Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü...

Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü...
23 iyul 2022
# 21:00

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Anası Zümrüd xanım əslən şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

***

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.

1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üzrə tam kursu bitirərək, həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini başa vurub.

***

Flora Kərimova atasının arzusu ilə həkimliyə yiyələnib və 1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra Konservatoriyada oxuya-oxuya 3 il o vaxtkı Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləyir.

Rəşid Behbudov, Mirzə Babayevdən sonra Azərbaycan Estrada janrının banisindən biridir.

***

İlk bəstəkarı Şəfiqə Axundova olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun"da Leyli rolunda çıxış edib, 1968-ci ildə isə "Qanun naminə" bədii filminə çəkilib.

Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələmişdir.

***

Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olub. Hətta Türkiyənin “İlin mahnısı” musiqi verilişində qonaq olub. O verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xarici sənətcilər verilişin qonağı olmurdu.

Həddən artıq hipertrofiya olunmuş ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəməyən xasiyyətinə görə, Xalq artisti öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağalarla keçirmişdir. Buna baxmayaraq "Qızıl Fond"da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.

***

Flora Kərimovaya ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırır.

Flora Kərimovaya qarşı ən uzun sürən qadağa Sovet Respublikasının "Ermənistanın xalq artisti" adından imtina etməsi ilə bağlı olub. Kərimova bir müddət ona heç bir ad verilməməsi ilə cəzalandırılıb.

***

Sovet dövründə ən son qadağa isə 1989–1991-ci ildə olunub. Flora xanım həmin dövrdə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunması mübarizəsində irəlidə gedən siyasi ictimai fəallardan biri olub. Azərbaycan Televiziya və Radio Milli Musiqi Fondunda Flora xanıma məxsus olan musiqi səs yazılarının, lentlərinin və görüntülərin kart nömrələri və bəzi hallarda orijinal lentlər yandırılmış, üzərinə başqa materiallar yazılaraq məhv edilmişdir. Fiyaletova adına səsyazma studiyasında olan səs yazıları, Cəfər Cabbarlı adına Film studiyasında Flora xanıma məxsus olan tele-tamaşa, kino, sənədli film və tarixi konsertlərdən ifaları montaj edilərək çıxarılmış və ya başqa müğənnilərin eyni adlı ifaları ilə əvəz edilmişdir.

Sovet hakimiyyəti zamanı ad verilməkdən məhrum olunsun maddəsinə bəraət verilərək Prezident Əbülfəz Elçibəy tərəfindən 1992-ci ildə Flora Kərimova Azərbaycan Demokratik Respublikasının ilk Xalq artisti adına layiq görülüb.

***

Flora Kərimova 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini sındırıb Qarabağa torpaq iddiası qaldırıb Azərbaycan torpaqlarına qarşı hücuma keçən zaman Bakıda Azadlıq Meydanında etirazını bildirən ilk qadın sənətçi olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə, tankların qarşısına çıxaraq öz etirazını ifadə edib.

Flora Kərimova iki dəfə ailə qurub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovla aralarında 20 yaş fərql olub. Onunla tanışlığı İ.Topçubaşovun Flora Kərimovaya mahnı verməsiylə başlayıb. Onlar ailə qurandan bir müddət sonra İbrahim bəy vəfat edib. Onun ölümündən bir neçə il sonra Flora xanım Faiq Şəfiyevlə ailə qurub. Bu nikahdan onların Zümrüd adlı qızları doğulub. F. Şəfiyev biznesmen olub. Ancaq qızı Zümrüdün 6 yaşı olanda Faiq bəy də avtomobil qəzasında həlak olaraq dünyasını dəyişir.

Flora Kərimovanın sənət camiəsində ən çox intriqada olduğu sənətçi mərhum müğənni, Xalq artisti İlhamə Quliyeva olub. Deyilənlərə görə, hər iki müğənninin uzun illik küsülülüyünə səbəb Flora Kərimovanın ikinci həyat yoldaşı Faiq Şəfiyevlə bağlı olub. Bu barədə Flora xanım verilişlərin birində İlhamə Quliyevaya işarə edərək deyir:

“İki dəfə ailə qurmuşam, üçüncü ailəm saxta olub. Çünki 20 ildən artıq məni xaricə buraxmayıblar. Hamı qastrola gedirdi, məni qoymurdular. İlhamə Quliyeva adımdan anonim məktublar yazırdı. Deyirdi ki, oxuya bilmir. Qızım üçün deyirdi ki, mənim övladım deyil, uşaq evindən götürmüşəm. Faiq və İbrahim məndən öncə İlhamə Quliyeva ilə münasibətdə olublar. Sonra hər ikisi mənimlə evləndilər. Rəhmətlik Faiq həmişə mənə çox bahalı zinət əşyaları gətirirdi, mən də qəbul etmirdim. Bir dəfə mənə maşın hədiyyə etdi, açarı verdi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə dedim ki, Faiq, ya açarı aparırsan, ya da açarı həyətə atacam. Açarı həyətə atdım, məni çox təhqir etdi. Sonra avtomobili elə bir adama bağışladı ki… Əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə satdı, ona baş daşı qoydurdu. Ölənin dalınca danışmazlar”.

Faiqin ölümündən uzun illər sonra müğənni onun barəsində bu sözləri yazır:

"Qızımın atası avtomobil qəzasına düşdü. Gözlənilmədən oldu. Birdən-birə büllur saray gözümün önündə çilik-çilik oldu. İnanın, o dövrdə qızım olmasaydı, həyatımla vidalaşardım. Zivər Ağayeva mənə zəng etdi və mənim itkimə-dərdimə sözlər yazdığını dedi. O aralar kimləsə danışmağa, hansısa mahnını məşq edib oxumağa heyim yox idi. Təbii ki, 1 il oxumadım. Sözlər məni çox tutdu və bəstəkar Elza İbrahimovaya zəng etdim. Elza xanım mənim itkimi özünkü kimi qəbul edirdi. Mahnının sözlərinə 2 gün ağladıqdan sonra musiqini 5-10 dəqiqəyə yazdı. Yoldaşım 1988-ci ildə rəhmətə getdi, onun ölümündən sonra efirə 1989-cu ildə - birinci dəfə bu mahnı ilə çıxdım. Yadımdadır, qara paltarda idim. Adımı elan etdilər, oxumağa başlayanda göz yaşlarım sel kimi axdı. Müğənni ağlayanda oxuya bilmir, səs yatır axı. Orkestrin rəhbəri rəhmətlik Rafiq Babayev idi, ağladığımı görüb yaxınlaşdı və "səsin yatır, darıxma, yanındayam" dedi. O sözdən sonra özümü toparladım və mahnını elə oxudum ki, bəlkə də mən bu mahnını heç vaxt o dərəcədə küskün, üsyanlı, yazıq və bədbəxt oxumamışam".

Flora Kərimova bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən məsələn, İmma Sumacdan fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir, yəni bütün notları əhatə edir.

***

Flora Kərimovanın böyük aktyor, Xalq artisti Həsən Turabovla eşq yaşadığı deyilir. Bu barədə müğənni müsahibələrinin birində deyir:

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə çoxdan verirdilər, ona cavab verməkdən həmişə boyun qaçırdım. Ancaq indi deyim, bəli, Həsənağa Turabov məni çox istəyirdi. Hətta mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi. Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov işə gəlib gedəndə mənim yerimə qol çəkirmiş. Sonra Aydın müəllim ona demişdi ki, belə olmaz. Evdən məni ona vermədilər və biz ayrıldıq”.

Sənətkarın iki övladı var. Oğlu Almaniyada, qızı İngiltərədə yaşayır. Oğlunu Zümrüd doğulmadan çox əvvəl qardaşından övladlığa götürüb.

***


Flora Kərimova özünüzü xoşbəxt sayırsınız sualına belə cavab verib:

Sənətim sadəcə səsimə bədbəxtçilik gətirdi. Səsim bədbəxt oldu. Bu səs dünyada səslənməliydi. Səsim başıma bəla oldu. Səsim dilimi acıladı. Bilirsiniz, mənim azadlığımı əlimdən almaq istəyənlərə zəhərlə cavab verirdim. Və səsimə, dilimə, dönməz xasiyyətimə görə düşmən qazandım. Bir vətəndaş kimi xoşbəxtəm. Yoxluğumda bilirəm ki, ruhum söyülməyəcək, ağlayanım olacaq. Bir qadın kimi nakamam. Allah qismət verirdi, sonra çox görüb əlimdən alırdı. Heç kimi günahlandırmıram. Mənim savaşım yaradanla olur. Yaradan sənə qismət verir, sənə tale yazır. Sonra istəsə səndən alır. Mənim şəxsi həyatımda əzabım olmayıb. Həyat yoldaşı kimi mənə həmişə hörmət qoyulub. Mənim qismətimdə əzab verən yaradan olub. Xoşbəxtliyi verib, sonra o xoşbəxtliyi hər dəfə ölümlə əlimdən alıb. Qismətlərimi məndən ölüm aldı. Oxumağa da vaxt tapmışam, tankın qabağına da çıxmışam, tabut arxasınca da getmişəm. Mənim taleyim belə olub”.

# 46889 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #