir kökü də milli aşıq sənətimizdəki bədahətən dəyişmələrə gedib söykənir, yəni minillik tarixi var. Hazırda aşıqlarımızda bu ənənə qalmayıb, lakin meyxana sənəti bunu davam etdirir.

Ancaq meyxanaya deyilən bəzi tənqidlərlə də razıyam. Çün bu sənət anderqraunddur, içində söyüş də olur, əxlaq çərçivələrindən kənar şeylər də. Video məsələsi çıxandan sonra deyişmələr, meyxanalar çəkilib yayıldı. Zamanında kişi toyunda hər şey deyirdilər, dar məclisdə deyirdilər, elə yerlərdə arvad-uşaq olmazdı, kənara çıxmazdı. Ona görə sərbəst şəkildə rahat deyşirdilər. Bu vərdiş uzun illər yaranmışdı. Sonradan video çıxdı, ardınca internet. Yayım sürətləndi. Sənin dar çərçivə üçün dediyin artıq hamı arasında yayılır. Deməli, dediyin hər bir sözə daha məsuliyyətli yanaşmalısan. Amma meyxanaçılar bəzən o köhnə vərdişlərindən, o sərbəstlikdən qurtula bilmirlər. Mən elə düşünürəm ki, növbəti yeni nəsil meyxanaçılar müəyyən qədər belə şeylərə nəzarət etməyi öyrənəcəklər. Son vaxtlar ərəblərin arasında da yayılıb.

– Meyxananın bizə aid olduğunu deyirsiniz. Amma onun ərəblərdən gəldiyini deyənlər də var. Elə mən özüm də belə düşünürəm, çünki meyxananın deyildiyi janrlar, əslində, bizə məxsus deyil. Meyxana əsasən əruz vəznində deyilir. Əruzun bizim yox, ərəblərin olduğu isə hamıya bəllidir. Bizim folklor janrlarımız isə meyxanaya yararlı deyil.

– Düz deyirsən. Vaxtı ikən ərəblərdə müəyyən deyişmələr olub, qəsidə üstündə olub, şairlər yazıblar və deyiblər. Amma ərəb ölkələrində bu zəncir çoxdan qırılmışdı, indi yenidən populyarlaşması, məncə, məhz bizim meyxana ilə bağlıdır.

– Özünüz heç meyxana demisiniz?

– Mən bədahətən deməmişəm. Amma cavan vaxtı olurdu ki, bəzən dostlarla oturanda onlar başlayıb beş dənə deyəndə, fikirləşə-fikirləşə bir-iki dənə də mən deyirdim. Amma çox həvəsim olmayıb.

– AYB-də yaradıcılıq məsələləri üzrə rəhbərsiniz. Nə yeni işlər görürsünüz?

– İndi mən əsasən bölgələrin və saytımızın fəaliyyəti ilə məşğul oluram. Bizim hardasa iyirmiyə yaxın bölgə şöbələrimiz var. Bu şöbələrimiz həmin rayonlarda yaşayan, yazıb-yaradan şəxslərin problemlərii ilə məşğul olur, məkanla bağlı, yerlə bağlı, yerli hakimiyyət idarələri ilə əlaqələrlə məşğul olurlar. Sadəcə problem ondan ibarətdir ki, bölgələrimizin çoxu büdcədə deyil, maaş almayanların maddi problemləri ilə bağlı çalışırıq. Həmçinin hansısa tədbiri olanlar üçün məkan ilə bağlı icra hakimlərindən icazə alırıq. Onlardan bəzilərinin icra hakimiyyəti ilə əlaqələri var, bəzilərinə ehtiyac olur, biz əlaqə saxlayırıq. Bölgələrdə yaşayan yazıçıların böyük xidmətləri var, orda məktəblərdə, inistutlarda görüş keçirirlər. Yəni ədəbiyyat təbliğatının daha geniş bir xəttini təşkil edirlər. Bəzən kənardan elə görünür ki, Yazıçılar Birliyi yaxşı ədəbiyyatın yaranmasında cavabdehdir, Sovet dövründən fərqli olaraq AYB indi ədəbiyyatın yaranması ilə yox, yaranan əsərlərin ortaya çıxarılması ilə məşğuldur. Sovet dövründə konkret məqsədlər qoyulurdu, əgər müəyyən mövzuda yaxşı əsər yaradılmırdısa, rəhbərliyi çağırıb danlayırdılar. Sovet dövrü dağılandan sonra AYB bundan imtina etdi. Yəni indi yazıçıya senzura və təlimat deyilən bir şey yoxdur. Amma itirdiyimiz bu oldu ki, sovetin verdiyi təlimatın qarşılığında yazıçı yaxşı qonorar da alırdı. Indi bu azadlıq dövründə təlimat yoxdur, həmçinin həmin o qonorarlar və imtiyazlar da. Hətta müharibə dövründə belə təlimat olmadı.

– Təlimat olmadı, amma jurnalist Mirşahin Ağayevin yazıçıları danlayan, ittiham edən bir çıxışı oldu. Həmin çıxış yazıçılar tərəfindən xeyli qınanıldı da.

– Onun sözünün bir tərəfində həqiqət var idi, bir tərəfində yox. Həqiqət yox idi o mənada ki, müharibə mövzusunda yaranan əsərləri oxumamışdı. Sözündəki həqiqət isə o idi ki, biz həmin əsərləri yaxşı təbliğ etməmişdik. Yoxsa xəbəri olardı.

– AYB-də yazıçıların təbliğindən danışdınız, məsələn, mənim yadıma gəlmir ki, son illərdə AYB hansısa gənc yazarı üzə çıxartmış olsun.

– Razı deyiləm…Gənc və yeni yazarlarla Rəşad müəllim (red. Rəşad Məcid) məşğul olub uzun illər. Son 15 ildə ədəbi mühitdə tanınanların əksəriyyəti elə “Gənc ədiblər” məktəbindən çıxıb. Onların çoxu indi bizə arxa çevirib, bizi bəyənməyən, Rəşad müəllimi tənqid edən adamlardır. Son vaxtlarda çox nadir şairləri görürəm ki, sosial şəbəkələr vasitəsilə tanınır, əksəriyyəti dediyim kimi, “Gənc ədiblər”dən çıxıblar. 2005-2015-ci arasındakı gənclərin çoxu AYB vasitəsi ilə tanınıb.

– Bəs Mirşahinin məsələsində dediniz ki, yaxşı təbliğ edə bilməmişik. Onda belə çıxır, Mirşahin Ağayevin həmin tənqidinə səbəbkar AYB-dir. Çünki AYB-nin əsas işinin əsərlərin təbliğatı olduğunu dediniz.

– Mənim yadıma gəlir ki, “Aktrisa” adlı ilk əsərim “Azərbaycan” jurnalında çap olanda, Azərbaycan ədəbi mühiti məni tanıdı, çünki hamı “Azərbaycan” jurnalını oxuyurdu. O vaxt “Ədəbiyyat qəzeti”nin rəhbərliyi çox konservativ adamlar idi, onlar ancaq rəsmi yazılar verirdilər. O vaxt “Yeni Azərbaycan” qəzetinin həftədə bir dəfə ədəbiyyat əlavəsi var idi. Yəni çap olmağa cəmi üç-dörd yer var idi. Bu üç-dörd yerdə çap olanları hamı oxuyurdu, tanıyırdı. Amma indi elə deyil. AYB-nin təbliğ etməyə yeni imkanları yoxdur, əlində telekanal yoxdur, sosial şəbəkəsi yoxdur. Necə tanıtdırmaq olar? Yəni öz daxili orqanlarımız, öz tədbirlərimiz, öz layihələrimiz çərçivəsində tanıtdırırıq, bacardığımızı eləyirik. Hansısa cavanı tanıtdırmaq istəyəndə, tədbirini keçiririk, hörmətli adamları dəvət edirik, hamı onun yaradıcılığı ilə bağlı fikirlərini deyir. Mətbuat dairəsində tanıtdırmaq üçün şanslarımız var, ancaq ondan kənara bizim çıxışımız yoxdur. Məsələn, telekanalların özünün estetik ölçüləri var. Hansısa yaxşı bir şair şeiri yaxşı qiraət edə bilmir. Deyirlər ki, TV rəhbərliyi dedi ki, onu çağırmayın, ekran estetikasına uyğun gəlmir. Və yaxud dəxli olmayan bir adamı çıxarır ora, tərifləyir. Əlaqə saxlayırsan ki, o axı zay bir şeir idi. Deyir, efir gözəlliyi, estetikası var, baxırsan, görürsən ki, o da öz prizmasından baxır.

Biz saytlarımız üçün geniş vəsait ala bilmirik ki, aktiv işlədə bilək. Bizim dövlətdən aldığımız vəsait yalnız ədəbi orqanlarımız, jurnallarımız, qəzetlərimizə bəs edir. Buraya verilən materiallar çap olunur, qonorarı da ödənilir. Amma o orqanların heç birinin saytları yoxdur. Bir az “Ədəbiyyat qəzeti” bu mənada fəaldır. Digər jurnalların materialları isə AYB-nin ümumi saytlarında çap olunurlar. Bizim indi saytımız əsasən “Azərbaycan” jurnalı, “Ulduz” jurnalı, “Qobustan” jurnalıının internet versiyasıdır. Amma saytın özünün əməkdaşlarının olması, ayrıca müsahibə, layihə etməsi üçün vəsait ayrılmayıb.

– AYB-nin daxilində belə adamlar var ki, deyirlər, Anar getsə, Yazıçılar Birliyi hörmətdən düşəcək. Siz necə düşünürsünüz?

– Dövlət qurumu olmayan idarələrin ayaqda qalmağının səbəbi, onu təmsil edən insanların xalq tərəfindən necə qəbul olunmasından asılıdır. Bu həm ictimai təşkilatlara, həm siyasi partiyalara, ümumən bu tip qurumların hamısına aiddir. Həm bizdə, həm də bütün dünyada belədir.

Yadıma gəlir ki, uzun illər əvvəl Hüseyn Arif rəhmətə gedən kimi Aşıqlar Birliyində çox mübahisələr oldu. Hərə öz dəstəsini yığıb ayrıca Qurultay keçirdi, özünü sədr seçdi. Axırda Zəlimxan Yaqubu sədr seçiləndən sonra məsələ stabilləşdi. Çünki onun xalq içində nüfuzu vardı. Bu baxımdan belə qurumların başında tanınmış simaların olmağı şərtdir. Bu gün də Azərbaycanda ədəbi mühitdə tanınmış simaların ən ağsaqqalı, ən hörmətlisi elə Anar müəllimdir. Yazıçılar Birliyinin nüfuzlu bir təşkilat olmasına bunun böyük təsiri var.

Bəziləri deyir ki, Yazıçılar birliyin heç kimə lazım deyil, bağlansın. Yaxşı, təşkilata bu qədər üzvlük üçün müraciət edən varsa, deməli, Yazıçılar Birliyinin ictimai nüfuzu var, qalması və fəaliyyəti vacibdir.

– Anar son Qurultayda dedi ki, bu dəfə seçildim, növbəti seçkilərdə seçsəniz də, sədr olmayacam. Sizcə, o vaxt kim sədr ola bilər?

– O vaxta baxır. Nüfuz olaraq, hörmət olaraq, davranış və şəxsiyyət baxımından seçiləcək. Indi deyə bilmərəm.

– Özünüzü AYB-nin sədrliyinə layiq bilirsinizmi?

– Hazırda yox. Ədəbi mühitimizin rəhbər işçidən tələblərini nəzərə alanda, özümü hazır hesab etmirəm.

– Çox adam belə düşünür ki, yazıçı Anarı ən çox nüfuzdan salan elə AYB-də sədr olmağıdır.

– Burada çox incə birməsələ var. Gözdən salmaq deyirsən. Amma bu fikri cəmiyyətdə nə qədər adam bölüşür? Bəzən aktiv azlığın fikri çoxluğun fikri kimi təqdim olunur. Anar müəllimə, Yazıçılar Birliyinə yönələn tənqidlər ədəbi mühitin 1-2 faizindən yaranır. Amma bu bir iki faiz o qədər aktivdir ki, stəkanda burulğan yarada bilirlər. Ümumxalq miqyasında isə Anar müəllimə münasibət tamam başqadır. Biz onun yanında çox yerlərə gedirik. Onun xalq arasında olan hörmətini görürük. Camaat onu sevir, hörmət edir.

Məsələn, Anarın ad günündə onlarla bizə dəxli olmayan idarələrdən, dövlət qurumlarından tərəfindən böyük buketlər və təbriklər gəldi. Heç Anar müəllim çox vaxt bu idarələrin rəhbərliyinin kim olduğunu bilmir. Bu ziyalıya, ağsaqqal yazara, usta sənətkara cəmiyyət və qurumların münasibətidir.

Onun yazdığı məktubların, müraciətlərin təsiri çoxdur. Anar müəllimi tənqid edən adamların nə qədərinin onun qapısında boynubükük dayandığını görmüşəm. Hansısa problemləri olur, gəlib yalvarıblar, Anar müəllim müraciət edir, onun sözünün təsiri nəticəsində o problem həll olunub, işi düzələndən sonra o adam gedir yenə Anar müəlimi tənqid edir. O qədər belə şeylərin şahidi olmuşuq ki. Sadəcə iş orasındadır ki, Anar müəllim heç vaxt etdiyi yaxşılıqları, yardımları dilə gətirmir, onu tənqid etsələr də, yenə üzlərinə vurmur. Həmin adamlar da bilirlər ki, etdiyi yaxşılığı deyən adam deyil.

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #