Elza İbrahimovanın doğum günüdür

Elza İbrahimovanın doğum günüdür
10 yanvar 2024
# 10:20

Bu gün Xalq artisti Elza İbrahimovanın doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub.

Gallery

***

Onun musiqiyə olan həvəsini ilk dəfə anası hiss edir. Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Həvəsdən düşən Elza İbnrahimova yenidən imtahan vermək istəmir və anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona “Mən sənə çit paltar tikdirəcəm” deyib Elzanı fikrindən daşındırır və o ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur.

***

Anası Sona xanım qızının Qara Qarayevin sinfində təhsilinə davam etməsini istəyir. Buna səbəb isə anasının həmin dövrdə məşhur olan “Yeddi Gözəl” operasını çox sevməsi olub.

***

Elza İbrahimova Qara Qarayevin sinifində təhsil aldığı beş il müddətində bir mahnı belə yazmamışdı, simfonik musiqiylə məşğul idi.

***

Mahnılarının əksəriyyətini Flora Kərimova üçün yazıb.

***

Gallery

İlhamə Quliyevanın ifasında məşhurlaşan “Gəl-gəl, gülüm” mahnısını Flora Kərimova üçün yazıb. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğu üçün onunçün yazdığı “Bilməzdim” və “Sən yadıma düşəndə” mahnılarını başqa sənətkarlara verməli olub.

***

Elza İbrahimovanın ən çox bir yerdə çalışdığı şair Ramiz Heydər olub. Belə ki, İbrahimova şairin 300-ə yaxın şeirinə mahnı bəstələyib.

***

24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qursa da bu evliliyin ömrü uzun olmayıb. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərovla ayrılırlar. Yaşadığı bu uğursuz ailə həyatından sonra sənətkar bir daha evlənmir.

Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta deyilənə görə onun bir qızıl üzüyü belə olmayıb.

***

Elza İbrahimova Xalq artisti adı alanda 70 yaşı var idi. Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ikinci bəstəkardır.

***

Onun Qarabağ faciəsinə həsr etdiyi “Yanan laylalar” operası Opera Balet Teatrının səhnəsinə yol tapa bilməyib. 1993-cü ildə Mədəniyyət Nazirliyi əsərin səhnəyə qoyulması ilə bağlı qərar imzalamasına, teatrın o vaxtkı rəhbəri ilə müqavilə bağlanmasına baxmayaraq əsərin səhnəyə ayaq açmasına çox ciddi manelər yaradılıb. Bu məsələdən sonra Elza İbrahimova ciddi sarsıntı keçirib, səhhətində problem yaranıb.

***

Deyilənə görə, yaxşı plov və borş bişirməyi varmış. Hətta Flora Kərimova həmişə onlara gedəndə ondan borş bişirməsini xahiş edərmiş.

***

"Ey vətən" və "Bilməzdim" mahnılarını daha çox sevər, hətta bu iki mahnını özünü şah əsərləri hesab edərmiş .

***

Tanqonu Azərbaycana gətirən ilk xanım bəstəkardır və 11 tanqonun müəllifidir.

***

Gallery

Qarmonda gözəl ifa etməyi bacarardı.

***

Bəstəkarın “Qurban verərdim” mahnısının sovet ruhuna uyğun olmadığı bildirilir və uzun illər mahnının efirlərdə səslənməsinə qadağa qoyulur. Deyilənə görə mahnının ilk ifaçısı olan Akif İslamzadə bədii şura tərəfindən töhmət alıb.

Maykl Ceksona rekviem yazıb.

***

Uzun illər şəxsi evi olmayan Elza İbrahimovaya ömrünün sonlarında verilən evdə yaşamaq qismət olmayıb.

***

Bəxtiyar Vahabzadə öz sözlərinə yazılan “Gecələr bulaq başı” mahnısını eşidəndə demişdi: “Sən bu şeirin incəliyini məndən yaxşı duymusan”.

Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Ömrünün son bir ayından isə yemək içməkdən imtina edib. 2012- ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

# 755 dəfə oxunub

Oxşar xəbərlər

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

16:00 26 iyul 2024
Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

15:30 26 iyul 2024
Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

14:00 26 iyul 2024
Məşhur aktrisa:  "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

Məşhur aktrisa: "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

13:41 26 iyul 2024
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

12:08 26 iyul 2024
Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

12:00 26 iyul 2024
#
#
# # #