#

Elmir Əkbər: “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” – Müsahibə

Elmir Əkbər:  “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” – Müsahibə
11 yanvar 2023
# 21:00

Kulis.az psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.

Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqda danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxır. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü "psixoloq" adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərir. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunur. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardı. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Hardan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?

Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq- bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?

-Doktor, yeni ilin bu ilk günlərində sizi xoş gördük!

- Salam, sizin və xalqımızın yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!

- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?

- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdu, psixiatrdı və ya psixoterapevtdi.

Bilirsiz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.

Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.

Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.

İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.

-Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?

- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti “supervisor” (xüsusi nəzarətçi- S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervizoru ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana- Avstrya psixoterapiya məktəbidi, biri Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervizorum var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.

Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu kəslərin öz həyatı kontrol nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin “yarımfabrikat” psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.

Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edir. Bir Azərbaycan Psixologiya Liqası olaraq çox narahatıq. Bu Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarır. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi. İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa eləməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidi ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.

- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?

- Baxın, nəinki klinik psixoloq, ümumiyyətlə həkim olmayan heç bir kəs müalicə, resept yaza bilməz. Bu, qızıl qaydadır. Yazırsa, o da bir fırıldaqçıdır, canidir, resept yazmaqla cinayət törədir. İnsanın əhval-ruhiyyəsinə, psixi aparatına, ruhuna təsir göstərən dərmanları ancaq həkim psixoterapevt və ya həkim psixiatr təyin edə bilər.

Ümumiyyətlə, psixoloji problemlər iki qrupa bölünür. Biri sırf sosial psixoloji problemlərdir ki, bura ailə-məişət zəminində baş verən problemlər, konfliktlər, davalar, valideyn-övlad, ər-arvad problemləri və sair daxildir. Bunlarla psixoloqlar məşğul ola bilər. Amma əgər məhz tibbə bağlı diaqnozlarla işlənirsə - söhbət depressiya, panik atak, təşviş- həyəcan pozuqluğu, obsessiv kompulsiv pozuntu, müxtəlif davranış pozuntuları, asılılıqlar, narkomaniya, qumarbazlıq və sairdən gedir. Bunlar artıq sırf tibbi problemlərdi. Və bunun diaqnozunu ilk növbədə həkim psixoterapevt qoymalıdır. Lazım gəlsə, müəyyən yüngülvari müalicə yazmalıdır, ondan sonra onun seanslarını ya özü aparmalı, ya da klinik tibbi psixoloqa həvalə etməlidir. Yenə də diaqnozu klinik psixoloq qoya bilməz, həkim psixoterapevt qoya bilər. Uzaqbaşı psixoterapevt tapmayanda diaqnozu həkim psixiatr qoya bilər. Həkim psixiatr isə yalnız dərman müalicəsi apara bilər, seans apara bilməz, bunun üçün xəstə klinik psixoloqa yönləndirməlidir. Çünki onun buna səlahiyyəti çatmır, uyğun təhsili yoxdur.

-Deməli, həm senas terapisini, həm də dərman müalicəsini paralel şəkildə yalnız psixoterapevtlər apara bilər?

- Bəli, həkim psixoterapevtin həm psixiatrın işini, həm də klinik psixoloqun işini görməyə haqqı çatır. Çünki onun təhsili daha genişdir. Məsələn, biz müalicə işi fakültəsini oxuyuruq. Azərbaycanda yeganə tibbi təhsil Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi altı illik təhsildir. Bundan sonra isə biz keçirik psixiatriya üzrə internatura və ya rezidentura və yaxud ordinatura ( hər ölkədə adı bir cür səslənir) mərhələsinə. Ondan sonra isə ayrıca ikinci bir internaturanı və ya rezidenturanı keçirik, ondan sonra isə üçüncü bir mərhələ keçərək psixoterapiyanın konkret bir istiqaməti üzrə ixtisaslaşırıq. Yəni, həkim terapevt ən azı, üç təhsil almalıdır. Məsələn, mən əlavə olaraq klinik tibbi psixologiya üzrə də təhsil almışam. Bu elə də vacib deyil, olmaya da bilər, psixoterapevt adlanmaq üçün. Oxucularımız bilməlidirlər ki, Azərbaycanda psixoterapevt peşəsinə yiyələn həqiqi mütəxəssislər sayca çox azdır, barmaqla sayılacaq qədər az.

Bu gün dırnaq lakı ilə də psixoterapiya edən adamlar peyda olub. Yəni, bilirsiz, özünə hörmət edən, şəxsiyyəti, ləyaqəti, şərəfi olan bir insan nəyə görə başqa adı oğurlamalıdır? Savadı, özünü təsdiq etmiş bir stomatoloq niyə özünü ginekoloq adlandırsın axı? Əgər bunu edirsə, deməli, dələduzdur, tərbiyəsizdir. Mənim guya xəstəliklər haqda anlayışım yoxdur? Hansısa bir ürək xəstəliyi, böyrək xəstəliyi olan adama ümumi bir resept yaza bilmərəm? Təbii ki, yaza bilərəm. Amma mən bunu eləmərəm, çünki özümə də, qanunlara da hörmətlə yanaşıram. Hər bir həkim ona müraciət edən insanın yerində öz doğmasını təsəvvür etməlidir.

- Bəzən belə hallar da olur, dərman müalicəsi lazım olan xəstələrə uzun-uzadı seanslar keçilir, və ya əksinə, seansla keçəcək problemi olan xəstəyə çoxlu ağır dərmanlar yazırlar. Belə çıxır ki, heç kəs “əlinə düşən” pasienti buraxmaq istəmir?

- Bəli, həkim karuselinə salırlar adamı. Tutaq ki, adamın panik atakı var, həyəcan və təşvişi var, amma onu müxtəlif analizlərə, MRT- ə, KT- ə göndərirlər. Əzizlərim, psixoloji problemi olan adama bunların heç biri lazım deyil. Bu problemi olan insanlara heç nevroloqlar, nevropatoloqlar da diaqnoz qoya bilməz. Çünki, nevroloqlar C kateqoriyasından olan kodlaşdırılmış xəstəliklərlə işləyə bilər. Sadaladığımız xəstəliklər isə F kateqoriyasına aiddir. Yəni, sırf psixoloji problemdi, nevroloji problem deyil.

- Doktor, uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?

- Ümumiyyətlə, bu gün baş tutan çox böyük dələduzluqlardan biri də odur ki, youtubedə türk dilində müxtəlif videolar yerləşdirirlər, şüuraltının təmizlənməsi barədə. İnsanlar da oraya gedib ətək-ətək pul tökürlər. Nəticədə isə heç nə əldə etmirlər. Çünki insan şüuraltısıyla işləmək ancaq psixoanalitik məktəblərə aiddir. Orda da şüuraltını silmək nəzərdə tutulmur, bu, çox uzun, böyük bir prosesdi. Burda insan uşaqlıqdan bəri yaşadığı travmaları yenidən yaşayır, onlarla üzləşir, onları dərk edir, anlayır və necə deyərlər “həzm edir”.

- Elmir bəy, siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?

- Ümumiyyətlə, mən bir həkim psixoterapevt olaraq daha çox dərmansız müalicəyə üstünlük verirəm. Mən yalnız zəruri hallarda dərmandan istifadə edirəm. Həmişə xəstələrə izah edirəm ki, dərman yaranmış fəsadı aradan qaldırır, səbəbləri isə psixoterapiya seansları aradan qaldırır. Və hər zaman çalışıram ki, mümkün qədər az, yüngül, problemsiz dərman yazım.

- Doktor, bu qədər iş - gücün arasında vaxt edib suallarımızı cavablandırdığınız üçün həm öz adımdan, həm oxucularımız adından sizə təşəkkürümü bildirirəm.

-Mən təşəkkür edirəm.

# 9302 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
#
#
# # #