Gülüstan dağı - Ramiz Nəsirov

Ramiz Nəsirov

Ramiz Nəsirov

30 noyabr 2022
# 18:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ramiz Nəsirovun "Gülüstan dağı" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Gülüstan dağı

Bu nifrət o dərəcədə dərin idi və onlar özlərini o qədər haqlı sayırdılar ki, bir-birlərinə qılınc çalanda, özlərinin cənnətə, qarşısındakının isə cəhənnəmə səfər edəcəyinə əmin idilər...

Səfər uzun və yorucu idi. Lakin artıq sonu yaxınlaşmışdı. Bu yolun sonu on ildən bəri çəkdiyi bütün iztirabların, əziyyətlərin sonu olacaqdı. Vicdan əzabının qisasa çevrilməsinə səbəb olan şəxs gözləyirdi onu yolun sonunda. O şəxsi öldürərək öz qisasını alacaqdı. Təbii ki, onu da öldürəcəkdilər, bu da on il əvvəl alovlara bürünərək həlak olan günahsız insanların qisası olacaqdı.

Səfəri Gülüstan qalasına doğru idi, bunun üçün əvvəlcədən bütün hazırlıqları görmüş, libas dəyişdirmiş, sonra yola qoyulmuşdu. Qisas almaq üçün çox əlverişli şərait yetişmişdi, bu şərait qızılbaş qoşunlarının Şirvan üzərinə yürüşü ilə yetişmişdi. Çünki, bilirdi ki, Şirvanşah Fərrux Yasara Təbrizdən gəlməyən köməyi indi Gülüstanda əminliklə gözləyirlər, bir də onu bilirdi ki, Təbrizdən şirvanlıların gözlədiyi dəstək gəlməyəcək. Sultan heç xəbər göndərmək zərurəti belə duymamışdı. Bu xəbəri öyrəndikdə çox düşünmüş, sonda libas dəyişərək yola Təbriz sarayından gələn qasid olaraq düzəlmişdi. Əgər hər şey istədiyi kimi olsa o, bütün Şirvanın Şeyxi Mövlana Şərafəddin Hüseyn katib ilə bir otaqda olmaq imkanı əldə edəcəkdi ki, bu da Şeyxin qətli ilə başa çatacaqdı. Təbii ki, mühafizlər onu sağ buraxmayacaq, ya elə orada öldürüləcək, ya da ki sonra onu edam edəcəkdilər. Amma istənilən halda Şeyxin necə can verdiyini görəcəkdi.
Mövlana Şərafəddin Hüseyn katibə duyduğu nifrətin qəribə bir tarixcəsi vardı. Əvvəllər o, Şirvan qoşununda xidmət edən əsgər idi. Şahın xüsusi fərmanı ilə əsgərlərin arasından ailəsi və yaxınları olmayan əsgərlər seçilmiş, onlara xüsusi təlimlər keçilmişdi. Bu təlimlərdə onlara müxtəlif zəhərlərin xüsusiyyəti, neftdən istifadə edərək partladıcı və yandırıcı maddələrin hazırlanması öyrədilmişdi. Daha sonra Şirvan şahının və az qala şah qədər nüfuza malik olan şeyxin əmri ilə dövlət və məmləkət üçün ziyanlı və qorxulu ola biləcək şəxsləri cəzalandırmaq, yəni qətlə yetirmək üçün onlardan istifadə etməyə başlamışdılar. Bu kimi tapşırıqları onlar bəzən tək, bəzən isə bir neçə nəfərlə icra edirdilər. Növbəti tapşırıqlardan biri də şeyx tərəfindən ona həvalə olunmuşdu. O, Dərbənd şəhərində xristian dininin təbliği ilə məşğul olan bir nəfəri qətlə yetirməli idi. Verilən məlumata görə həmin şəxs əslində cəsus idi və onun qətli nə qulluq etdiyi dövləti, nə də xristian əhalini narahat etməməliydi. Bu o demək idi ki, onun ölümü təsadüfə bənzəməli, qətl izləri olmamalı idi. Bunun üçün ən yaxşı yol həmin şəxsin yaşadığı evdə bütün çıxışları kilidləyərək evin yandırılması idi. Belə də etmişdi, lakin bu dəfə nədənsə evdən tez ayrılmamış, evdən çıxan olub-olmamasını bilmək istəmişdi. Düzdür, evdən çıxmaq mümkün deyildi, çünki, qapı və pəncərələrin kənarları neftlənmiş və orada alov daha güclü idi. Amma sanki kim isə onu getməyə qoymurdu. Az keçmiş evdən ah-nalə səsləri gəlməyə başladı, səslər boğuq idi, o, səslərin arasından qadın səsi eşitdikdə evə yaxınlaşmış, təxminən 10-12 yaşlı qızcığazın xaç önündə diz çökərək dua etdiyini görmüşdü. Qızcığaz eyni sözləri dayanmadan təkrar edir, hər dəfəsində səsini yüksəldirdi, bəlkə də ümid edirdi ki, yaradanı onu eşidəcək. Evə girərək qızı xilas etmək istəmiş, lakin heç cür buna nail ola bilməmişdi. Alov qıza yaxınlaşdıqca qızın nalə dolu səsləri də yüksəlir, onun isə evə girmək cəhətləri alınmırdı. Əvəzində sağ qolu möhkəm yanmışdı. Az keçmiş alovla mübarizə edənlərin sayı sıxlaşmış, lakin onlar da evi və evdəkiləri xilas edə bilməmişdilər. Səhər olduğunda isə bu evdə bir ailənin yaşadığını öyrənmiş, ona verilən məlumatın yanlış olduğunu anlamışdı. Evin külləri arasında gəzişmiş, qızcığazın dua edərək diri-diri yandığı yerdən boyundan asılan metal xaç tapmışdı. Geri qayıtdığında bütün olub-keçənləri və səhvən bir ailəni məhvinə səbəb olduqlarını şeyxə dedikdə o gülmüş, belə işlərin onun başına görə olmadığını bildirmişdi. Vicdanı onu rahat buraxmamış, Şahın xidmətindən qaçmışdı, lakin hər rastlaşdığı yeniyetmə qızda ölümünə səbəb olduğu qızcığazı görmüş, bu onda Şeyxə qarşı dərin nifrətin yaranmasına səbəb olmuşdu. Bir neçə dəfə qisasını almaq üçün cəhdlər etmiş, lakin istəyinə nail olmamışdı. Əvəzində az qala bütün Şirvan onun Şeyxə olan nifrətindən xəbər tutmuş, bu isə onun istəyini həyata keçirməsini daha da çətinləşdirmişdi.
Üfüqdə Gülüstan qalası göründükdə gün qüruba əyilirdi. Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmişdi. Qalanın şimal-qərb qurtaracağında içqalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın Şamaxıya baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Cığıra qədəm basdıqda yanmış evdə küllər arasından tapdığı və o gündən bu yana boynunda gəzdirdiyi xaçı paltarının altında gizlədərək atını mahmızladı. Az keçmiş qala qapılarına çatdı və uca səslə Təbriz sarayından xəbər gətirdiyini bildirdi. Keşikçilər xəbəri qala rəisinə ötürdülər, səslər qala divarlarında əks-səda verdi. Onu qalaya buraxdılar. Şirvanşahın yonulmuş daşdan tikilən sarayı şərq tərəfdə, qalanın qırağında dayanır. Olduqca gözəl olan sarayın önündə keçilməz dərələri, mağaraları, sıldırımları və qayaları olan dərin uçurumlar görünürdü. Saraydan yuxarıda yaşayış evləri görünür, onlar çox möhkəm ikiqat divarla dövrələnmişdir. Bundan bir az da yuxarıda kiçik təpədə, yaxşı yonulan daşdan tikilmiş, eləcə də divar və bürclərlə dövrələnib möhkəmləndirilən köşk görünür. Otaqlar altında hamısı tağbəndlə örtülü yüzlərlə zirzəmi qaralırdı. İçqaladan qərbdə geniş və dərin hovuz tikilib ki, onun da yaxınlığında gəzinti yeri var. Müxtəlif tikililər qalanın daxilini üç yerə bölür: alt, orta, üst (içqala).. Bir keşikçinin müşayiəti ilə qala həyətindən keçərək saraya daxil oldular. Şahzadə Şeyxşah mərkəzdə, Malik Səlim və Şeyx Şərafəddin isə sağ-solunda əyləşmişdilər. Yüngül təzim etdikdən sonra Şeyxşaha müraciətlə dedi:
– Şahzadə həzrətləri, Təbrizdən, Sultan Əlvəndin əmri ilə gəlmişəm, yolların təhlükəli olduğunu nəzərə alaraq padişah əfəndimiz namə göndərmədilər və diləklərini şifahi çatdırmağı əmr etdilər.
Sözlərinin necə qarşılanacağını bilmək üçün müsahiblərini süzdü, şeyxlə göz-gözə gəldikdə ürəyi nalə çəkdi və bir anlıq sıçrayaraq biləyində gizlədiyi xəncəri onun boğazına sancdığını xəyal etdi. Qasidin baxışlarından narahat olan və onu diqqətlə bir daha süzən Şeyxin gözləri parladı və yerindən dik qalxaraq qışqırdı:
– Xain! Tez tutun bunu! Şeyxin sözləri ilə biləyindəki xəncəri çəkərək irəli atıldı, lakin başına dəyən zərbədən səndələyərək yıxıldı. Hamı donub qalmışdı və nə baş verdiyini anlamaq üçün şeyxə sarı baxdılar. Şeyx keşikçilərə müraciətlə dedi:
– İlk əvvəl bu xainin əl-qolunu möhkəmcə bağlayıb kilidli bir otağa salın – keşikçilərin əmri icra etməsini görən Şeyx sözünə davam etdi:  Özünü Təbrizdən gələn qasid kimi qələmə verən bu xainin adı İlyasdır, Xaçlı İlyas. Malik əfəndi yəqin ki, onu xatırladı? Bu şərəfsiz mərhum şahımızın əmrində olan bir çəri olmasına baxmayaraq dövləti-şərifimizə xəyanət etdi və bir neçə ildir ki, dövlətimizdən qisas almaq üçün müxtəlif yollara baş qoymaqdadır.

– Qisas? Kimdən və nə üçün? deyə Şeyxşah soruşdu.
Malik Səlim dillənmək istəyirdi ki, Şeyx onun sözünü ağzında qoydu:
– Deyilənlərə görə ağlını itirib, islamdan üz döndərib, indi xaça tapınır... – Şeyx fikrini sona çatdıra bilmədi. İçəri girən keşikçilərdən biri qızılbaşlara aid təcili xəbər olduğunu bildirdi.


* * *

Artıq 3 gün idi ki, qızılbaşlar Gülüstan qalasını mühasirəyə almışdılar. Qalaya gedən yollar tutulmuş, aşırımlara keşikçilər təyin edilmişdi. Həm qalada, həm də ətrafında qızğın hazırlıq işləri görülürdü. Malik Səlim bürclərin hər birindəki vəziyyətlə tanış olduqdan sonra zindana yollandı. Xaçlı İlyas saxlanılan otağa daxil olaraq onu müşayət edən keşikçiyə otaqdan çıxmasını əmr etdi. İlyası başdan ayağa süzdükdən sonra dedi:

Şeyx həzrətləri iddia edir ki, sən ağlını itirərək islamdan üz döndərmisən.

İlyas acı-acı gülümsəyib cavab verdi:

Hər halda “möhtərəm” Şeyx cənablarının mülahizələri sizdə daha dolğun təsəvvür yaratmışdır.

İlyas, mən səni gəncliyindən tanıyıram, sənin qüvvənə də bələdəm, ağlına da, imanına da. Bilirəm ki, sən səbəbsiz Şeyxə qarşı açıq düşmənçilik etməzdin, həm Dərbənddə də baş verənlərdən xəbərdaram. Amma bu xaç məsələsi nə məsələdir? Az qala Şirvanın yarısı uşaqlarını Xaçlı İlyasla qorxudur. Doğrudanmı sən artıq xaça tapınırsan?

Malik cənabları, Allahın yerdə sözü kimdir? Şeyx? Ya bəlkə Şah? Mən Allahın yerdəki nümayəndəsinin göz görə-görə yalanının şahidi oldum, haqsızlığının şahidi oldum və Allah onu cəzalandırmadı. Mən yanan evdə günahsız qızcığazın dua etdiyini gördüm, gördüm ki, bu zavallı Allahdan xilasını deyil, dünyanı daha yaxşı idarə etməsini diləyir... Malik əfəndi, mən Allahdan üz döndərməmişəm, mən... mən sadəcə Ondan küsmüşəm, gileyim var Ondan, bu qədər! Şeyxin qanlar içində can verdiyini gördüyüm gün Allahla barışacağam, tez yox.

Mən səninlə bu mövzuda mübahisə etmək istəmirəm, amma bura gəlməyimdə məqsədim səndən kömək istəməkdir. Mən çox pis vəziyyətdəyəm, qızılbaşlar qalanı mühasirəyə alıblar və mən istəyirəm ki, sən müdafiəyə başçılıq edəsən! Sənin necə bir döyüşçü olduğunu bütün Şirvan bilir.

 Şahzadə Şeyxşah əfəndiləri və Şeyx həzlətlərinin kölgəsi düşən yerdə mənə nə ehtiyac var Malik Səlim? – deyə İlyas kinayə ilə soruşdu. Malik Səlim dərindən köksünü ötürərək aram-aram dedi:

 Məsələ burasındadır ki, qızılbaşların təslim olmaq haqqındakı tələblərinə Şahzadə yox cavabı verdi, mən onu qınamıram, zira Cabanıda qızılbaşların təslim olmuş Şirvan əsgərlərinin başlarından qüllə düzəltdikləri hamıya əyandır. Amma bu yox cavabının ardınca Şeyxin qızılbaşları “məlun kafir” elan fitvası və qızılbaş elçisinin edamı gərilmiş əsəbləri lap tarıma çəkdi...
İlyas Malik Səlimin sözünü kəsdi:

– Deyirsən Şeyx yenə həftəbecər bişirib? Qoy elə özü də üzünün yağlı yerindən yesin!

 İlyas, iş belə gətirib ki, həm Şahzadə, həm də Şeyx elçinin edam olunduğu gecə qaranlığın düşməsindən istifadə edərək qaçıblar. Mən isə bu caamatı qızılbaşların insafına buraxmaq istəmirəm, indi qərar ver: bu bədbəxt caamata kömək edəcəksən ya yox? Sənin üçün nə daha əzəldir? Qisas yoxsa bu bədbəxtlər üçün ümid?

İlyas bu xəbərdən acı-acı gülümsədi, adi bir hadisə baş veribmiş kimi əlini yellədi və Malik Səlimə dedi:

 Malik əfəndi, mən kömək edərəm, sən mənim üçün atadan irəli olmusan, lakin bilməyini istədiyim bir şey var. Qalanın müdafiəsi buradakı insanların müdafiəsi və təhlükəsizliyi üçün olacaq, şeyxin fitvasından irəli gələn məzhəb müharibəsi yox!

Malik Səlim heç nə demədən keşikçini çağırdı və İlyası azad etməyi əmr etdi. Təxminən bir saat sonra Malik Səlim, Xaçlı İlyas və daha bir neçə nəfər köşkdə müşavirəyə başladılar. İlyasın sualına cavab olaraq bildirildi ki, qalada təxminən səkkiz min adam var, onlardan cəmi iki mini əsgərdir. Yerdə qalanlar isə ətraf ərazilərdə yaşayan və qızılbaşların gəlişi ilə qalada sığınan dinc əhalidir. Məlum oldu ki, əsgərlər az olsa da silah kifayət qədərdir, əlavə olaraq qalada çoxlu neft ehtiyatı da vardır. Kiçik müşavirədən sonra qərara alındı ki, camaatın arasından da müdafiədə yararı olacaq adamlar seçilsin və bu işi Malik Səlim öz üzərinə götürdü. O, zabitlərdən ikisini özü ilə götürüb vaxt itirmədən işinə başladı. İlyas isə zabitlərdən biri ilə neftin saxlanıldığı zirzəmilərə düşdülər. Az sonra məlum oldu ki, qalada təxminən üç yüz pud neft vardır. İlyas neftin yarısını pudluq qablara tökülərək bürclərə daşınmasını əmr etdi. Yerdə qalanı isə qala meydanına çıxarmağı tapşırdı. Onu müşayiət edən zabitə tapa biləcəyi qədər tuluq tapmasını əmr edərək qala divarına dırmandı. Əsgərlərin durumunu yoxladıqdan sonra qızılbaşları seyr etməyə başladı. Əgər zənni onu aldatmırdısa qızılbaşlar artıq növbəti gün qalaya hücum edəcəkdilər. Tələsmək lazım idi. İlyasa yaxınlaşan bir əsgər Malik Səlimin onu axtardığını xəbər etdi. Həmin əsgərlə Malikin yanına gedən İlyas təxminən min nəfər könüllünün olduğu xəbərini aldı, lakin onların yarıya qədəri qadın və uşaq idi. İlyas qadın və uşaqların qala müdafiəçilərinə sursat daşımada, yaralılara kömək etməkdə, ehtiyac yaranarsa qalada başlaya biləcək yanğını söndürməkdə yaraqlı olduğunu düşünərək onları Malik Səlimin ixtiyarına verdi. Qala zabitlərindən Turquda isə yerdə qalan könüllüləri yerbəyer etməyi tapşırdı. Sonra bir neçə əsgəri hovuzdan qala qapılarının yanına bir neçə çəllək su gətirməsini tapşıraraq özü də qala meydanına gəldi. Artıq zirzəmidəki neft və yüzə yaxın tuquq da gətirilmişdi. İlyas tuluqlardan birini neftlə dolduraraq ağzına parça tıxadı və bu formada tuluqların hamısını doldurmağı tapşırdı. Qala qapısı üzərindəki bürclərə çoxlu odun və iri teştlər gətirməyi əmr etdi. Qala qapısı üzərində iki ocaq yeri hazırlamağı, hücum başlayan kimi ocağı yandırmağı, teştlərdə su qaynatmağı və suya bir miqdar da piy qatmağı tapşırdı. Bütün hazırlıqlar bitəndə artıq gecəyarıya yaxın idi. İlyas daha bir dəfə bütün hazırlıqları yoxladıqdan sonra istirahət etməyə yollandı.

Əslində, buna heç istirahət də demək olmazdı, yarı yuxulu, yarı oyaq vəziyyətdə yerində xeyli oyan-buyana çevrildi. Xəyal və yuxu onu gah xidmətə başladığı ilk gənclik illərinə, gah qanlı-qadalı savaş meydanlarına, gah da bir intiqamın sorağı ilə oba-oba gəzişdiyi günlərə apardı. Amma harada olmasından asılı olmayaraq onu bir xəyal və bir səs müşayiət edirdi. Xəyal, alovlar içində səssiz dua edən qızcığazın kölgəsi, səs isə həmin qızcığazın fəryadı idi. Sonra bütün bunların fonunda qara bir kölgə yüksəlir, böyüyərək bütün hər tərəfi, hətta göy üzünü belə tutur, tədricən onun üzərinə çökürdü. Bu ağırlıqdan nəfəsi tutulur, gözü önündə tək Şeyxin siması, qulaqlarında isə Şeyxin səsi qalırdı. Bu kabusdan qurtarmaq üçün çırpınır, ümid işığı axtarırdı. Bu vaxt çox uzaqdan güclə seziləcək bir səs onu səsləməyə başladı, ilk öncə nə olduğu anlaşılmasa da, hər növbəti dəfəsində səs daha aydın eşidilməyə başladı. Kobud, amma aydın səs ondan qalxmasını tələb edirdi...

 Qalx İlyas, qalx! Tez ol qalx!

Yerindən qalxması ilə sol tərəfinə qoyduğu qılıncını götürməsi bir oldu, çoxdan vərdiş etdiyi formada yaxasındakı xaçı öpərək köynəyinin altında gizlətdi və otağın yarıqaranlığında onu səsləyən adama baxdı. Bu bir əsgər idi və qızılbaşların qalaya doğru hərəkətə keçdiyini xəbər verməyə gəlmişdi. Tez çəkmələrini geyərək qala meydanına doğru qaçdı. Turqud artıq burada idi və ona neft dolu tuluqların bir hissəsini bürclərə aparmasını söyləyərək qala qapısı üzərindəki bürcə qalxdı. Həm qızılbaşların düşərgəsində, həm də qalada artıq ocaqlar yandırılmışdı.

Qızılbaşlar iki istiqamətdən qalaya yaxınlaşırdılar. İllərlə döyüş meydanlarında əldə etdiyi təcrübədən bunun bir savaş hiyləsi olduğunu başa düşdü. Zira hər iki istiqamət diqqəti yayındırmaq üçün idi.

Qızılbaşlar əsas zərbəni mərkəzdən-qala qapılarından vuracaqdılar. Zabitlərə bəzi göstərişləri verdikdən sonra yenidən qala meydanına yollandı. Artıq hər kəs ayaqda idi. Malik Səlim öhdəsində olan könüllüləri üç yerə bölmüşdü. Birinci qrup hovuzun yanında, ikinci qrup qala qapısı yanında və ətrafında, üçüncü qrup isə qala meydanında mövqe tutmuşdu. Malikə yaxınlaşan İlyas ondan qala müdafiəçilərinə xeyir-dua verməsini istədi. Ani tərəddüd keçirən Malik Səlim bunun vacibliyini anlayaraq qala meydanındakı arabalardan birinin üzərinə qalxdı və uca səslə qışqırdı:

─ Ey Şirvan əhli...

Qalaya gözlənilən hücumdan dolayı yaranan qarmaqarışıqlıqda Malikin səsi itib-batdı. Bunu görən İlyas iri bir daş parçasını yaxınlıqdakı iri mis teştə aramla üç dəfə vurdu. Səs qala divarlarında əks-səda verərək hər kəsin diqqətini meydana yönəltdi. Malik Səlim yaranan nisbi sükunətdən istifadə edərək davam etdi:

─ Ey Şirvan əhli! Bugünkü səhər bizi yeni bir savaşla salamlayır. Yüzillərdən bu yana savaşdan nə yayınmışıq, nə də qorxmuşuq. Amma bugünkü savaş bir başqadır. Bu gün biz nə dövlətimiz, nə də dinimiz üçün savaşmayacayıq, bu gün bizi mövcudolma savaşı gözləyir. Savaşa girəcəyimiz vaxt edəcəyimiz hər bir tərəddüd, biləyimizə hökm edəcək hər bir zəifiyyət, gözlərimizə çökəcək hər bir zülmət təkcə öz həyatımıza deyil, bizdən ümidini kəsməyən minlərlə günahsız insanın həyatına mail olacaqdır. Allah hər birimizin qəlbi və ruhuna qətiyyət, biləyinə qüvvət, gözlərinə nur endirsin, zira Allah bizimlədir!

Malikin səsi qaladakıların “Amin”, “Allah bizimlədir”, “Kafirlərə ölüm”,
“Qızılbaşlara lənət” və “Cihad” bağırtılarının arasında itdi. Kimsə bu şüarlardan birini deyir, digərləri isə bir ağızdan təkrar edirdilər. Qala divarları üzərindən keçərək qalanın içərisinə düşən oxlar səslərin kəsilməsinə səbəb oldu. İlyas qala divarı üzərinə qalxdı. Zənni onu aldatmamışdı. Qala qapısı aramsız ox yağmuruna tutulmuşdu. Bu oxlar hədəfdən yayınırdılar, lakin kimsəyə də başını qaldırmağa imkan vermirdilər. Seçilmiş strategiya qala qapısına rahat və itkisiz yaxınlaşmaqda olan düşməndən xəbər edirdi. İlyas hər kəsə çökərək gözləməsini əmr etdi. Hətta nərdivanlar divara qoyulduqda belə səbr etmələri üçün işarə etdi. Kiçik bir zaman kəsiyi sonra oxların vıyıltısı kəsdi. Bu öncül düşmən əsgərlərinin artıq lap yaxınında olduğunu bildirirdi. Daha gözləmək lazım deyildi. İlyas qılıncını çəkdi, “haydı” deyə qalxaraq yerində yarım dövrə çevrilib kürəyini söykədiyi divarın arxasından görünən qırmızı çalmaya zərbə endirdi. Bir anda qala divarı üzrərində qılınclar toqquşmuş, qan tökülmüş, savaş, qorxu və ağrıdan dolayı bağırtılar hər tərəfi sarmışdı. Daha bir neçə qılınc zərbəsindən sonra qala qapısının üstündəki bürclərə doğru qaçdı. Bürcdən çox da uzaqda olmasına baxmayaraq yolüstü qala üzərinə çıxmağa nail olan daha bir neçə əsgərə zərbə endirməyə müvəffəq oldu. Bürcə çatdıqda qala qapısına doğru qapıları sındıraraq açmaq üçün qoçbaşın gətirildiyini gördü. Əmr etdiyi kimi qapının hər iki tərəfində hərəsində on nəfər olmaqla oxçular dayanmış, qazanların altı qalanmışdı. Turqud da yerində idi. Qoçbaşı gətirənlərin ox məsafəsinə çatdığını görcək oxçulara işarə etdi. İyirmi ox birdən fırladı və bu rəqibi çaşdırmaqla yanaşı həm də dayandırdı. Növbəti atışda qoçbaşın yanında sağ adam qalmamışdı. Lakin qızılbaşlar usanmır, və qalxanı sipər edərək qoçbaşı qapıya doğru yaxnlaşdırmaqda davam edirdilər. Atılan oxlar onları ləngidir, amma dayandırmırdı. Bir qədər sonra artıq qapıya çataraq qoçbaşı işlətməyə başladılar. Qala qapıları möhkəm ağacdan düzəldilmiş, metal lövhələrlə gücləndirilmişdi. İlk zərbələr əhəmiyyətsiz olsa da bu formada davam etsəydi qapıya ciddi fəsad dəyə bilərdi. İlyas qaynar qazana işarə etdi. Qazanın içərisindəki su qaynayırdı. Əsgərlər qazanın iri qulplarından tutaraq divarda düzəldilmiş xüsusi nova tərəf aparmağa başladılar. Bu novun digər tərəfi qala qapısının üstünə açılırdı. Qazanı qaldıraraq suyu tökmək istədikdə əsgərlərin birinə ox dəydi və əsgərin yıxılması ilə qazan devrildi. Qaynar su digər əsgəri yandırdı və yerdə qıvrılan əsgərə yardım üçün qaçdıqlarında qala divarının üstünə çıxmağa müvəffəq olan qızılbaşlardan biri digər qazana çatıb yalın əllə onu devirdi. Həm əli, həm də devrilən qazandakı qaynar sudan yanan qızılbaş əsgəri çığıraraq yerdə qıvrıldı. Hər kəs onun bu mətanətindən heyrət içində donuq qalmışdı. Bu qızılbaş aşağıda qapını açmağa cəhd edən, bəlkə heç tanımadığı əsgər yoldaşlarına xətər dəyməsin deyə özünü fəda etmişdi.


Qapıya dəyən növbəti zərbədən İlyas özünə gəldi. Qazanların hər ikisi devrilmişdi və bu qalanı və qaladakıları çox müşkül vəziyyətə salırdı. İlyas ani tərəddüddən sonra neft dolu tuluqlara doğru yüyürdü. Onun başqa çarəsi qalmamışdı. Ya qalanın içərisinə sığınan insanları qırğına verməli, yaxud da vicdanının ən ağır yükünü daşınmaz hala gətirməli idi. Daha bir dəfə yanan insanların fəryadına dözəcəyinə əmin olmadığı üçün tərəddüd etmişdi. Tuluqları xəncəri ilə dələrək nefti novla axıtmağa başladı. Turqud da ona yardım edirdi. Hər biri təxminən bir düjün tuluğun neftini axıtdıqdan sonra İlyas oxçulardan birinin yayını aldı, oxun ucunu yandıraraq qapını artıq sındırmaqda olan qoçbaşa atdı. Novla axıdılan neft həm aləti, həm də onu işlədən əsgərləri islatdığından bir anda alov hər yanı bürüdü. Alova bürünən əsgərlər bir-birlərinə yardım edərək alovu tez söndürmək əvəzində öz yanan paltarlarını söndürməyə cəhd edirdilər. Lakin buna müyəssər olmur, alov artdıqca daha sürətli hərəkətlər edir, bu isə alovun daha da artmasına səbəb olurdu. Turquda qala qapısının önünü nəzarətdə saxlamasını əmr edən İlyas qala divarı üzərinə qayıtdı.


Qala divarına dayanan nərdivanlar qırılıb sökülmüş, divar üzərinə qalxmağa nail olmuş iyirmiyə qədər qızılbaşın həm geriyə çəkilmək, həm də kömək gələcəyinə ümid etmələrinə imkan qalmamışdı. Divar ensiz olduğundan qılınclar işləmir, qırmızı və ağ çalmalı əsgərlər uzun bıçaq və xəncərlərlə ölüm-dirim qovğasına tutulmuşdular. Qızılbaşların bu qovğadan sağ qurtulacağına işıq ucu boyda ümid yox idi, amma şir təki vuruşmaları ən az özləri qədər cana ölüm şərbətini daddıracaqlarına işarə edirdi. Döyüşü, daha doğrusu bir-birini kəsib-tökən əsgərləri seyr edən İlyas, nə isə fərqli bir hiss keçirdi, bu savaş onun gördüyü heç bir savaşa bənzəmirdi. Əsgərlərin gözlərində dərin bir vəhşət, nifrət saçılırdı. Bu nifrət o dərəcədə dərin idi və onlar özlərini o qədər haqlı sayırdılar ki, bir-birlərinə qılınc çalanda özlərinin cənnətə, qarşısındakının isə cəhənnəmə səfər edəcəyinə əmin idilər. Bunu anlayan İlyasın qəlbindən bir üşütmə keçdi, əlini yaxasındakı xaça atdıqda isə əllərinin əsdiyini hiss etdi. Bir-birinə ölümünə qılınc çalan bu adamlar eyni dildə danışır, eyni məmləkətdə yaşayır, hətta eyni Allaha tapınırdılar. Amma öfkə və qəsdləri ən qarı düşmənə münasibəti xatırladırdı. İçindən bir nalə qalxdı, elə yüksək bir nalə ki, özündən savayı birisi nə hiss etdi, nə də duydu...


Hücum dəf edilmişdi. Az keçmiş hücumun fəsadları aradan qaldırılmağa başladı. Son qızılbaş əsgəri bir əli qan şırıldayan köksündə, digər əli ilə ona endirilən zərbələri dəf edərkən ayağı büdrəyərək divardan yıxıldıqdan sonra İlyas bir tərəfə çəkilmiş, başını əlləri arasına alaraq içinə gömülmüşdü. Ara sıra görülən işləri izləyir, Malik Səlimin yaşının çoxluğuna baxmayaraq cəldliklə lazımi işləri yerinə yetirdiyini görürdü. Təxminən iki saat sonra yorğunluqdan üzülmüş Malik ona yaxınlaşdı. Bütün işlər tamamlanmışdı və artıq yeni bir hücum olardısa qarşısının alınması üçün lazım olan hər tədbir görülmüşdü. Həll olunmayan yeganə qüsur qala qapısı ilə bağlı idi. Qoçbaş qapıya xeyli ziyan etmişdi, ilk olaraq zərbələr, sonra isə yanğın qapının bir tayına ciddi zərər vurmuşdu. Əgər bu həll olunmasa müşkül bir vəziyyətlə üz-üzə qalacaqdılar. İlyas Maliklə birlikdə qapıya yaxınlaşdı, zərbələrin təsirindən qapıda dərin çatlar yaranmış, yanğın isə metal hissələrin arasında olan ağac hissənin çox yerini kömürə çevirmişdi. İlyas fikrə getdi, mütləq bir dəmirçi və dülgərə ehtiyac var idi. Malik qalada yaxşı ustaların olduğunu bildirib onları çağırmaları üçün bir nəfər yolladı. Bir az keçmiş ustalar gəldilər. Malik onlara qapını yoxlayaraq təmir etmək üçün yolları təhlil etməyi tapşırdı və İlyasla birlikdə köşkə gəldi.
Ustalar çox çək-çevir və mübahisə etdikdən sonra qərara gəldilər ki, qapını təmir etmək mümkün deyil, yeganə çıxış yolu yeni qapı hazırlayaraq yananla dəyişməkdən ibarətdir. Bu xəbəri Malik və İlyasla bölüşdükdən sonra fasiləsiz olaraq işləyib ertəsi günə qədər yeni qapını hazırlaya biləcəklərini söylədilər. Malik yubanmadan işə başlamalarını tapşırdı. İlyasa fikrini sordu. İlyas dedi:

─ İnanmıram ki, qapı hazır olduqdan sonra qızılbaşlar bizə onu dəyişmək üçün imkan versinlər. Ən azından qapını dəyişmək istəyənlər oxa tutulacaqlar, ox yağmurundan isə heç bir xilas yolu yoxdur. Buna görə də qızılbaşların fikrini yayındırmaq lazımdır.

─ Fikrindən nələr keçir İlyas?

─ Fikrimdən keçənləri həyata keçirmək üçün bizim canfədailərə ehtiyacımız olacaq.

İlyas Maliklə fikrini bölüşdü. Aralarında qısa və əsəbi mübahisə oldu. Lakin sonda Malik İlyasla razılaşdı. Ertəsi gün qapının hazır olması xəbəri gəldikdə Malikin əmri ilə qaladakı əsgərlər qala meydanına toplandılar. Maliklə İlyas hündür bir yerə çıxdılar. İlyas əsgərlə müraciətlə danışmağa başladı:

─ Ey Şirvan əhli, biz dünən qarı düşmənin hücumunu mərdlik və qətiyyətlə dəf etdik. Uğurumuz qalada sığınacaq tapan minlərlə günahsız insanın canının xilası ilə bağlıdır. Amma bildiyiniz kimi, düşmənin hücumu zamanı qala qapılarından biri güclü hisar görmüşdür ki, zəhmətkeş ustalarımız Malik Səlimin tapşırığı ilə yeni qapı düzəldiblər. İndi bu qapını dəyişmək lazımdır, lakin dəqiqdir ki, düşmən oxları qapını dəyişməyə macal verməyəcək. Ustalarımıza qapını dəyişmək üçün vaxt qazandırmaq üçün biz düşmən səflərinə qəflətən hücum etmək düşünürük. Bu hücumu təşkil etmək üçün isə mənimlə bir sırada duracaq iki düjün ərə ehtiyac var. Qaladakıların rifahı naminə özünü qurban etməyə hazır olanlar irəli çıxsınlar.

İlyasın sözləri ilə təxminən yüzə qədər əsgər irəli çıxdı. Malik Səlim irəli çıxanları süzdükdən sonra dilləndi:

─ Aranızda yeni evlənən, azyaşlı uşağı olan və özündən başqa qardaşı olmayanlar geri çəkilsinlər.

Ərlər səssizcə geri çəkilməyə başladılar. İlyas yerdə qalan əsgərlərə dedi:
─ Biz ağ bayraqla qaladan çıxıb qızılbaşların mövqeyinə doğru gedəcəyik, sonra qəflətən onlara hücum edəcəyik, ustalarımız isə onların çaşqınlığından istifadə edərək həmin müddətdə qapını dəyişəcəklər. Malik əfəndi, bizim geriyə sağ qayıtmağımız mümkün deyil, buna görə də qalanın müdafiəsi artıq sizin öhdənizdə olacaq. Turqud yaxşı döyüşçüdür, ona qala qapılarının müdafiəsini etibar etmək olar, məhz bu səbəbdən Turqud qalada qalacaq!

