Kulis.az “Səs və ya qırmızı” romanının müəllifi Şamxal Həsənovla müsahibəni təqdim edir.
– Xoş gördük, Şamxal bəy. Necəsiniz? İşləriniz necə gedir?
– Dəvətiniz üçün təşəkkür edirəm, Tural bəy! İşlər də yaxşıdır, çox sağ olun.
– Bir romanınız çap olunub. Ədəbi tənqid tərəfindən kifayət qədər maraqla qarşılandı. Sizcə, uğurlu mətnin sirri nədir?
– Hələlik kifayət qədəri dırnaq içərisinə alardım. Düzdür, romanımı Azərbaycanda son dövrlər iki il ərzində peşəkar mənada haqqında ən çox yazılan, müzakirələr yaradan roman hesab etmək olar, lakin maraqlanmaqdan, münasibət bildirməkdən çəkinən, məbədlərdə susqunluq və etinasızlıq andı içən, romanın unudulması üçün dualar edən qələm adamların olduğuna da inanıram.
Əlbəttə, "Səs və ya Qırmızı"ya kifayət edəcək maraq tədricən yaranacaq. XX əsrin hazırlıqlı, intellektual oxucularını bayağı və ya səthi əsərlərlə çox məşğul edə bilməzsiniz. Azərbaycanın təhsilində, iqtisadiyyatında az-az irəliləyişlər də olduqca, artmaqda olan tərcümələr sayəsində dünya ədəbiyyatını izləyən, onu mənimsəyən, ağıllı, doyumsuz, hətta qısqanc oxucular yetişməkdədir. Onların yerli ədəbiyyatdan (bir romandan) gözləntiləri son 60 ildə olduğundan yüksək olacaq. "Səs və ya Qırmızı"nın oxucu kütləsi ilk növbədə onlardır.
Uğurlu mətnin sirri geniş bir mövzudur. Ancaq bu söylədiklərimi də nəzərə alsaq, onun sirrini "zəka, zəhmət və zövq"də axtara bilərik. Yaxşı təhsil almadan, üzrlü və ya üzrsüz səbəblərdən ağır əsərlərin mütaliə əziyyətinə qatlaşmadan, əsasən öz aralarında təqdir görmək üçün "yeniyetmə" hekayələr yazıb özünü dükətməklə, yaxud ən pisi, 3 aya, 6 aya, birnəfəsə, hətta "təblə" irihəcmli, uğurlu mətni yaratmaq çətindir.
– Ədəbi yaradıcılığınızın mətbəxi haqda nə deyə bilərsiniz? Bir az yazı prosesi haqqında...
– Sevdiyim, öyrəndiyim xarici müəlliflər var. Əvvəlki müsahibədə bəzilərinin adlarını çəksəm də, diqqətli oxucuları romanın özünü oxumağa dəvət edirəm.
Yazı prosesi şəxsi və dəyişkəndir. Son bir ildir vaxtımı ikinci romanı işləməkdən daha çox mütaliəyə həsr etmişəm. Buna baxmayaraq, mümkün olduğu qədər də nəsnələrlə, məsələn, evdəki əşyalarla məşğul olmağa, bir sözlə, yazmaq naminə düşünməməyə, hadisələrin özü ilə arama "yaradıcı pərdə" çəkməməyə çalışıram. Yaradıcılığımın növbəti yeni sütunları qoyularkən öz "kulisimin" forlamaşdığından daha çox əmin olmaq, yəni daha çox özüm olmaq, yaxud ağlın ezoterik mənbəyindən daha çox qidalanmaq istəyirəm.
Ümumiyyətlə isə hansı fikri niyə və nə qədər ifadə etmək uğurlu mətnin "sirrinə" yaxınlaşdırar, şair Rəvan Cavidin romanım haqqında yazdığı essesində də vurğuladığı kimi, harada saf, harada "mühəndis" olmalı kimi suallarla, az qala hər cümləni on dəfələrlə işləməklə, onların təkamülünü kənardan aylarla müşahidə etməklə keçir yazı prosesim.
– Yazıçı Şərif Ağayar sizin romanınız haqqında "Azərbaycanın Prustu" adında dolğun bir yazı yazıb. Yazıda bir məqam diqqətimi çəkdi: "Saday Budaqlının yığcam hekayələrini istisna etsək, bizim ədəbiyyatda duyğuların bu müstəvisinə enən, yaxud qalxan, ən başlıcası, orda o qədər qalan yazıçı görməmişəm". Bu fikrə münasibətiniz necədi?
– Təəssüf ki, Saday Budaqlını oxumaq hələ də qismət olmayıb. Deyəsən, bir hekayələr kitabı var, ancaq kitab mağazalarında rastıma çıxmır. Şərif bəyin bədii duyumuna və ədəbi vicdanına güvənirəm.
– Duyğuların müstəvilərinə yazıçı necə enməlidir?
– İnadkarlıqla, bel ağrılarıyla. Bir də bəzi tilsimlər və iksirlər var, onları açıqlaya bilmərəm indi (gülür).
– Müşahidə, həyat təcrübəsi, yaşantı yoxsa?
– Bunlar nə mütləq şərt, nə də yetərli bəhanə olmalıdır. Böyük yazarlar mənə başqa dünyaların ruhları ilə əlaqə saxlamağı bacaran şaman, yaxud xəstəliklə potensial xəstə arasındakı məsafəni dəqiqliklə ölçə bilən həkim kimi gəlir.
Sizin sadaladıqlarınız yazı prosesində doğru seçilməli və qədərincə istifadə edilməli elementlərdir. Sizə mənalı gələn təcrübəniz (müşahidəniz) özlüyündə bir o qədər mənalı olmaya bilər. Deməli, siz o qədər də "maraqlı" insan olmaya bilərsiniz. Bundan dərhal depressiyaya düşmək lazım deyil. Ayaq saxlamalı, gözü götürmədiyi şagirdinə gizlin göz qoyan soyuqqanlı müəllim kimi bu müşahidənizi də müşahidə etməlisiniz. Necəsə səhifəyə düşmüş o həyat təcrübəsini "qiymətləndirən" özünüzə də həmişə güvənməməli, bəzən ona da ironiya etməlisiniz. Bütün bunlar həqiqətənmi maraqlıdır, dəyərdimi yazmağa, böyük bir yanılmanın içində, özünüzü alçaq dağları yaratdığınıza inandırmısınız bəlkə? Müasir yazarlarımızın çoxu ilə tez-tez bu problemi yaşayıram: "Təəssüf ki, xəyalını qurduğun qədər maraqlı insan deyilsən, seçimlərin bayağı, formaların klişedir".
Almaniyada yaşayan dəyərli filosofumuz Ağalar Məmmədovun mənə söylədiyini illərdir unutmuram - "Maraqlı insansınızsa, maraqlı da yazacaqsınız".
– Müasir romançılıq deyəndə nəzərdə tutulan nəsnələri çox vaxt qarışdırırıq. Məsələn, dil baxımından. Romanın dili, daha doğrusu, müasir romanın dili necə olmalıdır?
– Şəxsi fikrim budur ki, istər roman olsun, istər hekayə, müasir dildə yazılmalıdır, mövcud formalar buna imkan vermirsə, yeniləri yaradılmalıdır. Süni pafosa, bəlağətli, "şirəli" ifadələrə qaçanları, bir-birilərilə "dil" yarışına girənləri anlamaqda çətinlik çəkirəm. Hətta köhnələrin təsirindən bu gün də çıxa bilməyən gənclərə rast gəlirəm bəzən. Bu kompleksdən qurtula bilmədiyimizə təəccüblənmişdim. Hər halda, fikrimcə, psixoloq və ədəbiyyatşünaslarımız bu məsələyə fərqli aspektlərdən aydınlıq gətirə bilərlər.
Məni çox vaxt "müasir" mətnlərimizdən uzaqlaşdıran səbəblərdən biri də budur: hədsiz bər-bəzəyə görə dilin daşımağa gücü yetmədiyi məna yükü. Üstəlik, buna zəif yumor və sönüklüyü heç cür ört-basdır edilə bilməyən zəka da əlavə olunanda, Nabokovu bir kənara qoyub bizdən kimisə oxuya bilmirəm... Daha doğrusu, çox vaxt öz şəxsi məqsədlərim üçün, enerjimdən qurbanlar verə-verə oxuyuram.
Mən romanımın öz yeni dilini yazdıqca inşa edərkən bəzən cümlələri ağlımda başqa dillərə çevirməyi, buna oyun gözüylə baxıb cümlələrə fərqli intonasiyalar (tonallıqlar) qatmağı sevirəm. Bu da romanımı az qala qrammatika, izahlı lüğət kitabları ilə birlikdə oxuyanlar tərəfindən bəzən birmənalı qarşılanmır. Bitməyən dil, redaktə söhbətləri... Yorucudur, amma yəqin, lazımdır.
– Oxucular niyə fəlsəfi romanları az oxuyur, ya da heç oxumurlar?
– Oxucuları qorxutmayaq. Yaxşı romanlar deyək. Min bir əziyyətlə yazıldığı kimi, səbrlə oxunmalı olan kitablar. Çətini bir dəfə tanış olmaqdır, onsuz da sonra digərlərini, yəni "fəlsəfi" olmayanları oxumaq oxucuları da doyurmayacaq.
– Bu gün Azərbaycan nəsrində nə çatmır ki, onu görə bilmirik? Yaxud dünyaya çıxmaq üçün qarşımızda sədd olub?
– Məsələn, fərqli obrazların öz dilindən, yəni birinci şəxsdə işlənmiş roman çatışmırdı, onu bizdə də görə bilirik bu gün. Hazırda işlədiyim ikinci roman da məzmun və formasına görə bir ilk olmalıdır. Yəni ümid edirəm, ağlımda qurduğum kimi yazıb bitirə biləcəyəm.
Əlimizdə dünyaya çıxarılası əsər varsa, maddiyyatdan başqa sədd düşünə bilmirəm. Tərcümə etdirib göndərirsiniz xarici nəşriyyatlara. Onlar da münasibət bildirirlər.
– Bəlkə tərcümələrlə bağlı nələrsə düz getmir?..
– Ola bilər. Hər halda axtarsaq yaxşı tərcüməçini də taparıq. Fransada yaşayan türk əsilli fransız tərcüməçi çevirib romanımı. Esra Tuncer, Strasburq Universitetinin Türk Etütleri bölümündə doktorantura tələbəsidir. Tədqiqatında Türk dillərində ortaq dil məsələsini, xüsusilə də Azərbaycan və Türkiyənin dil siyasətlərini araşdırır. Tərcümədən sonra isə fransız tərcüməçi-redaktor Şirin Sayar Melikoff romanı redaktə edib. Xanım təkcə nüfuzlu Gallimard nəşriyyatı ilə 20 ilə yaxın əməkdaşlıq edib, Zülfi Livanelinin, İlber Ortaylının əsərlərini çevirdiyini bilirəm.
Həmişə belə xoş təsadüflər, bu insanları Fransada tapıb razı salan, böyük maraqla oxuduğum "Madam Floranın Rəngli Daşları" romanının müəllifi Nicat Kazımov kimi dostlar da olmur.
Yerli tərcüməçilərin xarici dilə bədii tərcüməçilik sahəsində təcrübələrinə, peşəkarlığına bələd deyiləm, araşdırmalıyam, baxmalıyam. Əminəm tapmaq olar. Hər halda düşünürəm ki, növbəti mərhələdə bədii redaktəni məhz bu işlə məşğul olan xarici redaktor etməlidir.
– Nəşriyyatların işi müəlliflərin işini yoluna qoya bilmir. Ya qonorar az olur, ya da ümumiyyətlə olmur. Bu barədə nə deyə bilərsiniz?
– Azərbaycanın ən prestijli nəşriyyatı "Qanun"dan razıyam. Müqaviləmiz var, hüquq, vəzifələrimiz, qonorar məsələləri aydın yazılıb. Hətta müqaviləmizi danışıqlar aparmaqla, qarşılıqlı işləyib hazırlamışıq. Hər ay hesabat göndərilir. Təbii ki, çatışmazlıqlar və buna bağlı problemlər də var, amma bu ölkədə heç bir günahı yalnız bir nəfərin üstünə atmaq doğru deyil.
– Bəlkə dövlətin kitabla bağlı mövqeyində yeni nələrsə nəzərdə tutulmalıdır?
– Naşirlər, mətbəə və kitab satışı biznesində olan mötəbər insanlar vaxtaşırı olaraq müxtəlif platformalarda təkliflərini, iradlarını dilə gətirirlər. Zamanla dövlətin və özəl sektorun kitabın stimullaşdırılmasında daha aktiv mövqe sərgiləyəcəyinə ümid edirəm.
– Marsel Prust haqqında nəinki yazmaq, danışmaq da asan məsələ deyil. Niyə məhz Prust?
– Razıyam sizinlə. Mənə də Prustu sevdirən onun bizə həyatı mənalandırmağı, təbiətə, insan davranışlarına, onun hisslərinə rəssam incəliyi ilə yanaşmağı, kiçik şeyləri görməyi və onlardan zövq ala bilməyi, nə qədər canlı və həssas ola biləcəyimizi, zamanın təbiətini və xatirələri necə tədqiq etməyi öyrətməsidir. Bütün bunlardan həzz almaq üçün ədəbiyyat oxuyuruq və bunu ondan yaxşı bacaran yoxdur.
– Bəlkə bu, diqqəti özünə çəkmək üçün atılmış addımdır? Yəni intellektual mətnin yeni təqdimatı belə olmalıdır?
– "Azərbaycanın Prustu" ifadəsini nəzərdə tutursunuzsa, bu, Nicat Kazımovla Şərif Ağayarın tapıntısıdır. Əlbəttə, bütün məziyyətləri ilə, fikrimcə, insan təbiətinə hamıdan daha yaxın, onu hamıdan ən dolğun ifadə edən Prustu hər dəfə oxuyanda, mən də hər səhifədə öz-özümə "Monsieur Proust, c'est moi!" deyirəm.
– Ədəbi mükafatlara münasibətiniz necədir?
– Əldə etməli olduqlarımın qısa siyahısı var. Xüsusilə Fransada (gülür).
– Ədəbi qurumlara üzvlüyünüz varmı?
– Xeyr. Hələlik belə bir niyyətim də yoxdur.
– Son olaraq oxuculara sözünüz...
– İzləməyənlər varsa, Stranger Things-i izləsin. Yeni sezonu da çıxdı. Netflixdə var.
Söhbətləşdi: Tural Cəfərli
/edebiyyatqazeti.az/