Futbol və ədəbiyyat - Qismət yazır...

Qismət

Qismət

5 dekabr 2022
# 11:20

Kulis.az Qismət Rüstəmovun yazısını təqdim edir.

Futbol mədəniyyəti

Futbol hər şey deyil, ondan da vacib şeydir.” (Bill Şenkli)

Futbol nə vaxt, necə və niyə, hansı ehtiyacdan yaranıb? Futbolla ədəbiyyat arasında birbaşa olmasa da, daxili, sirli bir əlaqə tapmaq mümkündürmü?
Klassik tarix rakursundan yanaşsaq, futbol mürəkkəb insan münasibətlərinin, sənayeləşmə dövrünün, yəni XIX əsrin sonlarının hadisəsidir. Amma bir balaca qədimlərə getsək, tamam başqa mənzərə ilə qarşılaşırıq. Söhbət mürəkkəb insan münasibətlərindən, güclü rəqabət duyğusundan gedirsə, bütün bunlar təkcə XIX əsrdə yox, daha qədimlərdə də vardı. Demək təfəkkürümüzü qəliblərdən, vərdiş qandallarından xilas edib, hər şeyə başqa cür də baxa bilərik.

Yeni araşdırmaçılar iddia edirlər ki, futbol eramızdan 5000-2500 il əvvəl də olub. Eramızdan 5000 min il əvvəl Çində və Misirdə eynən bugünkü futbol oyununa bənzər oyunun mövcudluğu aşkarlanıb. Çində bu oyuna Tsu Chu deyirdilər. Tsu – “ayaqla vurulan”, Chu – “içi tüklə doldurulmuş dəri top” deməkdir. Bu oyunu imperatorun doğum günü şərəfinə keçirilən şölənlərdə oynayırdılar. Eramızdan əvvəl 2500-cü ildə Çin imperatoru Huany-Ti on nəfərdən ibarət, iki komandaya bölünmüş əsgərlərini, çevik, gümrah olsunlar deyə, bambuk ağaclarından düzəlmiş, torla hörülmüş (indiki futbol qapıları kimi) qapıdan top keçirmək oyununa cəlb edirdi. Sonralar bu oyun Çindən Misirə və Yaponiyaya keçib. Misirdəki Mereruka məzarlığının divarlarında ayaqla top oynayan insan rəsmləri tapılıb.

Qədim Aztek mədəniyyətində də futbola bənzər oyunun olduğu aşkarlanıb, lakin burda vəziyyət bir az qəddarca idi. Uduzan komandanın kapitanı qurban edilirdi.

Amerika qitəsindəki xalqların demək olar ki, hamısının mifologiyasında bugünkü futbola bənzər oyun var, sonralar ingilislərin Amerikanı müstəmləkə altına alması ilə həmin ənənələr unudulub. Hələ də düşünürsüz ki, futbol İngiltərədə yaranıb?

Uruqvaylı romançı, jurnalist, futbol sevdalısı Eduardo Galeano özünün çox məşhur “Kölgədə və günəşdə futbol” kitabında yazır ki, bizim eradan 500 il əvvələ aid bir Ellin məzarının mərmərində diziylə top çiləyən adam rəsmi var. Deyilənə görə, Yuli Sezar da futbolu çox sevirmiş və hər iki ayağından ustalıqla istifadə edə bilirmiş. Galeano amansız bir fakt yazır: “Dəqiq bilinən bir şey var ki, İsa Məsih və Həvariləri çarmıxda can verən gün, Romalılar futbol oynayırdı.”

Mahmud Kaşgari ünlü “Divani lüğət-it türk” kitabında yazır ki, türklər “tepük” (təpik, təpikləmək sözünün əski formasıdır) adlı oyun oynayırdılar. XI əsrə aid hesab edilən türk mənbələrində “Oynagu yer” deyilən, müxtəlif oyunların oynandığı, turnirlərin keçirildiyi bir məkandan bəhs edilir. Əlbəttə ki, bugünkü mənada stadion olmasa da, düşüncə etibarilə eyni funksiyanı yerinə yetirən bu yerlərin varlığı onu göstərir ki, dövlətin, indiki dillə desək, idmana qayğısı olub.

İntibah dönəmində Fransada, İngiltərədə və İtaliyada futbol dəbə minməyə başlayıb. Leonardo Da Vinçi atəşli futbol azarkeşi idi, Nikola Makiavelli isə özü oynamağı sevirdi.

Çox uzatmıram, modern futbol dediyimiz oyunun əsası isə 1848-ci ildə “Kembric qaydaları” adı ilə qeydə alınan qaydaların tərtib edilməsi ilə başlayıb. 1863-cü ildə Londondakı bir tavernada ilk futbol federasiyası toplanır və bugünkü futbol oyununun rəsmi qaydalarının təməli atılır. 1866-cı ildə İngiltərə, Şotlandiya, Uels və İrlandiya futbol federasiyaları yaranır və onlar birləşərək “İnternational board” adı altında ilk beynəlxaq futbol qurumunu yaradırlar.
Əslində, faktlara davam etsəm, az qala yazılası bir kitablıq material var. Amma mən futbol araşdırmaçısı deyiləm, sadəcə azarkeşiyəm. Ədəbiyyatçı olduğum üçün, bu mənada, mənə daha çox futbol-ədəbiyyat əlaqəsi maraqlıdır.

Futbol tiryəkdirmi?

Futbolun bütün başqa idman növlərindən daha populyar olması, mənə görə, onun insanın insanla, insanın dünya ilə münasibətləri baxımından daha universal qanun-qaydalar, rituallarla oynanması ilə bağlıdır. Futbol modern dünyaya uyğun olaraq demokratik, şaquli keçidlərə açıqdır, uğur və məqsədə kollektiv canatım var, eyni zamanda fərdilik də əsasdır, şansa da yer var, təsadüflərə də. Əlbəttə ki, futbol oyununa diqqətli, ayıq yanaşsaq, görərik ki, onun canındakı hər şey pozitiv deyil, burda həm də neqativlər çoxdur: fanatizmə, millətçiliyə varan rəqabət hissi, kobudluq, sərtlik, iqtisadi qeyri-bərabərlik, iş bölgüsü və s. Bütün mənfi-müsbətləri ilə futbol dünyanın özünə, insana çox bənzəyir. İnsanın içindəki şeytanla mələk arasındakı savaş, futbolun da mahiyyətidir.

Mən futbola baxışımı Nelson Rodrigesin sözləri ilə ifadə etmək istəyirəm: “Əgər gördüyünüz ancaq topdursa, deməli heç nə görmürsünüz.” Dediyimiz kimi, əlbəttə ki, futbol təkcə estetika deyil, o həm də idarəetmə formasıdır. Böyük iqtisadi maraqlar, ideoloji savaşlar, beynəlxalq səviyyədə qarşıdurmalar futbolla tənzimlənir. Böyük Corc Oruel bir dəfə belə yazıb: “Bu dəqiqə dünyadakı böyük nifrət dalğasını daha da şiddətləndirmək istəyirsinizsə, yəhudilərlə ərəblər, almanlarla çexlər, hindistanlılarla ingilislər, ruslarla polyaklar, italyanlarla yuqoslavlar arasında bir neçə oyun təşkil edin və çalışın ki, hər oyuna ən az 100 min adam gəlsin, vəssallam, başqa heç nəyə ehtiyac yoxdur.”

Futbol kütlələrin yeni tiryəkidirmi? Eduardo Galeano bu suala belə cavab verir: “Futbol tanrıya hansı tərəfilə bənzəyir? Tez deyim, çoxlarının ona inanmasıyla və intellektualların ona şübhə ilə yanaşması ilə”.

XX əsrin ən böyük intellektuallarından olan Argentinalı yazıçı-mütəffəkir Xorxe Luis Borxes futbolu kütlələri uyuşduran tiryək hesab edirdi və 1978-ci ildə Dünya çempionatı başlayanda Argentinanın ilk oyununa çıxdığı gün, Borxes protest kimi “Ölümsüzlük, əbədiyyət” haqqında bir konfrans təşkil etmiş, mühazirə oxumuşdu. Amma Latin Amerikasında Borxesdən fərqli düşünənlər də vardı, məsələn, şair Xorxe Enrike Adomdan soruşanda ki, “Bir vaxtlar futbolu kütlələrin tiryəki, din kimi insaları idarə edirdilər. Siz necə düşünürsünüz?” – o belə cavab vermişdi: “Futbol heç vaxt hər hansı düşüncə cərəyanını, siyasi ideologiyanı kütlələrə yeritməyə çalışmayıb, fərqli düşünənləri ittiham etməyib, öldürməyib.”

Eyni suala Ekvadorlu yazıçı Xorxe Manuel Rodrigez belə cavab verib: “Şorba xalqın qarınağrısıdırmı? Yox! Futbol kütlələrin tiryəkidirmi? Yox! Futbol eləcə idman növüdür. Xalqların, kütlələrin tiryəki isə sələmçiliyi, cəhaləti, istismarı, ədalətsizliyi, korrupsiyanı dəstəkləyən sosial sistemdir. Bu şeylər xaş-xaş, tiryək deyil, bizim onlardan istifadə formamız tiryəkdir. Televizorlarda bir tamaşa növü olaraq futboldan istifadəmiz, futbolun özündən bərbaddır. Kim fanatikə çevrilirsə, istər futbolda olsun, istər dində, onda həmin adam zərərli, təhlükləli olur. Fanatik yox, yaxşı azarkeş olmaq lazımdır”.
Solçu intellektualların futbola münasibəti birmənalı olmayıb. Az qala, bir-birinə daban-dabana zidd olan mövqelərdən çıxış ediblər. Bəziləri italyan Antonio Qramşi kimi futbolu “aşkarlıqda oynanan insan sədaqətinin krallığı” hesab edib, bəziləri isə əksinə. Futbolu tənqid edən solçuların arasında məşhurlaşmış belə bir məsəl var: “Portuqaliyalı diktator Salazar, 36 illik diktaturası dövründə Portuqaliyanı 3 F-lə idarə edib, FİESTA (bayramlar), FADO (ənənəvi portuqal musiqisi) və FUTBOL.”

Latın Amerikada futbol sevgisi

Eduardo Galeanonun kitabında oxuduğum bir informasiya Latın Amerikasında futbolun insanların həyatına necə nüfuz etdiyini çox aydın şəkildə göstərir: “1994-cü ildə, ABŞ-da keçirilən Dünya Çempionatını 2 milyarddan artıq insan izlədi; bu, planetimizin tarixindəki ən böyük tamaşaçı kütləsi idi. Futbol artıq hamının ortaq sevgisi olmuşdu. 94 çempionatından sonra Braziliyada dünyaya gələn bütün oğlan uşaqlarına Romario adı qoyuldu və Los Anceles stadionunun qazonu pizza dilimləri kimi 20 dollardan satıldı. Sizcə, bu, sizcə də indiyə qədər edilmiş çılğınlıqların ən böyüyü deyildi?“
Futbol Latın Amerikasında insanların özlərini ifadəetmə forması, arzu ilə yaşamaq, ideala doğru canatmaq və s. mənalara gəlir. Bir anlıq düşünək, futboldan başqa hansı idman növü, nə bilim, Lansdakı bir fəhləni, Tokiodakı bir texniki, Rio de Jeneyronun yoxsul gecəqondularında yaşayan bir uşağı, dağ başında xidmətdə olan əsgəri, Sisilyalı bir mafiozu, Milanlı modelyeri, Münhenli bir maşın istehsalçısını, Moskvadakı bir işsizi, İstanbuldakı bir səyyar satıcını eyni sevgi ətrafında birləşdirə bilir?

Zənci, ya da bəyaz, fərq etməz, topundan başqa oyuncağı olmayan yoxsul bir uşağa futbol ümid verir, arzularını qamçılayır, böyümək, özünü təsdiq etmək instinkti aşılayır. Latin Amerikada yoxsulların qarşısıda adətən iki yol olur: ya futbol, ya da oğurluq. Birincini seçməyin nəyi pisdir ki? Əlbəttə, tərsinə bir baxış da mümkündür. Bir ölkənin içməli su ehtiyatındakı problemlər, işsizlik faizi, korrupsiya, oxuma-yazmadakı gerilik, kanalizasiya problemi, yol probleminə baxanda, futbolun siyahılarda birinci yerdə olması paradoksaldır.

Futbolun sosio-mədəni fakta çevrildiyi, cəmiyyətin ayrılmaz hissəsi olduğu ölkələrdə, xüsusilə, Latın Amerikasında, adamlar “bu gün mənim komandam” oynayır deməzlər, “bizim komanda” oynayır deyərlər. Mən bu duyğunu Türkiyədə də hiss etmişəm. Oyun bitəndə, azarkeşlər evinə qayıdır və yoldaca düşüncə təzədən “biz”dən “mən”ə çevrilir.

İtalyan rejissor, dokumentalist Dario Azzellini yazır ki, kim onca gün Braziliyada qalsa, görəcək ki, futbol burada həyata necə sirayət edib. Futbol burda rabitə-ünsiyyət vasitəsidir, ən azı gündəlik həyatdakı iyerarxiyanı baş-ayaq edə bilir. Məsələn, bir ofisdə hamı əzbər bilir ki, kim hansı komandaya azarkeşlik edir. Beləliklə, hamı bir-birinə qarşı virtual da olsa zəfər çala bilir. Lift dispetçerinin komandası şirkət sahibinin komandasına qalib gələndə, birincinin sevinci yerə-göyə sığmır. Bu, eynən məşhur ədəbiyyatşünas Mixail Baxtinin “Karnavalizm” dediyi məsələdir. Karnavallarda, maskaradlarda hamı bərabərləşir, sosial iyerarxiya aradan götürülür, kral da, təlxək də bərabərhüquqlu olur.

Futbol və rəqs

Latın Amerikası ölkələrində futboldan başqa rəqs də önəmli yer tutur. Bu ölkələrdə musiqinin ritmini və rəqsin qıvraqlığını futbolla sintez ediblər. Uruqvayda, Argentinada, Braziliyada Milango nəğmələri altında darısqal məhəllərlərdə rəqs edənlərin futbolun estetikasına təsirindən danışanlar var. Bu məhəllələrdə rəqs edə-edə böyüyən uşaqlar, gələcəkdə futbolçu olanda özlərinə məxsus bir stil yaradırlar. Dar məkanda topla janqlyorluq edə bilirlər, topa həm vururlar, həm də sanki vurmurlar. Sanbanın, tanqonun futbola təsiri haqqında yazanlar nə qədər düz deyir, bilmirəm, bildiyim odur ki, əgər belə bir təsir gerçəkdən varsa, onda bizim milli rəqslərə, milli musiqilərə baxıb futbolmuzun gələcəyi haqqında fikir yürütmək olar.

Futbol və ədəbiyyat

Şekspir “Yanlışlıqlar komediyası” pyesində yazır: “Sizin üçün yerimdə fırlanıb durururam. Məni futbol topu sanırsız? Məni eləcə oyan-buyana təpikləyirsiniz. Bu vəzifəm hələ çox çəkəcəksə, gərək məni bir dəriyə bürüyəsiniz.” Şekspirdə də futbola aid nəsə varsa, bu yazını burdaca bitirmək olardı, amma məqsədim isbat yox, təqdimatdır.

Təqdir etsin, yaxud bəyənməsin, demək olar ki, XX əsrdə elə bir yazıçı tapmaq olmaz ki, futbola aid fikir yürütməsin. Alber Kamyüdən Peter Handkeyə, Vladimir Nabokovdan Umberto Ekoya, Orxan Pamuka… böyük bir yazıçılar ordusu futboldan danışıblar, yazıblar.

Alber Kamyü 1930-cu ildə Əlcəzair Universitetinin futbol komandasında oynayırdı. Qapıda dururdu və komandanın ulduzu idi. O günlər barəsində Kamyü belə yazır: “Universitetdən çox futboldan əxlaqi dərs almışam. Öyrəndim ki, top heç vaxt gözlədiyin yerdən gəlmir. Bu mənə həyatda çox kömək oldu, xüsusilə böyük şəhərlərdə adamlar göründükləri kimi olmurlar.”

Avstriyalı romançı Peter Handke 1970-ci ildə “Qapıçının penalti qorxusu” adlı bir roman yazdı və 1972-ci ildə həmin romanı məşhur kino-rejissor Vim Venders lentə aldı. Bu roman penalti qorxusunun necə futbolçunun bütün həyatına sirayət etməsindən bəhs edir. Peter Handkenin fikrincə, “futbol topunun ruhu var. Havayla dolmayanda yumuşaq və ölüdür. Hava dolanda futbol topunun ruhu şişir, hələ də ölü kimi görünsə də, qımıldanmağa hazırdır.”

Yeni çağın ən böyük romançılardan Umberto Eko deyir: “Futbolu sevsəm də, futbol oyunlarına getməyi sevmirəm. Mənə elə gəlir ki, adamlar hər həftə ümidsiz seks manyakları kimi futbola sahib olmaq istəyirlər.”

Alber Kamyü kimi Vladimir Nabokov da futbolda qapıçı fiqurunun özəlliyindən bəhs edib: “Kembricdə bütün idman növləri arasında futbol mənim üçün qarışıq bir dönəmin ortasında küləklə təmizlənmiş açıq ərazi kimiydi. Ən böyük həvəsim qapıçılığa idi. Rusiyada və Latin Amerika ölkələrində bu alicənab sənət həmişə adama məxsusi hörmət gətirir. Qapıçı vəzifə etibarilə kənarda, tək başına, keçidverməz olduğu üçün çoşğulu uşaqlar küçədə onun yanından ayrılmazlar. İbadət nəsnəsi kimi onu matador və usta pilotla müqayisə etmək olar. Blyuzu, kasketi, dizlikləri və şortikinin cibindən görünən əlcəkləri onu komanda yoldaşlarından fərqləndirir. O, tənha qartal, əsrarəngiz adam, son xilaskardır. Qapının qabağında barmaqlarının ucuyla zərbəni ildırım kimi dəf etmək üçün baxımlı bir sıçrayış edəndə, bu anı əbədiləşdirmək istəyən fotoqraflar sayğıyla diz çökərlər…”

İngilis romançı və şair Entoni Börces futbol sevgisini obrazlı şəkildə belə ifadə edir: “İncilin dediyi kimi, beş gün işlə. Yeddinci gün tanrıya aiddir. Altıncı gün isə futbola.”

Sonda Eduardo Galeanonun “Kölgədə və günəşdə futbol” kitabından bir parçaya baxaq: “Biz Uruqvaylılar doğulandan ya “Nacional”, ya da “Penarol”a azarkeşlik edirik. Əsrin əvvəllərindən bu belə olub. O vaxtkı qəzetlər yazır ki, Montevideo pritonlarındakı fahişələr qapıda dayanıb müştəri gözləyəndə, əyinlərində ya “Nacional”ın, ya da “Penarol”un forması olurdu, vəssalam. Əslində fanatiklər üçün əsas olan öz komandasının qələbəsi yox, rəqibin məğlubiyyətidir. Buenos-Ayresdə “Boca Juniors” komandasının azarkeşlərindən biri ölüm yatağında olanda soruşublar ki, son arzun nədir?. Ömür boyu “River Plate”in əleyhinə şüarlar səsləndirən bu adam belə cavab verib: “Məni “River Plate”in bayrağına büküb basdırın, heç olmasa desinlər ki, o biri tərəfdən bir nəfər gəbərdi”.

Təsəllinin beləsi adamın tüklərini biz-biz edir!

(2016, "Gələcəyin tarixi" kitabından)

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #