Haram pul yeyən deputatlarımız - Vüqar Babazadə yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

1 fevral 2022
# 17:00


Kulis.az Vüqar Babazadənin "Çirkli pullar" adlı yazısını təqdim edir.

Bir gün Hz. Əlidən soruşurlar ki, bir insan oğurluq edibsə, günahı nədir?

Hz. Əli cavab verir: "Əgər kefindən oğurluq edibsə, əli kəsilməlidir, yox əgər ehtiyac üzündən edibsə, onda xəlifənin əli kəsilməlidir".


Hikmətli hədis.


Pul nəyə deyirlər?

Dollara, avroya, funt sterlinqə!

Səndə nə var?

Manat!

Sən adam deyilsən.

Mediada bir xəbər yayılıb ki, İngiltərədə azərbaycanlı deputat Cavanşir Feyziyevin ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib.

Ancaq dar manat təfəkküründə düşünə bildiyim üçün, (insan hansı valyuta ilə maaş alırsa, dünyanı da həmin valyuta ilə görür və dərk edir) bu məbləği görəndə, dərhal kasıblığım tutdu, girdim quqla belə yazdım: “5,6 milyon funt-sterlinq kaç Azərbaycan manatı yapıyor?”

Açığı bu sualıma quql da çaşıb qaldı. Sanki quql da “o qədər kasıbsan ki, sənə cavab vermirəm” demək istəyirdi. Konkret bir cavab ala bilmədim. Daha sonra saytların birindən oxudum ki, 5,6 milyon funt-sterlinq - 12,9 milyon AZN imiş.

On iki tam onda doqquz milyon manat.

Bir daha təkrar edib, sizin kefinizi də pozmaq istəmirəm.

Bu məbləği görəndə bütün həyatım gözümdən düşdü. Nə üçün yaşadığımı, indiyə kimi niyə var olduğumu, bütün balaca-böyük problemlərimi, yaşadığım sevincləri, kədərləri, sevdiyim, amma mənə qardaş gözü ilə baxan qızları, uğurlarımı, itirdiklərimi düşündüm, düşündüm və heç bir qərara gələ bilmədim.

Özüm-özümə o qədər cılız göründüm ki, kiçilib yox olmaq, dünyadan köçmək, boş-boşuna yer tutmamaq istədim. Üç sözlə, yaşadığım üçün utandım.

Günlərin bir günü balaca siçovul filin qabağını kəsib deyir:

“Daha burdan keçməyəcəksən. Bu yol mənimdir”.

Fil baxır siçovula, baxır yola, baş qoşmur geri dönüb, başqa yolla gedir.

İkinci gün fil həmin yoldan keçmək istəyəndə yenə siçovul çıxıb eyni şeyləri deyir. Fil əsəbiləşir, basıb siçovulu əzir. Görür siçovulun qarnında bir-iki qram piy varmış. Başa düşür ki, siçovulu danışdıran, belə cəsarətləndirən bu piy imiş.

Bu məsəlin mövzumuza dəxli yoxdur, sadəcə özümün necə aqil bir insan olduğumu sizə göstərirəm.

Əslində, heç bu yazını da yazmazdım. Çünki mənasızdır. 12,9 milyon manatı olan adam və adamlar bap-balaca, yumurtadan təzə çıxmış cücə olan, “fakir ama qururlu” bir müxbirin yazdığını nə qədər ciddiyə alacaqlar ki?

Və yaxud, mənim danışdığım hikmətli hədislərdən nə dərs çıxaracaqlar? Bu onların heç nəyinə lazım deyil.

Amma yazaraq özümü ovutmağı, sakitləşdirməyi sevirəm. Yazmaq bu bataqlıqda tramplin kimidir. Onun üstündə tullanıb-düşməyi, dombalaq aşmağı sevirəm. Hər nəysə, nağıl dili yüyrək olar, görək hələ bu 12,9 milyon manat nədir?

Bu ingilislər də bikardılar, canımçün.

Xəbərdə deyilir: ötən ilin noyabrında Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan və hazırda dondurulmuş 15 milyon funt-sterlinqi (34,7 milyon AZN) "çirkli pul" sayıb. Hazırda müsadirə edilən 5,6 milyon funt-strelinq bu məbləğin bir hissəsidir.

Burdan deputatımıza demək istəyirəm ki, mən boş vaxtımda çirkli pulların yuyulması ilə məşğul oluram. Gətirin verin çirkli pullarınızı mənə, bir-günə yuyub-qurudum hamısın. Olsun tər-təmiz, qət-təzə pul.

15 milyon funt-sterlinqin 7,86 milyonu Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə onun oğlu Orxan Cavanşirin, 1 milyon funtdan bir qədər artıq məbləğin isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin əlində olduğu bildirilir.

Mənə maraqlı olan odur ki, bu qədər pulun mənbəyi və mənşəyi hardadır. Pis başa düşməyin ha, sadəcə öyrənmək istəyirəm.

Əlbəttə ki, Feyziyevlərin vəkili Çarlz Bott bu haqda mənə tam səhih və şəffaf məlumat verər. Amma mən Çarlz qardaşımızın püləməklərinə inanmayacağam. Bu pullar cənab Feyziyevin “uğurlu biznes karyerası"ndan əldə edilən pul deyil. Bunlar korrupsiya pullarıdır və buna el dilində “haram pul” deyilir.

Deputatımızın həyat yoldaşının payına düşən 7,86 milyon funt-sterlinq nədir? Lap tutaq ki, hər uğurlu kişinin arxasında bir qadın dayanıbsa və bunu müəyyən qədər anlamaq olarsa, bəs yaxşı deputatın oğlunun 6,4 milyon funt-sterlinqi hardan oldu? Bəlkə, hər uğurlu oğulun arxasında bir papa durur?

Nə yaxşı ki, ölüm var və hamı ölür. Öləndə də heç nə aparmır. Ölürsən, vəssalam. Nə yaxşı ki, nə vaxtsa mən də öləcəyəm, bu deputat da.

Dünyanın çərxi belə dönür. Bu dəyişməz qanundur. Bəzi adamlar çox varlandıqları üçün, bəzi adamlar aclıqdan ölür. Bəzi adamlar aclıqdan ölürsə, bəziləri də piylənmədən ölür. Bizim alnımız açıq, üzümüz ağdır. Allah qarşısında olmasa da, ən azından öz vicdanımız qarşısında.

Bəsdirin ta. Yediz bitirdiz bu xalqı.

Mən 10 və 20 qəpikliklər yığmağı sevirəm. Bunu hansısa məqsəd üçün etməsəm də, elə bilirəm ki, arxaya nəsə atıram. Qara günlər üçün pul yığıram. Pul deyəndə də bir kilo 10 qəpik heç beş manat eləmir. Hər nəysə.

Günlərin bir günü adını çəkmək istəmədiyim Rəvan adlı dostumla pulumuz bitdi və qərar verdik ki, 10 qəpiklikləri açıb dövriyyəyə buraxaq. Rəvan 30 dənə 10 qəpik götürüb, marketin kassirinə yaxınlaşdı. Kassirdən çəkinə-çəkinə siqaret istəyib, 10 qəpikləri onun qabağına tökdü. Kassir bir Rəvana baxdı, bir 30 dənə 10 qəpiyə baxdı, baxdı, baxdı, baxdı...

Çölə çıxanda Rəvan mənə dedi ki, kassirin mənə elə aşağılayıcı formada baxmağını heç vaxt unuda bilməyəcəyəm.

Görəsən, 5,6 milyon funt sterlinq neçə dənə 10 qəpik eləyir?..

# 2619 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #