Döyülə-döyülə sənətə gəldi, sürünə-sürünə xəstəxanaya getdi - Onu toylarda oxumağa nə məcbur etdi?

Döyülə-döyülə sənətə gəldi, sürünə-sürünə xəstəxanaya getdi - Onu toylarda oxumağa nə məcbur etdi?
15 sentyabr 2023
# 21:00

Bu gün müğənni, Əməkdar artist Könül Kərimovanın doğum günüdür.
Kulis.az müğənninin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Könül Qəmbər qızı Kərimova 15 sentyabr 1968-ci ildə Ağcabədidə anadan olub.

Könül Kərimovanın anası istəyirdi ki, qızı musiqiçi olsun. Könül xanım orta məktəbi bitirəndən sonra anası onu Bakı şəhər, 8 №-li Musiqi təmayüllü gimnaziyasına, Əfsər Cavanşirovun yanına aparır. Müğənni həmin günləri xatırlayır:

“Əfsər müəllimlə Oqtay Rəcəbov məni yoxladıqları vaxt birdən Əfsər müəllim Oqtay müəllimə baxıb dedi ki, bəlkə, burda bir xanəndəlik fakültəsi açasan? Burda istedadlı uşaqlar çoxdur. Bundan sonra onlar elə bizim yanımızda Həbib Bayramova, Tükəzban İsmayılovaya zəng vurdular. Beləcə, gözümün qarşısında gimnaziyada xanəndəlik kursu açıldı. Səhəri gün beş-altı uşaq da gəldi. Tükəzban xanım idi müəllimim. İlk dərsdə mənə dedi ki, qızım, bir xalq mahnısı oxu görüm. “Bülbüllər” mahnısını oxudum. Sonra dedi, indi bir zəngulə vur görüm. Dedim, zəngulə nədir? Güldü, dedi, indi mən sənə bir “Qatar” öyrədəcəyəm ki, hamı məəttəl qalacaq. Sənin qəşəng səsin var. Başladı “Qatar” muğamından zəngulələr etməyə. Altı aya məni öyrətdi”.

Bir müddət sonra o, Bülbül adına gimnaziya üçün keçirilən müsabiqəyə qatılır. Üç turdan keçir. Sonuncu tur Filarmoniyada olur. Şövkət Ələkbərovanın, Niyazinin, Süleyman Ələsgərovun, İslam Rzayevin, Arif Babayevin, Canəli Əkbərovun qarşısında çıxış etməli olur. Onunla birgə çıxış edənlərin arasında Elçin Cəlilov, Könül Xasıyeva, Nuriyə Əhmədova, Zakir Əliyev, Aybəniz Haşımova da vardı. Müsabiqə uğurla başa çatır. Könül Arif Babayevin sinfinə düşür. Beləliklə, onun həyatında yeni səhifələr açılır.

***

“Yar başına dönüm sənin”, “Məni də apar”, “Mənim tək sevənin olmayacaq”, “Dünya”, “Atıb getdin”, “Gəl, möcüzəm”, “İstəyirəm” kimi mahnıları dillər əzbəridir.

Geyinəcəyi paltardan tutmuş ifa edəcəyi mahnılara qədər anasının ciddi rolu və nəzarəti olub. O, özü bu barədə müsahibələrinin birində deyir:

“Baxmayaraq ki, məni bu sənətə anam döyə-döyə gətirib, amma incidib də. Bir dəfə xor dərsinə getmədiyimə görə saçımdan tutub sürüdü. Yəni anam nə qədər mənə dəstək olsa da, o qədər də hökmlü idi. “Onu bağışlamaq olarmı” filmindəki ana obrazı eynilə anamı xatırladır. Çox çətin, zəhmli adam idi. Bununla yanaşı, məni sənətlə məşğul olmağa o məcbur edirdi. Mahnılarıma, geyimimə qədər qarışırdı. Kimin sözlərinə hansı bəstəkarın mahnısını oxuyuramsa, bunu anam mütləq bilməliydi. Rəhmətlik Məhəbbət Kazımovla işlədiyim vaxtlar mən də xırda bir əməliyyat keçirtmişdim. Mətanət İsgəndərli tort alıb bizə gəlmişdi. Çay içə-içə deyib-güldüyümüz vaxt anam zəng vurdu. Onda da təzə mahnı yazdırmışdım. Anam məndən həmin mahnının şairinin və bəstəkarının adını soruşdu. Bəstəkar tanınan adam deyildi. Anamın buna acığı tutdu. Sağollaşandan sonra gördüm, Mətanət mənə baxdı, gözü doldu, ağladı. Dedi, can ay Könül. Yəni o, mənim anamla danışarkən necə çəkindiyimi hiss edib məyus olmuşdu. Hələ mən konsert verəndə əgər paltarım, saçım, bəzəyim onun xoşuna gəlməsə, dünyanı dağıdardı. Mən qırx yaşıma qədər ondan çəkinmişəm. Anamın səsi gələndə nə hala düşdüyümü təsvir edə bilmərəm”.

Müğənni elə anasının diktəsilə 21 yaşında xalası oğluyla ailə həyatı qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu dünyaya gəlir. Ancaq bir müddət sonra onun həyat yoldaşı Birinci Qarabağ müharibəsinə yollanır. Maddi problemlərə görə o, toylara getməyə, pul qazanmağa məcbur olur.

***

Oğluna həddindən artıq bağlı olan sənətçi onun dünyaya gəlişinin qəribə tarixçəsi olduğunu deyir:

“Oğlum 1992-ci ilin yanvar ayında anadan oldu. Çox dəhşətli, qanlı-qadalı günlər idi. İndi də “Fəryad” filminə baxanda mənə çox pis təsir edir. Oğlum həmin filmdəki doğum evində anadan olub. Onda yoldaşım Xocalıda vuruşurdu, müharibədə idi. Qəfildən vəziyyətim pisləşdi. Anamla taksi tutub xəstəxanaya getdik. Taksi yolun yarısına kimi gəldi. Dedi, mən burdan o yana gedə bilmərəm. Yollarda tanklar vardı, hər yer bağlı, qar da dizdən. Mən anamla o vəziyyətdə yolu sürünə-sürünə, işgəncə ilə getdim. Xəstəxanaya çatanda bizi həkimlər qarşıladı. Ondan sonrası yadımda deyil".

Zamanla məşhurlaşan müğənninin sorağı qısa müddətdə ölkəyə yayılır. Bir gün Aftandil İsrafilov Könülü Ucar rayonuna toya dəvət edir. Həmin toyda Könül Məhəbbət Kazımovla tanış olur. Könülün səsindən xoşu gələn Məhəbbət Kazımov sonralar onu özü ilə toylara aparmağa başlayır.

“Həmin gün mən çox həyəcanlı idim, əsim-əsim əsirdim. Qəşəng bir "Segah" oxudum. Başqa qızlar da vardı. Onlar oxuyanda mən onlara qısqanclıqla baxırdım. Hətta mənə elə gəldi ki, onlar məndən yaxşı oxudu. Mən oxuyandan sonra Məhəbbət mənə baxıb dedi, bəri bax, sən haralısan? Dedim, Ağcabədili. Dedi, hə, deyirəm axı, bu qəşəng səs hardandır. Sən nömrəni de, yazsınlar, biz, deyəsən, birlikdə işləyəcəyik. Dedim, Məhəbbət müəllim, mən yaxşı oxumadım, səsim yerində deyildi. Cavab verdi ki, mənim qulağım yaxşı eşidir. Elə toyun səhəri Məhəbbət müəllim zəng vurdu. Ondan sonra birgə işə başladıq. İlk duetimiz “Bənövşə bəndə düşə” mahnısını oldu. İki il onunla birgə işlədik. “Qız, Allahın bəlasıdır gözlərin”, “Təkcə mənim olaydın”, “Laçınım” mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən “Yar başına dönüm sənin” mahnısını yazmışdım”.

İki illik iş birliyindən sonra Könül Kərimova ilə Məhəbbət Kazımovun yolları ayrılır. Könül xanım solo karyeraya başlasa da, daha çox Cabbar Musayevlə birlikdə duetlər oxuyur, mahnılar yazdırır. Könül Kərimovanın gedişini qəbul etməyən Məhəbbət Kazımov ondan incik düşür, uzun müddət onunla danışmır, haqqında heç nə demir. Onlar bir də Məhəbbət Kazımov rəhmətə getməmişdən bir neçə il əvvəl barışırlar. İlk addım isə Könül xanım tərəfindən atılır. O, vaxtilə duet ortağı olmuş həmkarını kanalların birində apardığı verilişinə qonaq kimi dəvət edir.

***

Xanəndə hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.

27 may, 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

# 9172 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #