“Farsca yazsan da, bu misralar türk ruhunu daşıyır” - Molla rejiminin ən çox qorxduğu azərbaycanlı kim idi?

“Farsca yazsan da, bu misralar türk ruhunu daşıyır” - Molla rejiminin ən çox qorxduğu azərbaycanlı kim idi?
23 may 2025
# 15:00

Kulis.az cərrah-alim Cavad Heyət irsinin araşdırmaçısı, elmlər doktoru, dosent Pərvanə Məmmədlinin "Doktor Cavad Heyətin missiyası - İranda dilin “sağaldılması” və türk kimliyinin yaşadılması yolunda mücadiləsi" adlı yazısını təqdim edir.

İranda 30 ildən çox türklərin mənəvi varlığının – Azərbaycan-türk dilinin, ədəbiyyatının, mədəniyyətinin qorunub yaşadılması doktor Cavad Heyətin adı ilə bağlıdır.

Doktor Cavad Heyət ötən əsrin əvvəllərində Azərbaycanda millətin nicatı yolunda yorulmadan mücadilə edən ziyalılarımızı xatırladırdı. O, Vətənin Güneyində Mirzə Cəlil sayağı xalqını “dilsizlikdən” qurtarmağa, Əli bəy Hüseynzadə təkin “ümmətdən millətə” (kimliyini tanımağa) keçməyə, Əhməd Ağaoğlu kimi milli haqlara və əsl islami dəyərlərə yiyələnməyə səsləyirdi.

Əli bəy Hüseynzadə Azərbaycanda ilk mətbu orqanının yaradıcısı Həsən bəy Zərdabinin xidmətlərini qeyd edib belə yazmışdı:

"Aləmi islam qaranlıqlar içərisində qaldığı zaman, bu adam əlinə məşəl alıb bu qaranlığı işıqlandırmağa çalışırdı. O məşəl əvvəllinci mətbu kəlam idi".

Cavad Heyət də Həsən bəy kimi qaranlıqları işıqlandıran o qutsal məşəli ötən əsrin 80-ci illərindən başlayaraq Güney Azərbaycanda yandırdı. O məşəl 40 ildən bəri nəşr olunan “Varlıq” jurnalıdır. “Varlıq” bütün parametrləri ilə artıq bir məktəbə çevrilib.

1925-ci ilin mayında Təbrizin daş evlərindən birində bir oğlan uşağı dünyaya gəldi. Adını Cavad qoydular. Amma bu ad bir gün Azərbaycanda elmin, mədəniyyətin və milli dirənişin simvoluna çevriləcəkdi. Onun atası Mirzəli Heyət İranda Məşrutiyyət dövrünün (1906-1911) maarifpərvər aydınlarından biri idi. Teokratik İranın qaranlıq dövrlərində azadlıq fərmanı Nəcəfdən Təbrizə daşıyan heyətin rəhbəri kimi tarixə düşmüşdü.

Təbriz – o zamanlar bir şəhərdən çox fikirlər ocağı, bir mübarizə meydanı idi. Bu qədim şəhərin dolanbac küçələrində dərviş moizələri ilə yanaşı Mirzəli Möcüz kimi şairlərin millət dərdi səslənirdi. Cavad bu havada böyüdü. Uşaq qulağı ilə böyük danışıqlar eşitdi. Məktəb illərində təkcə təhsilə deyil, dildə, kimlikdə, tarixdə gizlədilən anlamlara da nüfuz etməyə başladı.

Cavad Heyətin uşaqlıq illəri həm qayğı, həm də sevgi içində keçmişdi. Yay aylarında ailəsi ilə birlikdə adətən Təbrizə gedər, bəzən də Sərab və ya Mərənddə istirahət edərdilər.

Bu səfərlərdən birində, qonaq olduqları evdə bir şairlə tanış olmuşdu. Şair ona öz şeirlərindən bir neçəsini oxumuş, qarşısındakı gəncin də şeir yazmasını bilincə öz yazdıqlarından birini söyləmisini istəmişdi:

Bəxtimiz gətirsə belə, şükür etməmək düz olmaz,
Yay günündə bulud çıxsa, yenə könüllər solğun olar.

Anası bu şeiri eşidəndə demişdi: “farsca yazsan da, bu misralar türk ruhunu daşıyır”. Bu sözlər onda böyük iz buraxmışdı. O zaman Cavad Heyət 14 yaşında idi.

Cavadın anası Məsumə Sultan uşaqlarına nağıllar danışar, hekayələri ilə onlara tərbiyə verərdi. Onun nağılları şirin və dərin məna ilə dolu idi. Bu hekayələr onun yaddaşında silinməz iz buraxmışdı, anasını özünün ilk müəllimi hesab edirdi.

O dövrün ideoloji siyasəti türkcəyə qarşı amansız idi. Rza şahın bölücü sərt qərarları ilə Təhsil Nazirliyi türk dilini məktəblərdən çıxarmağa çalışırdı.

Cavad bəy bir gün bu məsələ ilə bağlı müəllimlə mübahisə etmiş, evə qanıqara gəlmişdi. Atası müəllimi savadsız adlandırıb demişdi: “Bizim dilimiz – türkcə – tək xalqın danışdığı dil deyil. Bu, mədəniyyət dilidir. Elmi və ədəbi gücə sahibdir. Əgər bir gün Avropada çıxış edərsənsə və öz dilini bilməsən, buna yaxşı baxılmaz.” Atası həmçinin qeyd edirdi ki, Osmanlı və Qacar dövlətləri türkcəni yazı və ədəbiyyat dili kimi istifadə etmişdilər. O, övladlarının da bu dili bilməsini vacib sayırdı. Ancaq farscaya da önəm verirdi və deyirdi: Hər iki dili mükəmməl öyrənin”.

Məktəblər türk dilini sıxışdırsa da, atası evdə bunun əksinə çalışırdı. Bu səbəbdən ailəsi evdə həm türkcəni, həm də farscanı dərindən öyrənmişdi.

Ailədə ciddi intizam vardı. Atası olduqca sərt idi, onun sözü qanun sayılırdı. Bəzən bu intizam fiziki cəzalara da çevrilirdi. Amma Cavad bəy bu tərbiyəni sonralar minnətdarlıqla xatırlayırdı – bu qayda-qanun onların gələcək həyatına müsbət təsir göstərmişdi.

O dövrdə dünyanın bəzi xalqları kimi, azərbaycanlılar da İran daxilində siyasi və mədəni əsarət altında yaşayırdılar. Türk dili məktəblərdə yasaq edilmiş, kimlik, tarix və dil inkar olunmuşdu. Cavad bəy məktəb həyatı da bu ağır şəraitdə keçirdi. Bir tarix dərsində o, müəllimə açıq şəkildə dedi: “Mən bu dərsi başa düşürəm, amma burada deyilənlərin çoxu reallığa uyğun deyil”. Bu sözlərə müəllimin cavabı sərt oldu: “Sənin yanaşman siyasidir. Dərsdən sonra danışarıq.”

O gündən sonra dərslərdə susmağa başladı, lakin gecələr evdə qardaşları ilə dərsləri müzakirə edir, qaranlıqda belə oxumağa davam edirdi. Bu təhsil sistemi onun üçün mənasız görünürdü – burada tənqidə yox, itaətə önəm verilirdi.
Müəllimlərindən ona yaxınlaşıb cümlə ilə xəbərdarlıq etmişdi: “Bura təkcə elm yeri deyil, burada siyasət də var. Ehtiyatlı ol.”

Bu sözlər onun üçün sarsıdıcı idi. Qısa müddətlik məktəbdən uzaqlaşsa da, sinif yoldaşlarının dəstəyi ilə geri döndü və bir daha iradəsindən geri dönmədi. Atası isə ona yalnız bir cümləlik bir yol göstərici verdi: “Oğlum, sən artıq bu yolun yolçususan. Hər şeyə hazır olmalısan”.

Bu hadisədən sonra Cavad Heyət öz-özünə bir söz verdi: “Əgər bir daha haqsızlıqla qarşılaşsam, bu dəfə susmayacağam”.

1940-cı illərin əvvəllərində İran daxilində müstəmləkəçiliklə, diktatura ilə mübarizə aparan ziyalıların sayı az deyildi. Onlar qələmə sarılıb haqsızlığa qarşı sözlə silahlanırdılar. Bir çox ziyalı həbs olunmuşdu. Onlar xalqın oyanmasından qorxurdular.

Bu dövrdə Cavad Heyətin atası da susmadı. O, açıq deyirdi:

“Biz xalq üçün çalışırıq. Əgər biz sakit durarıqsa, bu zülmü legitimləşdirəcəyik”.

Bu dövrdə Atatürk Türkiyədə islahatlar aparırdı. Cavad bəyin atası bu islahatları böyük diqqətlə izləyir və deyirdi: “Biz də xalqımızı oyatmalıyıq. Onlara deməliyik ki, qorxmasınlar və öz hüquqlarını müdafiə etsinlər”.

1942-ci ildə –– Təbrizdə mühüm bir ictimai-siyasi təşəbbüs başlandı. Cavad Heyətin atası, bir sıra nüfuzlu azərbaycanlı ziyalılarla – Həkimülmülk, Müşirüssəltənə, Şeyx Əllamə Səfəviyyə, Əmir Nəsrət İskəndəri, vəkil bəy Ələddin, Seyid Əli və Mirzə Cavad xan Kəngər – birlikdə “Azərbaycan Cəmiyyəti”ni təşkil etdilər. Bu birliklərin iclasları gizli şəkildə, şəxsi evlərdə keçirilirdi. Görüşlərdə Azərbaycan məsələləri, milli haqlar, mədəni irsin qorunması və təbliğatı əsas mövzulardan idi.

Bu dövrdə İranın şimalında – xüsusilə Təbrizdə – azərbaycanlıların öz hüquqlarını tələb etməsi üçün münbit bir ictimai atmosfer yaranmışdı. Məhəmməd Rza şah, Əhsənüddövlə Həkimülmülkü Təbrizin valisi təyin etdikdən sonra, digər tanınmış ziyalılar da – o cümlədən Mələkə Təbrizi və doktor Büzürg – “Azərbaycan Cəmiyyəti”nin öncül simalarına çevrildilər.

Cavad Heyətin atası cəmiyyətin təbliğatı ilə fəal məşğul olurdu. Yerli mətbuatda bu təşkilatın məqsədləri geniş şəkildə izah olunurdu. Yeni hüquqşünas Cəfər Cəfəri də cəmiyyətin katibi kimi fəallıq göstərirdi. Bu hərəkatın məqsədi nəinki mədəni hüquqları qorumaq, həm də azərbaycanlıların siyasi-sosial hüquqlarını gücləndirmək idi.

O dövrdə Pəhləvilərin rejimi ana dilində təhsili qadağan etmişdi. Amma Cavadgilin evində türkcə şeir oxunur, tarix müzakirə olunur, ədəbiyyat haqqında fikir yürüdülürdü. Həmin ev həm ailə ocağı, həm gizli camiə idi.

Hər insanın həyatında bir yol ayrıcı olur. Cavad Heyət üçün bu yol ayrıcı 1940-cı illərdə baş verdi. O, Təbrizdə orta təhsilini başa vurduqdan sonra, Tehran Universitetində tibb fakültəsinə daxil oldu.

Tibb təhsilinə başladıqdan sonra dərslik çatışmazlığı bu sahədə də özünü göstərdi. Anatomiya fənnindən farscaya tərcümə olunmuş dərsliklər yox idi. Bu səbəbdən doktor Musəvi ilə sözləşməsi olmuşdu. Musəvi hər həftə özünün böyük və kiçik şəkillərdən ibarət albomlarını gətirir, Cavad bəy onlardan seçdiklərini türkcəyə tərcümə edirdi. Bu işin müqabilində Cavad ona şəkillərə görə 4 tümən ödəyirdi ki, bu da həftəlik çox yüksək məbləğ sayılırdı. Amma bu əməkdaşlıq nəticəsində zəngin anatomiya arxivi yaranmışdı. Həmin şəkillərin üzərində bu gün də Cavad Heyətin imzası qalır.

Lakin qısa zaman sonra tale ona fərqli bir istiqamət göstərdi. 1943-cü ildə o, dövlət xətti ilə Türkiyəyə – İstanbul Universitetinə göndərilən tələbə qrupuna daxil edildi.

Bu, sadəcə bir tələbə dəyişikliyi deyildi. Bu, Cavad Heyətin cahanşümul düşüncə coğrafiyasının başlanğıcı idi.

İstanbul onu yeni bir intellektual aləmlə tanış etdi. Burada o, yalnız dərslərə qatılmadı – beynində millətlər, dillər və ideyalar arasında sərhədsiz körpülər saldı. Qədim Bizansın, Osmanlı mədəniyyətinin və çağdaş Türkiyənin qovşağında yerləşən bu şəhər ona, həm bir cərrahın dəqiqliyini, həm də bir aydının məsuliyyətini öyrətdi.

O günlərdə İstanbulda türkologiya sahəsində ciddi canlanma vardı. Türk Dil Qurumu fəal idi, Ziya Gökalp, Ömər Seyfəddin və Fuat Köprülü kimi nəhənglərin fikirləri elmi müzakirələrdə dönə-dönə xatırlanırdı

Tibb fakültəsində oxuduğu dövrdə o, professorlarla elmi diskussiyalara girəcək qədər yetkinləşmişdi. Cərrahiyyə elmi onu valeh etsə də, millətinin yaralı kimliyini görməklə beynində fərqli bir “əməliyyat otağı” da qurulurdu. O, bu otaqda zamanla tarix, dil, folklor və ədəbiyyat üzərində əməliyyatlar aparacaqdı.

1946-cı ildə İstanbul Universitetini bitirdikdə artıq o, təkcə bir gənc cərrah deyildi – o, təhsil aldığı şəhərin ruhunu içində daşıyan bu gənc, millətinin dərdini beyninə yazmışdı. Amma bu başlanğıc idi. O, bilirdi ki, daha dərin biliklər üçün Avropa elminin mərkəzinə getmək lazımdır.

Paris – bəşəriyyətin elm, mədəniyyət mərkəzi, maarifin və incəliyin qovşağı. Cavad Heyət burada ixtisaslaşma üzrə cərrahiyyə kurslarına daxil oldu. Fransanın akademik mühiti, xəstəxana etikasının dəqiqliyi, elmi təhqiqatların ciddi intizamı ona yeni bir peşəkarlıq qazandırdı. Paris illəri ona daha bir vacib keyfiyyət qazandırdı: millətini dünyaya tanıtmaq hissi. Burada o, sadəcə əməliyyat otaqlarında deyil, müxtəlif konfranslarda da iştirak edir, müsəlman cəmiyyətlərinin elmi inkişafı mövzusunda çıxışlar edirdi. Dünyada ilk dəfə ürək köçürmə əməliyyatı etmiş(45 yaşında) Kristian Barnardın yaxın dostu və həmkarı, Cavad Heyət

İranda ilk dəfə, özü də 29 yaşında yeni üsulla ürək əməliyyatı həyata keçirmişdi.

Bu da maraqlıdır ki, məşhur fransalı general Şarl de Qollun xüsusi həkimi, professor Lişvitz, tələbəsi doktor Heyət 27 yaşında ikən İran şahına yazdığı məktubda onu bir «əllamə» olaraq xarakterizə edir, böyük nailiyyətlər və kəşflərə layiq olduğunu söyləyirdi.

Fransada qazandığı təcrübə ilə İrana qayıtdıqda artıq o, fikir və əməldə beynəlmiləl, kimlikdə isə bütöv bir Azərbaycan daşıyıcısı idi.
Paris səfəri başa çatdıqdan sonra o, artıq təkcə diplomu olan bir gənc deyildi. O, özünü və millətini tanımış bir ziyalı, ruhu elmlə bərabər məsuliyyətlə yoğrulmuş bir fikir adamı idi. Tehrana qayıtdığı ilk günlərdən cərrah kimi fəaliyyətə başladı və az keçmədi ki, öz işində ilkə- İranda hipotermiya ilə ilk açıq ürək əməliyyatına
imza atdı ki, tibbi baxımdan bir inqilab idi.

Lakin bu əməliyyatın arxasında yalnız tibbi bilik yox idi – bir millət yanğısı da yatırdı. O, ürəkləri açmaqla bərabər, illər sonra qapanmış milli şüur qapaqlarını da aralayırdı.
Tehranda Cavad Heyət qısa zamanda tanındı. Onun həkim kimi dürüstlüyü, insanlara münasibəti, puldan çox insaniyyəti seçməsi barədə əfsanəvi rəvayətlər dolaşırdı. Çoxları deyirdi ki, o, kasıb xəstələrdən pul almırdı, dərmanlarını özü alırdı, bəzən klinikaya gələnləri sadəcə dinləmək üçün vaxt ayırırdı. Bu təkcə həkimlik deyildi – bu, millətin nəbzini tutmaq idi.

Ancaq onun təbabət fəaliyyəti sadəcə cərrahiyyə ilə bitmirdi. O, Tehran Tibb Akademiyasının elmi forumlarında, beynəlxalq konfranslarda çıxış edir, müasir tibbin prinsiplərini İranın qapalı mühitinə daşıyırdı. Onun 10 larla elmi məqaləsi dünya tibb jurnallarında dərc olundu. Lakin Heyətin uğurları bu rəqəmlərlə ölçülə bilməzdi. Onun həqiqi mükafatı – bir xalqın gözündə “doktor” deyil, “arxa-dayaq” olması idi.

Cavad Heyət üçün həkimlik peşəsi xalqın ağrısına çatmaq, onun dərdini anlamaq vasitəsi olaraq qəbul edirdi. Əgər millət danışa bilmirdisə, o, tibbin dili ilə danışırdı. Əgər təhsil qadağan idisə, o, kitablar vasitəsilə gənclərə yol açırdı. Cərrahiyyə bıçağını silaha çevirmədən mübarizə aparmağın yolunu tapmışdı.

Tehranda çalışdığı illərdə onu yalnız əməliyyat masasında görmədilər. O, eyni zamanda evində, iş yerində, hətta mühazirə salonlarında türkcə danışır, farsca yazılmış millət tarixinin boşluqlarını türkcə doldururdu.

Bəzən bir dərgi bir xalqın yaddaşının, dilinin, ruhunun hayqırtısı olur. Bir qrup yaradıcı Azərbycanlı ziyalıları ətrafına topladı.“Varlıq” dərgisi də belə doğuldu. Doğulan kimi də anasının dili ilə danışmağa başladı.

1979-cu il – İran İslam İnqilabı ölkədə bütün ictimai, siyasi və dini tarazlıqları alt-üst etmişdi. Rejim dəyişsə də, əvvəllər olduğu kimi ölkədə yaşayan qeyri-farslara olan münasibət dəyişməmişdi. Cavad Heyət bu labirintdə susmaqla yox, danışmaqla yol axtardı. Onun üçün “Varlıq” sadəcə dərgi deyil, xalqın varlığının sübutu idi.

“Biz türklər varıq. Dilimiz var. Mədəniyyətimiz var.” – bu cümlə dərginin hər səhifəsindən, hər cümləsindən oxunurdu. Cavad bəy bu dərgini təkbaşına deyil, öz ətrafında topladığı ziyalılarla qurdu: Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi Sönməz, Mirhidayət Həsari,Ə.M Xamneyi, Teymur Pirhaşimi,Həsən Savalan, Səməd Sərdarniya, Həmid Məmmədzadə, Əziz Möhsüni (sonralar M.R. Heyət, İbrahim Rəf-rəf)və başqaları ilə birgə.

Bu dərgi, dövlətin təqiblərinə, senzurasına, basqılarına rəğmən uzun illər nəşr olundu. Hər nömrə bir üsyan, hər yazı bir çağırış və hər müəllif bir müqavimətçi idi.

“Varlıq” dərgisi İran türklərinə türkcə düşünməyi, türkcə danışmağı, türkcə yazmağı öyrədirdi. O illərdə ana dilində məktəb yox idi, amma “Varlıq” məktəbi vardı. Bu məktəbdə dil də öyrədilirdi, milli tarix də, folklor da, fəlsəfə də. Hər səhifəsi bir dərs idi.

Sonralar “Günaz TV” nin təsisçisi Əhməd Obalı bu barədə yazacaqdı:

“Varlıq jurnalı o illərdə gənclər üçün bir mərkəz idi. Öyrəncilər bu dərgidən öyrənirdi. Dərgidə yazmaq şərəf idi. Oxumaq isə məsuliyyət”.

Məhz bu dərgidə neçə-neçə gənc yazıçı yetişdi. Onlar təkcə məqalə yazmır, bir xalqın içində qımıldanan susqun kimliyi sözə çevirirdilər. Onlar üçün Varlıq – istinad nöqtəsi idi.

Rejim “Varlıq”ı bir növ səssiz silah kimi görürdü. O silah ki, nə gülləsi vardı, nə baritı.

Cavad Heyət heç vaxt bu dərginin arxasında gizlənmədi. O, adı və soyadı ilə, məsuliyyət və öhdəliklə bu jurnalı yaşatdı. Onun üçün bu jurnal, sadəcə nəşr deyil, ömrünün davamı idi. Hər dəfə bir nömrə işıq üzü görəndə, o, sanki millətinin nəfəsini eşidirdi.

Bəli, “Varlıq” o dövrün hayqıran səsi idi. Və bu səsin arxasında həkim paltarı geyinmiş bir fikir savaşçısı dururdu.

Bir çox ziyalılar, siyasi liderlər, tələbə hərəkatları bu dərginin təsiri ilə formalaşdı. Onun səhifələrində çap olunan yazılar sonradan kitablara, konfranslara, milli hərəkata çevrildi. Çünki “Varlıq” – düşüncənin, dilin, kimliyin müstəqil bayrağı idi. Cavad Heyət bu bayrağı sözlə tikdi, əməllə qaldırdı, ləyaqətlə daşıdı.

Cavad Heyət türkologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və tibb sahəsində paralel və səbatlı fəaliyyəti ilə çağdaş Azərbaycan və türk dünyasının görkəmli simalarından biri kimi tanınır. Onun irsi yalnız klassik dövrün ədəbi, tarixi şəxsiyyətlərinin araşdırılması və dəyərləndirilməsi ilə tamamlanmır, bu türk sevdalısının həyatı daim dilimiz, ədəbiyyatımız milli kimliyimiz uğrunda mübarizədə keçib.

Söz – təkcə ünsiyyət vasitəsi deyil. Söz – kimlikdir, yaddaşdır, varlıqdır. Cavad Heyət üçün isə söz – müqavimət idi. Onun elmi fəaliyyətində xüsusi yer tutan dilçilik məsələləri, əslində, bir millətin görünməyən savaşı idi. Bu savaşda onun qələmindən süzülən fikirlər, susdurulmuş bir xalqın dilinə çevirilirdi.

Professor Cavad Heyətin türkologiya sahəsində yazdığı “İki dilin müqayisəsi” adlı əsər, təkcə linqvistik analiz deyil, bir mədəniyyət manifestidir. Bu kitabda o, fars və türk dillərinin fonetikası, sintaksisi, semantikası, morfologiyası üzərində obyektiv və dəqiq bir təhlil aparır. Lakin oxucuya dərhal aydın olur ki, bu müqayisənin arxasında yalnız elmi maraq deyil, milli məsuliyyət dayanır.
Heyət yazırdı:

“Türk dili ahəng qanunlarına əsaslanan, səs harmoniyasını qoruyan, xalqın nəfəsi ilə yaşayan bir dildir. Bu dili öyrənmək və yaşatmaq – yalnız filoloji deyil, mənəvi borcdur.”

Cavad bəy bu sahədə təkcə nəzəri yazılar yazmadı. O, həm də terminologiya sistemini, yazı qaydalarını, dialekt xüsusiyyətlərini və klassik türkcənin çağdaş formaları ilə əlaqəsini izah edən çoxcildli əsərlərə imza atdı. Xüsusilə “Azərbaycan ədəbiyyat tarixinə baxış” və “Türk dili və ləhcələrinin tarixi” adlı kitabları, bu sahədə sistemli yanaşmanın başlanğıcı sayılır.

Ən diqqətçəkən məqamlardan biri də budur: Cavad Heyət İranda türkcə yazan, yazısını çap etdirən, dillə bağlı çıxışlar edən ilk mütəxəssislərdən biri idi. Rejimin ana dilinə qarşı repressiv siyasəti dövründə o, həm elmi məqalələrində, həm də “Varlıq” dərgisində ana dilini qorumağın yollarını göstərən istiqamətləndirici yazılarla çıxış edirdi.

Onun dilçilik tədqiqatları yalnız akademik auditoriyalar üçün deyildi – xalq üçün idi. O, dildəki ədəbi üslub, şifahi nitqin qaydaları, folklor dilinin poeziyaya təsiri kimi məsələləri elmi əsaslarla təhlil edərək azərbaycandilli oxucu üçün həm yol, həm də örnək yaradırdı.

O, “tərcüməçi” yox, kulturoloji kodları ana dilinə çevirən mədəniyyət qurucusu idi. Avropa, Osmanlı, İran, Rusiya – müxtəlif dil və ədəbiyyat sistemlərini müqayisə edən Heyət, Azərbaycan türkcəsini bu sistemlər arasında mərkəzə qoymağı bacardı.

Ən əsası isə: Cavad Heyət göstərdi ki, dil təkcə danışılan deyil, yaşadılan məkandır. O məkanda yaşamaq üçün onu bilməli, öyrətməli, qoruyub gələcəyə daşımalıyıq.
Cavad bəy ömrünün sonunadək bu missiyanı daşıdı. Onun dilçilik irsi bu gün də dil siyasəti ilə məşğul olan alimlər, pedaqoqlar, ziyalılar üçün əsas mənbələrdən biridir. O, bir millət üçün “dil xəritəsi” tərtib etdi – yalnız sözlə yox, elmlə, sadiqliklə və işıqlı zəka ilə.


Cavad Heyət üçün ədəbiyyat sadəcə sənət deyildi – bir millətin ruhunun ifadəsi, tarixinin yaddaşı, dilinin nəfəsi idi. O, ədəbiyyatı oxumaqla kifayətlənməzdi; onu yaşayardı, duyardı, şərh edərdi. Onun üçün hər bir şeir, hər bir hekayə, hər bir dastan bir xalqın keçmişinin, bu gününün və gələcəyinin aynası idi.

Cavad Heyətin “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” əsəri, Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini sistemli şəkildə təhlil edən önəmli bir tədqiqatdır. Bu əsərdə o, klassik dövrün nəhəngləri olan Nizami, Xaqani, Füzuli, Vaqif kimi şairlərin yaradıcılığını, onların dövrünün ictimai-siyasi şəraiti ilə əlaqələndirərək analiz edirdi. O, bu şairlərin əsərlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını ön plana çıxarırd;.

Heyətin “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı əsəri, xalqımızın zəngin folklor irsinin toplanması, sistemləşdirilməsi və təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kitabda o, nağıllar, dastanlar, bayatılar, atalar sözləri kimi janrları tədqiq edərək, onların milli kimliyin formalaşmasında və nəsildən-nəslə ötürülməsində oynadığı rolu vurğulayır. O, bu irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkirdi.

Cavad Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” əsəri, türklərin qədimdən bəri keçdiyi tarixi yolun, onların mədəniyyətinin və dövlətçilik ənənələrinin dərindən təhlilinə həsr olunub. Bu əsərdə o, qədim Çin və Bizans mənbələrinə istinad edərək, türklərin tarixini obyektiv şəkildə təqdim edir. O, türklərin dövlətçilik ənənələrini, mədəniyyətlərini, dil və ədəbiyyatlarını elmi əsaslarla təhlil edir və bu sahədəki spekulyativ yanaşmalara qarşı çıxır.

Cavad Heyət klassik və çağdaş ədəbiyyatın dərin bilicisi idi. O, Nizaminin hikmətini, Hafizin təfəkkürünü, Füzulinin əzəmətini yaddaşında yaşadırdı. O, Yəhya Kamalı, Tofiq Fikrəti əzbər bilirdi, amma qəlbində poeziyanın zirvəsi Şəhriyar idi. Çünki Şəhriyar da onun kimi həm yanan, həm də yandıran bir səs idi. Heyət Şəhriyar şeirlərindəki milli ruhu, insan sevgisini, ədalət axtarışını öz yaradıcılığında da əks etdirirdi.

Cavad Heyət, ədəbiyyat və tarixi bir-birindən ayrı sahələr kimi deyil, bir-birini tamamlayan və birlikdə bir millətin kimliyini formalaşdıran sahələr kimi görürdü. O, ədəbiyyatın tarixə, tarixin isə ədəbiyyata təsirini dərin təhlil edərək, bu iki sahənin sintezini yaradırdı. Onun əsərlərində ədəbiyyat tarixə, tarix isə ədəbiyyata çevrilirdi.
O, ömrü boyu dözüm, qətiyyət və humanizm prinsiplərini öz həyatının əsas meyarları kimi qəbul etmiş, bu prinsipləri həm şəxsi həyatında, həm də ictimai fəaliyyətində daim rəhbər tutmuşdur.

Cavad Heyət, İran rejiminin türklərə qarşı apardığı assimilyasiya siyasətinə qarşı səssiz, lakin möhkəm bir dirəniş nümayiş etdirmişdir. O, “Varlıq” dərgisi vasitəsilə ana dilində yazmaq, düşünmək və danışmaq hüququnu müdafiə etmiş, bu yolda qarşılaşdığı çətinliklərə baxmayaraq, heç vaxt geri çəkilməmişdir. Onun bu qətiyyəti, bir çox gənc ziyalının milli şüurunun formalaşmasında mühüm rol oynamışdır.

# 320 dəfə oxunub

Oxşar xəbərlər

Leonardo Da Vinçinin qohumları tapıldı

Leonardo Da Vinçinin qohumları tapıldı

18:40 23 may 2025
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

18:05 23 may 2025
16 yaşlı oğlu dənizdə boğulan Nailə Mirməmmədli kimdir?

16 yaşlı oğlu dənizdə boğulan Nailə Mirməmmədli kimdir?

17:40 23 may 2025
Tanınmış aktyor evində bıçaqlandı

Tanınmış aktyor evində bıçaqlandı

14:45 23 may 2025
Tarantinonun filmləri kitaba çevrilir

Tarantinonun filmləri kitaba çevrilir

14:05 23 may 2025
Azərbaycan “Kazan Forumu”nda iştirak edib

Azərbaycan “Kazan Forumu”nda iştirak edib

13:00 23 may 2025
#
#
# # #