İrəliyə çıxan ərlər içərisində olan Turqud etiraz etmək istədi, lakin İlyasın baxışlarındakı qətiyyəti gördükdə susdu. İlyas danışmağa davam etdi:

─ Biz bu hücumla qələbəyə deyil, şəhadətə gedirik, hər bir ərən şərəfli və ləyaqətli ömür sürməyi, şərəfli və ləyaqətli qələbəni və ölümü xəyal edər. Amma bu hücumla biz şərəfi və ləyaqəti itirmiş oluruq, zira sülh pərdəsi ilə xain hücum hazırlayırıq. Bilmənizi istəyirəm ki, qalada sığınan minlərlə günahlı və günahsızlar uğruna girəcəyim bu savaş, ölüm şərbətini içəcəyim halda isə bu şəhadət mənim üçün həm savaşların, həm də ölümün ən şərəflisi olacaqdır.

Ərənlər İlyasın sözlərinə başları ilə razılıq işarəsi etdilər. Az sonra hər şey hazır idi. Yeni hazırlanan qapı gətirilmiş, ustalara kömək edəcək şəxslər seçilmiş, bürclərə xeyli sayda oxçu toplanmış, İlyasla qaladan çıxacaq canfədailər atlarına süvar olmuşdular. İlyas Turqudla bəzi şeyləri danışdıqdan sonra Malikə yaxınlaşdı. Əlindən öpərək halallıq istədi. Malik onu bağrına basaraq Tanrının hər iki aləmdə ondan razı olmasını dilədi. Malikin işarəsi ilə qapılar açıldı və İlyas qabaqda, digər ərənlər isə iki sıra halında qaladan çıxaraq qızılbaş səflərinə tərəf getməyə başladılar. İlyasın əlində ağ bayraq var idi. Qala ilə düşmən səfləri arasındakı məsafəni yarı etdikdə İlyas yanan evdəki qızcığazın dayanmadan təkrar etdiyi və onun hafizəsinə qazınan duanı söyləməyə başladı:

─ Məkanı göylər olan Ulu Tanrım!

Adın nurla qəlbimizə qazınsın;

Aləmdə səltənətin qurulsun;

Göylərdə olduğu kimi yerdə də iradən hökm qılsın;

Bizə hər gün ruzimizi yetir;

Bizim günahlarımızı bağışla, necə ki, bizə bağışlamağı sən buyurdun;

Bizi günahlardan iraq qıl, bizi zülmətdən yayındır! Amin!

Son kəlmə ilə ağ ipəyin bağlandığı nizəni onları elçi deyə qarşılamaq üçün irəli çıxan qızılbaş əsgərinin sinəsinə sapladı. Qılıncını çəkərək ani tərəddüd və müəmma yaşayan qızılbaşlar üzərinə hücum etdi. Onunla birlikdə qaladan gələn ərənlər də belə etdilər. Qızılbaşların öncül səflərinə düşən qarışıqlıq bir neçə zərbə ilə onları pərən-pərən salmağa yetdi. Amma bu uzun sürmədi, tez bir zamanda ucalan təbil səsləri qızılbaşları ayağa qaldırdı. Əsas məqsədləri oxçu birliklərin qruplaşmasına imkan verməmək olduğu üçün digər birliklərin tez zamanda onları mühasirəyə almalarını hiss etmədilər. Əslində istədiklərinə nail olmuş, bütün diqqəti öz üzərlərinə çəkməyi bacarmışdılar. Mühasirə çəmbəri getdikcə daralır, daraldıqca da ayaq üstə olan ağ çalmaların sayı da azalırdı. İlyasın ayağına ox saplanmışdı, amma at üstündə olduğu üçün sağa-sola qılınc çalmaqda davam edirdi.

Təcrübəli bir döyüşçü olaraq bu cəngin bitmək üzrə olduğunu başa düşürdü, zira yoldaşlarının çoxu artıq qanları ilə torpağı suvarırdı. Atı büdrəyib yerə səriləndə ayağının yarasına baxmayaraq cəld tərpəndi və özünü düzəldərək döyüşə piyada davam edən yoldaşları ilə bir-birlərinə sipər durdular. Cəmi üç nəfər qalmışdılar. Dörd tərəfləri qırmizi çalmalı əsgərlərlə dövrələnmişdi. Qızılbaşlar hücumun əsl məqsədini anlamamış, cəng zamanı qala qapılarının dəyişməsini sezməmişdilər. Şirvanlılar canlarını baha satmış, qaladakılara lazımi vaxtı qazandırmışdılar. İlyas ətrafına sürətli bir baxış atdı, qızılbaşlar mühasirəsindəki üç ərənə artıq zərbə endirmirdilər. Bunun bir anlamı vardı, onları oxlayacaqdılar. Mövlana Şərafəddini xatırlayan İlyas acı-acı gülümsədi, uca səslə “qardaşlarım, biz qalib gəldik, Tanrı bizdən razı qalsın” deyə bağırdı. Bu uğursuz cəngi yaxından izləyən Məhəmməd xan Ustaclı şirvanlıların həmləsinin əsl məqsədini və nə üçün qələbə qazanmalarını anlaya bilmirdi. Qalaya, sonra isə qızılbaşların əhatəsində olan üç şirvan əsgərinə tərəf baxdı, oxçu birliyin zabitinə işarə etdi.
Qala qapısı dəyişdirildikdən sonra qala divarı üzərinə tələsən Malik Səlim köksünə onlarla ox saplanmış İlyas və iki ərənin kürək-kürəyə dayandıqları üçün hələ də ayaq üstündə dayandıqlarını göz yaşları ilə izləyirdi.

# 1942 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #