Əməkdar artist: “Alim Qasımovu qısqanmışam” - Müsahibə

Əməkdar artist:  “Alim Qasımovu qısqanmışam” - Müsahibə
29 fevral 2024
# 17:00

Kulis.az Əməkdar artist Şövqi Hüseynovun Lent.az-a müsahibəsini təqdim edir.

- Şövqi müəllim, yaxşı aktyor olmaq üçün nə tələb olunur, tələbələrinizdən gözləntiniz nədir?

- Mənə ən böyük hədiyyə odur ki, onlar mənə desinlər, “bu, necə çətin sənət imiş”, tələbənin bunu dərk eləməsi çox vacibir. Hamı asan bilib oxumaq, oynamaq istəyir. Halbuki aktyorluq ən çətin elm, ən çətin peşədir. Təkcə kitab oxumaqla olmur.

- Bəs nə lazımdır?

- Hiss etmək, ürək, dünya görüşü və ən əsası, bunun ciddi iş, çətin sənət olduğunu qəbul etmək. Aktyorlar universitetdə dərs deyirlər. Hərə öz təcrübəsini, öz sistemini, yanaşmasını göstərsə də, ümumi proqrama tabe oluruq. Tələbə olanda bizə “balaca cənnət xanımlar” deyirdilər. Çünki istər-istəməz müəlliminə oxşayırsan. Əsas odur, tələbələrimiz bizə oxşayıb öz yollarını tapsınlar.

Biz teatrın cikini-bikini, rola yanaşma, kulisdə davranma tərzini, rol üzərində necə işləməyi, tərəf müqabilini necə eşitməyi öyrədirik. Ustadımız Nəsir Sadıqzadə böyük pedaqoq idi. O, məşqlərdə heç vaxt tələbəyə “bunu elə” demirdi, deyirdi, gözlə, qoy özüm canımla hiss edim, sonra sən oyna. Mən də bacarmadığımı, hiss etmədiyimi tələbədən istəmirəm.

- Bütün aktyorların, rejissorların dilindən düşməyən “Stanislavski məktəbi” nədir? Ən qısa şəkildə necə izah edərdiniz?

- Stanislavski məktəbi bünövrədir. Düşünün ki, bir çoxmərtəbəli ev var, onun ilk mərtəbəsi bu məktəbdir. O olmadan olmaz. Məğzində insan, psixoloji realizm dayanır. Bu sistem aktyorluq sənətinin təməlidir. Biz Mirzə İbrahimovun təbiri ilə desək, insan ürəyinin mühəndisləriyik, insanla nə baş verdiyini göstərməyə çalışırıq.

- Həmişə alınır?

- Bəzən alınmır. Bu, canlı sənətdir. Gün olur ki, sən xəstəsən, əhvalın o deyil, 50 dəfə oynadığın o rol həmin gün səndə bərbad alınır. Biz bəzən ən böyük faciələr yaşayırıq, amma axşam gedib komediya oynamağa məcburuq. Yaxınımızı itiririk, dəfn edib səhnəyə çıxırıq. Necə ki, həkim, müəllim yası olduğu halda işinə çıxır, biz də çıxmalıyıq. Amma duyğuların sənətində bunu əks etdirməmək asan deyil, tamaşaçı sənin dərdini bilmir, o səndən yaxşı iş gözləyir.

- Mən ömürlərinin son illərində Hacıbaba Bağırovun, Səyavuş Aslanın, Yaşar Nurinin ifasında qəribə bir şey sezirdim. Sanki ancaq varlı, imkanlı və harın adam rollarına uyğun gəlirdilər. İmprovizələri ilə hiss etdirirdilər bunu. Bu, ulduzluq xəstəliyi idi, işini önəmsəməmək idi ya maddi imkanın onlara verdiyi arxayınlıq?

- Siz tamaşaçı olaraq bunu hiss edə bilmisiniz, mən hiss etməmişəm. Aktyorların hamısına rifah arzulayıram ki, sənətləri ilə məşğul olanda fikirləri yayınmasın. Adını çəkdiyiniz aktyorlar bu həyata yenidən gəlməyəcək sənətkarlardır.

- Rifah demişkən, bildiyimə görə, 2 il teatrda yaşamısınız, 15 il tək qalmısınız...

- Bu barədə danışmaq istəmirəm. Heç nəyim yox idi, amma xoşbəxt idim. Otello idim, Şeyx Sənan idim. Söhbət hamı üçün çətin olan 90-cı illərdən gedir.

- 90-cı illər Azərbaycan üçün ağır illər idi. Teatr yada düşürdü, tamaşaçı var idi?

- Var idi. Bizə 100 teatral bəs idi, amma Bakıda minlərlə teatral var idi. İndi də əsas problem tamaşaçını qoruyub saxlamaqdır. Tamaşaçı gəzən reklamdır, görür, bəyənir, hamıya danışır, bəyənmir yenə danışır. Bundan yaxşı reklam yoxdur. Azərbaycanda həmişə tamaşaçı olub, şikayətlənməyə haqqımız yoxdur. Düzdü, bilet üçün qapıları qırmırlar, amma var. Yetərli qədər yaxşı tamaşalar da var. İndi sizdən ayrılıb gedəcəm “Muzkomediya”da Məşədi İbadı oynamağa. Tamaşaçı teatra gələndə özünü ən əziz qonaq kimi hiss eləməli, gözlənildiyini bilməlidir.

- Yeri gəlmişkən, sizdə Məşədi İbad fərqli alınıb. Adam qızın Sərvərdən çox Məşədiyə getməsini istəyir. Şəxsən mən olsam, mən də Məşədini seçərdim. Sizin Məşədi daha cavan, daha oynaq, daha şəndir.

