Fərrux dağında məşqlər – Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu, yazıçı

Fəxri Uğurlu, yazıçı

30 mart 2022
# 16:00

Kulis.az Fəxri Uğurlunun “Fərrux dağında məşqlər” yazısını təqdim edir.

Fərrux dağı, nəhayət, öz dilində danışmağa başladı. Türk dillərinin ən lətifi, ən şirini, həm şeir, həm hökm dili Azərbaycan türkcəsində.

O dağda, o zirvədə neçə nər igidimiz imperiya ordusunun qalıqları, imperializm maşalarıyla qovğada namərd gülləyə tuş gəlmişdi, oğullarımızın halal qanı Fərruxun damarlarına axmışdı.

İndi o qan Fərruxun damarında qaynayır, Azərbaycan zabiti Fərruxun zirvəsində rus hərbçisini öz doğma dilində “başa salır”. Zabitimizin silahdaşı hələ bir Azərbaycan ruscasında əlavə də eləyir: “Ponil?”

Əlbəttə, ponil! Elə mətləblər var ki, sözlə yox, səslə, baxışla, sükutla deyilməlidir. Elə hökmlər var ki, tərcüməyə, tərcüməçiyə ehtiyac duymur, o hökmü hansı dildə versən, yenə hədəfinə ox kimi batır. Fərrux dağında rus hərbçisinin duruşu da Azərbaycan zabitinin yürütdüyü hökmün hədəfdən yayınmadığına çəkilmiş bir illüstrasiyadır. Ayağını Fərrux kimi qan qardaşının çiyninə qoymuş Azərbaycan əsgəri kimdən çəkinəsidir ki…

Ta qədimdən türk dili hökm dili, buyruq dili, ordu dili sayılıb. Taleyin istehzasına bax ki, əsgərimiz iki yüz il öz dilində buyurulmadı, sərkərdəmiz əmrini doğma dilində vermədi. İndi artıq nəinki özümüzlə, özgələrlə də öz dilimizdə danışmağın vaxtı çatıb. Qoy heç sözümüzü anlamasınlar, fəqət nə dediyimizi, nə demək istədiyimizi mütləq anlayacaqlar. Özümüzə, sözümüzə xor baxanları səsimizlə, gözümüzlə, duruşumuzla qandıracağıq.

Yaxşı dil fikrin, məzmunun ifadə olunmasına müqavimət göstərməyən dildir. Bir yazıçı, ya şair sözün, dilin müqavimətini nə qədər çox qırarsa, onun yazı dili bir o qədər mükəmməl alınar. Qarşısındakının anlamadığı bir dildə deyilsə belə, yerində-məqamında hədəfə sərrast tuşlanan söz ünvanına çatar. Mən bir azərbaycanlı qarıyla bir rus qarısının şirin-şirin söhbətləşdiyini, arabir söz güləşdirdiyini, sözlə savaşıb sözlə barışdığını bir qıraqdan gizlicə maraqla izləmişəm, hərçənd heç biri o birinin dilində bir kəlmə də bilmirdi. İndi Fərrux dağındakı qəribə anlaşma mənə otuz neçə il qabaq gördüyüm o mənzərəni xatırlatdı.

Gün gələcək, yer üzündə tərcüməyə, tərcüməçiyə ehtiyac qalmayacaq, bir dildə deyilən fikir başqa dildə özünə asanca yuva quracaq. Sonrakı mərhələdə sözə də ehtiyac olmayacaq, insanlar sözsüz, kəlməsiz, dilsiz anlaşacaqlar, bir-birinin ürəyini, beynini oxuyacaqlar. Hələlik Fərrux dağında o günlərin məşqi gedir.

Ponil?../novator.az

# 3320 dəfə oxunub

Oxşar xəbərlər

"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

12:30 22 sentyabr 2026
“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

12:00 22 sentyabr 2026
Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

11:30 22 sentyabr 2026
Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

10:45 22 sentyabr 2026
Jurnalistləri qovan Tramp öz televiziya kanalını açdı

Jurnalistləri qovan Tramp öz televiziya kanalını açdı

10:35 22 sentyabr 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

10:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər