Əməliyyat zamanı ad günü keçirdi - Həkimlərimizin növbəti hoqqabazlığı

Əməliyyat zamanı ad günü keçirdi - Həkimlərimizin növbəti hoqqabazlığı
9 yanvar 2025
# 16:25

Kulis.az Cavid Hunun yeni yazısını təqdim edir.

Həkimlərimizin növbəti hoqqabazlığını əks etdirən video yayılıb. Bağışlayın, buna növbəti “şok video”, “maraqlı görüntü” filan yaza bilməyəcəm. Bu hoqqabazlıqdı. Bu yazını yazmaq üçün o videoya sona qədər baxmağa üç dəfə özümü məcbur elədim. Yeri gəlmişkən, Səhiyyə Nazirliyi bu görüntülərlə bağlı araşdırma başladıldığını bildirib.

Adamın ağlı almır, neçə il təhsil alasan, daha neçə il rezidentura oxuyasan, daha neçə il işləyəsən. İnsan kimi münasibət göstərməyi bacarmayasan, həkim kimi də tibbi protokolu pozasan. Üstəlik, bu hoqqabazlığı sosial şəbəkədə paylaşasan. Adamın ağlı almır...

Bu məsələnin yaratdığı təbii qəzəbi bir yana qoyub, təhlil etməyə çalışacam. Bu bir dəstə tibb işçisi olan qadın niyə belə davranır?

Sualın cavabı hərə üçün bir cür olacaq. Biri deyəcək, çünki qorxuları yoxdu, bilirlər ki, onları cəzalandıran olmayacaq, o biri deyəcək ki, belə reaksiya olacağını bilməyiblər və s.

Məncə, cavab budur: bu adamlar öz peşələrinin fəlsəfəsini və mahiyyətini anlamırlar. Tibbi qaydaları da bilmirlər, bu da öz yerində. Əks halda, əməliyyat masasında, gözü baxa-baxa qarşısında hoqqa çıxarılan xəstənin sabah ölkə tibbi, həkimlik peşəsi və özləri barədə nə düşünəcəyini, necə münasibət bəsləyəcəyini fikirləşməli idilər.

Düşünə bilən adamlar, nə qədər çətin olsa da, o videoya bir də diqqətlə baxın! Siz lap çox-çox diqqətlə baxın, Səhiyyə Nazirliyi və TƏBİB, onsuz da sizə çətin deyil.

Görün o içəri doluşan qadın dəstəsindən biri orda xəstə olduğunu vecinə alır? Görün, onların biri üçün orda yatanın adam olduğunun bir əhəmiyyəti var?

Xəstə də matdım-matdım baxır: bunlar nə edir, bu nə şənlikdi?

Həkimin soyuqqanlı, emosialarına qalib gələ bilən olması ilə bağlı arqumentlərlə bizi bezdirməyin. Həkim həm də şəfqətli olmalıdı, tibb bacısına bir zamanlar şəfqət bacısı da deyirdilər.

Bacılar, gördüyünüz iş sizdən empati hissini daim oyaq saxlamağı tələb edir. Empati nədir? Googla yazın bir zəhmət, instaqram və tik-tokda tapa bilməyəcəksiniz.

Həkimi, müəllimi, jurnalisti, yəni canlı ilə işləyən istənilən peşə sahibini soyuducu və ya maşın ustasından fərqləndirən cəhət budu: Empati və şəfqət hissi. Bu peşələrin fəlsəfəsində insansevərlik dayanır, empati qura bilmək, şəfqətli olmaq və düşünə bilmək. Özünü o adamın, onun doğmalarının yerinə qoya bilmək, ona uyğun davranmaq, vicdanlılıq, şəfqət, empati hisslərini itirmədən çalışmaq. Adam xəstə də ola bilər, cinayət də törədə bilər, qatil də ola bilər, həyatı ilə bağlı bütün ümidlər də tükənə bilər. İnsan varsa, onun başına gələ biləcək bütün mümkün hallarla qarşılaşa bilərik. Bu peşələr ona görə var ki, o mümkün hallarda adamı vəziyyətdən çıxartsın, tədbir görsün, adam kimi yanaşsın, empati hissini, şəfqət duyğusunu itirməsin.

Məsələ yalnız həyat qurtarmaq deyil. Sən adamlarda həyati vacib olan tibb sahəsinə nifrət yarada bilməzsən, adamın alt şüurunda travma izi qoya bilməzsən!

... Cəmi iki həftə əvvəl bu ölkə ağır bir faciə yaşadı, AZAL-ın qəzaya uğrayan təyyarəsində 38 nəfər həyatını itirdi, 29 nəfər xilas oldu. O qəzanın ekipaj üzvləri, Azərbaycanın Milli Qəhrəmanları İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyeva bu cür ağır təyyarə qəzasında 29 nəfərin həyatını xilas elədilər. Onlar bizim qəhrəmanlarımız oldular. Onlar nəinki bizim hər birimizdə, dünyada bu hadisəni eşidən hər kəsdə Azərbaycan Hava Yollarına sonsuz etibar, sonsuz inam və hörmət qazandırdılar. İndi AZAL-ın bütün pilotları bizim üçün İqor Kşnyakin, Aleksandr Kalyaninovdu. İndi AZAL-ın bütün stüardessaları Hökumə Əliyevadı. Çünki biz sərnişin olaraq düşünürük ki, ən pis halda belə AZAL-ın pilotu maksimum sağ qalmağımız üçün çalışacaq. Biz hamımız inanırıq ki, AZAL-ın stüardessası Hökumə Əliyeva kimi ölümə getdiyini bildiyi anda belə öz oturacağını tərk etməyəcək. Hökümə peşaklar kimi yaxşı bilirdi ki, təyyarənin arxa oturacağında onun həyatı xilas ola bilər. Amma onu da bilirdi ki, təlimata görə, o öndə olmalıdı. O, can hövlü ilə arxaya tərəf qaçsaydı, bütün sərnişinlər özünü qoruma instinkti ilə onun arxasınca qaçacaqdı. Və heç kim xilas olmayacaqdı... O sona qədər dayandı, təsəlli verdi, təlimatı yerinə yetirdi, “hər şey yaxşı olacaq” dedi. Və hər şey nə qədər yaxşı ola bilərdisə, o qədər də yaxşı oldu.

Bu adamlar vətənpərvərdilər, bu adamlar qəhrəmandılar və ən başlıcası, bu adamlar peşəkardılar. Bu adamlar işlədikləri işin mahiyyətini, fəlsəfəsini dərk edirdilər. Bax, məsələ budu.

Azərbaycan Hava Yollarına, onun imicinə bu inamı, etibarı və sədaqəti milyon dollarlıq marketinq işi ilə, milyard dollarlıq təyyarə parkı ilə qazandırmaq mümkün deyildi. Bunu AZAL-ın üç əməkdaşı canı ilə etdi. İşinin peşəkarı olmaqla, işinin fəlsəfəsini anlamaqla etdi.

...Azərbaycan tibbinə inamı, etibarı yaxşı dizaynlı klinikalar, müasir avadanlıqlar (bunların hamısı var) gətirməyəcək. Azərbaycan tibbinə inam və etibarı işinin mahiyyətini, fəlsəfəsini anlayan tibb işçiləri gətirəcək. Bu, sosial şəbəkələrdə trol dəstələri saxlamaqla olmur, bu dəbdəbəli reklam çarxları ilə, mediadakı həkim reklamları ilə olmayacaq. Onlar hamısı biznesdi.

... Kiçikliyindən, böyüklüyündən, mahiyyətindən asılı olmayaraq istənilən əməliyyat adam üçün də, onun doğmaları üçün də həyəcan təbilidi. Hələ onu da nəzərə alın ki, əməliyyat masasında uzanan adam sizdən fərqli olaraq əməliyyatın risk dərəcəsini bilmir. Hamı üçün canı ilə verdiyi imtahan ən ali imtahandı. Hamı elə bilir ki, həmin vaxt dünyadakı əsas problem onun sağlamlığı, dünyadakı əsas məsələ də onun əməliyyatdan sağ qurtulmağıdı. Çünki insan birinci yaşamağa çalışır, sonra yaxşı yaşamağa, varlı yaşamağa, onurlu yaşamağa və s. Amma təməl hiss yaşamaq, həyatda qalmaqdı, bütün mübarizə buna görədi. Hər əməliyyat o hiss üçün təhlükədir, ay özünə həkim deyən bacılar. Həmin vaxt adamın yanında “sən ümumiyətlə bir heçsən”, “sənin bu qorxun bizim vecimizə deyil”, “sənin həyatın bizim həyatımız deyil” hissini yaşatmaq olmaz!

Xəstə hiss edəndə ki, həkim də onun üçün can yandırır, onun narahatlığını bölüşür, işini məsuliyyət və dəqiqliklə görür, onda inam, etibar yaranır. Yoxsa əməliyyat masasında uzanmısan, əməliyyat necə bitəcək deyə gözləyirsən, 5-6 arvad da başının üstündə şam yandırıb, tort oynadıb, şaqqanaq çəkir. Sanki burda, ümumiyyətlə, adam uzanmayıb, taxta parçası var kimi davranırlar. Özünüzü bir dəfə o mənzərədə təsəvvür edin, görün necə təsir bağışladı? Görün, bir də bu ölkənin ağ xalatlısına yaxınlaşmaq, bu ölkədə imkanınız əl verdiyi müddətcə bircə əməliyyat belə keçirtmək istəyərsinizmi? Orda olan texnika nə qədər mükəmməl olur olsun, ordakı dərmanlar nə qədər bahalı olur olsun, bu münasibət göstərənlərə adam necə etibar edə, necə inana bilər? Bu şaqqanaqların içində adamın bədənində tənzifi, qayçını unudursunuz. Bu hoqqabazlıqlarla sağ ayaq yerinə sol ayağı kəsirsiniz. Çünki bir hissəniz gördüyünüz işin fəlsəfəsini, mahiyyətini, məsuliyyətini anlamırsınız.

Hələ əməliyyat edən Ləman doxtur (doktor yazıldığını bilirəm) açıqlama verib ki, o tibb bacılarının hamısı əməliyyatda iştirak edirdilər. Doxtur, tibb bacıların əməliyyatı buraxıb şənlik düzəltməyə getmişdilər? Sizdə əməliyyatda iştirak edənlər bekar olanda cərahiyyə otağına da gəlirlər? Sizin əməliyyatda iştirak edən tibb bacılarınız o cür geyimdə, əli-ağzı açıq gəzirlər? Tibb bacılarının əməliyyat otağını həkimdən əvvəl tərk eləməsi təzə qaydadı? Ağzına gələni nə danışırsan axı, ay bacı?

Məsələnin insani tərəfi bir yerə qədər, amma bu görüntülərdə tibbi protokol da pozulub. Həkim və tibb bacıları tibbi maskanı görüntü xatirinə çənələrində saxlayıblar. İçəri tortlu, şamlı hücum çəkən bacıların heç biri sterel geyimdə deyil. Heç birinin əlində əlcək yoxdu. Yəqin ki ayaqları da elə əlləri günündədi. Üstəlik, sterel geyimdə olan, əməliyyatı icra edən həkimlə öpüşüb görüşür, ona sarılırlar, o da yenidən əməliyyata davam edir.

Əməliyyatxanada şam və tort yandırılması isə başqa aləmdi. Bu bacılar yəqin köhnə kinolarda şam işığında əməliyyat edən cərrahları görüblər. O başqa söhbətdi, ay bacılar.

Bütün bu məsələlərdə təşəkkür düşən bircə nəfər var. O da videonu çəkən bacıdı. Çünki onun blogerlik hissi tibb işçisi hissindən güclü olmasaydı, biz belə biabırçılığı izləyə bilməyəcəkdik.

Videonun axırında o bacı yaxşı sağlıq da deyir: “Həmişə iş başında olasınız”. Bacı, o birilər olmasa da, sən həmişə iş başında ol. Orda bu cəmiyyətə lazımlı bircə nəfər kadr var, o da sənsən. Sən özündən muğayat ol, kadrlarını çək, amma gələn dəfə elə çək ki, xəstənin üzü düşməsin. Həmişə iş başında!

P.S. Bu yazı ölkəmizin peşəkar, məsuliyyətli və fədakar həkimlərinin əməyinə kölgə salmaq məqsədi güdmür. Mən başa düşürəm ki, bütün müəllimlər, həkimlər, jurnalistlər qeyri-peşəkar deyil. Azərbaycanda inandığımız, etibar etdiyimiz, özümüzün və doğmalarımızın həyatını xilas etmiş onlarla peşəkar həkim var. Amma bu tip bacılar barədə yazmalıyıq, tənqid eləməliyik, özü də təkcə biz yox. Elə o peşəkarların özləri də bu tənqidlərdə aktiv olmalıdılar. Əminəm ki, bizi vətəndaş kimi ağrıdan bu hallar onları həm də peşənin fədakarı kimi daha çox ağrıdır, incidir. Hamımıza keçmiş olsun!

lent.az

# 462 dəfə oxunub

Oxşar xəbərlər

Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı

Tiktoker "Xan" ilə bağlı yeni məhkəmə qərarı

18:02 9 yanvar 2025
MEMİM 2024-cü ildə - Hesabat

MEMİM 2024-cü ildə - Hesabat

17:28 9 yanvar 2025
Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi

Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi

17:06 9 yanvar 2025
"Üzüklərin hökmdarı"nın aktyoru gizli evləndi

"Üzüklərin hökmdarı"nın aktyoru gizli evləndi

17:00 9 yanvar 2025
Məşhur müğənni xəstəxanaya aparılıb

Məşhur müğənni xəstəxanaya aparılıb

15:45 9 yanvar 2025
""Bozbaş"dan sonra hərə öz işi ilə məşğul oldu, Azər də..." - "Şöşü" ilə müsahibə

""Bozbaş"dan sonra hərə öz işi ilə məşğul oldu, Azər də..." - "Şöşü" ilə müsahibə

14:51 9 yanvar 2025
# # #