- Təşəkkür edirəm. Çünki mənim Məşədim sadəcə vəziyyətin qurbanıdır, o varlı, subay kişidir, evi, işi, pulu var, arvadı yoxdur, evlənmək istəyir. Tək səhvi odur ki, Sənəmi yox, Gülnazı seçir. Əslində, aldadılan adamdır.

- Bir dəfə demişdiniz ki, hər tamaşa müharibədir. Tamaşaçını udmaq və ya uduzmaq deyəndə nə başa düşək?

- Hiss edirsən ki, tamaşa zamanı tamaşaçı səninlədir, ona maraqlıdır, bu aktyorun qələbəsidir. O zaman məğlub oluruq ki, tamaşaçı saata baxır, darıxır durub gedir. Bu zaman biz uduzuruq. Tamaşaçı yarımçıq gedirsə, bu, aktyorun günahıdır. Biz udanda əslində, hər iki tərəf qalib sayılır. Tamaşaçı öz məğlubiyyətini sevir, axı bilet alıb gəlib ki, zövq alsın, darıxmasın. Ən ucuz istirahət növü teatrdır. Yəni teatra bilet konsert biletlərindən çox ucuzdur, tamaşaçımızı bundan maksimum istifadə etməyə çağırıram. Aktyorlar fədakardırlar, onlar səhnədən kənarda daha çox qazana bilərdilər. Buna rəğmən, getməyib qalmaq fədakarlıqdır.

- Rayon, Bakı və ya xarici ölkə tamaşaçıları arasında fərq var?

- Rayonlara mütəmadi qastrollara gedirik. Xüsusən teatrı olmayan rayonlara, əli teatra çatmayanlara daha çox üz tuturuq. Dünyanın yarısını qastrol səfərləri ilə gəzmişəm. Mənim üçün ucarlı, zaqatalalı tamaşaçı ilə bir almanın, fransızın, yaponun fərqi yoxdur.

- Kalmıkiyanın Əməkdar artisti adını necə aldınız?

- Kalmıkiya və Azərbaycan teatrları arasında 5 illik müqavilə imzalanmışdı. Müqavilə çərçivəsində biz, hər iki ölkənin aktyorları qarşılıqlı əməkdaşlıq edir, qastrollar təşkil edirdik. Müqavilə başa çatınca gördüyümüz işə qiymət verildi, fəxri ad aldım.

- Qastrollar demiş, xarici ölkələrdə Azərbaycan dilində tamaşalar təqdim edirsiniz. Tamaşaçı dili bilmədən bu necə alınır?

- Mən Azərbaycan və rus dillərində rollar oynayıram. Müxtəlif festivallara gedirik və əsasən ana dilimizdə tamaşa təqdim edirik. Qoy dilimizi eşittsinlər. Mən Bostonda Azərbaycan dilində tamaşa oynamışam, dilimi bilmirsə, bu, amerikalının problemidi, qoy dilimi anlasın. Əsl aktyora və tamaşaçıya dil lazım deyil. Elə oynamalıyam ki, tamaşaçı dili başa düşməsə də, hərəkətlərimdən, mimikamdan nə demək istədiyimi, halımı anlasın. Söz yaxşı aktyorun qanadı, pis aktyorun qoltuq ağacıdır. Bizim işimiz əməli işdir, iç işidir, siz məni sözsüz başa düşməlisiniz. İranda ərəblərin daha çox yaşadığı Əhvaz şəhərində Azərbaycan dilində “Otello” oynayıb Qran-Pri almışıq. Halı göstərmək üçün dil lazım deyil. Pantomima oynayaq demirəm. Asan deyil, amma mümkündür. Mən Alim Qasımovu qısqanmışam, fransızlar onun muğamına məndən əvvəl reaksiya verdiklərinə görə.

- Teatr sizin ilk məhəbbətinizdir, burada sevmisiniz, sevilmisiniz, xanımınız da aktrisadır və bir oğlunuz var. Oğlunuzun da aktyor olmasını istəyərsiniz?

- Adətən deyirlər ki, çətin sənətdir deyə övladım aktyor olsun istəmirəm. Mən çətin sənət olduğu üçün istəyərdim aktyor olsun, amma o bəstəkar olmaq istəyir. Ümid edirəm, gələn il tələbə atası olacam.

- Xanımınızla bir-birinizin rollarını müzakirə edirsiniz?

- İlk tənqidçim o və oğlum olur.

- Həqiqətən, rolun böyüyü-kiçiyi yoxdur?

- Biz yaşda olan aktyorlar üçün bu keçərlidir. Peşəkar aktyor 1 kəlmə sözü olmayan rolda belə özünü göstərə bilər. Amma gənc aktyorlara əsas rollar verilməlidir ki, özlərini göstərə bilsinlər. Gənclərə şans verilməlidir. Hesab edirəm ki, gənc aktyorlara öncə önəmli bir rol verib, o rolda özünü göstərdikdən sonra işə almalıdırlar.

- Cəlilabadda doğulub böyümüşdünüz. Sizi teatr adlı eşqə kim saldı?

- Anam. “Dram dərnəyinə yazıl” deyib durmuşdu. Heç bilmirdim dram nədir, teatr nədir. Rəhmətlik dayım Cəlilabadın ilk aktyorlarından idi, jurnalistikanı oxusa da, yeri gələndə monoloqlar deyirdi. Atam aktyor olmaq istədiyimi biləndə anamla mənə söz göndərdi ki, “özünü yığışdırsın”, anam dedi, “işində ol, mən yola gətirərəm”. Dram dərnəyinə yazıldım və beləcə düşdüm sehrin içinə. Aşiq oldum. Aktyorluq sənətini sevmədən bu işi görmək mümkün deyil.

- Ümid edirəm bu sehr, bu eşq ömrünüz boyu davam edər.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #