Əjdər Zeynalov: "İftixar Piriyev 20 ildir aktyorlara qan uddurur" - Müsahibə

Əjdər Zeynalov:  "İftixar Piriyev 20 ildir aktyorlara qan uddurur" - Müsahibə
10 yanvar 2023
# 17:50

Kulis.az aktyor Əjdər Zeynalovla müsahibəni təqdim edir.

Onunla görüşümüz qarlı bir gündə baş tutdu. Əjdər Zeynalov sənətinə hörmətlə yanaşdığım aktyorlardandır. 58 illik ömrünün 38 ilini teatra həsr edib. Tamaşaçılar onu “Susmuş Vicdan”, “Toy gecəsi”, “Ləkə”, “Həyat çiçəyi”, “Səni ürəyim sevdi”, “Tufanlı səma”, “Göyçək Fatimə”, “İki ömür” kimi seriallarda oynadığı xarakterik obrazları ilə tanıyıblar.
Qazandığı tək şey tamaşaçı sevgisidir. İtirdikləri isə daha çoxdur. Yana-yana danışanda hiss edirsən bunu.

- Əjdər bəy, qarla aranız necədir? Məşhur bir mahnıda deyilir ki, “ təbiətin pis havası yoxdur”. Sizcə necə, var?

- Qarı sevirəm. Amma qar Bakıda kommunal problemlər yaratmırsa. Təəssüf ki, nə qədər hazırlıqlı olsaq da, biz hər qar yağanda problemlə üzləşirik. Hərə öz işini məsuliyyətlə görsə, qar da yaxşıdır, yağış da. Pis hava isə mən dağıdıcı fəlakətlərə deyirəm. Sunami, sel, daşqın...

- Bir ara uzun illər işlədiyiniz İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyev ilə münasibətləriniz kəskin idi. Barışdınız?

- Nə barışması. İftixar Piriyev kütləvi səhnələrə çəkilən, bayraq yelləyən istedadsız adam idi. Gördü ki, yaxşı aktyor ola bilməyəcək, bir yolunu tapıb, pul gücünə oldu direktor. 20 ildə hamını teatrdan narazı salıb. Göz boyayır. 20 ildir aktyorlara qan uddurur.

- Nədən başladı sizin bu qalmaqallar?

- Bir günə olmadı. Yavaş-yavaş doldu səbir kasamız. Çox kobud, iftiraçı adamdır. Deyir qatığa qara dedimsə, sən də deməlisən. “Ağdır” deyəndə deyir sən kimsən öz fikrin olsun, mən deyəndir. İstəyir ətrafında yalnız yaltaq, zəif adamlar olsun. Özündən istedadlı, güclü adamları görməyə gözü yoxdur. Rəhbər olmaq o demək deyil ki, işçinin üstünə uşağa çığıran kimi çığırıb qorxudasan, susdurasan. Bir fakt deyim. İllər öncə rayonlardan birinə qastrola getmişik, tamaşanın başlamasına 1 saat var, düşdük aktyorlarla siqaret çəkək. İcra başçısı da həmin ərəfədə oradaydı, görüşdük, sənətimi bəyəndiyini, izlədiyini dedi. İftixar gəlib onun yanında sanki balaca uşağa qışqırırmış kimi, “burda nə gəzirsiniz, girin içəri, tamaşa başlayır, özünüzü kimə göstərirsiniz?” dedi, içəridə dalaşdıq. Dedim bura uşaq bağçası deyil. Bu adam bu şəkildə rəhbərlik edir. Məni işdən çıxardı, üzümə yalançı şahidlər gətirdi ki, guya mən işə gecikmişəmmiş. Dedim “gecikmişəm töhmət ver, xəbərdarlıq et, bundan ötrü işdən adam çıxarmırlar”. Dedi “özüm bilərəm, mən lotuyam, kimə istəyirsən şikayət elə”.

- Şikayət eləmədiniz?

- Elədim. Amma əlində nazirlikdə demək olar hamıya qarşı kompromantlar var. Naziri də, başqalarını da faktları yayıb mediaya çıxaracağı ilə hədələyirdi. Nə faktlardır, bilmirəm. Əbülfəz Qarayevin vaxtından var. Ətrafı, çevrəsi çoxdur, zəng vurdurur. Deyirlər bir il də qalsın. Elə 1 il deyə-deyə 2 nazir yola salıb. Öz “trollarını” saxlayır, teatrda. O nə deyirsə, onu deyirlər, üzə dururlar, şahidlik edirlər. Sabiq nazir Anar Kərimovun qəbuluna getdim, danışdıq. Dedi, İftixar Piriyev mədəniyyətə ləkədir, mən deyənlərdən də kəskin sözlər dedi. 30 ildən çox İrəvan teatrında can qoymuşam. Nazir dedi, belə təcrübəli aktyoru niyə işdən çıxarıb? İftixar Piriyevlə mübahisəmiz məhkəməyə qədər gedib çıxdı.

- O teatra qayıtmaq istəyərsiniz?

- Nə qədər ki, direktor dəyişməyib, əsla. Mən ora işə qayıtsam, üstünə iftira da atar. Zülfiyyə Eldarqızı kimi aristokrat bir qadının üstünə süpürgəçini saldı, süpürgəçi özü üz-gözünü cırdı, şər atdı ki guya Zülfiyyə xanım edib. Məni müdafiə elədiyinə görə, gənc aktrisalardan birini işdən çıxardı, qız hamilə idi, stressdən bətnində övladını itirdi. İftixardan jurnalistlər bu barədə soruşanda sizcə nə desə yaxşıdır? Mən onun hamilə olduğu bilirdim, uşağı olduğunu bilmirdim. Hamilə qadının bətnində uşaqdan başqa nə olur bəyəm?

– Əjdər bəy, Mədəniyyət Nazirliyin işindən razısınız?

- Mən 4 ildir işsizəm. Bir aktyor incidilirsə, hara müraciət etməlidir? Mədəniyyət Nazirliyinə. Əgər nazirlik öz aktyorunun taleyi ilə maraqlanmırsa deməli düzgün işləmir. Mən uşaq deyiləm, 38 ilin aktyoruyam, xalq tanıyır, sevir. Dəfələrlə müraciət eləmişəm, baxılmırsa, deməli bu qurumun işindən narazılıq eləməyə əsasım var.

- 38 ilin aktyoru... Tanınan, sevilən bir sənətkarsız. Bəs niyə fəxri ad almamısınız?

- O da İftixar Piriyevin “əməyi” nəticəsində. İftixar Piriyev həmişə deyirdi nazirliyə göndərilən fəxri ad alası aktyorlar siyahısında adım var, amma vermirlər. Sonra nazirliyə getdim, maraqlandım. Dedilər 10 ildə sənin adın bir dəfə də bizə təqdim edilməyib. Mənə yalan deyirmiş.

- Bu sənəti seçdiyinizə görə peşman olmusunuz? Ailəniz deyibmi ki, bəsdir daha?

- Ailəm "bəsdir" deyib. Aktyor olmasam, yaşaya bilməzdim. Mən İrəvandanam. Uşaqlığım teatr dərnəyində keçib. Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Ailəm hüquqşünas olmağımı istəyirdi, aktyor olacağımı biləndə məni oxumağa buraxmadılar. Çox kasıb ailə idik. İrəvan teatrında işləməyə başladım, o zaman Hidayət Orucov orda rəhbər idi, mən qarışıq bir neçə gənci göndərdi Bakıya oxumağa. Peşmanammı? Bilmirəm. Mən başqa cür yaşaya bilməzdim.

- Məşhur adamın işsiz qalıb digər peşələrdə işləməsi də çətindir yəqin?

- Hə elədir. İşsiz qalsan, ailəni dolandırmaq üçün qabyuyan da işləməlisən. Məcbursan. Bir dəfə getdim bir marketə. Menecer işi var idi. Evdə bir qəpik pul yox. Marketin rəhbəri məni tanıdı, dedi “müəllim, səni işə götürə bilmərik, gərək bütün jurnalistlərin dilinə düşək”. İstəməsəm də, cibimə 300 manat basdı, həmin ərəfədə o pula çox ehtiyacım var idi. İndi də dostluq edirik, həmin adamla. Amma işə götürmədi.

- Kasıb bir aktyorun oliqarx rolu oynaması da həyatın təzadıdır...

- Bir dəfə qızımın müəllimi məktəbdə nə üçünsə pul yığırmış, hamıya deyib pul gətirsinlər. Mənim də pulum yox. Dedim “qızım, de pulumuz yoxdur”. Müəllim uşağın üstünə qışqırıb ki, atan televizorda milyonçuluq edir, mühafizəçilərlə gəzir. Bahalı maşınlar sürür, necə yəni pulunuz yoxdur? Belə çıxır ki, məni quldur, oğru rolunda da görsə, uşağa oğrunun, quldurun qızı deyəsiymiş.

- Yoldaşınız işləyir?

- Yox, II qrup əlildir, pensiya alır. Uşaqlar ali təhsil alırlar.

- Nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimlinin sizə kömək edəcəyinə ümid edirsiniz?

- Bildiyimə görə, işini bilən, işgüzar bir insandır. Ümid edirəm o, teatrlardakı özbaşınalıqlara son qoyar. Azərbaycan mədəniyyəti məhv olub gedir.

- Başınıza gələn bu hadisələr sizi küsdürüb?

- Yox, küsdürməyib. Dövlətimi sevirəm. Ona görə dövlətimə, Prezidentimə, ədalətə inamımı itirməmişəm. Eşitdim ortaq tanışlarımızdan soruşurmuş ki, Əjdər hələ acından ölməyib? Bu kişiyə yaraşan söhbətdir? Beləsi üçün küsməyə dəyməz.

- Sənət bir yana. Amma aktyor da yaşamaq üçün rol ifa etməlidir. Ehtiyac üçün hər rola çəkilmisiniz?

- Etiraf edim ki, ehtiyaca görə hər işə getmişəm, zəif filmlərə çəkilmişəm, ailəni dolandırmalıydım. Amma indi seçirəm. Mənim üzümü film və seriallardan tanıdılar. Reklamlar da olur. Dolanırıq. Amma ədalət yerini tapmalıdır, buna nail olacam. Gec və ya tez.

Lent.az

# 16941 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #