Duyğular şairi, bədii sözün rəssamı – Şəlalə Göytürk yazır...

Duyğular şairi, bədii sözün rəssamı – Şəlalə Göytürk yazır...
6 dekabr 2022
# 15:00

Kulis.az Şəlalə Göytürkün “Bədii sözün rəngləri” adlı yazısını təqdim edir.

(İmpressionist şair Səfər Rzasoylunun poetik dünyasına baxış)

Onu duyğular şairi, bədii sözün rəssamı, Azərbaycanın Balmontu da adlandırmaq olar. Söhbət müasir poeziyamızın hələ ki qazana bilmədiyi çox maraqlı bir şairdən - Səfər Rzasoyludan gedir.

Bu günlərdə “Ulduz” jurnalında Murad Köhnəqalanın təqdimatı ilə Səfər Rzasoylunun bir silsilə şeiri dərc olundu. Təqdimat yazısında Murad Köhnəqalanın Səfərin şeirlərini əlindən zorla alıb çapa verməsi ilə bağlı yazdığı cümlə yadıma Xalq yazıçısı Anarın görkəmli şairimiz Vaqif Səmədoğlu ilə bağlı bir xatirəsini saldı. Anar xatirələrində nədənsə tanınmaqdan qaçan Vaqif Səmədoğlunun gizli saxladığı şeirlərini özündən xəbərsiz əldə edərək çap etdirdiyini yazır. Bununla da poeziyamıza yeni Vaqif Səmədoğlu nəfəsi gəlir.

Bu məqamda belə bir sual ortaya çıxır: görəsən, sənəti olmayanların sənətə doluşduğu bu zamanda deməyə sözü, yazmağa üzü olan söz adamları nədən təvazö köşəsinə çəkilir, məşhurluqdan qaçış kompleksi yaşayırlar? Problem mahiyyətcə fərdidir, yoxsa sosial-ictimai çatışmazlıqların nəticəsi kimi ortaya çıxır? Bu suala konkret cavab verə bilməsək də təxminlərimizi söyləyə bilərik. Daxili aləminə qapanıb şöhrətdən qaçan sənət və söz adamları bəlkə də “sənət sənət üçündür” şüarına üstünlük verərək öz istedadlarını kütləvi populyarlıqdan qorumağa çalışırlar.

Dünya ədəbi fikir tarixində iz qoyan A. Rembo, Ş. Bodler, C. Sürəyya, Y. Kamal kimi şairlər də haradasa, bu sıraya daxil edilə bilər.
Haqqında danışacağımız şair Səfər Rzasoylu da ədəbi cameədə az-az görünən, tanınmaq həvəsində olmayan söz adamlarındandır. O, yaş etibarilə, 90-cılar ədəbi nəslinə mənsub olsa da, məlum səbəbdən gec, 2000-ci illərdən üzə çıxmağa başlayıb. Görünür, Səfər bu illər ərzində daxilindəki şairdən qaçmaqla məşğul olub, lakin şairliyi önündə-sonunda onu yaxalamağa nail olub.
Səfərin söz dünyası ilə tanış olduqca, onda Zen-buddizm, impressionizm, ekzistensializm kimi ciddi ədəbi estetik düşüncə axınlarının izlərini görürük. Diqqətəlayiqdir ki, Səfər bu sənət estetikalarının fundamenti üzərində öz poetik üslubunu, bədii düşüncə sistemini yarada bilib.

Qədim yaddaşın bərpası.

Bütün romantik şairlər kimi Səfər Rzasoylunun da yaradıcılığına xəfif melanxoliya, zərif sentimentallıq hopub. Bu sentimentallıq bəzən nihilizm dərəcəsinə çatır. Ancaq önəmli cəhət odur ki, Səfərin kədəri oxucunu neqativ enerji ilə yükləmir. Səfərin nostalgiyası çoxillik şərab kimi aram-aram təsirləndirir və alt-şüurumuzda lap çoxdan itirdiyimiz qədim yaddaşı tərpədib oyadır.

Bu qədimlik səmavi dinlərin yaranışından çox-çox əvvələ, hələ əkinçiliyin maldarlıqdan ayrılmadığı ilkinlik çağlarına gedib çıxır. O çağlara ki əcdadlarımızın təbiətdən başqa inanc yeri yox idi, uşaq saflığı ilə ağaca, günəşə, oda, suya tapınırdılar. Bəlkə də bu genetik yaddaşın diqtəsi ilə Səfərin lirik qəhrəmanının damarlarında “qan əvəzinə külək axır”, “yağışı dünəninə, keçmişə yağır”, “qarı gələcəyə, onun dünyada olmayacağı günlərə səpələnir”, “Ayı budağa qonur”, “yaraları işıqla yuyulur, payızla sarınır”, “günləri küləyə çevrilir”, “ağacları bayquş yarpaqlayır”, insan kimi ölür, yarpaq kimi doğulur. Səfərin yağışının ilahi gücü hətta Tanrının əl izlərini silməyə qadirdir:

Yağışsa hey yağır, yağır doymadan,
Çırpır dörd bir yana səs əllərini.
Üfüqdən, qürubdan, torpaqdan, otdan
Silir tanrının da əl izlərini...

İmpressionizm. Ümumi götürdükdə Səfər Rzasoylunun yaradıcılığı ədəbiyyatda məhdud çevrədə yayılan impressionizm cərəyanına mənsubdur. İmpressionizm rəssamlıqda nə qədər parlaq və əhatəlidirsə, ədəbiyyatda bir o qədər dar çevrəyə qapanan, qapısı az döyülən sehrli qəsrə bənzəyir. İmpressionizmin ədəbiyyatda inikası digər incəsənət növləri ilə müqayisədə xeyli mürəkkəbdir. Bu axında hər şey müəllifin sözlə çəkmək “rəssamlığından” və “rəngkarlıq” qabiliyyətindən asılıdır. Çünki rəsm və ya digər təsviri sənət əsəri maddi mahiyyətinə görə birbaşa, ədəbi əsər isə təfəkkür hadisəsi olduğu üçün dolayısı ilə qavranılır. İmpressionizmdə hadisənin orijinalından, gerçək mahiyyətindən daha çox onun ötürdüyü təəssürat önə çəkilir. Bu cür özünüifadə tərzi şairin günəşi qırmızı, ağacı bənövşəyi rəngdə görməyinə imkan verir. Bu səbəbdən impressionistləri varlığın zahiri əlamətlərindən daha çox onun iç dünyası, psixologizmi ilgiləndirir.

Ədəbi impressionizmin nəsrdə M. Prust, K. Hamsun, O. Uayld, poeziyada A. Rembo, K. Balmont, P. Verlen kimi nəhəng lokomotivləri olsa da, bu ədəbi istiqamət o dövrdə yeni yaranan qaynar cərəyanlar - modernizm, avanqardizm, futurizm kimi neo-ədəbiyyatla ayaqlaşa bilmədi. Yeri gəlmişkən, adları çəkilən cərəyanların tərəfdarları impressionistləri ictimai-siyasi proseslərdən kənarda qalmaqda, təbiət lirikasından kənara çıxmamaqda suçlayırdılar, məhz bu tənqidlərə görə impressionistlərin bir qismi (Balmont, Bryusov, Blok) simvolizmə üz tutmağa məcbur oldular.
Bəzi istisnaları (R. Rza, M. Araz, R.Rövşən, Vaqif Cəbrayılzadə, A. Mirseyid) çıxmaq şərtilə, Azərbaycan şairlərinin də impressionizmə çox az maraq göstərdiyini qeyd edə bilərik. Ona görə də, Səfər Rzasoylunun milli poeziyamızda bir türlü oturuşmayan, demək olar, əsaslı məktəbi olmayan bu ədəbi dalğaya can atması onu həm də ümumi axınla üzməkdən, başqaları kimi olmaqdan xilas edir. Başqa müəlliflər üçün çətin eksperiment sayılan impressionist estetika Səfərin yaradıcılığına çox doğma görünür. Səfər dünyaya, ümumiyyətlə, rəssam gözü ilə baxır. Şairin yaradıcı palitrasındakı işıqlı, tutqun, qarışıq rənglər onun poetik duyumu ilə üst-üstə düşür və belə sehirli təbiət lövhələri alınır:

Bir azdan ağacın quş yarpaqları
Külək hürküsündən uçub gedəcək—
Düşəcək meşənin yarpaq qarları—
Qırmızı, çəhrayı, qızılı, sarı…

Diksinib yıxılır yarpaqlar bir-bir
Axtarır kor kimi yenə ağacı…
Günlərim küləyə çevrilir, bacı
Mən dəli oluram bu axşam çağı.

Aç, aç pəncərəni, çiçəyim bacı,
Bəlkə də yanına bir Səfər yarpaq
Sənin pəncərəndən uçub qonacaq,
Sənin tellərinə —öpər saçını...

Fikrimizcə, şair burada hiss və həyəcanlarını, duyğu axınını qəsdən nizamlamır, onu hansısa qəlibə, ölçüyə salmaqdan imtina edir, hislər öz təbii halı və qarışıq rəngləri ilə axıb gedərək oxucunu duyğu selinə qatıb aparır.
Səfərin peyzaj lirikası mütləq ikinci məna qatı da daşıyır ki, bu məzmun onun yaradıcılığında çox da qabarmayan mistik təxəyyüldən inşa olunur. Yuxarıda misal gətirdiyimiz nümunədə “Nar çiçəyi” və digər şeirlərində başlanğıcı Kromanyon insanına gedib çıxan reinkarnasiya (metempsixoz) təsəvvürləri, xüsusilə, ruhun ölməzliyi ideyası əks olunur. Lakin şairin ruhu da eynilə cismi kimi yalnız təbiətin içində mövcuddur, bu ruh təbiətdən yarandığına görə dünyaya yaşıl yarpaq, yağış damcısı və ya günəş zərrəsi kimi yenidən, təkrar-təkrar qayıda bilir. İdrakın hüdudlarından kənara çıxan bu düşüncə forması metafizik avtopoezis (irreal ölçülərdə özü-özünü yenidənyaratma) və panteist metamorfoz halıdır. (Təbiətdən gələn enerji ilə forma dəyişkənliyi).

Səfərin lirik qəhrəmanının psixoloji gərginliyi, mənəvi iztirabları əksər hallarda sürreal məkanda, atipik obrazlar fonunda təqdim olunur. Hadisələr yaşadığımız zamandan, üçölçülü sistemdən kənara çıxır, reallıq və irrealıq arasında məsafə itir. Örnək üçün “Behişt” şeirinə nəzər salaq:

Ağzına su alıb susurdu çay da,
Nə yarpaq dinirdi, nə bir xatirə.
Azıb yarısını yarımcan Ay da,
Qonub bir ağaca baxırdı Yerə.

Çiçək qoxusundan, ulduz sayından -
Sükut yellencəyi hörmüşdü Tanrı;
Sükut yelləncəyi yırğalanırdı -
Gecədən uzaqda yatırdı hamı.

Bu parçada da maddi təbiətin metafizik şüur axınında əriməsini görürük. Sürreal mənzərə təsvirləri oxucunu sanki Van Qoqun sehirli dünyasına aparır. Səfər bədii miniatür ustasıdır. Aşağıdakı təsvirlərə nəzər salaq:

bu gün səslənməsin axşam azanı—
ərik çiçəyində tanrını gördüm.
Yatmadım — cığırlar, arxlar boyunca
tək-tənha yol gedən Ayı ötürdüm…

sanki təzələnib, cilalanıbdır
bahar həvəsiylə çay daşları da.
qonşudan-qonşuya hasarı aşıb
yaz ətri daşıyır qarışqalar da.

Ərik çiçəyində tanrını görmək panteist dünyagörüşü elementi, yaxud hayku detalı, tək-tənha yol gedən Ayı ötürmək uğurlu metafora, qarışqaların yaz ətri daşıması isə şeirimizdə nadir rastlanan metametaforadır (İkiqat metafora).

Səfər əhval-ruhiyyə və intuisiya şairidir. Bu iki nüans impressionist tərz üçün əsas şərtlərdəndir.
İmpressionizmdən danışarkən, rus ədəbiyyatının gümüş dövrünə möhür vuran - Konstantin Balmontu xatırlamamaq olmaz. Balmont yaradıcılığı ilə Səfər Rzasoylu poeziyası arasında ruhi əlaqə, poetik bir bağlılıq var. Eyni ədəbi axına aid olsalar da, hər iki söz rəssamının fəlsəfi düşüncə istiqamətləri ayrı-ayrıdır və bu da onları fərqləndirən başlıca əlamətdir.
Yaradıcılıqlarının ümumi ortaq cəhətlərinə gəldikdə, bunları deyə bilərik:

Hər iki şair söz fırçalarını təbiətin əlvan rənglərinə batıraraq lirik lövhələr yaradır. Hər iki şairin ilham mənbəyi təbiət sevgisidir. Hərəsi öz dövrünün ictimai-siyasi formasiya dəyişkənliyini yaşayıb. Belə ki Balmontda çar üsul-idarəsindən sosializmə, Səfərdə isə SSRİ imperiyasından müstəqil respublikaya keçid dövrünün yaratdığı ümumi dekadans əlamətləri müşahidə olunur. Fikrimizcə, həm Balmontun, həm də Səfər Rzasoylunun yaradıcılığındakı ardıcıl melanxolik nostalgiyanın əsasında bu səbəb dayanır. Oxşar əlamətlərə dair başqa bir mühüm nüans da ondan ibarətdir ki, hər iki söz sənətkarının bədii təxəyyül imkanları kifayət qədər geniş olsa da, bəzən, şeirlərindəki təəssürat və arabir rast gəlinən süjetlilik sanki tamamlanmamış başa çatır. Əlbəttə, bu, bədii cəhətdən nöqsan sayılmır. Çünki lirik şeir mahiyyətcə, ani baxışdan törəyir və həmin anın təəssürat duyğusudur. Burada başlanğıc və son, yaxud nəql edilən hansısa əhvalat yoxdur, sadəcə, təsirli bir mənzərə və onun şüurumuza buraxdığı duyğu axını var. Əsas olan müəllifin həmin duyğu axınını ifadə etmək bacarığıdır. Nəhayət, ədəbi inkarçılıq mövqeyindən hər iki şair antimodernist hesab edilə bilər.

Fərqli cəhətləri:
Balmont simvolizmdən gen-bol istifadə edir, məsələn, yağan yağışı, əsən küləyi hansısa ictimai-siyasi hadisənin inikası kimi əks etdirə bilir. Səfər isə bacardıqca simvollaşdırmadan qaçır, onun bədii idrakının əsas qida mənbəyi naturalizmdir.
Balmontun özünə münasibətdə fövqəladəlik hissi güclüdür, bu da ona bir çox hallarda eqoist görkəm verir. Səfərin lirik “mən”i isə əksinə, litotik, altruist və təmənnasız fədakardır.
Balmont inanclı bir xristian kimi öz dini təsəvvürlərini poeziyasına gen-bol səpələyir. (Tövbə et, qonşunu özün kimi sev, İsanın ikinci zühuru, ölülərin dirilməsi, qiyamət günü və s.) Səfərdə isə hər hansı dini ideyanın köklü, subyektiv təqdimatına rast gəlmirik. O, şüurüstü olayların təsvirində magik təsəvvürlərdən, xüsusən, uzaq Şərq dinlərinə məxsus mistik elementlərdən (məsələn, reinkarnasiya) ədəbi metod kimi istifadə edir.
Bu kiçik təhlildən də aydın olur ki, poetik-fəlsəfi düşüncənin yolu bir olsa da cığırları ayrı-ayrıdır və eyni ədəbi axında üzsə belə, sənətdə öz cığırını açan hər bir müəllif təkrarolunmazdır.

Ekzistensializm. Yazının bu yerində kiçik bir xatırlatmaya ehtiyac var. Məlum olduğu kimi İkinci Dünya müharibəsindən sonra Avropanın yuvarlandığı ümidsizlik sindromundan ekzistensial fəlsəfə doğuldu. Bu düşüncə dalğası sənətin bütün növlərinə, o cümlədən ədəbiyyata da bir sunami kimi daxil oldu. Əslində Qərb ədəbi-fəlsəfi düşüncəsində ekzistensial böhran Nitsşenin Tanrının öldüyünü elan etdiyi zamandan başlamışdı.
Ekzistensializmin ən yaxşı özünüifadə imkanı bədii ədəbiyyatda yaranır. Bu axından yaranan əsərlərdə insanın iç dünyası ilə xarici aləm arasındakı antaqonist münasibət “mən və başqaları” konteksində ortaya çıxır. Azərbaycan ədəbiyyatında modernist və postmodernist dalğanın nümayəndələri qismən bu axına meyil etmişlər.

Şəxsiyyətin ekzistensial böhranı Səfər Rzasoylunun da yaradıcılığına xas əlamətlərdən biridir. Səfərin şeirlərində öz içində üsyan edən “mən”in ekzistensial gərginliyi hiss olunur. Onun bu qəbildən olan şeirlərində əbədi suallara cavab tapmaq istəyən, varlıqla heçlik arasında var-gəl edən, ölüm-həyat dilemmasından çıxış yolu axtaran, A. Kamyunun qəhrəmanları kimi dünyaya sürgün edilən insanın daxili təlatümləri, iç harayı, bəzən də qulaqbatırıcı sükutu eşidilir:

“Dava-dava oynayan uşaqlar kimi
Kimsə elə bil ki, Yer kürəsini
Qoyub qabağına komputer sayaq,
Özünün bilinməz, görünməz, sirli
Zaman əlləriylə, barmaqlarıyla
Oynadır, oynadır taleyimizi...”

***
Gecə iynəsini gündüz sapına
Keçirib, kimdi O, nə isə tikir.
Kim bilir , o yolun yolu haradı?
Kim bilir O kimsə nə ölçüb- biçir?

Günlər güllə kimi açılıb keçir—
Hədəfdən yayınır— hələ ki sağsan.
Bizim taleyimiz ölümlə ömrün
Heç - heçə oynudur haraya baxsan…

Ölüm— gunahların bağışlanması?!
Günah hər qarışda, hər addımdadı…
Bir yol sevgimizsə, Tanrıdan bizə
Yaşamaq işinə əmək haqqıdı.

Bu misralarda isə həyat labirintlərində azan və getdikcə ölümə yaxınlaşan insanın çarəsizliyi təsvir olunur:

Ay dondu, su sındı, zaman qırıldı-
Yelləncək günlərdən ayılanda biz.
...Ömür - o Dünyayla gizlənpaç oynu,
Gəlib gizlənmişik bu dünyada biz.

Söz söndü, köz dindi, dərdlər atlandı,
Buludlar göz açdı yarpaq yelinə.
Ölüm torlarıymış günlər...atılıb
Bu qoca dünyanın hər bir yerinə!

Ancaq ömrün müvəqqətiliyindən, dünyanın faniliyindən doğan bu cür dərin nihilizm belə şairin ümid işığını söndürməyə qadir deyil. Yaşamaq bizim işimizdir, bu işin qarşılığında tanrının bizə ödədiyi əməkhaqqı isə sevgidir.
Ona görə də şair ölümü hər şeyə son qoyan dəhşətli faciə kimi yox, təbiətə qarışaraq onun bir zərrəsinə çevrilmək kimi dərk edir.

Tənhalıq hasarı hörülür yenə -
Göydən nə gün enir sınaq yerinə?!
Uçmaq istəyirəm, ancaq çiynimə
Bir cüt qol taxılıb qanad yerinə.

Getmək istəyirəm, zorla sürüyüb
Bu qəfəs dünyadan ayaqlarımı.
Amma yox, Kimsə var, işıqla yuyur,
Payızla sarıyır yaralarımı.

Travmatik şeirlər. Müəllifin dünyadan köçən əziz insanların xatirəsinə həsr etdiyi şeirlərini bu başlıqla adlandırmaq cəsarətində bulunduq. Digər silsilələrdəki nostaljik intonasiya bu bölümdə də davam etdirilir. Şairə görə ölüm son deyil, ölümdən o tayda hardasa işıqlı bir əbədiyyət var:

Baxırsan…
gülsən də nisgilin dərın
Baxışın dünyadan üzün çevirib.
İsa nəfəsidir şəkildə sirrin –
şəklin ölümünə dirilik verib.

Mən ağac yanına, adam yanına
indi Yoxluğunla birgə gedirəm.
Kim var ki, kimsəsiz küçədi dünya,
daha Yoxluğunla dostluq edirəm.

Yağış altında da, toyda, yasda da,
sənin yoxluğuna yer tapıram mən.
Hələ çox körpədir, Yoxluğun, onu
yanımda ana tək aparıram mən…
Bura Ay yeridir, Günəş yeridir.
Kiməm ki? Qonağam, yoxam bir azdan.
Nə yağış, nə külək, nə bir hənirti…
Yoxluğundu keçən ta aramızdan.

…Başım əsim-əsim səslərlə dolu
Yoxsa damarımdan küləklər axır?!
Min ilin ən gözəl rəsmidir Şəklin –
sirrindən bu dünya, o dünya baxır!!

Unudulmaz Əhməd Oğuza həsr etdiyi bu şeirdə Səfər, sanki ölümün o tayında, bizə məlum olmayan sirli aləmdə yaşayan dostu ilə onun başdaşındakı şəkli vasitəsilə mistik əlaqə qurmağa çalışır. Könül dostunu əbədi aləmə yola salandan sonra, ruhunu fanilik duyğusu saran, Əhmədsiz dünyada get-gedə qəribsəyən, qəribsədikcə tənhalaşıb içinə çəkilən, hər şeyə, hamıya mənən yadlaşan şairin bu yanğısında mümkünsüz bir arzu, bir diriliş həsrəti sezilir: “İsa nəfəsidir şəkildə sirrin...” Şair İsa Məsihi (xilaskar) xatırlamaqla sanki əziz dostunu həyata qaytarmaq arzusunu ifadə edir.
Ümumən, Səfərin şeirdə yaradacı qüvvə ilə ilişkisi çox xəfif, hiss olunmayacaq qədər molekulyardır. O, ədəbiyyatda bir çoxlarının can atdığı klassik antaqonizmdən – xeyir-şər, tanrı-iblis, işıq-zülmət qütblərinin açıq qarşıdurmasından məharətlə qaça bilir. Çünki haqlı olaraq dünyanı, fəlsəfənin üç əsas qanunundan biri olan əksliklərin vəhdəti və mübarizəsi meydanı kimi görür. Deist düşüncəyə görə bu əzəli və əbədi dualizm varlığın mahiyyətindədir. Bodlerə görə isə şeirdə məqsəd insanın daha üstün gözəlliyə can atmasıdır. Və bu gözəlliyin təbiətində əksliklərin əbədi harmoniyası yatır.
Bədii sənətkarlıq xüsusiyyətləri. Səfər Rzasoylunun yaradıcılığı poetik dilin obrazlılığına, bədii təsvir vasitələrinin orijinallığına görə seçilir. Şairin ədəbi dilin imkanlarından istifadə edərək yaratdığı poetik üslubu özünəməxsus və çoxrənglidir:

“Payızlar üstünə dağılır saçın”, “Dünənə, geriyə yağır bu yağış”, “pəncərəm gözünə inanmasa da”, “pərdəsi qıvrılır o pəncərənin”, “ancaq yox, kimsə var, işıqla yuyur, payızla sarıyır yaralarımı”, “diksinir başdaşım”, “uşaqlar sevinəcək qar baharına, qar qonağına”, “çöllər adam dizindən”, “çöllər ağac dizindən”, “kimsəsiz küçədi dünya”, “tüstü-tüstü duam yetməz”, “göyün qapısın tikmisən”, “ipək-ipək günlərimi, şüşə-şüşə bölmüsən”, “yelləncək günlərdən ayılanda biz”,“bu dünyanı ac qurd kimi niyə arxamca salmısan?”,

“Ağaclar bayquş yarpaqladı,
matəm küləyini oxuyur
yarpaq-yarpaq qarğalar…
Soyunsam bədənimi əynimdən
ah, görən, çəkilərmi ağrılar?”

“Ağaclar yandırır yarpaqlarını—
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur -
varaqlarını
İtirmiş min ilin kitablarıtək…
Əsir, o şəhərdən küləklər əsir…”

“əsir bu şəhərə durna səsləri”,
“Ay dondu, su sındı, zaman qırıldı-
Yelləncək günlərdən ayılanda biz”.

“Yolu azsan, yerimi
Soruş qumru quşundan”,

“Günü saat tək qurardı
Məni anam oyadardı…”

Səfərin şeirlərində öyrəşmədiyimiz absurd metaforalara da rast gəlirik ki, bu da Murad Köhnəqala və Həmid Herisçi kimi avanqardistləri çıxmaq şərtilə, Azərbaycan poeziyası üçün xarakterik deyil. Məsələn:

“Ağaclar bayquş yarpaqladı,
Matəm küləyi oxuyur qarğalar”.

Səfərin poeziyasında daha bir ilk, öyrəşdiyimiz ənənəvi “qardaş”, “atam balası”, “atam oğlu” kimi kişiyə müraciət formalarının əvəzinə, bədii xitab kimi “bacı” sözünü işlətməsidir. Bu da ədəbiyyatımızda gender balansının qorunması baxımından müsbət haldır.

Sonda bu yazının şair Səfər Rzasoylunun poetik dünyasına səyahət etmək istəyənlərə az da olsa bələdçilik edəcəyinə ümid edirəm. Şairə bol yaradıcılıq uğurları, oxucularına yeni ildə ilk şeir kitabını sürpriz etməyi arzulayıram!

# 1978 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #