Əlibaba Məmmədov - 95

Əlibaba Məmmədov - 95
5 fevral 2025
# 11:20

Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Əlibaba Məmmədovun doğum günüdür.

Kulis.az xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovun xatirəsi xalqımız tərəfindən böyük hörmətlə anılır.

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1956-1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti olub. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan 26 il sonra - 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılara aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.

O, az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da, bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır” və digərləri xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.

Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki, milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət, ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Xalq artisti 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər